Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3906/2021 29.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh “X2” MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2” MMC ilə İddiaçı ASC arasında bağlanmış “Təlim xidmətlərinin göstərilməsi haqqında” HBC-007/18 nömrəli 02.07.2018-ci il tarixli müqaviləyə əsasən yaranmış 779 manat məbləğində əsas vəsait və 77,90 manat məbləğində zərər, olmaqla ümumilikdə 856,90 pulun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30,00 manat məbləğində pul cavabdeh “X2” MMC-dən tutularaq İddiaçı ASC -yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “X2” MMC arasında “Təlim xidmətlərinin göstərilməsi haqqında” HBC-007/18 nömrəli 02.07.2018-ci il tarixli müqavilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin 1-ci və 2-ci Razılaşma protokollarına əsasən cavabdeh iddiaçının işçilərinə müəyyən edilmiş tarixlərdə təlim xidmətləri aparmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra etməmişdir. Belə ki, “X2” MMC-nin təqdim etdiyi 02.07.2018-ci il və 14.12.2018-ci il tarixli hesab-fakturalara əsasən ayrı-ayrılıqda 1350 manat və 1008 manat, cəmi 2358 manat məbləğində pul vəsaiti əvvəlcədən cavabdehin hesabına ödənilmişdir.Ödənilmiş vəsaitin müqabilində müqavilə üzrə təlimlərin keçirilməli olduğu 240 saatdan cəmi 120 saat təlim keçirilmişdir.Əlavə olaraq, təlim iştirakçılarına cavabdeh tərəfindən dəyəri 800 manat olan dərs ləvazimatları verilmişdir. Beləliklə müqavilə üzrə yaranmış öhdəliklərin 1579 manat dəyərində olan hissəsi icra edilmiş, lakin 779 manat məbləğində hissəsi qarşılığında xidmət göstərilməmiş və müqavilə tam icra edilməmişdir. Xidmətlərin icra olunmalı olan 16 dekabr 2018-ci il tarixdən bugünədək cavabdeh özgə vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə mülki qanunvericiliyə əsasən həmin vəsaitin məbləğindən müəyyən faizlər ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, təlimlər tam həcmdə keçirilmədiyindən, müqavilənin 3.2.3-ci maddəsinə əsasən təlimdə iştirakı təsdiq edən sənəd təqdim edilmədiyindən və cavabdeh tələb olunan 779 manatı vaxtında qaytarmadığı üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən iki il üçün 5%-lə hesablanan 77,90 manat əlavə borcu yaranmışdır. Odur ki məhkəmədən qeyd olunanları nəzərə alaraq tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “X2” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 02.07.2018-ci il tarixli HBC-007/18 nömrəli müqavilədən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə “X2” MMC arasında “Təlim xidmətlərinin göstərilməsi haqqında” rəsmiləşdirilmiş və müqavilə şərtlərinə görə “X2” MMC“ İddiaçı ASC tərəfindən ödənilmiş pul məbləği qarşılığında İddiaçı ASC-nin nümayəndələrinə təlim xidmətlərinin göstərilməsini öhdəsinə götürmüş, həmçinin 3.2.5-ci maddəsinə əsasən fayda götürənlərə təlimdə iştirakı təsdiqləyən sənəd (diplom/şəhadətnamə/sertifikat/arayış) verməyi cavabdeh tərəf öz öhdəliyinə götümüşdür. 1 saylı razılaşma protokolundan görünür ki, Lalə Quliyevaya 21.07.2018-ci il tarixdən 90 saatlıq ACCA DiplFR adlı təlim keçirilməlidir, təlimin qiyməti 1350 manatdır. 2 saylı razılaşma protokolundan görünür ki, Şəhla Mehdiyevaya və Leyla Məmmədovaya 16.12.2018-ci il tarixdən 60 saatlıq ACCA F3 adlı təlim keçirilməlidir, təlimin qiyməti 1008 manatdır. 1754/20-07 nömrəli 20 iyul 2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən “X2” MMC-yə 1350 manat pul ödənilmişdir. 2954/21-12 nömrəli 21 dekabr 2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən “X2” MMC-yə 1008 manat pul ödənilmişdir. 15.09.2021-ci il tarixli aktdan görünür ki, “X2” MMC tərəfindən 45 saat ACCA F3 adlı təlim keçirilmiş qiyməti 467,40 manat; 30 saat ACCA DiplFR adlı təlim keçirilmiş qiyməti 311,60 manat; 800 manat məbləğində tədris vəsaiti verilmiş, qalıq məbləq 779 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 və 445.7-ci maddələrinə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Beləliklə məhkəmədə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə “X2” MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı ASC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdeh “X2” MMC ödənilən pulun müqabilində yaranmış, xidmətlərin göstərilməsi barədə öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən 2358 manat məbləğində vəsait ödənilsə də, cavabdeh ödənilən vəsaitə uyğun öhdəliyi tam yerinə yetirməmiş, belə ki, 60 saatlıq təlimin əvəzində 467,40 manata qiymətləndirilən 45 saatlıq ACCA F3 adlı təlim, 90 saatlıq təlimin əvəzində 311,60 manata qiymətləndirilən 30 saat ACCA DiplFR adlı təlim keçirilmiş, həmçinin 800 manat məbləğində tədris vəsaiti iddiaçıya vermiş yerdə qalan 779 manat məbləğində qiymətləndirilən təlimləri keçirməmiş və təlimlərdə iddiaçının nümayəndələrinin iştirakını təsdiq edən sənədi təqdim etməmişdir. Eyni zamanda cavabdeh tərəfindən tələb olunan 779 manat məbləğində vəsait vaxtında qaytarılmadığına görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən iki il üçün 5%-lə hesablanmış geçikdirilmiş vəsait 77,90 manat təşkil edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli və 779 manat məbləğində əsas vəsait, həmçinin illik 5%-lə hesablanmış geçikdirilmiş 77,90 manat cəmi 856,90 manat məbləğində pul cavabdeh “X2” MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X2” MMC-dən 779 manat məbləğində əsas vəsait, həmçinin illik 5%-lə hesablanmış geçikdirilmiş 77,90 manat cəmi 856,90 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3906/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3906/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver