Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3911/2025 01.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benazir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə 8347/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və idxal etdiyi və ya digər hüquqi formada ticarət predmeti olan məhsulu alcıya satmağı, alıcı isə məhsulu satıcıdan qəbul etməyi və satıcıya müqavilənin qiymət təklifində nəzərdə tutulmuş dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin: 1.1. 3.1-ci bəndinə görə məhsulun hər partiya üzrə sifarişi alıcının şifahi, yazılı və ya rəsmi elektron məktubla müraciətinə əsasən satıcının səlahiyyətli nümayəndəsi tərəfindən dərhal mobil POS terminalında qeydiyyat aparmaqla qeyd olunur. X1 müəyyənləşdirilmiş qiymətləri ilə hesablanmış sifariş qiyməti müəyyən olunur və sifariş satıcı tərəfindən təsdiq olunur. Məhsulun miqdarı, çeşidi, markası ilə bağlı müddəalar Sifarişlə razılaşdırılır; 1.2. 3.2-ci bəndinə görə məhsul satıcı tərəfindən təsdiq olunmasından sonra 2 gün ərzində alıcının çatdırılma məntəqəsinə satıcının hesabına çatdırılır; 1.3. 3.3-cü bəndinə görə məhsulun təhvil-təslimi çatdırılma məntəqəsində tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Alıcı (səlahiyyətli nümayəndəsi) məhsulu satıcının müvafiq POS terminaledan çıxışı – satış fakturası, qaimə faktura və ya müvafiq elektron qaimə faktura əsasında qəbul edir: a) kəmiyyət çeşid üzrə - fakturaya müvafiq olaraq məhsulun vahidlərinin, tara və qablaşdırmanın yoxlanılması, yenidən sayılma, ölçmə və ya çəkilməsi yolu ilə; b) keyfiyyət üzrə mexaniki zərər aşkar etmək üçün məhsulun hər bir vahidinə və ya tara və qablaşdırmasına vizual baxış keçirmək yolu ilə. 1.4. 4.1-ci bəndinə görə müqavilənin dəyəri alıcının sifarişlərinin cəmi əsasında müəyyənləşdirilir və satıcının alıcıya ünvanladığı Qiymət təklifində müəyyən olunan qimətlərə əsasən razılaşdırılır. Alıcının qiymətlərlə razılaşmadığı təqdirdə Qiymət təklifinin göndərildiyi gündən 3 gün ərzində etiraz edə bilər. əks təqdirdə qiymətlər razılaşdırılmış hesab edilə bilər; 1.5. 4.3-cü bəndinə görə müqavilə üzrə ödənişlər aşağıdakı qaydada aparılır: 4.3.1. nağd satış qaydasında: Məhsulun satıcıya bilavasitə təhvil verilməsi anında satıcı tərəfindən təqdim olunan ödəniş sənədi (kassa mədaxil orderi və qəbzi) əsasında nağd ödəniş qaydasında və ya məhsulun təhvil-təslim edildiyi andan etibarən 2 iş günü ərzində hesablaşma hesabına köçürmə yolu ilə; 4.3.2. nisyə satış qaydasında: Müqavilənin nisyə satış qaydasında ödəniş şərtləri aşağıdakı müddəalar nəzərə alınmaqla müəyyənləşdirilir: 4.3.2.1. satıcı tərəfindən alıcının ödəmə qabiliyyətinə müvafiq olaraq kredit limiti (borc həddi) təyin edilir. Kredit limiti (borc həddi) dedikdə, nisyə satış qaydasında satılan məhsulun dəyərinin ödənilməsində alıcıya müəyyən borc məbləği həddində güzəşt edilməsi başa düşülür. Kredit limitinin məbləği satıcının mülahizəsinə əsasən alıcının ödəmə qabiliyyətinə müvafiq olaraq fərdi təyin olunur və müqvilənin qüvvədə olduğu müddət ərzində depozit borcu olaraq dondurulur; 4.3.2.2. nisyə satış qaydasında alıcı tərəfindən aparılan ödənişlər kredit limiti nəzərə alınmaqla nağd ödənişlər üçün nəzərdə tutulmuş müddət ərzində hər ay tam icra edilməlidir. Əks təqdirdə alıcının yeni məhsul sifarişləri satıcı tərəfindən təsdiq edilməyəcəkdir; 4.3.2.3. nisyə satış formasında alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə formasında hər ayın sonu yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi (təhsilat) alamaqla ödəyir. Bu qaydanın alıcı tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı daşıyır; 4.3.2.4. alıcı tərəfindən məhsulun faktura ilə müəyyən edilmş dəyəri nağd və ya köçürmə yolu ilə alıcı tərəfindən ödənilir. Əgər tərəflər arasında borc yaranarsa satıcı malın dəyərinin ödənilməsini qarantiyaya alınması məqsədilə alıcıya qarşı borcun etirafı haqqında ərizə, akt tətbiq edə bilər.
2. 25.06.2023-cü il tarixli - 353435 nömrəli elektron qaimə əsasında 108,81 manat, 354105 nömrəli elektron qaimə əsasında 700 manat, 354106 nömrəli elektron qaimə əsasında 424 manat, xx.xx.2023-cü il tarixli 393066 nömrəli elektron qaimə əsasında 1339,34 manat, 393076 nömrəli elektron qaimə əsasında 712 manat, xx.xx.2023-cü il tarixli, 004883 nömrəli elektron qaimə əsasında 1210,08 manat, 961373 nömrəli elektron qaimə əsasında 17,44 manat, 962393 nömrəli elektron qaimə əsasında 280,56 manat, 967133 nömrəli elektron qaimə əsasında 234,95 manat mal cavabdehə təhvil verilmişdir.
3. Bundan başqa, tərəflərin nümayənələrinin imzası ilə təsdiq edilmiş satış fakturarə üzrə cavabdehin son borcunun - xx.xx.2023-cü il tarixli satış fakturasında 973,12 manat, xx.xx.2023-cü il tarixli satış fakturasında 2312,46 manat, xx.xx.2023-cü il tarixli satış fakturasında 2963,46 manat, xx.xx.2023-cü il tarixli satış fakturasında 3387,46 manat, xx.xx.2023-cü il tarixli satış fakturasında 4099,46 manat və xx.xx.2023-cü il tarixli satış fakturasında 4401,46 manat olması göstərilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı müqavilə üzrə ödənilməmiş 4511 manat pulun və 65,11 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, 8347/2022 saylı müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə ümumi dəyəri 4511 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində və müqavilə göstərilən müddətində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunun 4511 manat hissəsini bu günədək ödəməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi
8. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.
18. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
19. Yuxarıda qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
20. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə 3 ay ərzində ödənilməsi müddəti müqavilədə nəzərdə tutulmuşdur.
21. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
22. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı 4511 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır.
23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 65,11 manat məbləğində dövlət rüsumu cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 4511 (dörd min beş yüz on bir) manat borc və ödənilmiş 65,11 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı