Məhkəmə qərarları › İş №e-2-2(113)-3890/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3890/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3890/2023 27.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı qapalı səhmdar cəmiyyətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı qapalı səhmdar cəmiyyəti Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə cəmi 736,07 (yeddi yüz otuz altı manat sıfır yeddi) manat borcun və ödənilmiş 40 manat dövlət rüsumunun Cavabdehndən tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh MMC arasında SEL-B/033/08/021 nömrəli xx.xx.2021-ci il tarixli malların alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri ƏDV daxil 736,07 (yeddi yüz otuz altı manat sıfır yeddi) manat olmaqla mal satışı həyata keçirmiş, lakin cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi təmin edilməmiş və nəticə etibarı ilə cavabdehin iddiaçı qarşısında cəmi 736,07 (yeddi yüz otuz altı manat sıfır yeddi) manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlanılmış və yazılı müraciətlər edilmişdir. Cavabdeh iddiaçı tərəfindən ona borcla bağlı göndərilmiş pretenziyanı almış, lakin buna baxmayaraq, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada mediasiyaya müraciət edilmişdir. İddaaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/MT015/2023-00245/02 saylıarayış alınmışdır. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: 28 sentyabr 2021-ci il tarixli SEL-B/033/08/021 saylı bitki və güllərin alqı-satqı müqaviləsinə əsasən hazırki müqavilənin predmetini “satıcı” tərəfindən qiyməti, sayı, çeşidi, modelli və s. müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə (qiymətlərin razılaşdırma protokolu sifarişnamə, təklif, spesifikasiya, satınalma sifarişi (Purchase Order) və sair adlandırıla bilər) (bundan sonra “əlavələr”) qeyd olunan yüksək keyfiyyətli bitki və güllərin, onlara qulluq vasitələrinin və s. (bundan sonra “mallar” adlandırılacaq) müqavilə müddəti dövründə “alıcı”ya satılması və “alıcı” tərəfindən həmin malların qəbul edilərək, dəyərinin hazırki müqavilədə nəzərdə tutulmuş qaydada “satıcı” ya ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. 2.1.1. bəndə əsasən sifariş verilmiş mallar “satıcı”nın anabarında satışa hazır olduğu halda malların dəyəri əlavələr imzalandıqdan sonra “satıcı”nın təqdim etdiyi sənədlər (hesab-faktura/elektron hesab- faktura) əsasında “alıcı” tərəfindən əvvəlcədən ödəniş qaydasında köçürülmə yolu ilə ödənilir. 2.1.2. sifariş verilmiş mallar “satıcı”nın anabarında satışa hazır olmadıqda malların dəyərinin 50%-i əlavələr imzalandıqdan sonra “satıcı”nın təqdim etdiyi sənədlər (hesab-faktura/elektron hesab-faktura) əsasında “alıcı” tərəfindən əvvəlcədən ödəniş qaydasında, qalan 50%-in ödənişi isə mallar “alıcı”ya təhvil verilmək üçün hazır olduğu gündən, 5 (beş) gün ərzində köçürülmə yolu ilə ödənilir. 2.1.3. İstisna hallarda tərəflərin qarşılıqlı razılığı ilə 10.000 (on min) manatdan çox olmayan malın dəyəri, mal “alıcı”-ya təhvil verildikdən sonra “satıcı”-nın təqdim etdiyi sənədlər (hesabfaktura/elektron hesab-faktura) əsasında 5 (beş) təqvim günü ərzində köçürülmə yolu ilə ödənilə bilər. 2.2. ödəniş tarixi pul vəsaitlərinin “satıcı”-nın bank hesabına daxil olduğu tarix hesab olunur. EBBP seriyalı 301192 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 248,98 manat, EBBU seriyalı 155322 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 736.07 manat məbləğində mallar İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə ödənilməsi üçün elektron qaimələr göndərilmiş bununla belə malların dəyəri ödənilməmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əsasən malların dəyərini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 736,07 manat tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbini sübuta yetirilməsi ilə bağlı məhkəməyə elektron qaimələri təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında iddia tələbinin əsaslı olması öz təsdiqini tapır. Vİİ. Məhkəmə xərcləri: MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 40 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 736,07 (yeddi yüz otuz altı manat sıfır yeddi) manat borc və ödənilmiş 40 manat mediasiya xərci İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar