Məhkəmə qərarları › İş №e-2-2(113)-3893/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3893/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3893/2021 18.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “müqavilənin ləğvi və s.” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 24 dekabr 2018-ci il tarixli, 103 saylı xidmət müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə ödənilməmiş 2.163 (iki min yüzaltmış üç) manat 15 (on beş ) qəpik geriqaytarma üzrə əsas borcu və 1.096 (bir min doxsan altı) manat 68 (altmış səkkiz) qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3.261 (üç min iki yüz altmış bir) manat 83 (səksən üç) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli, 103 saylı Xidmət müqaviləsinə əsasən İddiaçı QSC www.visaazerbaijan.azinternet saytı ilə göstərilən xidmətlər müqabilində ödəniş sistemi vasitəsi ilə daxil olmuş ödənişlərin Cavabdeh MMC İddiaçı QSC-də olan bank hesabına mədaxil edilməsi ilə əlaqədar xidmət göstərməyi öz öhdəsinə götürmüş və həmin Müqavilənin şərtlərinə uyğun olaraq da xidmət göstərmişdir. İddiaçı QSC-yə www.visaazerbaijan.az internet saytının fəaliyyəti ilə əlaqədar Visa və MasterCard ödəniş sistemləri vasitəsi ilə internet saytına beynəlxalq kartlarla keçirilən ödənişlərlə bağlı geriçağırmalar daxil olduğundan, həmin geriçağırmalar 24 dekabr 2018-ci il tarixli, 103 saylı Xidmət Müqaviləsinin tələblərinə uyğun olaraq İddiaçıQSC tərəfindən icra edilmişdir. İddiaçı QSC tərəfindən icra olunmuş geriçağırmaların geri qaytarılması ilə bağlı Cavabdeh MMC-yə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Banka hər hansı sənəd təqdim etməmiş, həmçinin müqavilə üzrə yaranmış öhdəliklərinin icrası ilə əlaqədar tədbir görməmişdir. Belə ki, Xidmət Müqaviləsinin 2.2.4-cü maddəsinə əsasən xidmətlərin göstərilməsinə dair banka etiraz daxil olduqda və buna müvafiq olaraq bankın hesabından hər hansı tutulma və ya silinmə həyata keçirildikdə xidmət alan onun əvəzinin banka ödəmək öhdəliyini daşıyır. 24 dekabr 2018-ci il tarixli, 103 saylı Xidmət Müqaviləsinin 3-cü bəndinə əsasən göstərilən xidmətlərlə bağlı pul vəsaitinin qismən və ya tam geri qaytarılmasına dair Banka müraciət olduqda və ya Bankın müxbir hesabından bu Müqavilədə göstərilən xidmətlərlə əlaqədar məbləğ silindikdə növbəti 5 (beş) iş günündən gec olmayaraq Xidmət alana məlumat verilir. Xidmət alan 10 (on) iş günü ərzində cavab vermədikdə və ya silinmiş məbləğ geri qaytarılmadıqda, həmin məbləğ Xidmət alanın hesabından birtərəfli olaraq silinir. 06.07.2021-ci il tarixədək www.visaazerbaijan.az internet saytının fəaliyyəti ilə əlaqədar İddiaçı QSC-yə aşağıdakı məbləğlərdə geriçağırmalar daxil olmuş və cavabdehin bank hesabında vəsait olmadığından həmin geriçağırmalar İddiaçı QSC-nin müxbir hesabından silinmişdir. Həmin Müqavilənin 3.7.-ci bəndinə görə Xidmət Müqaviləsinin məqsədləri üçün Bankın müxbir hesabından vəsait silindikdə və Xidmətalan silinmiş məbləği geri qaytarmadıqda və ya silinməni təmin etmək üçün hesabında kifayət qədər məbləğ olmadıqda, ödənilməmiş hər gün üçün müxbir hesabdan silinmiş məbləğin 0,1 faiz məbləğində cərimə hesablanır. Bununla da cavabdehin 06.07.2021-ci il tarixə İddiaçı QSC-yə 24 dekabr 2018-ci il tarixli, 103 saylı Xidmət Müqaviləsi üzrə 2.163 (iki min yüz altmış üç) manat 15 (on beş ) qəpik geriqaytarma üzrə əsas borcu və 1.096 (bir min doxsan altı) manat 68 (altmış səkkiz) qəpik məbləğində.cərimə borcu olmaqla, ümumilikdə cəmi 3.261 (üç min iki yüzaltmış bir) manat 83 (səksən üç) qəpik borcu yaranmışdır. Bununla bağlı, 09.07.2021-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi təklif edilsə də, Cavabdeh MMC-dən bağlı hər hansı cavab alınmamışdır. İddiaçı tərəfindən xidmət müqaviləsi üzrə öhdəliklərin yerinə yetiriliməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etməyərək müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 24 dekabr 2018-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Bank Xidmət alanın internet saytı üzərindən göstərdiyi xidmətlərin müqabilində ödəniş sistemi vasitəsilə daxil olmuş ödənişləri Xidmət alanın Bankda açılmış bank hesabına mədaxil etməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilənin 2.2.4-cü bəndinə əsasən xidmətlərin göstərilməsinə dair Banka etiraz daxil olduqda və buna müvafiq olaraq Bankın hesabından hər hansı tutulma və silinmə həyata keçirildikdə onun əvəzi Banka ödənilməlidir. Eyni zamanda qeyd edilən müqavilənin 3.7-ci maddəsinə əsasən müqavilənin məqsədləri üçün Bankın müxbir hesabından vəsait silindikdə və Xidmət alan silinmiş məbləği geri qaytarmadıqda və ya silinməni təmin etmək üçün hesabında kifayət qədər vəsait olmadıqda, ödənilməmiş hər gün üçün müxbir hesabdan silinmiş məbləğin 0.1 faiz məbləğində cərimə hesablanır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş Mastercard sistemindən çıxarışlardan görünür ki, Cavabdeh MMC-nin bankda olan hesabında pul olmadığından Bankın müxbir hesabından 09.12.2019-cu il tarixində 2 dəfə müvafiq olaraq 63,84 ABŞ dolları və 65,85 ABŞ dolları, 13.01.2020-ci il tarixində 64,65 ABŞ dolları, 15.01.2020-ci il tarixində 2 dəfə 65,65 və 65,65 ABŞ dolları, 16.01.2020-ci il tarixində 2 dəfə 64,27 və 64,27 ABŞ dolları, 17.01.2020-ci il tarixində 65,7 ABŞ dolları, 22.01.2020-ci il tarixində 3 dəfə müvafiq olaraq 66,99, 112,77, 112,77 ABŞ Dolları, 24.01.2020-ci il tarixində 100,39 ABŞ dolları, 26.01.2020-ci il tarixində 108,55 ABŞ dolları, 29.01.2020-ci il tarixində 65,58 ABŞ dolları və 65,38 ABŞ dolları, 30.01.2020-ci il tarixində 110,39 ABŞ dolları məbləğində pullar tutulmuşdur. Qeyd edilmiş pulların ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi cəmi 2.163,15 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 960.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Həmin Məcəllənin 960.2-ci maddəsinə əsasən tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iddia tələbində əsas borcun tələb edilməsi hissəsində yuxarıda qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. İşin araşdırılmış hallarından göründüyü kimi MMC-nin bank hesabında müvafiq pul vəsaitləri olmadığından tutulmalar Bankın öz müxbir hesabından həyata keçirilmişdir. Bununla da bank müqavilə üzrə öz öhdəliyini icra etmiş olsa da, cavabdeh tərəf edilmiş xəbərdarlıqlara baxmayaraq MMC-nin hərəkətləri nəticəsində Bankdan tutulmuş olan pul vəsaitlərini qaytarmamışdır. Belə olan halda Bank tərəfindən onun hesabından tutulmuş olan 2.163,15 manat məbləğində pulun cavabdehdən tələb edilməsi barədə iddiası əsaslıdır. Məhkəmə iddianın dəbbə pulunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 2.163,15 manat əsas borcuna münasibətdə iddiaçı 1.096,68 manat cərimə hesablayıb tələb etmişdir və məhkəmə hesab edir ki, həmin məbləğin əsas borca mütənasib deyil və məhkəmə cərimə məbləğinin 150 manat həddində müəyyənləşdirilməsini daha ağlabatan və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddianın müqavilənin ləğvi ilə hissəsi də əsaslı olmaqla həmin hissədə də, iddia təmin edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi müqavilə tərəfinin müqaviləni əhəmiyyətli dərəcədə pozması müqavilənin ləğv edilməsi əsaslarına aiddir. Hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24.12.2018-ci il tarixli, 103 saylı müqavilə ləğv edilsin. 2163,15 manat əsas borc, 150 manat cərimə borcu olmaqla, cəmi 2.313 (iki min üç yüz on üç) manat, 15 (on beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar