Məhkəmə qərarları › İş №e-2-2(113)-391/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-391/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-391/2023 16.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən tərəflər arasında imzalanmış xx.xx.2021 tarixli, 01-211201 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən əsas borc üzrə 50536,10 (əlli min beş yüz otuz altı manat on qəpik) manat borc pulun və 2537,24 (iki min beş yüz otuz yeddi manat iyirmi dörd qəpik) manat cərimə məbləğinin, həmçinin xx.xx.2021 tarixli 23 nömrəli müqavilə üzrə 10376,92 (on min üç yüz yetmiş altı manat doxsan iki qəpik) manat məbləğində dəymiş ziyanın tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci tarixli, 23 nömrəli və 01 dekabr 2021-ci il tarixli 01-211201 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış hər iki müqavilənin predmetinə əsasən icraçı sifarişçiyə müqavilənin müvafiq əlavəsi ilə təsdiq edilmiş ölçü, çeşid, növ və digər göstəricilərə malik malları təhvil verməyi, sifarişçi isə malları qəbul edərək, bunun müqabilində dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilə şərtlərinə əsasən ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən icraçının təqdim etdiyi sənədlər (hesab-faktura, elektron-qaimə, təhvil-qəbul aktları və s.) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərtilə icraçının bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Müqavilə üzrə verilmiş sifarişə uyğun inventarlar iddiaçı tərəfindən hazırlanaraq cavabdehə təhvil verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 23 nömrəli müqavilə üzrə sifarişə uyğun olaraq xx.xx.2021-ci tarixli, seriya ĞRĞ/2 № 285008 olan təhvil-qəbul aktına əsasən 4672,80 manat (18 % ƏDV daxil, bundan sonra yazılacaq bütün məbləğlər əlavə dəyər vergisi daxil olmaqla göstəriləcəkdir), xx.xx.2021-ci tarixli, seriya ĞRĞ/2 № 285068 olan təhvil-qəbul aktına əsasən 4229,12 manat, xx.xx.2021-ci tarixli, seriya ĞRĞ/2 № 285087 olan təhvil-qəbul aktına əsasən 1475 manat, xx.xx.2021-ci tarixli, seriya ĞRĞ/2 № 285156 olan təhvil-qəbul aktına əsasən 8901,92 manat, xx.xx.2021-ci tarixli, seriya ĞRĞ/2 № 285171 olan təhvil-qəbul aktına əsasən 1475 manat, xx.xx.2021-ci tarixli, seriya ĞRĞ/2 № 285206, xx.xx.2021-ci tarixli, seriya ĞRĞ/2 № 285247, xx.xx.2021-ci tarixli, seriya ĞRĞ/2, xx.xx.2021-ci tarixli, seriya Tİ № 325978, xx.xx.2021-ci tarixli, seriya Tİ №326085, xx.xx.2021-ci tarixli, seriya Tİ № 326166 olan təhvil-qəbul aktına əsasən hər biri ilə ayrı-ayrılıqda 10376,92 manat məbləğində, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 01-211201 nömrəli müqavilə üzrə sifarişə uyğun olaraq xx.xx.2021-ci tarixli, seriya Tİ № 326535 olan təhvil-qəbul aktına əsasən 22958,08 manat, xx.xx.2021 tarixli, seriya Tİ № 326534 olan təhvil-qəbul aktına əsasən 8714,30 manat, xx.xx.2022 tarixli, seriya Tİ № 326687 olan təhvil-qəbul aktına əsasən 12794,74 manat, xx.xx.2022 tarixli, seriya Tİ № 326685 olan təhvil qəbul aktına əsasən 6065,20 manat, xx.xx.2022 tarixli seriya Tİ № 326782 olan təhvil-qəbul aktına əsasən 212,40 manat olmaqla, ümumilikdə 133760,08 (bir yüz otuz üç min yeddi yüz altmış manat səkkiz qəpik) manat dəyərində hazırlanmış mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Həmçinin tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 23 nömrəli müqaviləyə əsasən sifariş verilmiş 10 adda, ümumilikdə 10376,92 (on min üç yüz yetmiş altı manat doxsan iki qəpik) manat məbləğində mal iddiaçı tərəfindən hazır edilsə də, cavabdeh tərəfindən təhvil alınmamış və hazırkı dövrədək hələ də anbarda qalmaqdadır. Cavabdehlə imzalanmış xx.xx.2021-ci il tarixli, 23 nömrəli, həmçinin xx.xx.2021-ci il tarixli, 01-211201 nömrəli müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən müqavilənin şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (hesab-faktura, elektron qaimə-faktura, təhvil-qəbul aktları və s.) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılır. Eləcə də, qeyd edilən müqavilələrin 2.3-cü bəndinin tələbinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmçinin xx.xx.2021 tarixli, 01-211201 nömrəli müqavilənin 16.4-cü bəndinin tələbinə əsasən alıcı gecikdirmənin əsası olmadan müəyyən olunmuş müddət ərzində ödənişi etmədiyi təqdirdə ödənilməmiş işlərin və xidmətlərin dəyərində məsuliyyət daşıyır və satıcıya vaxtında ödənilməmiş malların, görülməmiş işlərin, göstərilməmiş xidmətlərin məbləğinin 0.1 (sıfır tam onda bir) faizi həcmində, lakin müqavilə üzrə göndərilən malların dəyərinin 5 (beş) faizindən çox olmayan məbləğdə cərimə ödəməlidir. Qeyd olunanlara əsasən tərəflər arasında bağlanmış hər iki müqavilə üzrə ümumilikdə 133760,08 (bir yüz otuz üç min yeddi yüz altmış manat səkkiz qəpik) manat məbləğində təhvil verilmiş malların dəyərindən ilkin mediasiya sessiyasının yekununadək 62514,98 manat İddiaçı QSC-nin bank hesabına köçürülmüşdür, 71245,10 manat qalıq borc məbləği (müqavilələr üzrə ayrı-ayrılıqda xx.xx.2021, 23 nömrəli müqavilə - 20500,38, xx.xx.2021, 01-211201 nömrəli müqavilə - 50744,72) ödənilməmiş olaraq, eyni zamanda 10376,92 manat dəyərində mallar isə anbarda təhvil alınmamış (xx.xx.2021, № 23 müqavilədən qalan) olaraq qalmaqda idi. Tərəflər arasında imzalanmış hər iki müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair mövcud mübahisənin danışıqlar yolu ilə həllinə nail oluna bilinməməsi səbəbindən qarşı tərəfə pretenziya irəli sürülmüş, həmçinin cavabdeh kommersiya mübahisələrinin həllinə dair ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının yekununa dair arayış tərəflərə təqdim edildikdən sonra cavabdeh tərəfindən tərəflər arasında imzalanmış xx.xx.2021 tarixli, 23 nömrəli müqavilə üzrə mövcud borc məbləği ilə əlaqədar İddiaçı QSC-nin bank hesabına 20709 manat pul köçürülmüşdür. Hazırda hər iki müqavilə üzrə öhdəliklərin İddiaçı QSC tərəfindən tam icra edilməsinə baxmayaraq, xx.xx.2021 tarixli, 01-211201 nömrəli müqavilə üzrə sifariş verilmiş mallar müvafiq təhvil-qəbul aktlarına əsasən cavabdeh tərəfindən təhvil alınmış, lakin təhvil alınmış mallara dair heç bir ödəniş edilməmişdir. İddiaçı QSC-nin bank hesabına mövcud müqavilələr üzrə borc məbləğinə dair ən son köçürmə üzrə icra edilmiş ödəniş məbləğindən sonra hazırda xx.xx.2021 tarixli, 01-211201 nömrəli müqavilə üzrə 50536,10 (əlli min beş yüz otuz altı manat on qəpik) manat borc və ödənişlərin gecikdirilməsi səbəbindən 2537,24 (iki min beş yüz otuz yeddi manat iyirmi dörd qəpik) manat cərimə məbləği mövcuddur. Eyni zamanda xx.xx.2021-ci tarixli, 23 nömrəli müqavilə üzrə 10376,92 (on min üç yüz yetmiş altı manat doxsan qəpik) manat dəyərində mallar isə anbarda təhvil alınmamış olaraq qalır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh MMC-dən tərəflər arasında imzalanmış xx.xx.2021 tarixli, 01-211201 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən 50536,10 (əlli min beş yüz otuz altı manat, on qəpik) manat borc pulun, 2537,24 (iki min beş yüz otuz yeddi manat iyirmi dörd qəpik) manat cərimə məbləğinin, həmçinin 400 (dörd yüz) manat mediasiya xərcinin və 100 (bir yüz) manat hüquqi yardım xərcinin tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qismən, yəni əsas borcun tutulması hissəsində qəbul edir. Cərimə məbləği, mediasiya xərci və vəkilə ödənilmiş xərci qəbul etmir. Odur ki, iddia tələbinin qismən, yəni əsas borcun tutulması hissəsində təmin olunması barədə qətnamə çıxarılmasına etraz etmir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İcraçı qismində İddiaçı QSC ilə sifarişçi qismində Cavabdeh MMC arasında 23 fevral 2021-ci il tarixli, 23 nömrəli satınalma müqaviləsi bağlanmışdır. - İcraçı qismində İddiaçı QSC ilə sifarişçi qismində Cavabdeh MMC arasında 01 dekabr 2021-ci il tarixli, 01-211201 nömrəli satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən icraçı sifarişçiyə mebel avadanlıqları satır, sifarişçi isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən mallar və görülmüş işlər (göstərilmiş xidmətlər) əlavə tərtib olunmuş X2 əsasında tənzimlənir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır. Həmin müqavilənin 8.4-cü bəndinə əsasən malın və işlərin (xidmətlərin) qəbulu tarixi malın və işlərin təhvil-qəbul aktının imzalanması tarixi sayılır. Mallar bir tərəfdən təhvil verilmiş və digər tərəfdən qəbul olunmuş sayılır: mal miqdarına görə qaiməsinə və qəbul aktına uyğun olduqda; təhvilqəbul aktı imzalandıqda. Həmin müqavilənin 8.5-ci bəndinə əsasən malların qəbulu aşağıda göstərilən sənədləri təqdim etməklə Sifarişçinin və icraçının nümayəndələrinin iştirakı ilə yerinə yetirilir: hesab-faktura; elektron qaimə-faktura; mənşə şəhadətnaməsi; uyğunluq (keyfiyyət) sertifikatı. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən müqavilənin şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (hesabfaktura, elektron qaimə-faktura, təhvil-qəbul aktları və s.) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank gününüdən gec olmamaq şərti ilə aparılır. Həmin müqavilənin 16.1ci bəndinə əsasən icraçı bu müqavilədə nəzərdə tutulmuş malların göndərilməsini (işlərin görülməsini xidmətlərin göstərilməsim) müqavilənin qüvvədə olduğu son günədək başa çatdırmalıdır. Həmin müqavilənin 16.2-ci bəndinə əsasən icraçı gecikdirmənin əsası olmadan müəyyən olunmuş müddət ərzində təhvil vermədiyi malların (işlərin və xidmətlərin) dəyərində məsuliyyət daşıyır və Sifarişçiyə vaxtında göndərilməmiş malların (görülməmiş işlərin, göstərilməmiş xidmətlərin) məbləğinin 0,1 faizi həcmində, lakin müqavilə uzrə göndərilən malların dəyərinin 5 faizindən çox olmayan məbləğdə cərimə ödəməlidir. Həmin müqavilənin 16.3-cü bəndinə əsasən icraçı bu müqavilədə göstərilən malları göndərməkdən (işləri görməkdən, xidməti göstərməkdən) yazılı surətdə imtina edərsə və ya hər-hansı səbəbdən malları vaxtında verməzsə sifarişçi müqavilədən tamamilə imtina edərək onun vaxtından əvvəl pozulmasını tələb edə bilər. Həmin müqavilənin 16.4-cü bəndinə əsasən alıcı gecikdirmənin əsası olmadan müəyyən olunmuş müddət ərzində ödənişi etmədiyi təqdirdə ödənilməmiş işlərin və xidmətlərin dəyərində məsuliyyət daşıyır və alıcıya vaxtında ödənilməmiş malların, görülməmiş işlərin, göstərilməmiş xidmətlərin məbləğinin 0,1 faizi həcmində lakin müqavilə üzrə göndərilən malların dəyərinin 5 faizindən çox olmayan məbləğdə cərimə ödəməlidir. Həmin müqavilənin 16.5-ci bəndinə əsasən alıcı bu müqavilədə göstərilən üzərinə duşən öhdəlikləri icra etməkdən və ya aldığı mallarla bağlı ödənişləri ödəməkdən yazılı surətdə imtina edərsə və ya hər-hansı səbəbdən odənışı vaxtında ödəməzsə alıcı müqavilədən tamamilə imtina edərək onun vaxtından əvvəl pozulmasını tələb edə bilər. Bu halda icraçı ödəmədiyi məbləğin 5 faizi məbləğində (dəbbə pulu) cərimə ödəməlidir. - İddiaçı QSC ilə Cavabdeh MMC arasında 01 dekabr 2021-ci il tarixli, 01-211201 nömrəli satınalma müqaviləsinə X1 adlı 1 nömrəli Əlavədən görünür ki, tərəflər sözügedən Əlavədəki cədvəldə qeyd olunan ümumilikdə qiymətləri 31672,38 manat təşkil edən Laçın rayonu Pircahan qəsəbəsində quraşdırılmış 200 nəfərlik modul tipli yaşayış binaları üçün mebel avadanlıqlarının qiymətləri ilə bağlı razılığa gəlmişlər. Sözügedən Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı QSC ilə Cavabdeh MMC arasında 01 dekabr 2021-ci il tarixli, 01-211201 nömrəli satınalma müqaviləsinə X1 adlı 2 nömrəli Əlavədən görünür ki, tərəflər sözügedən Əlavədəki cədvəldə qeyd olunan ümumilikdə qiymətləri 19072,34 manat təşkil edən Laçın rayonu Hüsülü kəndində quraşdırılmış 100 nəfərlik modul tipli yaşayış binaları üçün mebel avadanlıqlarının qiymətləri ilə bağlı razılığa gəlmişlər. Sözügedən Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı QSC tərəfindən sübut qismində məhkəməyə elektron qaimələr təqdim edilmişdir. - İddiaçı QSC tərəfindən sübut qismində məhkəməyə malların təhvil-qəbul aktları adlı sənədlər təqdim edilmişdir. - "xxxx" QSC tərəfindən tərtib və təsdiq edilmiş hesabdan çıxarışdan görünrür ki, İddiaçı QSC-nin AZ88ACAB******************** nömrəli hesabına Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 122834,49 manat, xx.xx.2021-ci il tarixdə 91459,03 manat, xx.xx.2021-ci il tarixdə 36321,22 manat, xx.xx.2021-ci il tarixdə 40983,98 manat, xx.xx.2021-ci il tarixdə 100423,59 manat, xx.xx.2022-ci il tarixdə 77449,14 manat pul vəsaiti köçürülmüşdür. - İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 29 iyul 2022-ci il tarixli, TD/299 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 05 avqust 2022-ci il tarixədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Cavabdehin iddiaçıya 50536,10 manat məbləğində borcunun olmasını cavabdehin nümayəndəsi mübahisələndirməmiş və həmin hissədə iddianın təmin olunmasına etiraz etməmişdir. Ödənilməsi tələb olunan borcun olması iş materialları ilə də öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən tərəflər arasında imzalanmış xx.xx.2021 tarixli, 01-211201 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən 50536,10 (əlli min beş yüz otuz altı manat, on qəpik) manat borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli, 01- 211201 saylı Satınalma müqaviləsi üzrə 50536,10 manat (əlli min beş yüz otuz altı manat on qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 2537,24 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1800 (min səkkiz yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat məbləğin və 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalırını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 100 (yüz) manat və mediasiyaya görə 400 (dörd yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2021-ci il tarixli, 01-211201 saylı Satınalma müqaviləsi üzrə 50536,10 manat (əlli min beş yüz otuz altı manat on qəpik) borc, 1800 (min səkkiz yüz) manat cərimə, 400 (dörd yüz) manat mediasiya xərci və 100 (yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 52836,10 manat (əlli iki min səkkiz yüz otuz altı manat on qəpik) məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar