Məhkəmə qərarları › İş №e-2-2(113)-3895/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3895/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3895/2023 22.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 14.000 manat məbləğində pulun, habelə “ilkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 200 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC onun (əvvəlki adı "xxxx" MMC) Nizamnaməsi əsasında hərəkət edən direktoru X1 arasında 14 oktyabr 2019-cu il tarixli № CT/SM-19-076 müqaviləyə əsasən boya məhsullarının alqısatqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən iddiaçı boya məhsullarını cavabdehə satmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında tərtib edilmiş aktlara əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin İddiaçı MMC-yə cəmi 58.220,93 manat məbləğində borcu mövcud olmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdehin elektron kabinetinə pretenziya məktubu və xx.xx.2022ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. xx.xx.2023- cü il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci maddəsində uyğun olaraq ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin cavabdeh bu barədə məlumatlı olsada ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasından sonra tərəflər borc məbləğinin 25000 manat olması barədə razılığa gəlmişlər və cavabdeh bundan sonra hissə-hissə 11000 manat ödəmiş, qalıq qalan 14000 manat borcu ödəməmiş və cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Odur ki, hal-hazırda cavabdehin iddiaçıya 14000 manat borcu mövcuddur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (tədarükçü) ilə "xxxx" MMC (VÖEN **********) (hazırki adı "xxxx" MMC) (alıcı) arasında 14 oktyabr 2019-cu il tarixdə CT/SM-19-076 saylı tədarük müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən “Tədarükçü” “Alıcı” sifariş etdiyi məhsulları (bundan sonra “Əmtəə”) tədarük etməyi, “Alıcı” isə onları qəbul edib və haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürür. 3.2-ci bəndinə əsasən “Alıcı” hər konkret partiya üzrə Əmtəələrin dəyərini Əlavələrdə göstərilmiş qiymətlərlə əmtəələri aldıqdan 10 bank günü müddətinə “Tədarükçü”nün hesabına köçürmə yolu ilə ödəyir. 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir 14 oktyabr 2019-cu ilə qədər qüvvədədir. Əgər müqaviləyə xitam verilməsi haqda son 10 gün ərzində tərəflər bir-birinə müraciət etməzlərsə müqavilə avtomatik yenilənmiş hesab ediləcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 14 oktyabr 2019-cu il tarixdə CT/SM-19-076 saylı tədarük müqaviləsinin xx.xx.2019cu il tarixli 01 nömrəli əlavəsinə əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malın adı (Epocon SP 585), ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar. Əlavə 1 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 20 oktyabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh "xxxx" MMC (VÖEN **********)) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Barışıq sazişinin predmeti İddiaçı MMC, Mediasiya şurasına ərizə ilə müraciət edərək cavabdeh “1st Construction“ MMC-dən iddiaçının xeyrinə 58.220,93 manat məbləğində pulun, habelə “İlkin mediasiya sessiyasında iştirak etmək“ üçün ödəniləcək məbləğin 50%-nin mediasiya vasitəsilə ödənilməsini xahiş etmişdir. İddiaçı tərəfindən mediasiyaya ərizə verildikdən sonra, cavabdehin iddiaçıya 25000 manat borcunun olması müəyyən edilmiş və cavabdeh tərəf 20 oktyabr 2022-ci il tarixdən başlayaraq borcunu ödəyəcəyinə dair söz vermiş və tərəflər razılığa gəlmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq X5 ilə tərəflər Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 52.4-cü və 191-ci maddəsinə uyğun olaraq aşağıdakı razılığa gəlirlər: 1.1. Cavabdeh 25000 manat məbləğində borcu 20 oktyabr 2022-ci il tarixdə 7.000 manat olmaqla, həmin gündən etibarən hər 30 gündən bir 6.000 manat ödəməklə bağlamağı öhdəsinə götürür. 1.2. Cavabdeh tərəfindən ödəniş X6 1.1-ci maddəsində göstərilən şərtlərə əsasən dövri olaraq (müvafiq tarixlərdə müvafiq vəsaitin ödənilməsi) həyata keçirilmədikdə və ya natamam icra edildikdə, cavabdeh iddiaçıya ödənilməmiş əsas borcu (yəni 18000 manat məbləğinindən qalan borcu) dərhal tam şəkildə məcburi qaydada ödəyəcəkdir. 1.3. X6 1.1-ci maddəsində göstərilmiş borc cavabdeh tərəfindən iddiaçıya tam ödənildikdən sonra, cavabdehin iddiaçı qarşısında ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir və iddiaçının cavabdehə qarşı tələb hüququ tam olaraq təmin edilmiş olur. Bununla da iddiaçı cavabdehə qarşı iddia tələblərindən imtina qtməyi öhdəsinə götürür. 1.4. X2 hər birinə bir ədəd təqdim edilməklə, Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik üç nüsxədə tərtib edilmişdir. 1.5. X5 Tərəflər tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir. Barışıq sazişi “1st Construction“ MMC (direktor) tərəfindən imza edilməklə möhürü ilə də təsdiq edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi: - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X3 xx.xx.2022-ci il tarixində 7000 manat pul vəsaitini xx.xx.2022-ci il tarixdə imzalanmış barışıq sazişinə əsasən təhvil aldı. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X3 xx.xx.2022-ci il tarixində 3000 manat pul vəsaitini xx.xx.2022-ci il tarixdə imzalanmış barışıq sazişinə əsasən təhvil aldı. İddiaçı tərəfindən "xxxx" MMC-yə pretenziya məktubu ünvanlayaraq borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC (əvvəlki adı ilə "xxxx" MMC) arasında - 14 oktyabr 2019-cu il tarixdə CT/SM-19-076 saylı tədarük (alqı-satqı) müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda İddiaçı MMC həmin müqavilə əsasında təqdim edilmiş mallara görə - 14.000 manat məbləğində borcun cavabdeh "xxxx" MMC tərəfindən ödənilmədiyini iddia edir və həmin borcun tutulmasını tələb edir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 20 oktyabr 2022-ci il tarixində barışıq sazişi bağlanmış, həmin sazişlə cavabdehin iddiaçıya 25000 manat borcunun olması müəyyən edilmiş və cavabdeh tərəf 20 oktyabr 2022-ci il tarixdən başlayaraq borcunu ödəyəcəyinə dair vədd etmiş və 25000 manat məbləğində borcu 20 oktyabr 2022-ci il tarixdə 7.000 manat olmaqla, həmin gündən etibarən hər 30 gündən bir 6.000 manat ödəməklə bağlamağı öhdəsinə götürmüşdür. Daha sonra barışıq sazişinə əsasən xx.xx.2022-ci il tarixdə 7000 manat və xx.xx.2022-ci il tarixində isə 3000 manat pul vəsaiti ödənilmişdir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 881.2-ci maddəsinə görə barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Beləliklə, məhkəməyə təqdim edilmiş 20 oktyabr 2022-ci il tarixli barışıq sazişi ilə cavabdehin iddiaçıya alqı-astqı müqaviləsi üzrə borcunun 25.000 manat təşkil etməsi, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli aktlara əsasən isə həmin borcdan cavabdeh tərəfindən 10.000 manat məbləğində ödəniş edilməsi müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki.14000 manat məbləğində borcun cavabdeh "xxxx" MMC-dən tutulmasına dair İddiaçı MMC-nin iddiası əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 132 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.a 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 14000 manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar