Məhkəmə qərarları › İş №e-2-2(113)-3945/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3945/2024

02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3945/2024 02.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2019-cu il tarixli, 108 saylı müqaviləyə əsasən borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında 01 iyun 2023-cü il tarixli NR xx/xx/2023 nömrəli malların alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə əsasən satıcı alıcının sifarişinə və aralarında imzalanmış qiymət razılaşma protokollarına əsasən malları razılaşdırılmış şərtlərlə alıcıya satmağı, alıcı isə həmin mallar müvafiq təhvil-təslim aktı əsasında təhvil almağı və müqabilində dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. 3.2-ci bəndinə əsasən maddəsinə görə tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin əlavələrində ayrı qayda nəzərdə tutulmamışdırsa malların dəyərinin 100%-i satıcı tərəfindən mallar müqavilə ilə nəzərdə tutulmuş qaydada tam şəkildə alıcıya təhvil verildikdən sonra malın təhvil-təslimini təsdiq edən qaimə-faktura və ya təhvil-təslim aktına və satıcının təqdim etdiyi ödəniş sənədlərinə əsasən alıcı tərəfindən həmin sənədlərin alındığı tarixdən etibarən 15 (on beş) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında satıcıya ödənilir. 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ƏDV tətbiq olunduğu hallarda müvafiq ödəniş məbləğlərinə ƏDV hesablanaraq əlavə olunur. 4.3.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq təchiz olunmuş malları qəbul etmək və onların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək alıcının öhdəliyidir. 8.6-cı maddəsinə görə alıcı satıcı tərəfindən malları müqavilə şərtlərinə uyğun olaraq alıcıya təhvil verməsi və müvafiq səndləşmənin aparmasına baxmayaraq malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01% məbləğində dəbbə pulu ödəyəcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı MMC tərəfindən alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil 7945,53 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDT seriyalı 208716 nömrəli; ƏDV daxil 4886,26 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDU seriyalı 165972 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" MMC-yə göndərilmişdir.

3. xx.xx.2023-cü il tarixli 61/2023 saylı, xx.xx.2023-cü il tarixli 65/2023 saylı, xx.xx.2023-cü il tarixli 67/2023 saylı, xx.xx.2023-cü il tarixli 64/2023 saylı, xx.xx.2023-cü il tarixli 73/2023 saylı, xx.xx.2023-cü il tarixli 70/2023 saylı, xx.xx.2023-cü il tarixli 71/2023 saylı, xx.xx.2023-cü il tarixli 68/2023 saylı, xx.xx.2023-cü il tarixli 77/2023 saylı, xx.xx.2023-cü il tarixli 69/2023 saylı təhvil-təslim aktları ilə mallar təhvil verilmişdir. Təhvil-təslim aktları İddiaçı MMC-nin imzası və möhürü, "xxxx" MMC-nin adından X3 imzası ilə təsdiq edilmişdir.

4. 03.04.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 3392,17 manat (ödəişin təyinatı: EBDT 716729, EBDT 715849) məbləğində ödənişlər edilmişdir.

5. X3 əmək kitabçasından çıxarışlardan müəyyən edilir ki, X5 xx.xx.2023-xx.xx.2024cü il tarixləri arası dövrdə "xxxx" MMC-də baş anbardar vəzifəsində çalışmışdır.

6. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. X2, "xxxx" MMC-də 2023-cü ilin aprel ayından 2024-cü ilin yanvar ayına qədər işlədiyini, həmin dövrdə "xxxx" MMC ilə alqı-satqı münasibətlərinin olmasını, tikinti materiallarının "xxxx" MMC tərəfindən təhvil alındığını bildirdi.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, malın ödənilməmiş dəyəri qismində 12.831,79 manat, dəbbə pulu qismində 192,47 manat, hüquqi yardım üçün ödənilmiş 500 manat və dövlət rüsumu qismində ödənilmiş 131 manat, ümumilkdə isə 13 655,26 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC Cavabdeh MMC ilə arasında bağlanmış “Malların alqısatqısı haqqında” 01 iyun 2023-cü il tarixli NR xx/xx/2023 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh MMC-nin sifarişi üzrə malları razılaşdırılmış şərtlərlə Cavabdeh MMC-yə satmağı, Cavabdeh MMC isə həmin malları müvafiq təhvil-təslim aktı əsasında təhvil almağı və müqabilində dəyərini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən müqavilə bağlanan tarixdən iddiaçı tərəfindən cavabdehə müxtəlif mallar satılmış, həmin mallar cavabdehə təhviltəslim aktı ilə təhvil verilmiş və malların dəyərinin ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə elektron qaimə göndərilmişdir. Cavabdeh göndərilmiş elektron qaimələri təsdiq edərək, ona satılmış mallar üçün qaimədə göstərilən məbləğin ödənilməsini qəbul etmiş, bu məbləğlərə pretenziyasını bildirməmiş, lakin hal-hazıradək həmin malların dəyərinin 12.831,79 manat hissəsini ödəməmişdir. Belə ki, cavabdeh aldığı malların dəyərinin 16.834,52 manat hissəsini ödəmədiyindən İddiaçı MMC tərəfindən cavabdehə bildiriş göndərilərək, 16 834,52 manat borcun ödənilməsi tələb edilmiş, bundan sonra cavabdeh tərəfindən həmin borcun az bir hissəsi ödənilmiş, lakin malların dəyərinin 12.831,79 manat hissəsi ödənilmədən qalmışdır. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış “Malların alqı-satqısı haqqında” 01 iyun 2023-cü il tarixli NR xx/xx/2023 saylı müqavilənin 3.2-ci maddəsinə görə tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin əlavələrində ayrı qayda nəzərdə tutulmamışdırsa malların dəyərinin 100%-i satıcı tərəfindən mallar müqavilə ilə nəzərdə tutulmuş qaydada tam şəkildə alıcıya təhvil verildikdən sonra malın təhvil-təslimini təsdiq edən qaimə-faktura və ya təhvil-təslim aktına və satıcının təqdim etdiyi ödəniş sənədlərinə əsasən alıcı tərəfindən həmin sənədlərin alındığı tarixdən etibarən 15 (on beş) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında satıcıya ödənilir. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ƏDV tətbiq olunduğu hallarda müvafiq ödəniş məbləğlərinə ƏDV hesablanaraq əlavə olunur. Lakin Cavabdeh MMC tərəfindən müqavilə şərtlərinə əməl edilməmiş, ona satılmış malların dəyərinin ödənilməsi barədə ödəniş sənədlərinin ona göndərildiyi tarixdən 15 gündən də artıq müddət keçməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Beləliklə də İddiaçı MMC İlə Cavabdeh MMC arasında bağlanmış “Malların alqı-satqısı haqqında” 01 iyun 2023-cü il tarixli NR xx/xx/2023 saylı müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən ödənilməyən 12 831,79 manat məbləğində pul vəsaiti İddiaçı MMC-yə ödənilməlidir. Yəni 12 831,79 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC tərəfindən ödənilməli olması işin mübahisə edilməyən halıdır. Lakin həmin məbləğin Cavabdeh MMC tərəfindən könüllü olaraq ödənilməməsi və ödəməli olduğu tarixdən artıq 5 ay müddətin keçməsi artıq iddiaçıya həmin pul vəsaitinə dəbbə pulu hesablanaraq tələb etməsi hüququ vermişdir. "xxxx" MMC əsas kimi İddiaçı MMC-yə ödəməyə pulunun olmamasını göstərir. Halbuki, onun müxtəlif banklarda aktiv bank hesabı vardır və Cavabdeh MMC həmin hesablarda olan pul vəsaitini iddiaçıdan gizlətməklə, özünü müflis kimi qələmə verir. İddiaçı ilə cavabdeh arasında bağlanmış “Malların alqı-satqısı haqqında” 01 iyun 2023-cü il tarixli NR xx/xx/2023 saylı müqavilə ilə tərəflər sərbəst olaraq dəbbə pulunun miqdarını müəyyən etmiş və həmin müqavilə üzrə alıcı almış olduğu malın dəyərinin vaxtında ödənilməməsi üçün dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış “Malların alqı-satqısı haqqında” 01 iyun 2023-cü il tarixli NR xx/xx/2023 saylı müqavilənin 8.6-cımaddəsinə görə alıcı satıcı tərəfindən malları müqavilə şərtlərinə uyğun olaraq alıcıya təhvil verməsi və müvafiq səndləşmənin aparmasına baxmayaraq malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01% məbləğində dəbbə pulu ödəyəcək. İddiaçı cavabdehə satdığı malın dəyərinin ödənilməsi üçün 21 noyabr 2023-cü il və 04 dekabr 2023-cü il tarixdə e-qaimə göndərmiş, cavabdeh həmin e-qaiməni aldığı tarixdən ən geci 15 gün müddətinə, yəni 19 dekabr 2023-cü il tarixədək ödəmək öhdəlyini yerinə yetirməmiş, bu üzdən cavabdehin malın dəyərinin ödənilməsi üçün yol verdiyi gecikmə gününün axımı 20 dekabr 2023-cü il tarixdən başlanmışdır. Yəni 20 dekabr 2023-cü il tarixdən başlayaraq cavabdeh 12 831,79 manat məbləğində pul vəsaitini ödəmədiyinə görə həmin pul vəsaitinə hər gecikmə gününə görə 0,01 faiz dəbbə pulu olmaqla, 20 may 2024-cü il tarixədək 192,47 manat məbləğində dəbbə pulu hesablanmışdır. Beləliklə də, cavabdehdən almış olduğu malın dəyəri qismində 12 831,79 manat, dəbbə pulu qismində 192,47 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia ilə məhkəməyə müraciət etmək üçün 25 may 2024-cü il tarixdə vəkillə hüquqi yardım haqqında müqavilə imzalamış və hüquqi yardım üçün 500 manat məbləğində pul vəsaiti ödəmişdir. Ona görə də həmin pul vəsaiti və ödənilmiş dövlət rüsumu da məhkəmə xərci kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 462.1, 462.3, 567, 598.1 və 598.2-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

10.İddiaya qarşı etiraz təqdim olunmuşdur.

11. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin iddiası əsassızdır. Belə ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Malların alqı- satqısına dair müqavilənin şərtlərinə iddiaçı tərəfindən əməl edilməmişdir. Müqavilənin 2.2-ci bəndindən göründüyü kimi malların təhvil verilməsinin xüsusi şərti müəyyən edilmişdir. Həmin şərtə əsasən İddiaçı MMC tərəfindən malların tam təhvil verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilməli idi. İş üzrə təqdim edilmiş sübutlardan da aydın olur ki, belə bir təhvil-təslim aktı yoxdur və alqı-satqı müqaviləsində satıcının təqdim etmək öhdəliyi olan mallar alıcıya təqdim edilməmişdir. Hazırda sübut qismində təqdim edilən elektron qaimə-fakturanın əsas bölməsində hər hansı təhvil-təslim aktına və ya digər təsdiqedici sənəd qeyd edilməmiş, sadəcə olaraq “xx.xx.2023 sifarishi GRand Heyat anbar” sözləri əks etdirilmişdir. Malların təhvil verilməsi təhvil-təslim aktı ilə həyata keçirilməli olan halda buna əməl edilməmiş, sübut qismində elektron qaimə-faktura göstərilmiş, lakin bu leketron qaimə-fakturada belə “Əsas” hissəsində heç bir təsdiqedici sənəd və ya məlumat verilməmişdir. Müqavilənin 2.6-cı bəndinə əsasən mallar Azərbaycan Respublikasında qəbul edilmiş standartlara cavab verməli, onlara uyğun tamlaşdırılmalı. qablaşdırılmalı, markalanmalı və Satıcı tərəfindən müəyyənləşdirilmiş ünvanda çatdırılmalıdırlar. Qeyd edilmiş iddia və əlavə edilmiş sənədlərdə malların satıcı tərəfindən alıcıya çatdırılması barədə heç bir məlumat yoxdur və bu sadəcə iddiaçının mülahizələri ilə təsdiq edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən Tərəflərin qarşılıqlı razılığı ilə Müqavilənin əlavələrində (X1) ayrı qayda nəzərdə tutulmamışdırsa. Malların dəyərinin 100%-i satıcı tərəfindən mallar müqavilə ilə nəzərdə tutulmuş qaydada tam şəkildə alıcıya təhvil verildikdən sonra malın təhvil-təslimini təsdiq edən qaimə-faktura və ya təhvil-təslim aktına və satıcının təqdim eldiyi ödəniş sənədlərinə (hesab-faktura, e-qaimə) əsasən alıcı tərəfindən həmin sənədlərin alındığı tarixdən etibarən 15 iş günü ərzində nağdsız hesablaşmalar qaydasında satıcıya ödənilir. Malların müqavilədə nəzərdə tutulmuş qaydada tam şəkildə alıcıya təqdim edilməsi isə yuxarıda qeyd edildiyi kimi müqavilənin 2.2-ci maddəsində göstərilmişdir və tam şəkildə malların alıcıya təhvil verilməsi “Təhvil- Təslim Aktı” ilə rəsmiləşdirilməli idi. İddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə edilmiş 3392,17 manat ödəniş tapşırığı və EBDT seriyalı 208716 nömrəli -qaimə işə əlavə edilmişdir. Ödəniş tapşırığına baxıldıqda ödənişin təyinatı və əsas bölməsində fərqli seriya və nömrəyə məxsus e- qaimələr göstərilmişdir. Müqavilənin qeyd edilmiş bəndlərindən də aydın olur ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliklərini tam şəkildə yerinə yetirməmiş və buna görə də müqavilədə nəzərdə tutulmuş ödənişləri tələb etmək hüququna malik deyildir. İddiaçı iddia ərizəsində təqdim etdiyi sübutların siyahısını qeyd etmiş və buraya “Təhvil-Təslim Aktı” adlı sənəd əlavə etmişdir. Hazırki iş üzrə təqdim edilmiş sübutların içərisində "Təhvil-Təslim Aktı” mövcud deyildir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış “Malların alqı-satqısı haqqında” 01 iyun 2023-cü il tarixli müqavilənin 8.6-cı maddəsinə görə alıcı satıcı tərəfindən malları müqavilə şərtlərinə uyğun olaraq alıcıya təhvil verməsi və müvafiq səndləşmənin aparmasına baxmayaraq malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01 % məbləğində dəbbə pulu ödəyəcək. İddiaçı öz iddia ərizəsində malların müqavilədə nəzərdə tutulmuş qaydada cavabdehə verilməsini qeyd etsə də, malları müqavilədə nəzərdə tutulmuş qaydada tam təhvil verməmiş və təhvil vermədiyi mallara görə dəbbə pulununda ödənilməsini istəyir. İddiaçı ilk növbədə müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirməli və daha sonra bu barədə hər hansı tələbi etməyə subyektiv hüququ mövcud olacaqdır. 12.Cavabdeh etirazın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 oktyabr 2017-ci il tarixli Q-12 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 №-li qərarına 78 nömrəli əlavədə “Təhvil-Qəbul Aktı”nın forması və rekvizitlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarına əsasən bu qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-cı, 2.2.9-cu yarımbəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının 2.5.3-cü yarımbəndinə istinad etmişdir.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

13. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

18. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.Həmin qaydaların: - 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. - 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; - 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. - 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. - 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. - 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. - 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. - 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

21. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

22. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

23. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə cavabdeh "xxxx" MMC (alıcı) arasında 01 iyun 2023-cü il tarixli NR xx/xx/2023 nömrəli malların alqı-satqısı haqqında müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etdiyini, cavabdehin isə həmin malların dəyərini tam şəkildə ödəmədiyini, nəticədə cavabdehin iddiaçıya ƏDV daxil 12.831,79 manat məbləğində borcu yarandığını əsas göstərərək alqı-satqı müqaviləsi üzrə borcun, eləcə də həmin borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsini tələb edir. Cavabdeh isə mübahisəli malların təqdim edilməsi ilə bağlı təhvil-təslim aktının mövcud olmamasını, malların onlara təqdim edilməməsini əsas göstərməklə iddiaya etiraz edir.

24. Göründüyü kimi işin mübahisəli halı ƏDV daxil 12.831,79 manat dəyərində malların iddiaçı tərəfindən cavabdehə təqdim edilib-edilməməsi ilə bağlıdır.

25. Malların təqdim edilməsi faktını təsdiq etmək üçün iddiaçı məhkəmə cavabdeh təşkilatda anbardar vəzifəsində işləmiş şəxsin imzası ilə təsdiq edilmiş təhvil-təslim aktlarını, eləcə də cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaimə-fakturaları təqdim etmişdir.

26. Tərəflər arasında müqavilə üzrə malların tam şəkildə təqdim edilməsinə dair Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş təhvil-qəbul aktının formasına uyğun təhvil-təslim aktının imzalanmaması barədə cavabdehin istinad etdiyi dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş sənədlərindən də göründüyü kimi tərəflər arasında əvvəllər də alqı-satqı əməliyyatları olmuş və cavabdehin istinad etdiyi formada təhvil-qəbul aktı imzalanmadan təqdim edilmiş malların dəyəri elektron qaimə-fakturalar əsasında cavabdeh tərəfindən ödənilmişdir. Odur ki, tərəflər arasında mallara görə ödənişlərin elektron qaimə-fakturalar əsasında ödənilməsi barədə işgüzar adət formalaşmışdır.

27. Beləliklə, mübahisəli malların təqdim edilməsinə dair cavabdeh şirkətdə anbardar vəzifəsində işləmiş şəxsin imzası ilə təsdiq edilmiş malların təhvil-təslim aktlarının mövcud olduğunu, həmin malların təqdim edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə elektron qaimələrin göndərildiyini, lakin cavabdehin onun üçün vergi öhdəlikləri yaradan həmin elektron qaimə-fakturaları düzəliş üçün qaytarmadığını və ya həmin qaimələrlə bağlı etirazını hər hansı digər formada iddiaçıya və ya vergi orqanına bildirmədiyini, tərəflər arasında əvvəllər də alqı-satqı əməliyyatlarının elektron qaiməfakturalar göndərilməklə rəsmiləşdirildiyini nəzərə alaraq hesab edir ki, hazırkı halda tədqiq edilmiş sübutların məcmusu ilə elektron qaimə-fakturalarda göstərilən malların cavabdehə təqdim edilməsi öz təsdiqini tapır.

28. Belə olan halda məhkəmə mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən aldığı malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 12.831,79 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

29. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 192,47 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

30. Cavabdeh "xxxx" MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Bundan əlavə o da qeyd edilməlidir ki, cavabdehdən tutulması tələb edilən dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək olmadığından onun azaldılması üçün əsas yoxdur.

31. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 131 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

32. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 129 manat təşkil edir.

33. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Bununla yanaşı məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 12.831,79 manat məbləğində əsas borc, 192,47 manat məbləğində dəbbə pulu, cəmi 13.024,26 manat məbləğində pul vəsaiti, vəkil xidmətinə çəkilmiş xərclərin əvəzi olaraq 500 və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. İddia verilərkən artıq ödənilmiş 2 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar