Məhkəmə qərarları › İş №e-2-2(113)-3913/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3913/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3913/2022 19.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Medhiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.098,53 (dörd min doxsan səkkiz manat, əlli üç qəpik) manat borc məbləğinin, həmçinin mediasiya rüsumu olaraq ödənilmiş 60 manatın olmaqla, cəmi 4158,53 (dörd min yüz əlli səkkiz manat, əlli üç qəpik) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə 04 oktyabr 2021-ci il tarixdə satış müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMCdən ərzaq və qeyri ərzaq malları almış və əvəzində həmin malların satış dəyərini 7 gün ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Daha sonra 06 dekabr 2021-ci il tarixdə tərtib olunan və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktına əsasən Cavabdeh MMC-nin müqavilə üzrə İddiaçı MMC-yə 4.098,53 (dörd min doxsan səkkiz manat, əlli üç qəpik) manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. "xxxx" MMC ilə 04 oktyabr 2021ci il tarixli müqavilənin bağlanılmasından 8 aydan artıq müddət keçməsinə baxmayaraq hələ də üzləşmə aktında göstərilən 4.098,53 (dörd min doxsan səkkiz manat, əlli üç qəpik) manat məbləğində borc sonuncu tərəfindən ödənilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “alıcı” Cavabdeh MMC “satıcı” İddiaçı olmaqla imzalanmış 04 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən “satıcı” 2-ci maddədə göstərilən ərzaq və qeyri ərzaq mallarını “alıcı”nın mülkiyyətinə verməyi, “alıcı” isə həmin malları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdsinə götürür. İddiaçı baş mühasibi X1 Cavabdeh MMC-nin direktoru Məmmədov Amil olmaqla tərtib edilmiş 06 dekabr 2021-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçınə 4098,53 manat məbləğində borcu vardır. İddiaçı tərəfindən tərtib edilmiş malların təhvil-qəbul aktına əsasən 19 oktyabr 2021 tarixində 4.098,53 manat məbləğində mallar Cavabdeh MMC-nə təhvil verilmiş, qeyd olunan malları Məmmədov Amil adlı şəxs təhvil almışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsi bağlanmış, Cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, müqavilədə nəzərdə tutulmuş məhsulların dəyərini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə, iş materialları ilə iddiaçının cavabdehə olan borcunun tərəflər arasında tərtib edilmiş qarşılıqlı üzləşmə aktları ilə təsdiq olunduğunu əsas götürərək hesab edir ki, 4.098,53 (dörd min doxsan səkkiz manat, əlli üç qəpik) manat borc Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 60 manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 4.098,53 (dörd min doxsan səkkiz manat, əlli üç qəpik) manat borc məbləği, mediasiya xərci olaraq ödənilmiş 60 manat, cəmi 4158,53 (dörd min yüz əlli səkkiz manat, əlli üç qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar