Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3886/2023 26.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan “Azərxalça X2 Birliyi” tərəfındən dövlət büdcəsinə olan ümumilikdə 30.441,87 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 72.366,42 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix – xx xxxxxx 1959-cu il, doğulduğu yer – Ermənistan Respublikası, Masis rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “Azərxalça X2 Birliyi” (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 72.366,42 manat, dövlət büdcəsinə 30.441,87 manat məbləğində (o cümlədən, vergilər üzrə 22.871,4 manat, faizlər üzrə 7.570,47 manat) olmaqla, ümumilikdə 102.808,29 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Veıgi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********864700 nömrəli və xx.xx.2022-ci il tarixli **********903800 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında “Azərxalça X2 Birliyi” ilə əlaqəsi olmadığını, “Azərxalça X2 Birliyi”nin ləğvetmə komissiyasının sədri təyin olunduğunu, hazırda “Azərxalça X2 Birliyi”nin ləğvetmə komissiyası ilə heç bir əlaqəsinin olmadığını, 25 ildir Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində işlədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “Azərxalça X2 Birliyi”nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, “Azərxalça X2 Birliyi”nin dövlət büdcəsinə olan borcu 32.687,12 manat və Dövlət Sosial Müdafiə Fonduna 72.366,42 manat təşkil edir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Azərxalça X2 Birliyi”nə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********864700 nömrəli və xx.xx.2022-ci il tarixli **********903800 nömrəli bildirişin surətindən görünür ki, “Azərxalça X2 Birliyi”ndən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcunu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi rədd edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 05 may 2016-cı il tarixli, 2032 saylı sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılması, "xxxx" X2 Birliyi ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 01 avqust 2016-cı il tarixli, 133 saylı əmrinə əsasən "xxxx" X2 Birliyinin ləğvi ilə əlaqədar ləğvetmə komissiyası yaradılmışdır. Komissiyanın sədri X5 təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 27 mart 2018-ci il tarixli, 65 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 01 avqust 2016-cı il tarixli, 133 saylı əmrinin 1-ci bəndində “X5 – Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin müdir müavini” sözləri “Maraqlı şəxs - Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin Dövlət müəssisələrinin və dövlət paylarının (səhmlərinin) idarə edilməsi sektorunun müdiri” sözləri ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-645/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2281/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X1 və Koordinasiya Mərkəzi” X4 (İdarə Heyətinin sədri Toğrul İsalı) 02K nömrəli 22 noyabr 2021-ci il tarixli əmri (əmək müqaviləsi) ilə müəyyən olunur ki, Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X1 və Koordinasiya Mərkəzi” X4 Korporativ idarəetmə və özəlləşdirilmənin təşkili şöbəsinin müdiri vəzifəsinə 2021-ci il 22 noyabr tarixindən təyin edilmişdir. “X1 və Koordinasiya Mərkəzi” X4 (İdarə Heyətinin sədri Toğrul İsalı) K-15 nömrəli 15 aprel 2022-ci il tarixli əmri ilə müəyyən olunur ki, Maraqlı şəxs “X1 və Koordinasiya Mərkəzi” X4 Korporativ idarəetmə və özəlləşdirilmənin təşkili şöbəsinin müdiri vəzifəsinə 2022-ci il 15 aprel tarixindən təyin edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli, 2032 saylı sərəncamına əsasən "xxxx" X2 Birliyinin ləğv edilməsi qərara alındıqdan sonra qeyd olunan hüquqi şəxsin ləğvetmə prosesinə başlanılmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 01 avqust 2016-cı il tarixli, 133 saylı əmrinə əsasən "xxxx" X2 Birliyinin ləğvi ilə əlaqədar ləğvetmə komissiyası yaradılmışdır. Hazırkı iş üzrə Maraqlı şəxs ləğvetmə komissiyasının sədri təyin edilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. MPM-in 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Vergi Məcəlləsinin və MPM-in tələblərindən də göründüyü kimi qanunverici hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanını nəzərdə tutmuşdur. Hazırkı iş üzrə ərizəçinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasını tələb etdiyi Maraqlı şəxs isə borclu hüquqi şəxsin icra orqanının rəhbəri deyil. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 60.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 60.2-ci maddəsinə görə ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. 60.3-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. 60.4-cü maddəsinə görə ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. 60.5-ci maddəsinə əsasən ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) öz fəaliyyətləri zamanı bu Məcəllənin 49.3-cü maddəsinin tələblərinə riayət etməlidirlər. 60.6-cı maddəsinə görə ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) təyin olunduqları qaydada geri çağırıla və ya başqa şəxslərlə əvəz edilə bilərlər. 61.3. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 61.4. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. 61.5. Kreditorların tələblərinin irəli sürülməsi müddəti bitdikdən sonra 10 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) aralıq ləğvetmə balansını tərtib edərək təsdiq edir və hüquqi şəxsin iştirakçılarına göndərir. Aralıq ləğvetmə balansına ən azı ləğv edilən hüquqi şəxsin əmlakının tərkibi, kreditorlarının tələblərinin və debitor borcların siyahısı haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansı ilə razı olmayan hüquqi şəxsin nizamnamə kapitalında azı 10 faiz iştirak payına malik iştirakçısı həmin balansı aldığı gündən 7 gün ərzində ümumi yığıncağın çağırılmasını tələb edə bilər. Bu halda aralıq ləğvetmə balansı iştirakçıların ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir. 61.6. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır. 61.7. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir. 61.8. Bütün məlum olan kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsi) planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir. Göstərilən maddələrin məzmunundan da göründüyü kimi ləğv proseduruna başlanıldıqdan sonra hüquqi şəxsi idarə etmək səlahiyyətləri ləğvetmə komissiyasına keçsə də, ləğvetmə komissiyası tərəfindən kreditorların borclarının ödənilməsi yalnız qanunda nəzərdə tutulmuş şərtlərə və ardıcıllığa əməl edilməklə ləğvetmə proseduru çərçivəsində həyata keçirilə bilər. MPM-in vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatın aparılma qaydalarını müəyyən edən yuxarıda göstərilən maddələrin məzmunundan isə göründüyü kimi hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququ məhz vergi borclarının ödənilməsinin təmin edilməsi məqsədilə məhdudlaşdırılır. Göründüyü kimi ləğvetmə komissiyasının ləğv prosesində olan hüquqi şəxsin əmlakı üzərində sərəncam vermək səlahiyyətləri ləğvetmə proseduru qaydaları ilə məhdudlaşdırılmış, başqa sözlə desək, ləğvetmə komissiyası (onun sədri) ləğv prosesində olan hüquqi şəxsin hər hansı borcunun (məsələn, vergi borcunun) ödənilməsi barədə sərbəst sərəncam vermək hüququna malik deyil. Belə olan halda isə ləğvetmə komissiyasının sədrinin ölkədən getmək hüququnun məhdudlaşdırılması həmin tədbirinin qanunvericilikdə nəzərdə tutulmuş məqsədinə - vergi borclarının ödənilməsinə nail olmaq baxımından səmərəli tədbir olmaması açıq-aşkar nəzərə çarpır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi əsassız olduğundan rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3886/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3886/2023
26.07.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver