Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3900/2021 16.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Türkan qəsəbəsi, Sovxoz ərazisi deyilən sahədə yerləşən istixanaya hesablanmış 40770,80 manat məbləğində borcun **********00160 nömrəli abonent kodundan silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Türkan qəsəbəsi, Sovxoz ərazisi deyilən sahədə yerləşən istixanaya hesablanmış 40770,80 manat məbləğində borcun **********00160 nömrəli abonent kodundan silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Türkan qəsəbəsi, Sovxoz ərazisi deyilən sahədə yerləşən istixanada əkin işləri ilə məşğul olur. 2017-ci ilin yanvar ayından istifadəsində olan istixanaya quraşdırılmış sayğac göstəricilərinə uyğun olaraq hər ay təqdim olunan bildiriş əsasında qaz sərfiyyatına görə yaranmış borc vaxtlıvaxtında ödənilmişdir. 19.03.2020-ci il tarixə kimi cavabdeh ilə iddiaçı arasında qaz təchizatı ilə bağlı və qaz pulunun ödənilməsi ilə heç bir problem olmamışdır. Lakin, 19.03.2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus istixananın təbii qazdan güya qeyri-qanuni istifadə halı aşkarlandığı müəyyən olunmuş və bu hal aktlaşdırılaraq istixanaya 23544 manat qanunsuz borc hesablanmışdır. Bu azmış kimi 26.01.2021-ci il tarixdə ******* saylı və 26.02.2021- ci il tarixdə ******* saylı aktlar tərtib edilərək yenədə əsassız şəkildə 17226,80 manat əlavə borc hesablanmışdır. Bununla bağlı 01.07.2021-ci il tarixdə pretenziya qaydasında cavabdehə iddiaçı tərəfindən müraciət olunmuşdur. Müraciəti araşdırılmamış və qanunsuz borc abonent kodundan silinməmişdir. Bu səbəbdən hüqularının məhkəmə qaydasında müdafiəsinə zərurət yaranmışdır. İstixana hal-hazırda Respublika üçün əhəmiyyət kəsb edən qida sektorunda ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində bir sektorda fəaliyyət göstərir. İstixananın payız və qış mövsümü üçün xarakterik olmayan tərəvəz yetişdirməklə və onu daxili və xarici bazarlara ixrac etməklə məşğuldur. Bu səbəbdən Birlik tərəfindən sahibi olduğu istixanaya yazılmış qeriqanuni aktlar əsasında hesablanmış qanunsuz borc məbləği iqtisadi baxımdan sahibkarlıq subyekti kimi vəziyyətini ağırlaşdırır və iddiaçı üçün qanunsuz öhdəliyin yaranmasına səbəb olur. Aktlarda qeyd olunanlar və həmin aktlar əsasında hesablanmış ağlasığmaz, şişirdilmiş məbləğ tam qanunsuz və əsassızdır. Aktlar qanunsuz və əsassız olaraq tərtib olunduğundan onlara əsasən hesablanmış 40770,80 manat məbləğində borc tam silinməlidir. Aktlar iddiaçının və ya nümayəndəsinin iştirakı olmadan tərtib olunmuşdur. Sonradan iddiaçı qaz idarəsindən sənədləri əldə edərkən tərtib olunmuş aktlarda istehlakçının nümayəndəsi adının önündə iddiaçının adı yazılmış və imza atılmışdır. Halbuki, aktlar tərtib olunarkən iştirakı təmin edilməmişdir. Digər bir məsələ isə, hər ay qaz paylayıcının nümayəndəsi istixananın qaz sayğacına və daşıyıcı qaz xəttinə baxış keçirərək 1 aylıq qaz sərfiyyatının məbləği barədə bildirişi iddiaçıya verir. Qaz paylayıcının nümayəndəsi hər ay ardıcıl olaraq bu işi gördüyü halda, iddiaçının istifadəsində olan istixanaya 3 ay (90 gün) əvvəlin borcu hesablanır. Hesablanma qaydasının bu cür aparılmasının hansı normativ hüquqi aktda öz əksini tapdığı Dəymiş ziyanın bərpasına dair Tələbnamədə öz əksini tapmamışdır. Təbii ki, heç bir hüquqi sənədə əsaslanmayan subyektiv mülahizələrə əsaslanan hesablanma qaydası şişirdilmiş qanunsuz borcun hesablanmasına şərait yaratmışdır. Bundan başqa, abonent saldosuna nəzər salanda 2017-ci ildən ilk akt yazılan dövrə qədər, yəni 19.03.2020-ci ilə kimi qazdan istifadəyə görə yaranmış borc demək olar ki, əvvəlki illərin müvafiq ayları ilə münasibətdə eyniyyət təşkil edir. Cavabdehin əməkdaşlarının qanunsuz xətti aşkara çıxarmasından sonra təbii olaraq iddiaçının qaz sərfiyyatı 2 qat, 3 qat artmalı idi. Qanunsuz qoşulmadan sonra qaz cihazlarının və iş həcminin azalmamasına baxmayaraq aylıq sərfiyyat məbləği sabit qalmış, bəzi aylarda isə azalmışdır. Bu da dolayısı ilə onu göstərir ki, istifadəsində olan istixanada sayğacdankənar qanunsuz xəttə qoşulmaqla istifadə halı olmamışdır. 2021-ci ilin mart ayında əlavə hesablanmış borcla bağlı qeyd edir ki, istifadəsində olan qaz sayğacının mexaniki göstəricinin sərfiyyatı qeydə aldığı bir zamanda sayğacın işləməməsi adı altında yanvar ayı üçün və fevral ayının 4 günü üçün iddiaçıya “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktların heç bir hüquqi qüvvəsi yoxdur. Abonent saldosuna nəzər saldıqda da yanvar ayında sayğacın mexaniki göstəricisinin sərfiyyatı qeydə aldığını görmək olar. İddiaçıya qeyd olunan dövr üçün akt əsasında 15258 manat sərfiyyat hesablanmışdır. Belə olan halda abonent saldosunda həm mexaniki göstəricinin qeyd olunması, həm də əlavə akt əsasında qanunsuz sərfiyyat hesablanması istehlakçının istifadə etmiş olduğu təbii qaza görə 2 dəfə artıq pul ödəməyə məcbur etməkdir. Bu təbii ki, öz növbəsində sahibkar kimi xərclərinin artmasına səbəb olmaqla yanaşı, təbii inhisar subyekti olan cavabdehin əsassız varlanmasına səbəb olan haldır. Halbuki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkarlanmış və itirilmiş qazın bərpası məqsədi ilə iddiaçıya müvafiq aktlar tərtib olunmuşdur. Cavabdeh tərəfindən hər 3 akta əsasən itirilmiş qazın dəyəri 40770,80 manat məbləğində hesab olunmuşdur. Hesab edir ki, bu hərəkətlər əsaslıdır və iddiaçı tərəfindən həmin borc tam olaraq ödənilməlidir. Yoxlamanın qeydiyyata alınması cavabdeh üçün qlobal bir problemə çevrilmiş, sahədə baxış keçirilən zaman nəzarətçi və ya hər hansı mühəndis məlumat verdiyi təqdirdə dövlət reyesterinə qeydiyyata salmağa çalışırlar, lakin, əksər hallarda məlumat vermirlər. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 19.03.2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən Bakı şəhəri, Türkan qəsəbəsi, Sovxoz ərazisi ünvanında yerləşən iddiaçıya məxsus istixanada yoxlama keçirilən zaman istixananın təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. 19.03.2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyan 117720 kub.metr (23544 manat) müəyyən edilmişdir. 26.01.2021-ci il tarixli ******* saylı və 26.02.2021-ci il tarixli ******* saylı Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktların surətlərindən görünür ki, cavabdeh tərəfindən Bakı şəhəri, Türkan qəsəbəsi, Sovxoz ərazisi ünvanında yerləşən iddiaçıya məxsus istixanada qaz sayğacının işləmədiyi 2021-ci ilin yanvar ayı üzrə 15258 manat və fevral ayının 4 günü üzrə 1968,8 manat məbləğlərində borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya aktlara əsasən 2020-ci ilin mart ayına 23544 manat və 2021-ci ilin mart ayına 17226,80 manat məbləğlərində, cəmi 40770,80 manat cərimə hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən Bakı şəhəri, Türkan qəsəbəsi, Sovxoz ərazisi ünvanında yerləşən iddiaçıya məxsus istixanada yoxlama keçirilən zaman istixananın təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq 19.03.2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və həmin akta əsasən cavabdeh tərəfindən iddiaçıya 23544 manat məbləğində borc hesablanmışdır. Sonra cavabdeh tərəfindən iddiaçıya məxsus istixanada qaz sayğacının işləmədiyi 2021-ci ilin yanvar ayı üzrə 15258 manat və fevral ayının 4 günü üzrə 1968,8 manat məbləğlərində borc hesablanaraq 26.01.2021-ci il tarixli ******* saylı və 26.02.2021-ci il tarixli ******* saylı Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aklar tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi aktlara əsasən iddiaçıya ümumilikdə 40770,80 manat (23544 + 15258 +1968,8 = 40770,80) məbləğində borc hesablanması müəyyən olunduğundan iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən X2 məxsus Bakı şəhəri, Türkan qəsəbəsi, Sovxoz ərazisi deyilən sahədə yerləşən istixanaya hesablanmış 40770,80 manat məbləğində borc **********00160 nömrəli abonent kodundan silinsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq X2 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3900/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3900/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver