Məhkəmə qərarları › İş №e-2-2(113)-3945/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3945/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3945/2023 13.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun ödənilməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyul 2019-cu il tarixli 93 saylı müqavilə üzrə ödənilməmiş 11.115 manat, illik 5 faiz dəbbə pulu olmaqla 416 manat və mediasiya xərci üçün ödənilmiş 200 manat, eləcə də həmin hüquqların müdafiəsi üçün 100 manat vəkil xidmət haqqı olmaqla ümumilikdə, 11.831 manat pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 93 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı) alıcıya (Cavabdeh MMC) avtomobil şinlərini satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilədə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəliyinə götürmüşdür. 01 iyul 2019-cu il tarixli 93 nömrəli müqaviləyə edilmiş 01 iyul 2019-cu il tarixli 01 və 05 iyul 2019-cu il tarixli 02 nömrəli Əlavələrə əsasən malların qiyməti barədə tərəflər arasında razılığa gəlinmişdir. Bundan başqa, satıcı İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, DƏL 126136 nömrəli və xx.xx.2019-cu il tarixli, 126138 nömrəli qaiməfakturalara əsasən 11.115 manat manat dəyərində P avtomobil şinləri alıcıya təhvil verilmiş və həmin aktlarda Alıcı Cavabdeh MMC-nin direktoru X1 malları təhvil almasını təsdiq etmişdir. Sənədlərdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli İC seriyalı 867703 saylı malların təqdim edilməsi haqqında elektron Vergi Hesab-Fakturasına əsasən 6.655,20 və xx.xx.2019-cu il tarixli İE seriyalı 944631 saylı malların təqdim edilməsi barədə elektron Vergi Hesab-Fakturasına əsasən 4.460,40 dəyərində avtomobil şinləri “Rez Group MMC-yə təqdim edilmişdir. 01 ədəd üzərində Cavabdeh MMC-nin direktoru X1 tərəfindən onun öz xətti ilə yazılmış qeyd dəftərçəsinin vərəqindən görünür ki, Ramin Zeynalov xx.xx.2019-cu ildə İddiaçı 5.640 manat dəyərində mal almasını qeyd edərək xx.xx.2019-cu ildə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 01 iyul 2019-cu il tarixli 93 nömrəli müqavilənin 2.3cü bəndinə əsasən Alıcı bu Müqavilə üzrə müəyyən olunmuş malın qiymətini tam şəkildə, malı təhvil aldığı tarixdən 10 gün ərzində nəğd və ya köçürmə yolu ilə satıcıya ödəməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

10. Mülki Prosessual Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

11. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

12. Həmin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

14. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 93 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

15. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı miqdarı, çeşidi, keyfiyyət göstəriciləri bu müqaviləyə edilən və onun ayrılmaz hissəsi olan Əlavədə göstərilən nəqliyyat vasitələrinin avtomobil şinlərini, avtomobil disklərini və akkumulyator batareyalarını alıcının mülkiyyətinə verir, alıcı isə qeyd olunan malı qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş qiyməti ödəyir.

16. İşin digər müəyyən olunmuş halı ondan ibarətdir ki, tərəflər xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə 01 saylı Əlavə (qiymət razılaşdırmma protokolu) ilə ümumi dəyəri 6.655,20 manat olan və 02 saylı Əlavə (qiymət razılaşdırmma protokolu) ilə ümumi dəyəri 4.460,40 manat olan malın miqdarı və qiyməti barədə razılığa gəlmişlər.

17. Müqavilə və müqaviləyə əlavələr hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuşdur.

18. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

19. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

20. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

21. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli 126138 nömrəli qaimə faktura üzrə dəyəri 4.460,40 manat olan mallar və xx.xx.2019-cu il tarixli DƏL 126136 nömrəli dəyəri 6.655,20 manat olan mallar Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Qeyd edilmiş qaimə-fakturalar Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

22. Bundan başqa, xx.xx.2019-cu il tarixli İC 867703 saylı dəyəri 6.655,20 manat olan və xx.xx.2019-cu il tarixli İE 944631 saylı dəyəri 4460,40 manat olan elektron qaimələr iddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir.

23. Göründüyü kimi, yuxarıda sadalanmış qaimə-fakturalarda qeyd edilmiş məbləğlərin sadə riyazi hesablama ilə ümumi məbləği 11.115 manat təşkil edir.

24. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 11.115 manat olan mallar verilmiş və ona görə də, sonuncunun verilmiş malların dəyərini ödəmək öhdəliyi yaranmışdır.

25. Cavabdeh tərəf isə məhkəmə iclasına gəlməməklə yanaşı iddiaya etirazını da göndərməmiş və qeyd edilmiş məbləğin ödənilməsi barədə hər hansı bir sənədi təqdim etməmişdir.

26. Ona görə də, 11.115 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənməlidir.

27. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 416 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

28. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2023-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 37 gün sonra yəni, 13.07.23-cü il tarixində verilmişdir.

29. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 56,3 (11.115x5/100=555,75 (1 il üçün), 555,75/365=1,522(1 gün üçün), 1,522x37=56,3 (37 gün üçün) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. İş materiallarında olan MŞB/14/2023-00579 nömrəli xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq ümumilikdə, 200 manat məbləğində pul Bakı 14 saylı Mediasiya təşkilatına ödənmişdir.

31. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilməlidir.

32. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 100 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

33. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Vəkil arasında bağlanmış xx.xx.2023cü il tarixli, 634 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 100 (bir yüz) manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir.

34. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, vəkil xərcinin əvəzi olaraq 100 manat məbləğində pul vəkilin hesabına ödənmişdir.

35. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 100 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli 93 saylı alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 11.115 (on bir min bir yüz on beş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 56 (əlli altı) manat 30 (otuz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar