Məhkəmə qərarları › İş №e-2-2(113)-395/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-395/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-395/2021 27.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyəli Cəmiyyətinə qarşı borcun tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış № QSZA 224/1118 nömrəli 07 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında, ödənilməmiş qalıq 37224,96 manat məbləğində əsas borcun (ƏDV ilə birlikdə), borc ödənilmədiyinə görə bank üçot dərəcəsi kimi hesablanmış 5955,9 manat məbləğində pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 134136 manat cərimə məbləğinin, hüquqi xidmətə görə ödənilmiş 1000 manat məbləğində pulun və 30 manat məbləğinə dövlət rüsumunun Cavabdeh MMC tərəfindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, satıcı - İddiaçı MMC ilə alıcı – Cavabdeh MMC arasında bağlanmış QSZA 224/1118 nömrəli, 07 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, alıcı müqaviləyə əlavə edilən qaimə-fakturada göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və həmin malın müqabilində satıcıya qaimə-faktura/hesab - fakturada nəzərdə tutulmuş qiyməti ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişa alıcıya təqdim olunmuş qaimə/hesab faktura əsasında, həmin qaimə/hesab fakturanın tarixindən 30 təqvim günü müddətinə ödənilir. Müqavilənin 6.2-ci bəndinə görə satıcı müqavilə ilə müəyyən edilmiş vaxtda malı alıcıya qismən təhvil verdikdə və ya ümumiyyətlə təhvil vermədikdə, alıcı satıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi qiymətinin 1% həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Müqavilə iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış mallar bir neçə partiya üzrə Cavabdeh MMC-yə təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən təqdim edilmiş çoxsaylı elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən yalnız bir qismi ödənilsə də 18 sentyabr 2020-ci il tarixli arayışa əsasən Cavabdeh MMC-nin iddiaçıya 33349,47 manat əsas, 3875,49 manat ƏDV ödənilməmiş borcu vardır. Bundan əlavə iddiaçı həmin məbləği keçən müddət ərzində banka depozit hesabına qoysaydı, xeyli miqdarda gəlir əldə edə bilərdi. Cavabdeh iddiaçıya ödəməli olduğu borcu 2 il ərzində ödəməməklə iddianı əldə edəcəyi mənfəətdən məhrum etməklə maddi ziyan vurmuşdur. Odur ki, cavabdeh tərəfindən borc ödənilmədiyi üçün bank faizinin uçot dərəcəsi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən olan çıxarışa əsasən, 2018-ci ildən bugündək bank faizinin uçot dərəcəsi 8 % (orta faiz dərəcəsi) təşkil edir. Ona görə bank faizinin uçot dərəcəsi kimi hesablanmış 5955,9 manat (37224,96 x 8 % x 2 il) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə istinadən, 02.05.2019-cu il tarixli elektron qaimədən qalıq 15223,86 manat məbləğində borc məbləği bugünədək ödənilməmişdir. Həmin məbləğ elektron-qaimənin vurulduğu gündən 30 gün müddətində (01.06.2019-cu ilədək) ödənilməli olsa da, bugünədək ödənilməmişdir. Odur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, hər gecikdirilən gün üçün 1% cərimə məbləği ödənilməlidir. Beləliklə qalıq 15223,86 manat məbləğində borca görə 18.09.2020ci il tarixədək olan müddətə görə 72313 manat (15223,86 x 1% x 475 gün) pul ödənilməlidir. Həmçinin 18.11.2019-cu il tarixli elektron-qaimə əsasında ödənilməli olan 22001,10 manat pul 18.12.2019-cu ilədək ödənilmədiyindən, hər gecikdirilən gün üçün 1% olmaqla, 18.09.2020-ci il tarixə 61823 manat (22001,10 x 1% x 281 gün) cərimə məbləği ödənilməlidir. Beləliklə, qüvvədə olan qanunvericiliyə və alqı-satqı müqaviləsinə əsasən, cəmi 134136 manat cərimə məbləği də cavadeh Cavabdeh MMC tərəfindən ödənilməlidir. Bundan əlavə, qeyd olunan borc məbləğinin tutulması ilə bağlı hüquqi xidmət göstərilməsi ilə əlaqədar iddiaçı tərəfindən “xxxx” MMC-yə birinci instansiya məhkəməsi üçün 1000 manat məbləğində ödəniş edilmişdir. İddiaçının nümayəndəsi Vəkil izahatında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış QSZA 224/1118 nömrəli 07 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən alıcı müqaviləyə əlavə edilən qaiməfakturada göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və həmin Malın müqabilində satıcıya qaiməfaktura/hesab fakturada nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. - 04.03.2019-cu il tarixli, İNV-190255 saylı hesab fakturaya əsasən 41442,78 manat daəyərində mal Cavabdeh MMC-yə verilmiş və ödəniş şərtləri isə 40% avans ödənişi, 60% təslim tarixindən 30 gün ərzində ödənilməsi kimi nəzərdə tutulmuşdur. - EAAT seriyalı, 910232 saylı 02.05.2019-cu il tarixli elektron qaiməyə əsasən 19441,68 manat dəyərində və EBAC seriyalı, 604393 saylı 18.11.2019-cu il tarixli elektron qaiməyə əsasən Cavabdeh MMC-yə 22001 manat məbləğində mallar təqdim olunmuşdur. - 31.08.2020-ci il tarixli üzləşmə aktına əsasən “X1” MMC-nin İddiaçı MMC-yə 31.08.2020-ci il tarixinə mal-material üzrə 37224,76 manat borcu qalmışdır. - 18.09.2020-ci il tarixli arayışa əsasən Cavabdeh MMC-nin cari tarixə 37224,96 manat ödənilməmiş borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşdən göründüyü kimi İddiaçı ilə Cavabdeh” MMC arasında QSZA 224/1118 nömrəli 07 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, “Satıcı” bu müqaviləyə əlavə edilən qaimə-fakturada göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və hesab fakturada nəzərdə tutulmuş qiyməti ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, bu müqavilə üzrə ödəniş, alıcıya təqdim olunmuş qaimə/hesab faktura əsasında, həmin qaimə/hesab fakturanın tarixindən 30 təqvim günü müddətinə ödənilir. Cavabdeh tərəfindən təqdim edilmiş çoxsaylı elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən yalnız bir qismi ödənilmiş, qalan məbləğ hal – hazıradək ödənilməmişdir. Həmçinin 31.08.2020-ci il tarixli üzləşmə aktına əsasən “X1” MMC-nin İddiaçı MMC-yə 31.08.2020-ci il tarixinə malmaterial üzrə 37224,76 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, əsas borc məbləği olan 37224,96 manat hissədə işin mübahisəsiz halını təşkil etdiyindən iddia həmin məbləğdə pul vəsaitinin tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia illik bank uçot dərəcəsi əsas götürülməklə faizlərin tutulması hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 37224,96 manat əsas borca 134136 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 134136 manat dəbbə pulunun miqdarı azaldılaraq 1000 manat miqdarında müəyyən edilməlidir. Bundan başqa məhkəmə 1000 manat vəkil xidməti ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan hallarından və məhkəmə prosesi zamanı iddiaçı tərəfindən belə 1000 manat xidmət haqqı ilə bağlı ödəniş tapşırığını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, 37224,96 manat əsas borca görə 1000 manat hüquqi yardım xərci çəkilməsi ağlabatan məbləğ hesab olunmadığına görə, həmin məbləğ 300 manat həddində müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 7 manat və hüquqi yardım üçün ödənilmiş xidmət haqqının əvəzi qismində 300 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyəli Cəmiyyətinə qarşı borcun tutulması barədə iddiası qismən təmin edilsin. 37224,96 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə olmaqla ümumilikdə 38224,96 manat məbləğində pul vəsaiti Cavabdeh Məhdud Məsuliyyəli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 7 manat və hüquqi xidmətə görə ödənilmiş vəsaitin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti Cavabdeh Məhdud Məsuliyyəli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar