Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3901/2021 18.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 4615.00 (dörd min altı yüz on beş) manat əsas borc, 461 (dörd yüz altımış bir manat) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu kimi ödənilmiş məbləğin, ümumilikdə 5106 (beş min yüz altı) manat məbləğində pulun İddiaçı MMC-nin xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında 21.10.2020-ci il tarixli 2020/69 nömrəli Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1-ci və 2-ci bəndlərinə görə İcraçı Sifarişçini müqavilənin ayrılmaz hissəsi olan X1 (əlavə) göstərilən avadanlıqlar ilə təmin edir, Sifarişçi göstərilən malları qəbul etməli və müəyyən olunan müddətdə malın dəyərini ödəmək öhdəliyi daşıyır. Həmin Müqavilənin 1 saylı əlavəsinə (Qiymətlərin razılaşma protokoluna) və təslim aktına əsasən 21.10.2020-ci il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 4615.00 (dörd min altı yüz on beş) manat dəyərində mal/avadanlıq verilmişdir. Lakin Müqavilənin göstərilən şərtlərinə zidd olaraq, Sifarişçiyə verilmiş malların dəyərinin ödənilməsi gecikdirilmiş və 14.07.2021-ci il tarixədək ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 21 oktyabr 2020-ci il tarixli 2020/69 nömrəli alqı-satqı müqaviləsinin 1-ci və 2-ci bəndlərin görünür ki, İddiaçı MMC (İcraçı) Cavabdeh MMC-ni (Sifarişçini) müqavilənin ayrılmaz hissəsi olan X1 (01 saylı əlavə) göstərilən avadanlıqlar ilə təmin edir, Sifarişçi isə göstərilən malları (avadanlığı) qəbul etməyi və müəyyən olunan müddətdə malın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 21 oktyabr 2020-ci il tarixli Təslim Aktından görünür ki, X2 (01 saylı əlavə) göstərilmiş və ümumi dəyəri 4615 (ƏDV daxil) manat təşkil edən mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə verilmiş malların əvəzi olaraq 4615 manat pulun ödənilməsinə dair 21.10.2020-ci il tarixli 567716 saylı elektron qaimə göndərilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasə iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər 21 oktyabr 2020-ci il tarixli 2020/69 nömrəli alqı-satqı müqavilə bağlayaraq həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 (01 saylı əlavə) göstərilmiş və ümumi dəyəri 4615 (ƏDV daxil) manat təşkil edən malların (avadanlıqların) alqı-satqısı barədə razılığa gəlmişlər. Həmin mallar (avadanlıq) sifarişçi Cavabdeh MMC-nin direktoru Rəşad Ağamirzəyev tərəfindən 21 oktyabr 2020-ci il tarixli Təslim Aktı ilə təhvil alınsa da, həmin malların dəyəri ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə ilə verilməsi nəzərdə tutulan malların təhvil alınması X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 oktyabr 2020-ci il tarixli Təslim Aktına etdiyi imzası ilə öz təsdiqini tapdığından, iddia əsas borcun, yəni 4615 manat borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cərimə borcunun tutulması hissəsində iddia qismən əsaslıdır. Belə ki, hazırki iş üzrə iddiaçı alqı-satqı müqaviləsinin 7.4-cü bəndinə istinad edərək 461 manat cərimə borcu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan 4615 manat əsas borcuna münasibətdə iddiaçı tərəfindən tələb edilən cərimənin məbləği 250 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin 4615 manat əsas borc, 250 manat cərimə borcu olmaqla, cəmi 4865 (dörd min səkkiz yüz altmış beş) manat məbləğində pul X3 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq UNİSELL” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbəğində pul X3 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq UNİSELL” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3901/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3901/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver