Məhkəmə qərarları › İş №e-2-2(113)-3940/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3940/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3940/2025 05.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdeh “Kar Group” LLC-yə qarşı “Alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh “Kar Group” LLC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış 67324 USD əsas borc, 2744 USD faiz borcu, ümumilikdə 70068 USD borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən işdə iştirak edən digər şəxslərin iddia ərizəsini almasına dair hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyrirezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə tərəflər arasında bağlanmış RGS-KRG 2506 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilənin 8.2-ci maddəsinə əsasən tərəflər bu müqavilə ilə bağlı və ya ondan irəli gələn bütün mübahisələri və fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çalışacaqlar. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə pretenziya qaydasında xəbərdarlıq məktubu kağız daşıyıcıda ünvanlanmış, bundan əlavə onun çatdırılması ilə bağlı sənəd iş materiallarına əlavə edilməmişdir. AR MPM-in: 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı eyni iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə də məhkəməyə müraciət etmiş, məhkəmənin e-2-2(113)-3343/2025 saylı xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verməmiş, hazırda yenidən eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanları aradan qaldırmamışdır. AR MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Dövlət rüsumuna münasibətdə məhkəmə qeyd edir ki, e-2-2(113)-3343/2025 saylı xx.xx.2025-ci il tarixli Qərardad əsasında iddia ərizəsi geri qaytarılarkən iddiaçı tərəfindən ödənilmiş 403 manat dövlət rüsumunun da geri qaytarılması qərara alınmış, qərardad qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2025-ci il tarixdə icra olunması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə göndərilmiş, lakin iddiaçı hazırkı dövlət rüsumunun ödənilməsinə dair əvvəlki (geri qaytarılan) qəbzi əlavə etməklə iddia ərizəsini imzalamışdır (qəbz nömrəsi **********). Beləliklə həmin qəbz üzrə ödənilmiş rüsumun geri qaytarılması məsələsinə məhkəmə tərəfindən qiymət verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh “Kar Group” LLC-yə qarşı “Alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar