Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3905/2021 06.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “güzəştin tətbiq edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra –iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “güzəştin tətbiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında bağlanmış 1961-L/14 nömrəli, 22.12.2014-cü il tarixli lizinq müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd AGOSS markalı avtomatik hərəkətli (dizellə işləyən) suvarma texnikasının dövlət büdcəsi vəsaiti hesabına onun ilkin dəyərinin (58.200 manat) 40 faizi həcmində güzəştin tətbiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ümumi dəyəri 58.200 manat təşkil edən 1 ədəd AG OSS markalı avtomotik hərəkətli (dizellə işləyən) suvarma texnikasının əldə edilməsi ilə bağlı cavabdehlə aralarında 1961-L/14 nömrəli, 22 12.2014-cü il tarixli lizing müqaviləsi bağlanılmışdır. 07 yanvar 2015-ci il tarixli texnikanın qəbulu barədə akta əsasən, AG OSS markalı avtomotik hərəkətli suvarma texnikası etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilmişdir. Ödəniş qəbzindən göründüyü kimi, müqavilə şərtlərinə uyğun olaraq, texnikanın dəyərinin 10 faizi, yəni 5000 manat məbləğində pul vəsaiti əvvəlcədən cavabdehin hesabına ödənilmişdir. Ümumilikdə texnikanın dəyərinin 20 faizdən çox hissəsi tərəfindən ödənilmişdir. “Yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, № 273 saylı Qərarının 3-cü bəndinə əsasən, bu qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Lakin, cavabdeh tərəfindən qeyd edilən güzəşt tətbiq edilməmişdir. Cavabdeh sonuncu dəfə 24 fevral 2021-ci il tarixli müraciətinə, 12 mart 2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, həmin qərara edilmiş 2015- ci il 04 avqust tarixli dəyişiklik özündə 2015-ci ilin mayın 1dən fiziki və hüquqi şəxslər tərəfindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsini ehtiva etmişdir. Odur ki, bu texnikanın dəyərinə güzəştin tətbiq edilməsi mümkün olmamışdır. Hesab edir ki, imtina əsassızdır. Cavabdehdən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma texnikasına dövlət büdcəsinin vəsaiti hesabına onun ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməlidir. Belə ki, tərəflər arasındakı lizinq müqaviləsinin tarixindən göründüyü kimi, müqavilə 22.12.2014-cü il tarixində bağlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı isə 13 avqust 2014-cü il tarixdə qəbul edilmişdir. Belə olan halda, tərəflər arasında münasibətlərin yarandığı vaxt yuxarıda qeyd edilən Qərar qüvvədə olduğundan, həmin qərar əsas götürülməklə suvarma texnikasına güzəşt tətbiq edilməlidir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə bağlanan zaman ondan lizinqə götürdüyü texnikanın ilkin dəyərinin 10 faizinin ödənilməsi tələb edilmiş, lakin ona bildirilmişdir ki, 20 faizi ödədiyi təqdirdə dövlət büdcəsinin vəsaiti hesabına ilkin dəyərin 40 faizi həcmində güzəşt tətbiq ediləcəkdir. Bununla razılaşmış, ilkin dəyərin 20 faizini ödəmiş, lakin göstərilən güzəşt tətbiq edilməmişdirdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilənin əsas şərtlərindən biri lizinqə verilən texnikanın ilkin dəyərinin 20 faizinin ödənilməsi olmuşdur. Həmin şərt müqavilənin özündə də göstərilmişdir. İddia ərizəsində adıçəkilən Nazirlər Kabinetinin həmin Qərarı isə 2015-ci ilin 1 may tarixindən bağlanılan müqavilələrə şamil edilməlidir. Bu səbəbdən iddia tələbi əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 16.09.2014-cü il tarixli ilkin müqaviləyə əsasən, lizinq alanın müraciətinə əsasən lizinq verən 01 ədəd avtomatik hərəkətli suvarma texnikasının istehsalçıdan aldıqdan sonra lizinq alana 10 il müddətinədək lizinqə verilməsini təmin edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli 1961-L/14 saylı müqavilədən görünür ki, lizinq verən (cavabdeh) ümumi məbləği 58200 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (iddiaçı) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 11640 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikaların təhvil qəbulu barədə 07 yanvar 2015-ci il tarixli aktdan görünür ki, cavabdehin 05.01.2015-ci il tarixli əmri əsasında AGOSS markalı 58200 manat məbləğində 1 ədəd suvarma texnikası nizamlanmış və komplekt halda iddiaçıya təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 22 fevral 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq texnikaının dəyərinin 20 faizi, yəni 11640 manat məbləğində pul vəsaitini cavabdehin hesabına ödəmişdir. Qüvvədə olan "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 13 avqust 2104-cü il tarixli, № 273 saylı Qərarına əsasən tətbiq edilən güzəştin ona da tətbiq edilməsini xahiş etmiş, əks təqdirdə göstərilən güzəştin tətbiq edilməsi üçün məhkəməyə müraciət edəcəyini göstərmişdir. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. “"xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 273 saylı Qərarına əsasən bu Qaydalar “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanına və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamına əsasən hazırlanmışdır və kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülmüş, lizinqə götürüləcək və satın alınacaq, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnikalar istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının, Cəmiyyət tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinin və avadanlığının dəyərinə güzəştlərin tətbiq edilməsi ilə bağlı prosedurları müəyyən edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya yaradılır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizi həcmində və ya ondan az olduqda, Cəmiyyətin zərəri hesabına faktiki qalıq məbləği həcmində güzəşt tətbiq edilməklə, Cəmiyyət və istifadəçi arasındakı lizinq (icarə) müqaviləsinə xitam verilməsi ilə bağlı Xüsusi Komissiya tərəfindən müvafiq qərar qəbul edilir. Həmin texnikanın istifadəçinin mülkiyyətinə keçməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir. "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, № 273 saylı Qərarın 6-cı bəndinə əsasən bu qərar 5 (beş) il müddətində qüvvədədir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərarının 3-1-ci bəndinə əsasən 2015-ci il mayın 1dən fiziki və hüquqi şəxslər tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi nəzərdə tutulmuşdur. Qərardan da göründüyü kimi sözügedən güzəştin tətbiq edilməsi 2015-ci ilin mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən lizinq yolu ilə alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəştin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Göründüyü kimi tərəflər arasında müqavilə 22 dekabr 2014-cü il tarixdə bağlanmış, qərarın özündə onun 2015-ci ilin may ayının 1-dən sonra yaranan müvafiq hüquq münasibətlərinə şamil edilməsi nəzərdə tutulduğundan iddia tələbi təmin oluna bilməz. Nəticə: Beləlikdə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3905/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3905/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver