Məhkəmə qərarları › İş №e-2-2(113)-3897/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3897/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3897/2021 13.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə İddiaçı MMC-nın nümayəndəsi Nümayəndə və Cavabdeh1 ASC-nın nümayəndəsi Maftun Suleimanovun iştirakı ilə, İddiaçı MMC-nın cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin qarşı lizingə verilmiş kənd təssərüfatı texnikanın dəyərinin 30520809,60 manat məbləğində hesab edilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanımış 05.02.2019-ci il tarixli 1853-P/18 nömrəli müqaviləyə əsasən lizingə verilmiş 1902 adda kənd təssərüfatı texnikanın dəyərinin 30520809,60 manat məbləğində hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 ASC arasında kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 05.02.2019-cu il tarixli 1853-P/18 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun "xxxx" ASC-Lizinq verən ümumi dəyəri 38151012 manat olan 1902 adda (7 adda 21700 manat məbləğində 2016-cı il buraxılışı, 1410 ədəd 29667699 manat məbləğində 2017-ci il buraxılışı və 485 ədəd ******* manat məbləğində 2018-ci il buraxılışlı) kənd təsərrüfatı texnikalarını müvafiq sənədləşmə aparıldıqdan sonra lizinqə alanın mülkiyyətinə vermişdir. Cavabdehin təqdim etdiyi ödəniş cədvəli araşdırılarkən kənd təsərrüfatı texnikalarının işlənmə vəziyyəti nəzərə alınmadan ilkin alış qiyməti ilə lizinqə verildiyi müəyyən olunmuş və bu barədə cababdehə müraciət edilmişdir. Cavabdeh1 ASC 28.10.2020-ci il tarixli ASC/2-1625 saylı cavab məktubu ilə müqavilə üzrə öhdəliyimizə istinad edərək lizinqə verilən kənd təsərrüfatı texnikalarına işlənmə vəziyyəti nəzərə alaraq amortizasiya normaları tətbiq etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 114.3-ci maddəsində, maşınlar və avadanlıqlar üzrə illik amortizasiya norması (qalıq dəyərin) -20%-dək müəyyən olunmuşdur. Həmin Qanunun 114.4-ci maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-ci maddəsinə əsasən hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməlkə hesablanır. 1902 adda ********.0 manat dəyərində kənd təsərrüfatı texnikalarının buraxılış ilini və İddiaçı MMC-yə təhvil verilmə tarixini nəzərə almaqla amortizasiya normasını 20% tətbiq etməklə-7630202,40 manat məbləğində amortizasiya ayırmaları hesablanmalı və ümumi məbləqdən çıxılmalıdır. Bununla da, 1902 adda kənd təsərrüfatı texnikalarının dəyəri 38151012 manat deyil, 30520809,60 manat olmalıdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, müqavilə 2019-cu ildə bağlansa da, lizinqə verilmiş 2016, 2017 və 2018-ci illərdə istehsal olunan kənd təsərrüfatı texnikalarının amortizasiyası nəzərə alınmadan ilkin satış qiyməti ilə İddiaçı MMC-yə təhvil verilmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi Maftun Suleimanov iddianı qəbul etməyərək izahatında müqavilənin 2019-cu il tarixdə bağlanmasına baxmayaraq, lizinqə verilmiş kənd təssərüfatı texnikalarının buraxılış illəri 2016, 2017 və 2018 olsa belə, yürüşləri 0 (sıfır) olmuş, bununla yanaşı lizinqə verilən dövriyyə vəsaiti olan lizinq obyektinə amortizasiyanın hesablanmadığını, dəyərinin lizinq alan tərəfindən aparılan ödənişlərdən asılı olaraq azaldıldığını bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə işə cavabdeh Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmin Məcəllənin 748-2.5-ci maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. Həmin Məcəllənin 114.3.2-ci maddəsinə əsasən amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir: maşınlar və avadanlıq – 20%dək, digər əsas vəsaitlər - 20 faizədək, digər əsas vəsaitlər - 20 faizədək; Mühasibat uçotu haqqında Qanunun 3-cü maddəsinə əsasən dövriyyə vəsaitləri (aktivləri)—bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) istehsalat, tədavül və istehlak sahələrində iştirakı nəzərdə tutulan pul vəsaitləri və digər aktivlərdir. Bunlara kassada və bankda olan pul vəsaitləri, tez satılan qiymətli kağızlar, debitor borcları, mal ehtiyatları, xammal, materiallar, bitməmiş istehsalat, hazır məhsul, gələcək dövrün xərclərinin cari hissəsi aiddir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti adlandırılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir. Məhkəmə hesab edir ki, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı lizinqə verilmiş 1902 adda kənd təsərrüfatı texnikasının dəyərinin 30520809,60 manat məbləğində hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, lizinq obyektləri yalnız lizinq alan tərəfindən istifadə olunduğundan və mülkiyyət hüququnun gələcəkdə (tam ödəniş olduğu təqdirdə) onlara keçəcəyinə görə həmin lizinq obyektləri əsas deyil, dövriyyə vəsaiti hesab olunur və onlara amortizasiya hesablanmır, bununla yanaşı lizinq obyektinin dəyərinin azaldılması amortizasiyanın hesablanması ilə deyil, lizinq alan tərəfindən aparılmış lizinq ödənişlərinin obyektin ümumi dəyərindən çıxılması vasitəsi ilə aparılır, həmçinin iddiaçı tərəfindən lizinqə verilmiş buraxılış illəri 2016, 2017 və 2018 olan kənd təssərüfatı texnikalarının yürüşlərinin 0 (sıfır) olmaması və həmin texnikaların əvvəllər digər lizinq alanın istifadəsində olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırki tələbə yalnız Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavab verməli olduğuna görə İddiaçı MMC-nin Cavabdeh1 ASC-yə qarşı olan tələbi əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı lizinqə verilmiş kənd təsərrüfatı texnikasının dəyərinin 30520809,60 manat məbləğində hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı lizingə verilmiş kənd təsərrüfatı texnikasının dəyərinin 30520809,60 manat məbləğində hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar