Məhkəmə qərarları › İş №e-2-2(113)-3946/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3946/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3946/2024 02.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və s” tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və s” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il tarixli 337 nömrəli “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilənin ləğv edilməsi, 17.944 manat gecikdirilmiş əsas borcun və 138 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 337 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə bağlanmış və bu müqaviləyə əsasən 01 ədəd Tümosan 8195 traktor və 1 ədəd 4 gövdəli kotan cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. "xxxx" ASC, Aqrar Kredit və İnkişaf Agentliyi və "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli 01/2020 nömrəli “Hüquq və öhdəliklərin ötürülməsi barədə Saziş” ilə lizinq portfeli üzrə "xxxx" MMC-yə məxsus bütün hüquq və öhdəliklər iddiaçı "xxxx" ASC-yə ötürülmüşdür (Sazişin 1 və 2-ci bəndləri). Cavabdeh1 müqavilə şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə cavabdehin lizinq müqaviləsi üzrə "xxxx" ASC qarşısında borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə izahatında borcu qəbul etdiyini, lakin borcu hissə-hissə ödəyə biləcəyini bildirdi.

4. İddiaçı və digər cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər, lakin iddiaçı tərəf məhkəməyə xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı və digər cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı və digər cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.

9. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).

10. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4)

11. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5)

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

13. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

14. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

15. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

17. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 337 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə bağlanmış, müqaviləyə əsasən 01 ədəd Tümosan 8195 traktor və 1 ədəd 4 gövdəli kotan cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir.

18. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 28.773,60 manat olan Tümosan 8195 traktor və 4 gövdəli kotan adlı kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.

19. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların bu müqavilənin 1.1-ci bəndində göstərilən 28.773,60 manat dəyərindən 8.773,6 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır.

20. xx.xx.2019-cu il tarixli 337 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı olaraq "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

21. Daha sonra, "xxxx" ASC, Aqrar Kredit və İnkişaf Agentliyi və "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli 01/2020 nömrəli “Hüquq və öhdəliklərin ötürülməsi barədə Saziş” ilə lizinq portfeli üzrə "xxxx" MMC-yə məxsus bütün hüquq və öhdəliklər iddiaçı "xxxx" ASC-yə ötürülmüşdür.

22. Müqavilələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

23. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.

24. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq borcunu ödəmək vəzifəsi yaranmışdır.

25. İş materiallarına əlavə olunmuş, tərəflərin imzaları ilə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli texnikanın təhvil verilməsinə dair aktdan görünür ki, xx.xx.2019-cu il tarixli 337 nömrəli lizinq müqaviləsi üzrə 01 ədəd Tümosan 8195 traktor və 01 ədəd 4 gövdəli kotan kənd təsərrüfatı texnikaları Cavabdeh1 təhvil verilmişdir.

26. Göründüyü kimi, ümumi dəyəri 28.773,60 manat olan lizinq obyektinin dəyərindən 8.773,6 manat məbləğində ilkin ödəniş edilmiş və müqavilə üzrə lizinq məbləği 20.000 manat təşkil etmişdir.

27. Məhkəmənin iclaslarında iştirak edən cavabdeh iddianı qəbul etdiyini, texnikaların ona təhvil verildiyini mübahisələndirmədiyini, ilkin ödənişdən başqa 11 ay müddətində aylıq 286 manat ödəniş etdiyini, daha sonra NBC Lizinq şirkətinin ləğv edildiyini və ödənişləri ödəmək üçün şirkət olmadığını qeyd edərək ödəniş edə bilmədiyini, sonradan maddi vəziyyətində yaranmış çətinliklərlə əlaqədar borcu ödəyə bilmədiyini, qalıq borcu yalnız hissə-hissə ödəyə biləcəyini bildirmişdir.

28. Sonradan, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək lizinq müqaviləsi üzrə 17.944 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

29. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən də görünür ki, Cavabdeh1 tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə 334 manat, xx.xx.2019-cu il tarixdə 334 manat, xx.xx.2019-cu il tarixdə 304,26 manat, həmin tarixdə 869,3 manat, 173,86 manat olmaqla, cəmi 2.015,42 manat məbləğində ödəniş edilmişdir.

30. İş materiallarına iddia tələbi dəyişdirildikdən sonra əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından da görünür ki, Cavabdeh1 iddiaçıya xx.xx.2019-cu il tarixli 337 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə borcu 17.944 manat təşkil edir.

31. Məhkəmə qeyd edir ki, 20.000 manatdan (lizinq məbləği) 2.015,42 (ödənişlər) çıxıldıqda 17.984,58 manat edir.

32. Lakin, məhkəmə iddiaçının iddia tələbini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə 17.944 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

33. Məhkəmə, "Prior Leasing” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinin ləğv edilməsi ilə qeyd edir ki, qeyd edilmiş xx.xx.2019-cu il tarixli 337 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə öhdəliklərin icra edilməsi cavabdeh tərəfindən pozulduğundan xx.xx.2019-cu il tarixli 337 nömrəli lizinq müqaviləsi ləğv edilmiş hesab edilməlidir.

34. Bundan başqa, məhkəmə qeyd edir ki, dövlət rüsumunun əvəzi olaraq 138 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

35. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 138 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

36. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. "Prior Leasing” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi ləğv edilmiş hesab edilsin. xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən 17.944 (on yeddi min doqquz yüz qırx dörd) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "Prior Leasing” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 tutularaq "Prior Leasing” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar