Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3914/2025 25.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X2 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 10 620.00 (on min altı yüz iyirmi) manat məbləğində pul vəsaitinin və 126,20 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 may 2024-cü il tarixində cavabdeh - Cavabdeh ilə onun arasında № RMxx/xx/2024/013 olan «Reklam xarakterli məlumatların verilməsinə dair müqavilə» bağlanmışdır. Müqavilənin 1 və 7-ci bəndlərində (müqavilənin predmeti və müddəti) əsasən, müqavilə üzrə sifarişçi olan Cavabdeh MMC-nin tapşırığına əsasən, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi, icraçı olaraq mənim tərəfimdən Qusar şəhəri ərazisində yerləşən, mənə məxsus olan ərzaq malları satışı ticarət obyektlərimdə satılan malların kassa qəbzlərində Cavabdeh MMC-yə məxsus logo və ya digər reklam xarakterli məlumatlar yerləşdirilməli, Cavabdeh MMC isə həmin xidmətlərin nəticələrini təhvil alıb dəyərini mənə (icraçıya) ödəməlidir. Qeyd edilən bənddə həmçinin xidmətlərin həcmi, dəyəri, icra müddəti və xidmətin göstərilməsinə dair digər şərtlər tərəflər arasında müqaviləyə müvafiq Əlavə ilə razılaşdırılması nəzərdə tutulub. Müqavilənin 2.1-ci yarımbəndinə əsasən Əlavə ilə başqa qayda nəzərdə tutulmadığı halda həmin Müqaviləyə əsasən icraçı tərəfindən göstərilən xidmətlərin dəyəri tərəflər arasında imzalanmış xidmətlərin göstərilməsinə dair akt imzalandığı, invoys və ya elektron qaimə-faktora təqdim edildiyi tarixdən 20 iş günü ərzində ödənilir. Razılaşmağımıza əsasən cavabdeh tərəfindən mənə xidmət haqqı kimi ayda 1 770,00 manat ödənilməli idi. Müqavilə ilə müəyyən edilmiş həmin qaydaya uyğun olaraq Müqavilənin qüvvədə olduğu 8 ay (may-dekabr aylarında) müddətində hər ay göstərilmiş xidmətlərə dair tərtib edilmiş aktlar bizim tərəfimizdən təsdiq edilərək cavabdehə göndərilmiş, lakin cavabdeh tərəfindən həmin aktlar təsdiq edilərək bizə qaytarılmamış və həmçinin bizim tərəfimizdən hər ay üzrə (may — dekabr ayları üzrə) göstərilmiş xidmətlərin ödənilməsi üçün cavabdehə elektron qaimə-fakturalar göndərilmiş, lakin cavabdeh tərəfindən ödənişlər edilməmişdir. Bundan əlvə, Müqavilə ilə müəyyən edilmiş qaydalara əsasən cavabdehlə mənim aramızda göstərilən xidmətlərə və müqavilənin ümumi məbləğinə dair X7 və hər ay da göstərilən xidmətlərə və müqavilənin ümumi məbləğinə dair Əlavə Razılaşma prokolları imzalanmalı idi. Mənim tərəfimdən həmin razılaşdırma protokolları təsdiq edilərək cavabdehə göndərilmiş, lakin cavabdeh tərəfindən yalnız may-oktyabr aylarını əhatə edən 6 Razılaşma protokolu təsdiq edilərək qaytarılmış, X7, həmçinin noyabr və dekabr aylarına dair protokollar təsdiq edilərək qaytarılmamışdır. xx.xx.2024- cü il tarixində mənim tərəfimdən cavabdehə, yaranmış mübahisənin həll edilməsi üçün, pretenziya ilə müraciət edilmiş, ancaq cavabdeh tərəfindən pretenziyaya cavab verilməmiş, ancaq xx.xx.2025-ci il tarixində 1 080,00 (bir min səksən) manat və xx.xx.2025- ci il tarxində 6 000,00 (altı min) manat olamaqla mənim hesabıma cəmi 7 080,00 manat ödəniş edilmişdir. Müqavilənin 7.3-cü bəndinə uyğun olaraq, bizim cavabdehə və cavabdehin bizə müqavilənin müddətinin uzadılıb-uzadılmaması ilə əlaqədar müraciətlərimiz olmadığına görə Müqavilənin müddəti eyni müddətə uzadılmış, bizim tərəfimizdən cavabdehə 2025- ci ilin yanvar və fevral aylarında Müqavilədə nəzərdə tutulmuş xidməilərn göstərilməsi davam etdirilmiş, 2025-ci ilin yanvar və fevral aylarına dair ödəmənin edilməsi üçün cavabdehə elektron-qaimə göndərilmiş, lakin cavbdeh tərəfindən ödəniş edilməmişdir. Nəticədə Cavabdeh MMC mənə 2024-cü ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2025-ci ilin yanvar və fevral aylarında göstərilmiş xidmətlərə görə 17 700.00 manat ödəməli olduğu halda cəmi 7 080,00 manat ödənilmiş və MMC-nin mənə 10 620.00 manat məbləğində borcu qalmışdır. xx.xx.2025- ci il tarixində mənim tərəfimdən cvabdehə təkrarən Pretenziya ilə müraciət edilmiş, lakin cavabdeh tərəfindən Pretenziyaya cavab verilməmişdir. Mənə, Müqavilə üzrə öhdəliklərimin icrası ilə əlaqədar, Cavabdeh MMC tərəfindən hər hansı bir etiraz edilməmişdir. Bundan əlavə, müqaviləmizin 3.2.3-cü bəndinə əsasən mənim tərəfimdən sifarişin icrasına vaxtında başlanılmadıqda və ya həddindən artıq yavaş işləməsi nəticəsində xidmət nəticələrinin vaxtında təhvil verilməyəceyi aydın göründükdə cavabdeh — sifarişçi müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuş qaydada və miqdarda ona dəymiş zərərin əvəzini, dəbbə pulunu məndən tələb edə və Müqaviləyə xitam verə bilərdi. Qeyd etdiyim kimi bu vaxta qədər cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərimin icra edilməsi ilə əlaqədar mənə hər hansı bir etiraz edilməmişdir. Mənim tərəfimdən cavabdehlə bağlanmış müqaviləmizlə müəyyən edilmiş öhdəliklər icra edilmiş, cavabdeh tərəfindən müqavilə üzrə yaranmış öhdəliklər icra edilməmişdir.
3. 10.06.2025-ci il tarixində iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 10 620.00 (on min altı yüz iyirmi) manat məbləğində pul vəsaitinin, 1000 manat məbləğində hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzini, 124,86 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 11744,86 (on bir min yeddi yüz qırx dörd manat, səksən altı qəpik) manat vəsaitin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, məzmununa uyğun çıxış edib iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onların iddia tələbləri ödənişlərin edilməməsi ilə bağlıdır. May və iyun aylarının elektron qaimələrini məkəməyə təqdim etmişdir. Əgər QR kod varsa bu sübutdur ki, artıq qaimə təsdiq edilmişdir. Tərəflər arasında kommunikasiya problemləri olmuşdur. Ödənişə dair də tərəflər arasında problemlər var idi. Əlavə-1 ilə bağlı qeyd edir ki, orada müqavilənin ümumi müddəti yox, xidmətlərin ümumi müddəti qeyd edilmişdir. 6 saylı əlavədə xidmətin müddəti qeyd edilmişdir. Tərəflər burada iradələrini ifadə etmişdirlər. 31 dekabr tarixinə qədər müqavilə qüvvədədir. Tərəfin bildirdiklərindən elə anlaşılır ki, hər ay onlara sifariş vermişdirlər. Lakin sifarişlər bu formada olmamışdır. Həmçinin müqavilənin davam etdirilməsi iddiaçı üçün sərfəlidir. Müqavilənin uzadılmasına dair onlar tərəfindən məlumat verilməməli idi. Əgər müqavilə formal xarakter daşıyacaqdısa bu halda müqavilə bağlanmazdı və danışıqlara şifahi olaraq davam etdirilərdi.
5. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə Əlavəyə əsasən xidmətin müddəti may-noyabr 2024-cü il müəyyən edilmişdir. Qarşı tərəfin qeyd etdiyi ödənişlərlə bağlı məsələyə gəldikdə isə, ödənişlərin olmamasına səbəb keyfiyyətsiz olaraq xidmətin göstərilməsi və Vergi Məcəlləsinin tələblərinin pozularaq çeklərin verilməsi idi. Həmin qəbzlər qanunvericiliyin tələblərinə uyğun deyildir. May və iyun ayında ödənişlərin edilməmə səbəbi qarşı tərəfin sənədləşməni düzgün aparılmamasıdır. Məlumatlar müqavilə ilə üst-üstə düşmürdü. Tərəfə dəfələrlə xəbərdarlıq edilmişdir ki, məlumatları düzəltsinlər, cavabdeh tərəfindən də ödəniş edilsin. Ödənişləri etmək istəyirdilər. May və iyun ayında xidmət göstərilmişdir, lakin sənədlər düz deyildi deyə ödənişlər edilməyib. Noyabr və dekabr aylarında xidmətlər keyfiyyətsiz olduğu üçün ödənişlər edilmədi. Müqavilənin müddəti bitdikdən sonrada ödənişlər edilmədi. Müqavilənin müddəti dekabra kimi ola bilər, lakin cavabdeh xidmətlərdən noyabra kimi yararlanıb. May və iyun ayında xidmət göstərilib, lakin noyabr ayında xidmət keyfiyyətsiz göstərilmişdir. Noyabr ayında xidmətin keyfiyyətsiz göstərilməsinə dair sübut əməkdaşlarının monitorinq zamanı uyğunsuzluğu görməsidir. III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
V. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. X6 ilə Cavabdeh MMC arasında imzalanmış 10 may 2024-cü il tarixində RMxx/xx/2024/013 saylı «Reklam xarakterli məlumatların verilməsinə dair müqaviləyə» əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə əsasən "İcraçı" "Sifarişçi"nin taşırığına əsasən “İcraçı”nın hər satdığı malın kassa qəbzlərində “Sifarişçi”yə məxsus logosu və ya digər reklam xarakterli məlumatları yerləşdirməyi (bundan sonra Xidmət) "Sifarişçi" isə həmin Xidmətlərin nəticələrini təhvil alıb dəyərini "İcraçı" ya ödəməyi öhdəsinə götürür. Xidmətin həcmi, dəyəri, icra müddəti və Xidmətin göstərilməsinə dair digər şərtlər Tərəflər arasında müvafiq Əlavə ilə razılşadırılır.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən əlavə ilə başqa qayda nəzərdə tutulmadığı halda bu Müqaviləyə əsasən İcraçı tərəfindən göstərilən Xidmətlərin dəyəri Tərəflər arasında imzalanmış xidmətlərin göstəriməsinə dair akt imzalandığı və invoys və elektron qaimə faktura təqdim edildiyi tarixdən 20 iş günü ərzində ödənilir.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı bu Müqaviləyə uyğun olaraq göstərdiyi Xidmətlərdən əldə edəcəyi gəlirdən qanunvericiliklə nəzərdə tutulmuş özünə aid olan vergilərin, rüsumların və digər məcburi ödənişlərin edilməsi öhdəliyinin icrasına görə özü məsuliyyət daşıyacaq.
12. Müqavilənin 4.1-ci bəndinə əsasən bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Zərərin əvəzinin ödənilməsi onun Müqavilə üzrə öhdəliyinin icrasından azad olunması üçün əsas dcyildir.Bu Müqavilə ilə nəzərdə tutulmayan məsuliyyət növləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq tətbiq ediləcək.
13. Müqavilənin 4.2-ci bəndinə əsasən "İcraçı" Xidmətlərin yerinə yetirilməsi müddətlərinə riayət olunmasına, keyfiyyətinə, o cümlədən, aşkar olunan qüsurlara görə cavabdehlik daşıyır.
14. Müqavilənin 4.3-cü bəndinə əsasən "Sifarişçi"dən bilavasitə asılı olan səbəblərə görə baş vermiş gecikmə hallan istisna olmaqla, “İcraçı” tərəfindən Xidmətlərin yerinə yetirilməsinin müqavilə ilə müəyyən olunmuş müddətdə başa çatdırılması gecikdirildikdə, "İcraçı" hər gecikmə günü üçün bu müqavilənin ümumi dəyərinin 1 (bir) %-i həcmində "Sifarişçi" yə dəbbə pulu ödəməlidir. Sifarişi cərimə məbləğini xidmət haqqından birtərəfli qaydada tutmaq səlahiyyətinə malikdir.
15. Müqavilənin 5.1-ci bəndinə əsasən bu Müqavilə üzrə Xidmətlərin nəticələrinin təhvil verilməsi və qəbul edilməsi Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan xidmətlərin göstərilməsinə dair akt əsasında rəsmiləşdirilir.
16. Müqavilənin 5.2-ci bəndinə əsasən “İcraçı” Xidmətlərin nəticələrini əks etdirən xidmətlərin göstərilməsinə dair aktı 2 (iki) nüsxədə “Sifarişçi”yə təqdim edir.
17. Müqavilənin 7.1-ci bəndinə əsasən bu Müqavilə har iki tərəfin onu imzaladığı gündən etibarən qüvvəyə minir və xx.xx.2024 il tarixinədək öz qüvvəsini saxlayır.
18. Müqavilənin 7.2-ci bəndinə əsasən bu Müqaviləyə vaxtından əvvəl Tərəflərin qarşılıqlı razılığı əsasında və aşağıdakı hallarda birtərəfli qaydada xitam verilə bilər: - hər hansı bir tərəfin 15 (on beş) gün əvvəlcədən edilən yazılı müraciəti əsasında; - hər hansı bir tərəfin iki və daha çox təqsirli əməlləri nəticəsində müqavilə pozuntuları baş verdikdə, qarşı tərəfin yazılı məlumatına əsasən dərhal.
19. Müqavilənin 7.3-cü bəndinə əsasən tərəflər bu Müqavilənin müddətinin uzadılmaması ilə əlaqədar, Müqavilənin bitməsinə 10 (on) iş günii qalmış yazılı müraciətlər etmədikləri halda bu Müqavilə hər dəfə eyni hüquqlarla və eyni müddətə uzadılmış hesab olunur.
20. İddiaçı ilə cavabdeh arasında bağlanmış 10 may 2024-cü il tarixli müqaviləyə 1 saylı Əlavə-Qiymət razılaşma protokoluna əsasən xidmətin müddəti - xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığı, aylıq giyməti isə - 1770 manat müəyyən edilmişdir.
21. İddiaçı və cavabdeh arasında bağlanmış 01 avqust 2024-cü il tarixli müqaviləyə 4 saylı Əlavə-Qiymət razılaşma protokoluna əsasən reklam xidməti (qəbzlərin üzərində loqonun çapı) üçün 1-30 avqust 2024-cü il tarix aralığında qiymət 1770 manat müəyyən edilmişdir.
22. İddiaçı və cavabdeh arasında bağlanmış 02 sentyabr 2024-cü il tarixli müqaviləyə 5 saylı Əlavə-Qiymət razılaşma protokoluna əsasən reklam xidməti (qəbzlərin üzərində loqonun çapı) üçün 02-30 sentyabr 2024-cü il tarix aralığında qiymət 1770 manat müəyyən edilmişdir.
23. İddiaçı və cavabdeh arasında bağlanmış 01 oktyabr 2024-cü il tarixli müqaviləyə 6 saylı Əlavə-Qiymət razılaşma protokoluna əsasən reklam xidməti (qəbzlərin üzərində loqonun çapı) üçün qiymət 01-30 oktyabr 2024-cü il tarix aralığında qiymət 1770 manat müəyyən edilmişdir.
24. Xidmətlərin təhvil verilməsi barədə 3 №-li xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən iyul 2024 qəbzlərin üzərində loqonun çapı reklam xidməti 1770 manat məbləğində, 4 №-li xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən qəbzlərin üzərində loqonun çapı reklam xidməti avqust 2024 - 1770 manat məbləğində, 5 №-li xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən qəbzlərin üzərində loqonun çapı reklam xidməti sentyabr 2024 - 1770 manat məbləğində, 6 №-li xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən qəbzlərin üzərində loqonun çapı reklam xidməti oktyabr 2024 - 1770 manat məbləğində xidmətlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
25. Malların, xidmətlərin təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli MT**********11 saylı e-qaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********15 saylı e-qaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********90 saylı eqaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********53 saylı eqaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********12 saylı eqaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********57 saylı eqaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********59 saylı eqaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********99 saylı eqaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********39 saylı eqaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********21 saylı eqaiməyə əsasən 1770 manat məbləğində iddiaçı tərəfindən cavabdehə e-qaimələr göndərilmişdir. Bütün e-qaimələr sistem tərəfindən təsdiq edlmişdir.
26. xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh MMC tərəfindən X2 hesabına 6000 manat məbləğində ödəniş edilmişdir.
27. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən X2 hesabına 1080 manat ödəniş edilmişdir.
28. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
30. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
31. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
32. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
33. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə reklam xidmətlərinin göstərilibgöstərilməsidir.
34. Məhkəmə araşdırılması nəticəsində müəyyən edildi ki, tərəflər arasında reklam xidmətinin (iddiaçının fəaliyyət göstərdiyi mağazada çap olunan ödəniş qəbzlərində “Umico.az onlayn mağaza” loqonun çap olunması) göstərilməsinə dair müqavilə bağlanmışdır. Aylıq xidmət haqqı 1770 manat müəyyən edilmişdir. İddiaçı iddia edir ki, may 2024-cü il tarixindən fevral 2025-ci il tarixinə kimi xidmətlər göstərilmişdir, xidmət haqqı qismən (dörd ayın xidmət haqqısı - 7080 manat) ödənilsə də, 2024-cü ilin may, iyun, noyabr, dekabr 2024 və yanvarfevral 2025 xidmət haqqı ödənilməmiş qalmışdır. Həmin aylara görə cəmi 10620 manat pulun tutularaq iddiaçıya ödnilməsini xahiş edir. Cavabdeh isə bildirir ki, 2024-cü ilin may və iyun aylarında xidmətlər göstərilsə də, lakin iddiaçı sənədləşməni düzgün aparmadığı üçün cavabdeh tərəf ödənişi etməyib, noyabr 2024-cü ildə göstərilən xidmətlər qüsurlu olduğu üçün ödəniş edilməyib, tələb olunan dekabr 2024 və 2025-ci ilin yanvar və fevral ayı üzrə xidmət haqqı ödənişlərini isə ümumiyyətlə qəbul etmirlər, çünki xidmət müddəti may-noyabr 2024-cü il müəyyən edilmişdir.
35. Məhkəmə hər iki tərəfin arqumentləri ilə qismən razılaşır. Belə ki, tərəflər arasında müqqavilənin bağlanması və aylıq xidmət haqqının 1770 manat olması, may – noyabr 2024cü il aralığında xidmətlərin göstərilməsi işin mübahisəsiz halıdır.
36. Məhkəmə cavabdehin “may və iyun ayında xidmətlər göstərilsə də, sənədləşmə düzgün aparılmamışdır və buna görə də ödənişlər edilməmişdir” arqumenti ilə razılaşmayaraq qeyd edir ki, xidmətlər göstərildiyi üçün və tərəflər arasında münasibətlər sonrakı aylarda da davam etdiyi üçün, həmin may və iyun ayına görə də xidmət haqqı (1770 manat+1770 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Cavabdehin “2024-cü ilin noyabr ayında da xidmətlər göstərilsə də, lakin xidmətlər qüsurlu idi” arqumentinə dair məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı cavabdeh qüsurun nədən ibarət olmasını izah edə və sübuta yetirə bilmədiyi, noyabr ayının qəbzlərin üzərində olan loqo əvvəlki aylara (artıq ödənişi həyata keçirilmiş) aid qəbzlərin üzərində olan loqo ilə eynilik təşkil etdiyi üçün, məhkəmə hesab edir ki, noyabr ayının da xidmət haqqısı (1770 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
38. Məhkəmə iddia tələbinin təmin edilməyən hissəsinə (2024-cü ilin dekabr, 2025-ci ilin yanvar və fevral ayları üzrə xidmət haqqı) dair qeyd edir ki, göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə xidmət müddəti və xidmət haqqı ümumi olaraq müqavilə ilə deyil, Müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilmişdir. Və xidmət müddəti may-noyabr 2024-cü il, xidmət haqqı 1770 manat müəyyən edilmişdir. İş materiallarında xidmətlərin 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar/fevral aylarında da göstərilməsi və həmin aylara görə xidmət haqqını müəyyən edən tərəflər arasında hər-hansı başqa Əlavənin mövcüdluğu müəyyən edilməmişdir.
39. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdеh Cavabdeh MMC-dən 5310 manat (2024-cü ilin may, iyun və noyabr ayları üzrə xidmət haqqı) borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.
40. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 127 manat dövlət rüsumu və 1000 manat hüquqi yardım xərci ödənilmişdir.
41. Azərbaycan Respublikası MPM-in:
42. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
44. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
46. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu xərcinin əvəzi olaraq 73 manat və hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
VI. Nəticə:
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən 5310 manat borc məbləği, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 73 manat, cəmi 6383 manat tutularaq iddiaçı X3 ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova