Məhkəmə qərarları › İş №e-2-2(113)-388/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-388/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-388/2023 06.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 13.252 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat, cəmi 13452 manat pulun alınaraq “MKT İstehsalat Kommersiya“ MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Tərtər” filialı və cavabdeh arasında bağlanmış 21 *** **** saylı 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 18 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 14.663 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə Cavabdeh tərəfindən xam-pambıq təhvil verilməmiş, müqavilə şərtləri pozulmuş və bununla da İddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 1.411 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin iddiaçıya 13252,00 manat əsas borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın əsas borcun tutulması hissəsində təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 21 *** **** saylı “2021 il mövsümü üzrə xam pambığın alqısatqısı”na dair müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti 2021-ci il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki xidmətlərin Alıcı (İddiaçı MMC) tərəfindən Satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, satıcı (Cavabdeh) tərəfindən istehsal olunmuş xam pambığ həcminin bütünlüklə Alıcıya təhvil verilib satılması və Alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsindən ibarətdir. xx.xx.2021-ci il tarixli 21 *** **** saylı müqavilənin əlavəsi olan Qiymət razılaşdırma protokolu ilə 1 nömrəli cədvəldə satıcı tərəfindən alıcıya təhvil verilən xam pambığın satınalma qiyməti, 2 nömrəli cədvəl ilə Alıcı tərəfindən Satıcıya göstərilən aqrotexniki xidmətlərin qiyməti, 3 nömrəli cədvəl ilə alıcı tərəfindən xam pambığın qurudulması xidmətinin qiyməti, 4 nömrəli cədvəl ilə alıcı tərəfindən satıcıya verilən bardan və fartukların satış qiyməti tərəflər arasında razılaşdırılmışdır. Müqavilə və Qiymətlərin Razılaşdırılması protokolu hər iki tərəfin imzası və alıcının möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 402678 saylı, xx.xx.2021-ci il tarixli 402677 saylı, xx.xx.2021-ci il tarixli 555137 saylı, xx.xx.2021-ci il tarixli 417535 saylı, xx.xx.2021-ci il tarixli 555278 saylı, xx.xx.2021-ci il tarixli, 402177 saylı, xx.xx.2021-ci il tarixli 338027 saylı, xx.xx.2021-ci il tarixli, 555566 saylı, xx.xx.2021-ci il tarixli 415981 saylı, xx.xx.2021-ci il tarixli 723214 saylı, xx.xx.2021-ci il tarixli 786856 saylı, xx.xx.2021-ci il tarixli 756966 saylı, xx.xx.2021-ci il tarixli 786759 saylı, xx.xx.2021-ci il tarixli 786976 saylı aktlardan görünür ki, İddiaçı MMC-nin Tərtər filialı tərəfindən müvafiq sahələrdə fermer Cavabdeh məxsus sahədə arx çəkmə, kanal çəkmə, riper, çiyid səpini, 2-ci mala, dərman səpini, kultivasiya, gübrələmə kimi işlər görülmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin Tərtər filialı tərəfindən Cavabdeh xx.xx.2021ci il tarixli 20082959 nömrəli qaimə ilə 1.800 manat məbləğində, xx.xx.2021-ci il tarixli 20086030 nömrəli qaimə ilə 220 manat məbləğində, xx.xx.2021-ci il tarixli qaimə ilə 500 manat məbləğində, xx.xx.2021-ci il tarixli 20088425 nömrəli qaimə ilə 1.800 manat dəyərində olan, cəmi mallar təhvil verilmişdir. İş materiallarında olan AFB Bank ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, 5.400 manat məbləğində pul xx.xx.2021-ci il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından ilk öncə tələbin hüquqi əsası tapılmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin məzmununa diqqət yetirildik də, həm alqısatqı müqaviləsinin həm də, xidmət müqaviləsinin elementlərini özündə əks etdirdiyi bəlli olur. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İş materiallarında olan aktlar və qəbzlərindən də göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə pambığın yetişdirilməsi və yetişmiş xam pambığın ona satılması üçün iddiaçı tərəfindən 14.663 manat xərc çəkilmiş və cavabdehin də, 1.411 manatlıq pambığı verməsi nəzərə alındığında görünür ki, cavabdehin 13.252 manat məbləğində borcu qalmışdır. Həmçinin də, məhkəmə iclasında iştirak edən Cavabdeh 13.252 manat borcunun olduğunu qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 13.252 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 21651088 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul ödənilmişdir. Ona görə də, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21 *** **** saylı müqaviləyə əsasən əsas borc üzrə 13.252 (on üç min iki yüz əlli iki) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar