Məhkəmə qərarları › İş №e-2-2(113)-3903/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3903/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3903/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, iddia müddəti) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2073,39 (iki min yetmiş üç manat otuz doqquz qəpik) manat məbləğində əsas borcun və dövlət rüsumu üçün ödənilmiş 40,74 (qırx manat yetmiş dörd qəpik) manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “borcun etirafı və ödəniş qaydası” haqqında müqavilənin 1-ci bəndinə əsasən, borclu kreditora 6993 (altı min doqquz yüz doxsan üç) manat məbləğində borcun yarandığını tam etiraf edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, borclu borc məbləğini xx.xx.2020-ci il tarixdən, hər ay 777 AZN olmaqla 9 aya tam şəkildə kreditora ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, borclu tərəfindən ödəniş hər ayın bağlanıldığı günündə edilməlidir. Ödəniş ardıcıl olaraq 2 ay edilmədiyi təqdirdə, kreditor məhkəməyə müraciət edilə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0,5% miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş “aparılmış əməliyyatlar üzrə qalıq borca dair” arayışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2020-ci il tarixli, “borcun etirafı və ödəniş qaydası” müqaviləsinə əsasən borclu Cavabdeh müqavilə üzrə 06 mart 2024-cü il tarixinə 2073,39 manat ödənilməmiş qalıq borcu qalmışdır.

3. Cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı yazılı ərizə təqdim edərək iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Bağırlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən müqavilə üzrə mütəmadi olaraq ödəniş olunmuş, sonuncu ödəniş 2024-cü ilin iyul ayında edilmişdir. Ödənişlər nağd qaydada edildiyi üçün bu barədə hər hansı sübut təqdim edə bilmir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 1.1-ci bəndinə görə satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalarda sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 2.1-ci bəndinə görə alıcı satıcıya ödəməli olduğu vəsaiti nağd, yaxud bank köçürmələri ilə həyata keçirlə bilər.

10. İddiaçı (kreditor) ilə cavabdeh (borclu) arasında bağlanmış xx.xx.2020-ci il tarixli “borcun etirafı və ödəniş qaydası” haqqında müqavilənin 1-ci bəndinə əsasən, borclu kreditora 6993 (altı min doqquz yüz doxsan üç) manat məbləğində borcun yarandığını tam etiraf edir.

11. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, borclu 9 aya 6993 (altı min doqquz yüz doxsan üç) manat borcun yarandığı, həmin məbləği xx.xx.2020-ci il tarixindən, hər ay 777 AZN ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürür.

12. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

16. Materiallardan görünür ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi imzalanmış, həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmiş, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməyərək müqavilə üzrə yaranmış 6993 manat borcunu ödəməmiş, bundan sonra isə tərəflər arasında xx.xx.2020-ci il tarixli “borcun etirafı və ödəniş qaydası” haqqında müqavilə bağlanmış, müqavilə ilə cavabdeh borcunu xx.xx.2020-ci il tarixindən, hər ay 777 manat olmaqla 9 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür.

17. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

20. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

21. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

22. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

23. Materiallardan görünür ki, borclu yaranmış 6993 manat borcunu xx.xx.2020-ci il tarixindən, hər ay 777 manat olmaqla 9 ay ərzində ödəməyi öhdəsinə götürmüş, beləliklə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş son tarix xx.xx.2021-ci il olmuş, iddiaçı hazırkı iddia ərizəsini xx.xx.2025-ci il tarixdə verməklə qanunla müəyyənləşdirilmiş 3 illik müddətini ötürmüşdür.

24. İddiaçı xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən mütəmadi olaraq ödənişlər edildiyini, bununla da iddia müddətinin axımının kəsildiyini bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

25. Beləliklə, iddiaçı tərəfindən qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti açıq-aşkar buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.

26. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

27. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

29. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).

30. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

31. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

32. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.

33. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini ötürdüyündən, cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyindən iddia təmin edilməməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 40,74 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 40,74 (qırx manat yetmiş dörd qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar