Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3881/2022 18.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı hərrac xərclərinin qaytarılması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24350 manat xidmət haqqının "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(005)-5166/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20 aprel 2017-ci il tarixli 2(006)-465/2017 saylı icra vərəqəsinə əsasən “X2” MMC-nin keçirdiyi “hərracın yekunları barədə 150 saylı 07 noyabr 2018-ci il tarixli protokolunun və həmin protokolun sonrakı hüquqi nəticələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(005)-5166/2018 saylı qətnaməsindən Pakistan Milli Bankının Bakı Filialı və “X2” MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh “X2” MMC ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Vüqar Rüstəmov məhkəmə prosesi dövründə banka olan borcun Pakistan Milli Bankının Bakı Filialına ödənilməsi məqsədilə Nəsimi rayon İcra və Probasiya şöbəsinin depozit hesabına ödənildiyi, Nəsimi rayon İcra və Probasiya şöbəsi həmin vəsaitin və eyni zamanda icra xidmətinə ödənilmiş vəsaitin banka ödənilməsinin təmin ediləcəyi barədə İcra və Probasiya şöbəsinin razılığının olduğu və “X2” MMC-nin Pakistan Milli Bankının Bakı Filialı tərəfindən ödənilmiş hərrac xərcini öz zərəri hesabına banka ödəyəcəyini bildirmiş və buna görə də apellyasiya şikayətindən imtina edərək icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2733/2019 saylı, 03 aprel 2019-cu il tarixli qərardadı ilə “X2” MMC-nin apellyasiyadan imtinası qəbul edilmiş və apellyasiya icraatına “X2” MMC-yə münasibətdə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2733/2019 saylı, 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə Pakistan Milli Bankının Bakı Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almasına baxmayaraq, bu günə qədər “X2” MMC tərəfindən Pakistan Milli Bankının Bakı Filialının ödədiyi (5%) 24350 manat xidmət haqqı banka geri ödənilməmişdir. Halbuki, cavabdeh tərəfindən onun öhdəliyinə aid olan xidmət (hərracın qanunvericiliyin tələblərinə uyğun keçirilməsi) qüsurla yerinə yetirilmiş və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də bu hal təsdiq olunmuşdur; bundan əlavə, cavabdeh xidmətin qüsurlu yerinə yetirildiyini məhkəmədə də etiraf edərək, həmin xidmət üçün ödənilmiş vəsaitləri geri qaytaracağını bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 izahatında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, dəfələrlə iddiaçıya qeyd edilən vəsaitin Cavabdeh MMC-nin xidmət haqqı olmaqla, bir hissəsi 18% ƏDV olaraq 20%-i mənfəət vergisi olaraq dövlat büdcəsinə ödənildiyi, digər hissəsinin isə hərracın keçirilməsi və MMC-nin saxlanması xərclərinə aid olduğu bildirilmişdir. Buna baxmayaraq iddiaçı əsassız iddialarını davam etdirir. Pakistan Milli Bankının Bakı Filialına boclu olan şəxs X1 borcunu ödəməklə hərracın nəticələrini mübahisələndirmiş və bankın tələbi ödəndiyindən bank kassasiya şikayəti verməmişdir. Xidmət haqqı 07 noyabr 2018-ci il tarixdə ödənilmiş, lakin iddia ərizəsi 04 iyul 2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Bundan başqa “İcra haqqında” Qanunun tələblərinə əsasən icra ilə bağlı xərclərin borcludan alınması nəzərdə tutulmuşdur. İş materiallarında olan: 12 sentyabr 2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialı tərəfindən "xxxx" MMC-yə (“X2” MMC) 24350 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(005)- 5166/2018 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(006)-465/2017 nömrəli icra vərəqəsi əsasında “X2” MMC-nin keçirdiyi hərracın yekunları barədə 150 saylı 07 noyabr 2018-ci il tarixli protokolunun və həmin protokolun sonrakı hüquqi nəticələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2733/2019 nömrəli, 03 aprel 2019-cu il tarixli qərardadı ilə “X2” MMC-nin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2018ci il tarixli, 2(005)-5166/2018 nömrəli qətnaməsinə dair apellyasiyadan imtinası qəbul edilmiş və apellyasiya icraatına “X2” MMC-yə münasibətdə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2733/2019 nömrəli, 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxs Pakistan Milli Bankının Bakı Filialı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(005)-5166/2018 nömrəli qətnaməsinə dair verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, müvafiq icra və probasiya şöbələri tərəfindən verilmiş sifariş əsasında hərrac təşkilatçısı olan "xxxx" MMC tərəfindən ipoteka predmeti olan daşınmaz əmlak satışa çıxarılmış və Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialı tərəfindən həmin əmlak satın alınmışdır. Bununla bağlı müvafiq protokol tərtib edilmiş və Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialı ilə hərracın təşkilatçısı olan "xxxx" MMC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 07 noyabr 2018-ci il tarixdə müqavilə bağlanılmış, 12 sentyabr 2018-ci il tarixli ödəniş tapşırığına əsasən Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialı tərəfindən 24350 manat məbləğində pul vəsaiti ödənilmişdir. Sonradan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(005)-5166/2018 nömrəli qətnaməsinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(006)-465/2017 nömrəli icra vərəqəsi əsasında “X2” MMC-nin keçirdiyi hərracın yekunları barədə 150 saylı 07 noyabr 2018-ci il tarixli protokolunun və həmin protokolun sonrakı hüquqi nəticələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmə ilkin olaraq cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddia müddəti ilə bağlı məsələnin aydınlaşdırılması üçün müddətin axımının hansı vaxtdan hesablanmalı olduğu müəyyən edilməlidir. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialı ilə hərracın təşkilatçısı olan "xxxx" MMC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 07 noyabr 2018-ci il tarixdə müqavilə bağlanılmış, 12 sentyabr 2018-ci il tarixli ödəniş tapşırığına əsasən Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialı tərəfindən 24350 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(005)-5166/2018 nömrəli qətnaməsinə əsasən “X2” MMC-nin keçirdiyi hərracın yekunları barədə 150 saylı 07 noyabr 2018-ci il tarixli protokolunun və həmin protokolun sonrakı hüquqi nəticələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2733/2019 saylı, 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə Pakistan Milli Bankının Bakı Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmədiyindən, 05 iyun 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. Yəni, iddiaçının hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün müqavilənin imzalanması və ya pul məbləğinin ödənilməsi günü deyil, 05 iyun 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 379.1 və 379.1.6-ci maddəsinə əsasən iddia müddətinin axımı tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə dayandırılır. 379.3-cü maddəsinə əsasən iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Qanunun: 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4. və 32.4.2-ci maddəsinə əsasən mediasiya prosesinə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir. 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda. 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Beləliklə, iddia müddətinin axımının dayandırılması anı mediatora müraciət olunan gün, iddia müddətinin axımının bərpa olunması anı isə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışın təqdim edildiyi gün hesab olunur. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialı isə iddia ərizəsi ilə məhkəməyə 05 iyul 2022-ci il tarixdə, yəni, iddia müddətinin bitməsinə təxminən 1 aydan artıq vaxt qaldığı müddətdə müraciət etmiş, yəni, müddət ötürülməmişdir. Buna görə də məhkəmə hesab edir ki, bu əsasla iddia rədd edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 416.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Normaların məzmunundan göründüyü kimi hərracda müqavilənin bağlanması alqı – satqı müqaviləsinin bir növüdür və əqdlərlə (müqavilələrlə) bağlı müddəalar bu münasibətlərə tətbiq olunur. Əqdlərin etibarsızlığının hüquqi nəticəsini əks etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qüvvədə olan qanunvericiliyə əsasən müqavilə hərrac təşkilatı ilə bağlansa da, hərrac təşkilatını müqavilənin tərəfi hesab etmək olmaz, çünki bu müqavilənin bağlanması zamanı həmin hüquqi şəxs satılan əmlakın mülkiyyətçisi deyildir və əmlakın satılmasından hər hansı gəlir əldə etmir, hərracın təşkilatçısıdır. Buna görə də məhkəmə hesab edir ki, müqavilə tərəfi olmadığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə əsasən əqd üzrə aldıqlarını digər tərəfə qaytarmaq hərrac təşkilatının vəzifəsi deyildir. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialı tərəfindən ödənilmiş 24350 manat xidmət haqqıdır və məhz hərracın keçirilməsi ilə bağlı ödənilmiş vəsaitdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi; 46.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 81-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. İcra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər dövlət büdcəsi hesabına ödənilir. İcra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. Qeyd olunan normaların məzmunundan da görünür ki, hərracın nəticələri etibarsız hesab olunduğu təqdirdə ipoteka predmetinə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərclərin geri qaytarılmasının hərrac təşkilatçısının üzərinə qoyulması ilə bağlı hər hansı bir norma mövcud deyildir. İddianın məzmunundan və cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, tələb olunan məbləğ xidmət haqqı olsa da, cavabdeh tərəfindən ödənilmiş müvafiq vergilər də həmin məbləğə daxildir. Hərracın keçirilməsi ilə bağlı ödənilmiş vergilərin cavabdehdən tələb olunması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. İlkin olaraq Məhkəmə qeyd etmək istəyir ki, kommersiya xarakterli mülki işə baxıldığını nəzərə alsaq, Mülki Məcəllənin qeyd edilən 2.1-ci və 2.5-ci maddələrinin, eləcə də «Normativ-hüquqi aktlar haqqında» Konstitusiya Qanunun 2.5-ci maddələrinin tələbləri baxımından, bankın hərrac təşkilatına qarşı iddia tələbinin qanuni əsası mülki qanunvericiliyin normaları tətbiq olunmalıdır. Belə ki, fiziki və ya hüquqi şəxslərin verginin ödənilməsindən yayınması faktları, onun vergi qanunvericiliyinin müddəlarının pozulması məhkəmə tərəfindən mülki məhkəmə icraatı qaydasında əqdlərin bağlanması və ya etibarsız hesab edilməsi mübahisəsi üzrə sübut, tədqiq və qiymətləndirilə bilməz, çünki bu hallar mübahisə üzrə sübutetmə predmetinə daxil deyil və vergi mübahisəsinin baxılması zamanı vergi qanunvericiliyinin müddəalarına əsasən müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən ipoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Göründüyü kimi qanunvericilik ipoteka predmetinin saxlanılması və salamatlığı ilə bağlı çəkilmiş xərclərin ipoteka saxlayandan tutulmasını və onun üzərinə düşən ödənişlərin, o cümlədən vergi yükünün ipoteka predmetinin dəyərindən ödənilməsini nəzərdə tutur. Hazırkı halda iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə uyğun olaraq bank ipoteka saxlayan qismində çıxış edir. Odur ki, ipoteka əməliyyatı ilə bağlı yaranmış vergi öhdəlikləri ipoteka saxlayan kimi bankın üzərinə düşür və ödəniş ipoteka predmetinin dəyərindən həyata keçirilir. Qanunvericilik ödəmə mənbəyində verginin tutulmasını isə "xxxx" MMC-yə həvalə edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, "xxxx" MMC hər hansı bir qanun pozuntusuna yol vermədən, qanunauyğun surətdə üzərinə düşən öhdəliyi icra etmiş və bankdan ödəmə mənbəyində vergi tutulmasını təmin edərək büdcəyə köçürmüşdür. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 3-cü bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. 5.7-ci bəndə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 6-cı bəndinə əsasən maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməyindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. İstinad edilən normaların tələblərindən görünüdüyü kimi artıq ödənilmiş vergilərin büdcədən qaytarılması vergi ödəyicisinin həmin qaydalara uyğun təqdim edilmiş ərizəsi əsasında qəbul edilmiş vergi orqanının müvafiq rəyinə əsasən maliyyə orqanları tərəfindən təmin edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialı tərəfindən ödənilmiş vergi məbləğinin büdcədən geri qaytarılması məqsədilə yuxarıda sadalanan Qaydalara uyğun hərəkət edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərrac xərclərinin qaytarılması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3881/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3881/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver