Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3917/2025 01.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı “Az Logistika" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 2890 manat əsas borc, gecikdirilmiş günlər üçün 6561 manat məbləğində cərimənin, 320 manat vəkil xərci, dövlət rüsumu üçün ödənilmiş 121 manat, cəmi isə 9892 manat məbləğində pul vəsaitinin tutularaq “Az Logistika" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, “Az Logistika" MMC və "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixində AZL-031-BD2024 nömrəli daşıma müqaviləsi bağlanmışdır. Müqavilə üzrə müəyyən işlər görülmüş, ödənişlərin bir hissəsi ödənilmiş, lakin bugün qədər 5559 dollar (1700 dollar əsas borc və 3859 dollar isə gecikdirilmiş günlər üçün faiz) məbləğində borc hələ də ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. İş üzrə tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - 850.1-ci maddəsinə əsasən Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 850.2-ci maddəsin əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (icraçı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) arasında xx.xx.2024-cü il tarixli, AZL-0**-BD-***4 nömrəli daşıma müqaviəsi bağlanmışdır. Müqavilə hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuşdur.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı özünə məxsus nəqliyyat vasitələri ilə sifarişçiyə məxsus yükün sifarişçinin təyin etdiyi bir məntəqədən digər məntəqəyə icraçı tərəfindən daşınmasını təşkil etməyi öhdəsinə götürür, sifarişçi isə bu xidmətləri qəbul edib dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. .
10. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə yükdaşıma xidmətlərinin göstərilibgösərilməməsidir.
12. İş materiallarından məlum olur ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərə görə MT2406 seriyalı, 10547711 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 2.890 manat olan, MT2406 seriyalı, 11586116 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 2.890 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.
13. İddiaçı hazırda cavabdehin 2.890 manat borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edirik.
14. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli ödəmə qəbzinə əsasən 2.890 manat məbləğində pul xx.xx.2024-cü il tarixli elektron qaimə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə ödənilmişdir.
15. Məhkəmə hesab edir ki, qeyd olunan elektron qaimələrlə bağlı hər hansı bir etiraz verilmədiyi və cavabdeh tərəfindən elektron qaimə əsasında ödəniş edilməsi nəzərə alındığında, iddiaçı tərəfindən cavabdehə yükdaşıma xidmətləri göstərilmişdir.
16. Cavabdeh tərəf isə məhkəmə iclaslarına gəlməmiş, göstərilmiş olan xidmətlərə görə ödənişin edilməsi barədə hər hansı bir sənəd təqdim etməməklə yanaşı, iddiaya da etirazını bildirməmişdir.
17. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia əsaslıdır və göstərilmiş olan yükdaşıma xidmətlərinin dəyəri olaraq 2.890 manat məbləğində pul cavadehdən tutularaq iddiaçıya verilməlidir.
18. Məhkəmə 6.561 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
19. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən sifarişçi ödənişi gecikdirdiyi hər gün üçün hesab faktura dəyərinin 1 (bir)%-i həcmində cərimə ödəyir.
20. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
21. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 150 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
22. Bundan başqa məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar çəkilən xərclərin əvəzi olaraq 320 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Bundan başqa, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50,4 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, AZL-0**-BD-***4 saylı müqaviləyə əsasən əsas borc üzrə 2.890 (iki min səkkiz yüz doxsan) manat cərimə borcu üzrə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 3.040 (üç min qırx) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul “TMZ Lojistik Kargo ve Dış Ticaret" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat 40 (qırx) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov