Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3911/2021 06.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı BOKT "xxxx" QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 156.874,50 manat əsas borc, 01 iyul 2019-cu il tarixdən 07 iyul 2021-ci il tarixədək hesablanmış 57.808,25 manat cərimə borcu, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 214713,15 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 12 mart 2014-cü il tarixdə 120314/1 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “İcraçı”, yəni cavabdeh tərəfindən “Sifarişçi”nin, yəni iddiaçının müştərilərinin və ya onların adından digər ödəyicilərin etdiyi ödəmələrin ödəmə məntəqələri vasitəsilə yığılması və yığılmış vəsaitlərin iddiaçının hesablaşma hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh iddiaçının ödəyiciləri tərəfindən ödənilən vəsaitlərin qəbulu üçün öz hesabına quraşdırdığı ödəmə məntəqələrinin müqaviləyə uyğun işləməsini və nəzarətini, ödəmə məntəqələrində ödəmə həyata keçirildikdən sonra ödəməni təsdiq edən və qüvvədə olan qanunvericiliklə müəyyən edilən sənədin ödəyiciyə dərhal təqdim edilməsini, bu əməliyyat barədə elektron məlumatın “Sifarişçi” ilə razılaşdırılmış formata uyğun olaraq dərhal elektron qaydada göndərilməsini, məlumat mübadiləsini təmin etməyi, ödəyiciyə təqdim edilən sənəddə ödəniş aparmış abonentin kodu, ödəmə məbləği, tarix, vaxt və ödəmə məntəqələrinin identifikasiya kodunun dəqiq və düzgün göstərilməsini, ödəmə məntəqələrində ödəmələrin həyata keçirildiyini təsdiq edən və ödəyiciyə təqdim olunan qəbzdə abonentlərin müraciətlərinin qəbulu mərkəzi haqqında məlumatın yer almasını təmin etməyi, “Sifarişçi”dən sorğunu aldığı andan etibarən 1 (bir) iş günü ərzində ödəmələrin elektron reyestrini tam olaraq və tələb olunan zəruri elektron sənədləri 1 (bir) iş günündən gec olmayaraq “Sifarişçi”yə təqdim edilməsini, ödəmələrin qəbulu üzrə qarşılıqlı razılaşdırılmış formata uyğun olan gündəlik elektron hesabatı növbəti iş günü saat 12:00-a qədər “Sifarişçi”yə təqdim etməyi, müqavilənin 2.1.9-cu bəndinə əsasən ay ərzində yığılan vəsaitin cari ayda 2 (iki) dəfədən az olmamaq şəti ilə “Sifarişçi”nin hesablaşma hesabına köçürülməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən göstərilən xidmət müqabilində “Sifarişçi” tərəfindən “İcraçı”ya ödəniləcək xidmət haqqının həcmi müqavilənin ayrılmaz tərkib hissəsi olan Qoşma ilə müəyyən olunmuş ay ərzində “İcraçı” tərəfindən “Sifarişçi”yə göstərilən xidmətin dəyəri növbəti ayın 5-nə qədər “Sifarişçi” tərəfindən tərtib edilən və tərəflərin imza və möhürləri ilə təsdiq olunmuş akta və “İcraçı” tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən həmin sənədlərin təqdim olunduğu tarixdən sonrakı 5 (beş) iş günü ərzində “İcraçı”nın bank hesabına köçürmə yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 5-ci bəndinə əsasən “İcraçı” yığılan vəsaitləri müqavilənin 2.1.9-cu bəndi ilə müəyyən olunmuş müddətdə “Sifarişçi”nin bank hesabına köçürülməsini təmin etmədikdə, “İcraçı” ya qarşı hər gecikmiş təqvim gününə görə ödənişi gecikdirilmiş vəsaitin 0,05%-i miqdarında cərimə tətbiq olunur. Həftə ərzində toplanan vəsaitlərin “Sifarişçi”nin bank hesabına köçürülməsi “İcraçı” tərəfindən 10 (on) gündən artıq gecikdirildikdə, “Sifarişçi” müqavilənin ləğv edilməsini və dəymiş zərərin tam kompensasiyasını tələb edə bilər. Müqavilənin 8-ci bəndinə əsasən müqavilənin icrası ilə bağlı tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşlıqlı razılıqla həll edilməyən mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının məhkəmələri vasitələri ilə həll edirlir. Öhdəliklərin yerinə yetirilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərinin icra edilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Müqavilə üzrə iddiaçının bank hesabına köçürülməli vəsaitin köçürülməsi bir çox hallarda gecikdirildiyindən tərəflərin qarşılıqlı razılığı ilə 12 mart 2014cü il tarixdə 120314/1 saylı müqaviləyə 01 sentyabr 2016-cı il tarixli 2 saylı əlavə imzalanmışdır. Əlavəyə əsasən “İcraçı” həftə ərzində yığılan vəsaitləri növbəti həftənin cümə axşamı günü saat 18:00-dan gec olmayaraq “Sifarişçi”nin bank hesabına köçürülməsinin təmin edilməsi müəyyən edilmişdir. Lakin yenə də yığılmış vəsaitlərin köçürülməsində gecikmələr yaranmışdır. Müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh öhdəliklərinin icra edilməsi ilə bağlı hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 31 iyul 2019-cu il tarixli 3883/19 saylı və 08 may 2021-ci il tarixli 14839/21 saylı pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Tərəflər arasında tərtib edilmiş Cavabdeh ödəmə terminalları vasitəsilə 01 iyul 2019-31 iyul 2019-cu il tarixləri arasında ödənişlərin yığımı haqqında 02 avqust 2019-cu il tarixli qarşılıqlı üzləşmə aktına əsasən 31 iyul 2019cu il tarixinə iddiaçının bank hesabına köçürülməli olan məbləğ 156874.50 manat müəyyən edilmişdir. Lakin qeyd edilən məbləğ hələ də iddiaçıya ödənilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 12 mart 2014-cü il tarixli 120314/1 saylı müqaviləyə əsasən müqavilənin predmetini Azərbaycan Respublikasının hüdudları daxilində sifarişçi (iddiaçı) müştərilərinin və ya onların adından digər ödəyicilərin xidmətlərinə görə etdiyi ödəmələrin icraçı (cavabdeh) tərəfindən ödəmə məntəqələri vasitəsilə yığılması və yığılmış vəsaitlərin sifarişçinin hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmətlərin göstərilməsi, sifarişçi tərəfindən isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı əlavədə göstərilən müvafiq xidmət haqqının ödənilməsi ilə bağlı tərəflər arasında yaranacaq hüquq münasibətlərinin tənzimlənməsi təşkil edir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən icraçı ÖM-lərdə ödəmə həyata keçirildikdən sonra ödəməni təsdiq edən və qüvvədə olan qanunvericilikdə müəyyən edilən sənədin ödəyiciyə dərhal təqdim edilməsini və bu əməliyyat barədə elektron məlumatın sifarişçi ilə razılaşdırılmış formata uyğun olaraq dərhal elektron qaydada göndərilməsini və məlumat mübadiləsini təmin edir. Ödəyiciyə təqdim edilən sənəddə ödəniş aparmış abonentin kodu, ödəmə məbləği, tarix, vaxt və ÖM-in identifikasiya kodu dəqiq və düzgün göstərilməlidir. ÖM-də ödəmələrin həyata keçirildiyini təsdiq edən və ödəyiciyə təqdim olunan qəbzdə abonentlərin müraciətlərin qəbulu mərkəzi haqqında məlumayın yer almasını təmin edir. Müqavilənin 3.2-ci bəndinə əsasən ay ərzində icraçı tərəfindən sifarişyə göstərilən xidmətin dəyəri növbəti ayın 5-ə qədər sifarişçi tərəfindən tərtib edilən və tərəflərin imza və möhürləri ilə təsdiq olunmuş akta əsasən müəyyən olunur. Müqavilənin 5.2-ci bəndinə əsasən icraçı toplanan vəsaitləri bu müqavilənin 2.19-cu bəndində göstərilən müddətdə sifarişçinin hesabına köçürülməsini tmin etmədikdə icraçıya qarşı hər gecikmiş təqvim gününə görə ödənişi gecikdirilmiş vəsaitin 0,05 %-i miqdarında cərimə tətbiq olunur. Həftə ərzində toplanan vəsaitlərin sifarişçinin hesabına ödənilməsi icraçı tərəfindən 10 gündən artıq gecikdirildikdə sifarişçi bu müqavilənin ləğv edilməsini və dəymiş zərərin tam kompensasiya edilməsini tələb edə bilər. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı və möhürləri ilə təsdiq edildiyi gündən qüvvəyə minir və onun müddəti 13 mart 2015-ci il tarixədək müəyyən edilir. İddiaçi ilə cavabdeh arasında bağlanmış 12 mart 2014-cü il tarixli xidmət haqqının həcmi barədə 01 saylı əlavədə göstərilmişdir ki, sifarişçinin müştəriləri tərəfindən icraçının qəbul etdiyi ümumi ödəmələrin aylıq yığımın həcminə görə faiz dərəcəsi 0,3 % miqdarında müəyyən olunur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 12 mart 214-cü il tarixli müqaviləyə 01.09.2016-cı il tarixli 2 nömrəli əlavədə göstərilmişdir ki, 12 mart 2014-cü il tarixli 120314/1 saylı müqavilənin 2.1.9-cu bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: İcraçı həftə ərzində yığılan vəsaiti növbəti həftənin cümə axşamı günü saat 18:00-dan gec olmayaraq sifarişçinin hesablaşma hesabına köçürülməsini təmin edəcəkdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 31.07.2019-cu il tarixli məktubdan görünür ki, cavabdehin iddiaçıya 162473,50 manat məbləğində borcu qalmışdır. Qeyd olunan borcun 3 iş günü ərzində ödənilmədiyi təqdirdə aralarında bağlanmış müqavilənin ləğv ediləcəyi və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 08 may 2021-ci il tarixli 14839/21 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı 10 gün ərzində cavabdehdən müqavilə üzrə yaranmış borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən tərtib olunmuş 07.07.2021-ci il tarixli N MA-0022078-21 saylı maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış 12.03.2014-cü il tarixli 120314/1 saylı müqaviləyə əsasən cavabdehin 07.07.2021-ci il tarixə əsas borcu 156.874,50 manat, 01.06.20219cu il tarixindən 07.07.2021-ci il tarixədək hesablanmış cərimə borcu 57808,25 manat, ümumi borcu 214.652,75 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 12.03.2014-cü il tarixli 120314/1 nömrəli xidmət müqaviləsinə əsasən Cavabdeh Ödəmə Terminalları vasitəsilə 01.07.2019-31.07.2019-cu il tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktına əsasən 2019-cu ilin iyul ayının sonuna cavabdehin qalıq borcu 156.874,50 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 12.03 2014-cü il tarixli 120314/1 saylı xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 156.874,50 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən həmin məbləğdə pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış hazırkı müqavilənin 7.1-ci maddəsinə əsasən hesablanmış 57808,25 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 156874,50 manat məbləğində əsas borc, 57808,25 manat cərimə borcu, ümumilikdə 214.682,75 manat pul tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 156874,50 manat (bir yüz əlli altı min səkkiz yüz yetmiş dörd manat əlli qəpik) məbləğində əsas borc, 57808,25 manat (əlli yeddi min səkkiz yüz səkkiz manat iyirmi beş qəpik) məbləğində cərimə borcu, ümumilikdə 214.682,75 manat (iki yüz on dörd min altı yüz səksən iki manat yetmiş beş qəpik) məbləğində pul və ödənilmiş 30,40 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3911/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3911/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver