Məhkəmə qərarları › İş №e-2-2(113)-3943/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3943/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3943/2022 07.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdehnə (MMC) qarşı müqavilənin ləğv edilməsi, avadanlıqların cavabdehin hesabına geri götürülməsi və pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə bağlanmış 21 yanvar 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş 20 ədəd stellajın cavabdehin hesabına geri götürülməsi və müqavilə üzrə avans kimi ödənilmiş 5139,02 manat məbləğinin, dövlət rüsumu və mediasiya sesiyasında iştirak üçün ödənilmiş 71 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanılmış 21 yanvar 2021-ci il tarixli 01 №-li alğı-satqı müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavə razılaşma protokoluna əsasən satıcı – "xxxx" MMC müqavilə müddəti ərzində ölçüləri 240 sm x 150 sm x 60 sm olmaqla hər bir ədədinin qiyməti 161,3 manat təşkil etməklə (18% ƏDV daxil olmaqla) cəmi 10278,036 manat dəyərində 54 ədəd rəfi alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.6-cı bəndinə əsasən alıcı nəzərdə tutulan məbləğin 50%-ni avans formasında verməyi və qalan məbləği isə iş təhvil verildikdən, təhvil-təslim aktı imzalandıqdan sonra 5 iş günü ərzində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC üzərinə götürdüyü öhdəliyi icra etmiş və 04 fevral 2021-ci il tarixdə müqaviləyə əsasən 50% avans ödənişi olan 5139,02 manat məbləğində pul vəsaitini "xxxx" MMC-nin hesabına ödəmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini qismən və qüsurlu şəkildə icra etmişdir. Belə ki, cavabdeh banka cəmi 20 ədəd sifariş verilmiş ölçüdə stellaj təhvil vermis, təhvil verilmiş stellajların üzərində isə nəzərdə tutulmuş rəflər olmamışdır. Yəni cavabdeh icra etdiyi işi qüsurlu icra etmiş və yalnız qiyməti 2514,58 manat təşkil edən malları iddiaçıya təhvil vermişdir. Cavabdeh tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədiyi üçün bank tərəfindən ona pretenziya məktubu göndərilmişdir. Cavabdeh həmin pretenziya məktubunu alsa da, bununla bağlı hər hansı hərəkət etməmişdir. Cavbadeh tərəfindən pretenziya məktubuna hər hansı cavab hərəkəti olunmadığı üçün bank mübahisənin məhkəmə yolu ilə həll edilməsi məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən 2514,58 manat dəyərində malların təhvil verilməsi müqavilənin qismən icra edilməsi kimi qəbul edilməməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya 20 ədəd stellaj təhvil verilmişdir. Lakin həmin stellajların üzərində rəfləri yoxdur. Bu isə verilən malların tam komplekdə təhvil verilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin vaxtında və lazımınca icra edilməməsi onun əhəmiyyətli dərəcədə pozulması hesab edilir. Bu səbəbdən 21 yanvar 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, avans kimi ödənilmiş 5139,02 manat cavabdehdən iddiaçının xeyrinə tutulması və cavabdeh tərəfindən verilmiş malların ona geri qaytarılması təmin olunmalıdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: 21 yanvar 2021-ci il tarixli 01 №-li alğı-satqı müqaviləsinə əsasən satıcı müqavilə müddəti ərzində müqavilənin əlavələri ilə müəyyənləşdirilmiş malları alıcının mülkiyyətinə verməyi və quraşdırmağı öz öhdəsinə götürür, alıcı isə həmin malları qəbul etməyi və müqavilə əsasında müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür; 21 yanvar 2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən satıcı rəfin ölçüləri 240 sm x 150 sm x 60 sm olmaqla hər bir ədədinin qiyməti 161,3 manat təşkil etməklə (18% ƏDV daxil olmaqla) cəmi 10278,036 manat dəyərində 54 ədəd rəfi alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür; 04 fevral 2021-ci il tarixli, H-01/21 nömrəli hesab-fakturaya əsasən ölçüləri 240 sm x 150 sm x 60 sm olan, hər bir ədədinin qiyməti 161,3 manat təşkil etməklə 54 ədəd rəf satıcıya sifariş olunmuşdur; 09 avqust 2022-ci il tarixli akta əsasən Cavabdeh MMC şirkəti tərəfindən 54 ədəd arxiv stellajından 20 ədədi bankın arxivinə gətirilmiş, stellajın üzərində rəflər mövcud olmamışdır; 05 fevral 2021-ci il tarixli ödəniş tapşırıqlarına əsasən 4355,1 manat və 783,92 manat, ümumilikdə 5139,02 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 3 hissədən ibarətdir:

1. Alğı-satqı müqaviləsinin ləğv edilməsi;

2. Malların cavabdehin hesabına geri götürülməsi;

3. Avans məbləğinin qaytarılması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 576-cı maddəsinə əsasən əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər; 578.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər; 590.1 və 590.2-ci maddələrinə əsasən satıcı alıcıya alğı-satqı müqaviləsinin komplektlik haqqında şərtlərinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın komplektliyi müəyyənləşdirilmədikdə, satıcı alıcıya komplektliyi işgüzar dövriyyə adətləri ilə və ya adətən irəli sürülən digər tələblərlə müəyyənləşdirilən əşya verməyə borcludur; 592.2-ci maddəsində göstərilmişdir ki, əgər satıcı əşyanın komplektinin tamamlanması barədə alıcının tələbini ağlabatan müddətdə yerinə yetirməzsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə: komplektsiz əşyanın komplektli əşya ilə əvəz olunmasını tələb etsin; alqı-satqı müqaviləsinin icrasından imtina etsin və ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Tərəflər arasında imzalanmış 21 yanvar 2021-ci il tarixli 01 №-li alğı-satqı müqaviləsinin 3.6-ci bəndində göstərilmişdir ki, “nəzərdə tutulan məbləğin 50%-i avans formasında verilməlidir, qalan məbləğ isə iş təhvil verildikdən, təhvil-təslim aktı imzalandıqdan sonra 5 iş günü ərzində ödənilməlidir”. 21 yanvar 2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 10278,036 manat dəyərində 54 ədəd rəfi alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən 5139,02 manat (yəni məbləğin 50%-i) avans formasında cavabdehə ödənilmişdir. İddiaçı tərəfindən müqavilə şərtlərinə əməl olunsa da, cavabdeh tərəfindən alıcıya müqavilə ilə nəzərdə tutulmuş miqdarda deyil, daha az miqdarda mal verilmiş, həmçinin, verilmiş mal komplektlik haqqında şərtin pozulması ilə təhvil verilmişdir. Bununla da alıcının verilmiş əşyadan imtina edilməsi və ödədiyi pul məbləğinin qaytarılması hüququ yaranmışdır. Tərəflər arasında imzalanmış 21 yanvar 2021-ci il tarixli 01 №-li alğı-satqı müqaviləsinin 1 saylə Əlavəsində malın adı “raf 240 cm*150cm*60cm” göstərilmiş, həmçinin, stellajların rəfsiz istifadə olunması mümkünsüzdür. Bununla da, cavabdeh tərəfindən stellajların rəfsiz təhvil verilməsi, onun komplektlik haqqında şərtlərinin pozulması deməkdir. İddiaçının cavabdehə ünvanlanmış 02 iyul 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, alıcı – İddiaçı ASC əşyanın komplektinin tamamlanması barədə satıcı – Cavabdeh MMC-yə müraciət etmiş, lakin cavabdeh tərəfindən əşyanın komplektinin tamamlanması istiqamətində hər hansı hərəkət icra olunmamışdır. Bununla da alıcının alqı-satqı müqaviləsinin icrasından imtina etməsi və ödədiyi pul məbləğinin qaytarılması hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həm əşyaların miqdarı, həm də komplektlik barədə şərtlər pozulmuşdur və buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 578, 592.2 maddələrinə əsasən müqavilənin ləğv olunması, malların cavabdehin hesabına geri götürülməsi və avans məbləğinin qaytarılması üçün əsaslar mövcuddur və iddia təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 71 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi, avadanlıqların cavabdehin hesabına geri götürülməsi və pul tələbi barədə iddiası təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış, 21 yanvar 2021ci il tarixli, 01 nömrəli alqı-satqı müqaviləsi ləğv edilsin. 5139,02 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmiş 20 ədəd stellajın öz hesabına götürülməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İlkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 71 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar