Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3898/2023 03.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC-dən 19 may 2022-ci il tarixli, SPARK-052/2022 saylı müqavilə üzrə 5296 (beş min iki yüz doxsan altı) manat əsas borc, 500 (beş yüz) manat dəbbə pulu (cərimə) məbləği, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 264,80 (iki yüz altmış dörd manat qırx səkkiz qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 100 (bir yüz) manat məbləğində mediasiyaya dair xərc, cəmi ümumilikdə 6160,80 (altı min bir yüz altmış manat səksən qəpik) manat məbləğində pulun tutularaq iddiaçı ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “İddiaçı MMC ilə Cavabdeh MMC arasında 19 may 2022-ci il tarixli, SPARK-052/2022 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə cavabdehin mülkiyyətinə müxtəlif markalı beton təhvil verilib. Təhvil verilən malların dəyərinin bir hissəsi ödənilsə də, ƏDV daxil 5296 (beş min iki yüz doxsan altı) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini, mallar təhvil verildiyi andan sorakı ay ərzində ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% (sıfır tam yüzdə bir faiz) məbləğində dəbbə pulu ödəyəcək. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC “satıcı, Cavabdeh MMC “alıcı” olmaqla imzalanmış 19 may 2022-ci il tarixli SPARK-052/2022 nömrəli müqaviləyə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən qiymət razılaşdırma protokollarında (bundan sonra “əlavə”) göstərilən müxtəlif növ beton/tikinti məhsullarını (bundan sonra - mallar) razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. 3.4 bəndə əsasən satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı və/və ya elektron qaimə fakturalar əsasında həyata keçirəcək. Elektron qaimə-faktura alıcıya təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində alıcının hər hansı bir etirazı olmazsa mallar alıcıya təhvil verilmiş hesab ediləcək. 4.2 bəndə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa alıcı hər ay üzrə ona təhvil verilmiş malların dəyərini, mallar təhvil verildiyi aydan sonrakı ay ərzində ödəməyi öhdəsinə götürür. 9.4 bəndə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 19 may 2022-ci il tarixli, SPARK-052/2022 saylı malların alqı-satqı müqaviləsinə dair qiymətlərin razılaşdırma protokolunda “Beton B- 25 (M-350)” məhsulu ilə bağlı 1 m3 üzrə ƏDV-siz qiymət 98 manat olaraq razılaşdırılmışdır. EBBX seriyalı 433294 nömrəli xx.xx.2022 tarixli elektron qaimə üzrə 4.281,04 manat, EBBZ seriyalı 405780 nömrəli xx.xx.2022 tarixli elektron qaimə üzrə 1.968,24 manat İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2023 tarixli MŞB/2-02926 saylı mediasiya arayışında 110 manat mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə ödənilməsi üçün elektron qaimələr göndərilmiş bununla belə malların dəyəri ödənilməmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 445.1 maddəyə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7 maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əsasən malların dəyərini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 5.296 manat tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbini sübuta yetirilməsi ilə bağlı məhkəməyə elektron qaimələri təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar ümumi şəkildə nəzərə alındıqda iddia tələbinin əsaslı olması öz təsdiqini tapır. Eyni zamanda iddiaçı 500 manat cərimə məbləğinin də ödənilməsini tələb etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 9.4-cü bəndində razılaşdırılmışdır ki, alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 158,80 manat məbləğində müəyyən edilməlidir. İddiaçı iddia tələbində eyni zamanda gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 264,80 (iki yüz altmış dörd manat qırx səkkiz qəpik) manat da tələb etmişdir. Tərəflər arasında imzalanmış müqavilə şərtlərindən aydın olur ki, elektron qaiməfaktura alıcıya təqdim edildikdən sonra 5 iş günü ərzində hər-hansı etiraz olmazsa mallar alıcıya təhvil verilmiş hesab edilir. Eyni zamanda müqavilədə razılaşdırılmışdır ki, təhvil verilmiş malların dəyəri, təhvil verilən aydan sonrakı ay ərzində ödənilməlidir. Cavadehə göndərilmiş sonuncu elektron qaimə xx.xx.2022 tarixində göndərilmişdir. Belə olan halda isə cavabdeh elektron qaimə ona göndərildiyi tarixdən sonra hər-hansı etiraz bildirmədiyi üçün növbəti aydan cavabdehə olan borcunu tam şəkildə ödəməli idi. Məhkəmə cavabdehin öhdəliyini icra etməməsini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır və 264,80 (iki yüz altmış dörd manat qırx səkkiz qəpik) manat gecikdirilmiş vaxt üçün cavabdehdən tutulmalıdır. Vİİ. Məhkəmə xərcləri: MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 100 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 19 may 2022-ci il tarixli, SPARK-052/2022 saylı müqavilə üzrə 5296 (beş min iki yüz doxsan altı) manat əsas borc, 158,8 manat dəbbə pulu (cərimə) məbləği, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 264,80 (iki yüz altmış dörd manat səksən qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 100 (bir yüz) manat mediasiyaya dair xərci, İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3898/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3898/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver