Məhkəmə qərarları › İş №e-2-2(113)-3938/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3938/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3938/2024 13.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, malın ödənilməmiş dəyəri qismində 40987,41 manat, dəbbə pulu qismində 614,81 manat, hüquqi yardım üçün ödənilmiş 500 manat və dövlət rüsumu qismində ödənilmiş 217 manat olmaqla, ümumilkdə 42319,22 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra iddiaçı) ilə Cavabdeh MMC (bundan sonra cavabdeh) arasında bağlanmış “Malların alqı-satqısı haqqında” 15 noyabr 2023-cü il tarixli, NR xx/xx/2023 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh MMC-nin sifarişi üzrə malları razılaşdırılmış şərtlərlə Cavabdeh MMC-yə satmağı, Cavabdeh MMC isə həmin malları müvafiq təhvil-təslim aktı əsasında təhvil almağı və müqabilində dəyərini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən müqavilə bağlanan tarixdən iddiaçı tərəfindən cavabdehə müxtəlif mallar satılmış, həmin mallar cavabdehə təhvil-təslim aktı ilə təhvil verilmiş və malların dəyərinin ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə elektron qaimə göndərilmişdir. Cavabdeh göndərilmiş elektron qaimələri təsdiq edərək, ona satılmış mallar üçün qaimədə göstərilən məbləğin ödənilməsini qəbul etmiş, bu məbləğlərə pretenziyasını bildirməmiş, lakin hal-hazıradək həmin malların dəyərinin 40987,41 manat hissəsini ödəməmişdir. Belə ki, cavabdeh aldığı malların dəyərinin 44267,82 manat hissəsini ödəmədiyindən İddiaçı MMC tərəfindən cavabdehə bildiriş göndərilərək, 44267,82 manat borcun ödənilməsi tələb edilmiş, bundan sonra cavabdeh tərəfindən həmin borcun az bir hissəsi ödənilmiş, lakin malların dəyərinin 40987,41 manat hissəsi ödənilmədən qalmışdır. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış “malların alqı-satqısı haqqında” 15 noyabr 2023-cü il tarixli, NR xx/xx/2023 saylı müqavilənin 3.2-ci maddəsinə görə tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin əlavələrində (X1) ayrı qayda nəzərdə tutulmamışdırsa, malların dəyərinin 100%-i (yüz faizi) satıcı tərəfindən mallar müqavilə ilə nəzərdə tutulmuş qaydada tam şəkildə alıcıya təhvil verildikdən sonra malın təhvil-təslimini təsdiq edən qaimə-faktura və ya təhvil-təslim aktına və satıcının təqdim etdiyi ödəniş sənədlərinə (hesab-faktura, e-qaimə) əsasən alıcı tərəfindən həmin sənədlərin alındığı tarixdən etibarən 15 (on beş) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında satıcıya ödənilir. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ƏDV tətbiq olunduğu hallarda müvafiq ödəniş məbləğlərinə ƏDV hesablanaraq əlavə olunur. Lakin Cavabdeh MMC tərəfindən müqavilə şərtlərinə əməl edilməmiş, ona satılmış malların dəyərinin ödənilməsi barədə ödəniş sənədlərinin (e-qaimə) ona göndərildiyi tarixdən 15 gündən də artıq müddət keçməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Beləliklə də, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış “malların alqı-satqısı haqqında” 15 noyabr 2023-cü il tarixli, NR xx/xx/2023 saylı müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən ödənilməyən 40987,41 manat məbləğində pul vəsaiti İddiaçı MMC-yə ödənilməlidir, yəni 40987,41 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC tərəfindən ödənilməli olması işin mübahisə edilməyən halıdır. Lakin həmin məbləğin Cavabdeh MMC tərəfindən könüllü olaraq ödənilməməsi və ödəməli olduğu tarixdən artıq 5 ay müddətin keçməsi iddiaçıya həmin pul vəsaitinə dəbbə pulu hesablanaraq tələb etməsi hüququ vermişdir. Bununla əlaqədar məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 40987,41 manat məbləğində borcunun olması rəsmi sənədlərlə sübuta yetir, lakin həmin pul vəsaiti cavabdeh tərəfindən könüllü olaraq ödənilmir. Cavabdeh MMC əsas kimi İddiaçı MMC-yə ödəməyə pulunun olmamasını göstərir. Halbuki, onun müxtəlif banklarda aktiv bank hesabı vardır və Cavabdeh MMC həmin hesablarda olan pul vəsaitini iddiaçıdan gizlətməklə, özünü müflis kimi qələmə verir. Bununla əlaqədar məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “malların alqı-satqısı haqqında” 15 noyabr 2023-cü il tarixli, NR xx/xx/2023 saylı müqavilə ilə tərəflər sərbəst olaraq dəbbə pulunun miqdarını müəyyən etmiş və həmin müqavilə üzrə alıcı almış olduğu malın dəyərinin vaxtında ödənilməməsi üçün dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış “malların alqı-satqısı haqqında” 15 noyabr 2023-cü il tarixli, NR xx/xx/2023 saylı müqavilənin 8.6-cı maddəsinə görə alıcı satıcı tərəfindən malları müqavilə şərtlərinə uyğun olaraq alıcıya təhvil verməsi və müvafiq səndələşməni aparmasına baxmayaraq, malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01% (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək. İddiaçı cavabdehə satdığı malın dəyərinin ödənilməsi üçün 04 dekabr 2023-cü il tarixdə eqaimə göndərmiş, cavabdeh həmin e-qaiməni aldığı tarixdən ən geci 15 gün müddətinə, yəni 19 dekabr 2023-cü il tarixədək ödəmək öhdəliyini yerinə yetirməmiş, bu üzdən cavabdehin malın dəyərinin ödənilməsi üçün yol verdiyi gecikmə gününün axımı 20 dekabr 2023-cü il tarixdən başlanmışdır. Yəni 20 dekabr 2023-cü il tarixdən başlayaraq cavabdeh 40987,41 manat məbləğində pul vəsaitini ödəmədiyinə görə həmin pul vəsaitinə hər gecikmə gününə görə 0,01 faiz dəbbə pulu olmaqla, 20 may 2024-cü il tarixədək 150 gün müddətinə 614,81 manat məbləğində dəbbə pulu hesablanmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci, 462.1-ci, 462.3-cü, 567, 598.1, 598.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin iddiası əsassızdır. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli malların alqı-satqısına dair müqavilənin şərtlərinə iddiaçı tərəfindən əməl edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin aşağıdakı bəndləri diqqətə çatdırılır: 2.2. Alıcının mallar üzərində mülkiyyət hüququ onların alıcının səlahiyyətli nümayəndəsinə tam təhvil verildiyi andan yaranır. Malların təhvil verilməsi tərəflərin səlahiyyətli təmsilçiləri tərəfindən müvafiq təhvil-təslim aktını imzalamaqla rəsmiləşdirilir. 2.6. Mallar Azərbaycan Respublikasında qəbul edilmiş standartlara cavab verməli, onlara uyğun tamlaşdırılmalı, qablaşdırılmalı, markalanmalı və satıcı tərəfindən müəyyənləşdirilmiş ünvanda çatdırılmalıdırlar. 3.2. Tərəfərin qarşılıqlı razılığı ilə müqavilənin əlavələrində (X1) ayrı qayda nəzərdə tutulmamışdırsa, malların dəyərinin 100%-i (yüz faizi) satıcı tərəfindən mallar müqavilə ilə nəzərdə tutulmuş qaydada tam şəkildə alıcıya təhvil verildikdən sonra malın təhvil-təslimim təsdiq edən qaimə-faktura və ya təhvil-təslim aktına və satıcının təqdim etdiyi ödəniş sənədlərinə (hesab-faktura, eqaimə) əsasən alıcı tərəfindən həmin sənədlərin alındığı tarixdən etibaron 15 (on beş) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında satıcıya ödənilir. 4.1.1. Alıcıya keyfiyyətli və istismara yararlı Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun malları təhvil vermək və həmin mallar haqqında alıcını zəruri və dəqiq məlumatlarla təmin etmək; (Satıcının öhdəliklərinə aiddir). Müqavilənin 2.2-ci bəndindən göründüyü kimi malların təhvil verilməsinin xüsusi şərti müəyyən edilmişdir. Həmin şərtə əsasən İddiaçı MMC tərəfindən malların tam təhvil verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilməli idi. İş üzrə təqdim edilmiş sübutlardan da aydın olur ki, belə bir təhvil-təslim aktı yoxdur və alqı-satqı müqaviləsində satıcının təqdim etmək öhdəliyi olan mallar alıcıya təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının 2.5.3-cü yarımbəndinə əsasən elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; Hazırda sübut qismində təqdim edilən elektron qaiməfakturanın əsas bölməsində hər hansı təhvil-təslim aktı və ya digər təsdiqedici sənəd qeyd edilməmiş, sadəcə olaraq “Grand anbar Teleb 031” sözləri əks etdirilmişdir. Malların təhvil verilməsi təhvil-təslim aktı ilə həyata keçirilməli olan halda buna əməl edilməmiş, sübut qismində elektron qaimə-faktura göstərilmiş, lakin bu elektron qaimə-fakturada belə “Əsas” hissəsində heç bir təsdiqedici sənəd və ya məlumat verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarına əsasən bu qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-cı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Müqavilənin 2.6-cı bəndinə əsasən mallar Azərbaycan Respublikasında qəbul edilmiş standartlara cavab verməli, onlara uyğun tamlaşdırılmalı, qablaşdırılmalı, markalanmalı və satıcı tərəfindən müəyyənləşdirilmiş ünvanda çatdırılmalıdırlar. Qeyd edilmiş iddia və əlavə edilmiş sənədlərdə malların satıcı tərəfindən alıcıya çatdırılması barədə heç bir məlumat yoxdur və bu sadəcə iddiaçının mülahizələri ilə təsdiq edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin əlavələrində (X1) ayrı qayda nəzərdə tutulmamışdırsa, malların dəyərinin 100%-i (yüz faizi) satıcı tərəfindən mallar müqavilə ilə nəzərdə tutulmuş qaydada tam şəkildə alıcıya təhvil verildikdən sonra malın təhvil-təslimini təsdiq edən qaimə-faktura və ya təhvil-təslim aktına və satıcının təqdim eldiyi ödəniş sənədlərinə (hesab-faktura, e-qaimə) əsasən alıcı tərəfindən həmin sənədlərin alındığı tarixdən etibarən 15 (on beş) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında satıcıya ödənilir. Malların müqavilədə nəzərdə tutulmuş qaydada tam şəkildə alıcıya təqdim edilməsi isə yuxarıda qeyd edilən kimi müqavilənin 2.2-ci maddəsində göstərilmişdir və tam şəkildə malların alıcıya təhvil verilməsi “təhvil-təslim aktı” ilə rəsmiləşdirilməli idi. Müqavilənin qeyd edilmiş bəndlərindən də aydın olur ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliklərini tam şəkildə yerinə yetirməmiş və buna görə də müqavilədə nəzərdə tutulmuş ödənişləri tələb etmək hüququna malik deyildir. İddiaçı iddia ərizəsində təqdim etdiyi sübutların siyahısını qeyd etmiş və buraya “Təhvil-Təslim Aktı” adlı sənəd əlavə etmişdir. Hazırki iş üzrə təqdim edilmiş sübutların içərisində "Təhvil- Təslim Aktı" mövcud deyildir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı MMC İlə Cavabdeh MMC arasında bağlanmış “maların alqı-satqısı haqqında” 15 noyabr 2023-cü il tarixli, NR xx/xx/2023 saylı müqavilənin 8.6-cı maddəsinə görə alıcı-satıcı tərəfindən malları müqavilə şərtlərinə uyğun olaraq alıcıya təhvil verməsi və müvafiq sənədləşməni aparmasına baxmayaraq, malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01% (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək, iddiaçı öz iddia ərizəsində malların müqavilədə nəzərdə tutulmuş qaydada cavabdehə verilməsini qeyd etsə də, malları müqavilədə nəzərdə tutulmuş qaydada tam təhvil verməmiş və təhvil vermədiyi mallara görə dəbbə pulunun da ödənilməsini istəyir. İddiaçı ilk növbədə müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirməlidir və daha sonra bu barədə hər hansı tələbi etməyə subyektiv hüququ mövcud olacaqdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 oktyabr 2017-ci il tarixli Q-12 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarına 78 nömrəli əlavədə “təhvil-qəbul aktı”nın forması və rekvizitləri göstərilmişdir. “Təhvil-Qəbul aktı” ciddi hesabat blankı hesab edilməklə, forma və rekvizitləri Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə sifarişçi qismində "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, xx/xx/2023 nömrəli (malların alqı-satqısı haqqında) müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində qeyd edilir ki, müqavilənin şərtlərinə əsasən satıcı, alıcının sifarişinə və aralarında imzalanmış X2 (bundan sonra “Əlavə” və ya “Əlavələr) əsasən malları (bundan sonra - “mallar”) razılaşdırılmış şərtlərlə alıcıya salmağı, alıcı isə həmin malları müvafiq təhvil-təslim aktı əsasında təhvil almağı və müqabilində dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndində qeyd edilir ki, müqavilə üzrə malların qiyməti qarşılıqlı razılıq əsasında müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələri (X1) və/ və ya sifariş formaları (PO) ilə müəyyən edilir. Mallara görə hesablaşma qaydası müqavilənin 3.2-ci bəndi və müqavilənin əlavələri (X1) ilə müəyyən edilir. Müqavilənin 3.2ci bəndində qeyd edilir ki, tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin əlavələrində (X1) ayrı qayda nəzərdə tutulmamışdırsa, malların dəyərinin 100%-i (yüz faizi) satıcı tərəfindən mallar müqavilə ilə nəzərdə tutulmuş qaydada tam şəkildə alıcıya təhvil verildikdən sonra malın təhvil-təslimini təsdiq edən qaimə-faktura və ya təhvil-təslim aktına və satıcının təqdim etdiyi ödəniş sənədlərinə (hesab-faktura, e-qaimə) əsasən alıcı tərəfindən həmin sənədlərin alındığı tarixdən etibarən 15 (on beş) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında satıcıya ödənilir.

8. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 153197 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3280,41 manat (ƏDV daxil) təşkil edir.

9. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 187950 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32078,65 manat (ƏDV daxil) təşkil edir.

10. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 237017 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8908,76 manat (ƏDV daxil) təşkil edir.

11. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AZ240404001 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin AZ37TCZB********************6 nömrəli hesabına 2780,01 manat məbləğində ödəniş edilmişdir (ödənişin təyinatı yerində EBDU 153197 qaimə üzrə qeyd edilmişdir.).

12. Ödəniş qəbzindən müəyyən edilir ki, Bakı 9 saylı Vəkil Bürosunun hesabına 500 manat məbləğində ödəniş edilmişdir.

13. İddiaçı tərərfindən iş materiallarına qaimə adlı sənədlər əlavə edilmişdir.

14. İddiaçı MMC tərəfindən cavabdeh "xxxx" MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin xx.xx.2024-cü il tarixindən gec olmayaraq ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

17. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı alqısatqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir.

18. İddia tələbininin bir hissəsini cavabdeh "xxxx" MMC-dən 40987,41 manat pulun iddiaçının xeyrinə tutulması təşkil edir.

19. İşin hallarından müəyyən olunur ki, cavabdehə xx.xx.2023-cü il tarixdə 3 elektron qaimə göndərilmiş, həmin qaimələr üzrə ümumi məbləğ 44267,82 manat (3280,41+32078,65+8908,76=44267,82) təşkil etmişdir. Həmin borcun ödənilməsinə dair məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 44267,82 manat borc məbləğinin xx.xx.2024-cü il tarixindən gec olmayaraq ödənilməsi cavabdehdən tələb olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə xx.xx.2023cü il tarixli, EBDU seriyalı, 153197 nömrəli elektron qaimə üzrə tam ödəniş həyata keçirilmişdir (2780,01 manat əsas məbləğin ödənişi ilə bağlı sübut məhkəməyə təqdim olunmuşdur. Ümumi 44267,82 manatdan həmin qaimə üzrə ödənilən 3280,41 manatı çıxdıqda 40987,41 manat (44267,82-3280,41=40987,41) məbləğ, yəni ödənilməmiş məbləğ qalır. Cavabdeh iddiaya etiraz etsə də, həmin etiraz əsassız hesab edilməlidir. Belə ki, eyni vaxtda göndərilən qaimələrdən biri üztə ödənişi həyata keçirən cavabdehin iddiaçıya digər elektron qaimələrlə bağlı etirazı olmamış, eyni zamanda hazırda ödənişi edilən malların təhvil-qəbulu ilə bağlı müqavilə şərtlərinə tərəflərin tam riayət etməsi, təhvil təslimin etirazda göstərdiyi qaydada olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir.

20. Qeyd olunanlara əsasən məhkəmə qanunvericilik normalarını, cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia borcun tutulması hissəsində təmin edilməli və cavabdeh "xxxx" MMC-dən 40987,41 manat (qırx min doqquz yüz səksən yeddi manat qırx bir qəpik) borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

21. İddia tələbinin digər hissəsini 614,81 manat cərimə borcunun tutulması təşkil edir.

22. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

23. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdeh "xxxx" MMC-dən 614,81 manat (altı yüz on dörd manat səksən bir qəpik) cərimə borcu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

24. Eləcə də, iddiaçı hüquqi yardım üçün ödənilmiş 500 manat və dövlət rüsumu qismində ödənilmiş 217 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

25. Məhkəmə hesab edir ki, 500 (beş yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 214,81 manat (iki yüz on dörd manat səksən bir qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 40987,41 manat (qırx min doqquz yüz səksən yeddi manat qırx bir qəpik) borc, 614,81 manat (altı yüz on dörd manat səksən bir qəpik) cərimə, 500 (beş yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 214,81 manat (iki yüz on dörd manat səksən bir qəpik) olmaqla, ümumilikdə 42317,03 manat (qırx iki min üç yüz on yeddi manat üç qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar