Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-389/2025 27.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “əmlakın qaytarılması və pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “əmlakın qaytarılması və pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “əmlakın qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Cavabdeh konteynerinin iddiaçıya geri qaytarılması və cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin əvəzi olaraq 4720 manat pulun və ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli MC/E025 saylı alqı-satqı müqaviləsi ilə “Konteyner 12m x 2.4 x 2.9”, yenə eyni şəxslər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilə ilə Səbail rayonu, Park Bulvarın yanında yerləşən “Köşk- 1” və “Köşk- 2”, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə görə isə “12 x 2.4 boş konteyner” İddiaçı MMC-yə satılmışdır. Qeyd olunmuş danışar əmlaklar hazırda İddiaçı MMC-nin balansındadır və mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, K-12/23 saylı əmlak kirayəsi müqaviləsinə görə Cavabdeh konteyneri Cavabdeh MMC-nin müvəqqəti istifadəsinə verilmişdir. Burada həmin hazırda şirkət restoran fəaliyyəti ilə məşğul olur və müqaviənin əlavəsində göstəriən konteynerdən istifadə edir. Ferma Art adı ilə fəaliyyət göstərən restoran Dənizkənarı Bulvar İdarəsinin ərazisində Dəniz Vağzalının yanında, Hökümət Evi ilə üzbəüz yerləşir. Bundan əlavə, xx.xx.2023-cü il tarixli, K-12/23 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli “Müqaviləyə xitam verilməsi barədə” 2 nömrəli Əlavə ilə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilmişdir. Ərizəyə əlavə edilmiş qaimələr və ödəniş qəbzlərindən görünür ki, Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K-12/23 saylı müqaviləyə görə ödənişlər nağdsız qaydada həyata keçirilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə onların qarşılıqlı razılığı ilə xitam verilməsinə baxmayaraq, danışar əmlak mülkiyyətçiyə qaytarılmamışdır. Belə ki, qeyd olunan əmlaka hazırda Dənizkənarı Bulvar İdarəsi tərəfindən nəzarət olunur, mülkiyyətçinin isə onunla bağlı heç bir hüququnun həyata keçirilməsinə yol verilmir. Bununla bağlı Dənizkənarı Bulvar İdarəsinə müraciət edilmiş, uzunmüddətdir araşdırılmasına baxmayaraq nəticəsiz qalmışdır.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6114/2024 nömrəli qərardadı ilə Dənizkənarı Bulvar İdarəsi X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddia ərizəsinə konteynerin geri qaytarılması hissəsində etiraz edib iddianın həmin hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Dənizkənarı Bulvar İdarəsinin keçmiş rəhbəri barəsində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və sair maddələri ilə təqsirləndirilir. Hazırda onun barəsində cinayət işinin istintaqı davam etdirilir. Sadəcə olaraq hazırda barəsində ittiham aktı tərtib edilmədiyindən onu məhkəməyə təqdim edə bilmir. Üçüncü şəxsdə olan məlumatlara görə hazırkı kommersiya mübahisəsi üzrə işin detalları keçmiş rəhbərin cinayət işi üzrə epizodlarına daxildir. Belə ki, keçmiş rəhbər konteynerlərin Dənizkənarı Bulvar İdarəsinin ərazisində olmasına, onun əmlakı olmasına baxmayaraq faktiki olaraq özünə məxsus olan İddiaçı MMC-nin adına rəsmiləşdirərək çoxsaylı müqavilələr bağlamışdır. Digər bir məsələ isə subyektiv hüquq məsələsidir. Belə ki, alqı-satqı müqaviləsi, əmlakın kirayə müqaviləsi var, lakin həmin əmlakların müqavilədə qeyd olunan əmlak olması barədə ciddi şübhələr yaranır, çünki konteynerin ölçülərində fərqlər mövcuddur. Belə ki, müqavilədə konteynerlər 12 metr qeyd olunub, lakin faktiki olaraq konteynerlər 9 metrdir. Eyni zamanda alqı-satqı müqaviləsində konteynerlərin parametrləri qeyd olunur, lakin əmlakın kirayə müqaviləsində parametrlər qeyd olunmayıb. Bununla da bir daha görünür ki, konteynerlərdə eynilik təsdiqini tapmır. Bu məqamlarla bağlı iddiaçı tərəf də heç bir sübut təqdim etmir. Məhkəmədən bu halların nəzərə alınmasını xahiş edir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Sonuncu məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (alıcı) ilə "xxxx" MMC (satıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə görə satıcı bu müqavilənin 2 nömrəli Əlavəsində göstərilmiş obyektlərin eskiz layihəsinə uyğun olaraq alıcının sifarişi əsasında bu müqavilənin 1 nömrəli Əlavəsində göstərilmiş mal və materialları alıcıya verməyi öz üzərinə götürür.
10. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə Əlavə 1-də müqavilə üzrə təhvil veriləcək mallar göstərilmişdir.
11. İddiaçı (alıcı) ilə "xxxx" MMC (satıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HM/İC074/2023 saylı alqı-satqı müqaviləsinə görə satıcı hazırki müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə alıcının tələbatına uyğun olaraq müqaviləyə əlavələrdə göstərilmiş mal və materialların təmin olunmasını öz üzərinə götürür. Alıcı isə həmin malı qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir.
12. xx.xx.2023-cü il tarixli, HM/İC074/2023 saylı alqı-satqı müqaviləsinə Əlavə 1-də müqavilə üzrə təhvil veriləcək mal və qiyməti göstərilmişdir.
13. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına görə 5 ədəd 12x2.4 boş konteyner İddiaçı MMC-yə təhvil verilmişdir.
14. İddiaçı (kirayəyə verən) ilə cavabdeh (kirayəçi) arasında bağlanmış xx.xx.2023cü il tarixli, K-12/23 nömrəli əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəsində göstərilən konteynerləri onlara aid ləvazimat və avadanlıqlarla birlikdə kirayəçinin istifadəsinə verir, kirayəçi isə bu müqavilənin 4-cü bəndində göstərilmiş qaydada kirayə obyektinin istifadəsi üzrə müəyyən edilmiş kirayə haqqını kirayəyə verənə ödəməyi öhdəsinə götürür.
15. xx.xx.2023-cü il tarixli, K-12/23 nömrəli müqaviləyə Əlavə 1-də müqavilə üzrə kirayəyə verilmiş əmlak və icarə qiyməti göstərilmişdir.
16. xx.xx.2023-cü il tarixli müqavilə ilə xx.xx.2023-cü il tarixli, K-12/23 nömrəli müqaviləyə xitam verilmişdir.
17. 27.10.2023-cü il tarixli köçürməyə əsasən 472 manat, xx.xx.2023-cü il tarixli köçürməyə əsasən 472 manat, xx.xx.2023-cü il tarixli köçürməyə əsasən 472 manat, xx.xx.2023-cü il tarixli köçürməyə əsasən 472 manat, xx.xx.2023-cü il tarixli köçürməyə əsasən 472 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya məxsus hesaba köçürülmüşdür.
18. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDP 586296 nömrəli 472 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 384157 nömrəli 472 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDL 145770 nömrəli 472 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 156750 nömrəli 472 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDH 876348 nömrəli 472 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
19. İddiaçı (alıcı) ilə "xxxx" MMC (satıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə görə satıcı hazırki müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə alıcının tələbatına uyğun olaraq müqaviləyə əlavə olunmuş qiymət razılaşdıma prokolunda göstərilmiş mal və materialların alıcıya verməyi öz üzərinə götürür.
20. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə Əlavə 1-də müqavilə üzrə təhvil veriləcək mal və qiyməti göstərilmişdir.
21. “Dənizkənarı Bulvar İdarəsi” PHŞ (birinci tərəf) ilə cavabdeh (ikinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə görə tərəflər Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının Səbail rayonu ərazisində ikinci tərəfin istifadəsinə olan “Art Ferma” kafesinin kommersiya fəaliyyətini təşkil edir və əldə olunan gəliri bu müqavilədə müəyyən olunmuş qaydada bölüşdürürlər.
22. “Dənizkənarı Bulvar İdarəsi” PHŞ tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2407 10291679 nömrəli 7198 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 11899676 nömrəli 7198 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
23. 07.16.2024-cü il tarixli ödəniş tapşırığına görə 7198 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarına görə cəmi 7198 manat məbləğində pul cavabdeh tərəfindən “Dənizkənarı Bulvar İdarəsi” PHŞ-yə ödənilmişdir.
24. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
27. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
28. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.
29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehin istifadəsinə Cavabdeh adlı konteyner verilmiş, müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.
30. İddiaçı iddia ərizəsində icarə müqaviləsinin xitam edilməsinə baxmayaraq əmlakın hələ də iddiaçıya geri təhvil verilmədiyini göstərmişdir.
31. İddiaçı tərəfindən məhkəməyə icarə obyektinin hazırda da cavabdehin sahiblik və istifadəsində olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
32. Bundan əlavə, üçüncü şəxs iddiaçının qaytarılmasını iddia etdiyi əmlakın iddiaçının mülkiyyətində olmadığını, Dənizkənarı Bulvar İdarəsinin ərazisində həmin konteynerlərin sayca çox olduğunu, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə isə icarəyə verilmiş konteynerin fərdiləşdirilmədiyini, ölçülərinin ümumiyyətlə göstərilmədiyini bildirmişdir.
33. Belə ki, “Mirzəlioğlu MMC” ilə iddiaçı arasında bağlanan alqı-satqı müqaviləsində konteynerlərin ölçüləri qeyd edilsə də iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2023cü il tarixli icarə müqaviləsində göstərilən konteynerin parametrləri ümumiyyətlə qeyd edilməmişdir. Belə olan halda hər iki müqavilədəki konteynerin eyniliyini və iddiaçıya məxsusluğunu müəyyən etmək mümkün deyildir.
34. İddiaçı iddianı sübut edəcək başqa sübut məhkəməyə təqdim edə bilməmişdir.
35. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi konteynerin cavabdehdən geri alınması hissədə əsassızdır və təmin edilməməlidir.
36. İddia ərizəsində iddiaçı həmçinin cavabdehdən dəymiş zərərin əvəzi olaraq 4720 manat pulun tutulması tələbini də irəli sürmüşdür.
37. Mülki Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
38. Cavabdehin iddiaçı tərəfindən cavabdehin icarəsinə verilmiş əmlakdan icarə müqaviləsinin müddəti bitdikdən sonra da istifadə edilməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığı üçün iddiaçının həmin tələbi də əsassızdır və təmin edilə bilməz.
39. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “əmlakın qaytarılması və pul” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova