Məhkəmə qərarları › İş №e-2-2(113)-395/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-395/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-395/2023 10.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Ağahüseyn oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Ağahüseyn oğluna qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Ağahüseyn oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağahüseyn oğlundan 27 aprel 2021-ci il tarixli, KTA-KTT-21/4448 nömrəli lizinq müqaviləsi üzrə 11.068,11 manat borc, 19 fevral 2020-ci il tarixli KTA-KTT-20/0590 nömrəli lizinq müqaviləsi üzrə 1.251,18 manat borc olmaqla, ümumilikdə, 12.319,29 manat məbləğin, həmçinin, 100 manat məbləğində ödənilmiş mediasiya xərcinin və dövlət rüsumu olaraq ödənilmiş 27 manat həcmində vəsaitin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 19 fevral 2020-ci il tarixli KTA-KTT-20/0590 nömrəli və 27 aprel 2021-ci il tarixli, KTA-KTT-21/4448 nömrəli müqavilələrə xitam verilməsi; lizinq obyektləri olan 1 ədəd class dominator 130 markalı kombayn və 1 ədəd X5 4.90 markalı kombaynın saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 19 fevral 2020-ci il tarixli KTA-KTT-20/0590 nömrəli və 27 aprel 2021-ci il tarixli, KTA-KTT-21/4448 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqavilə”ləri bağlanmış və həmin müqavilələrə əsasən 1 ədəd class dominator 130 markalı kombayn və 1 ədəd X5 4.90 markalı kombayn cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Cavabdeh müqavilələrin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2022-ci il tarixli, PLX-22/0064 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa qeyd edirik ki, xx.xx.2022-ci il tarixdə, saat 14:30-da təyin edilmiş ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş, ilkin mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir.

3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 445.2.1, 748-1.5, 748-2.3 və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi və lizinq obyektinin geri qaytarılması tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748- 1.12, 748-1.12.4-cü maddələri təşkil edir.

10. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).

11. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4).

12. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

13. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

15. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın “19 fevral 2020-ci il tarixli KTA-KTT-20/0590 nömrəli və 27 aprel 2021-ci il tarixli, KTA-KTT-21/4448 nömrəli müqavilələrinə xitam verilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir.

16. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Ağahüseyn oğlu arasında 19 fevral 2020-ci il tarixli KTA-KTT-20/0590 nömrəli və 27 aprel 2021-ci il tarixli, KTA-KTT-21/4448 nömrəli lizinqi müqavilələri bağlanmışdır. 19 fevral 2020-ci il tarixli KTA-KTT-20/0590 nömrəli lizinq müqaviləsi üzrə 1 ədəd class dominator 130 markalı kombayn, 27 aprel 2021-ci il tarixli, KTA-KTT-21/4448 nömrəli lizinq müqaviləsi üzrə 1 ədəd X5 4.90 markalı kombayn Cavabdeh Ağahüseyn oğluna təhvil verilmişdir.

17. İddiaçı tərəf hazırda, cavabdehin xx.xx.2022-ci il tarixədək yaranmış borcunu tələb edir.

18. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh Ağahüseyn oğlu müqavilənin bağlandığını, texnikaları təhvil aldığını, xx.xx.2023-cü il tarixli hazırlıq iclasında da, borcun qaldığını qəbul etmiş, ancaq verilmiş class dominator 130 markalı kombaynın nasaz işlədiyini bildirmişdir.

19. Göründüyü kimi, tərəflər arasında lizinq müqavilələri bağlanmış, müqavilələr üzrə 1 ədəd class dominator 130 markalı kombayn və 1 ədəd X5 4.90 markalı kombayn lizinq alana təhvil verilmişdir. Lizinq alan tərəfindən lizinq ödənişləri vaxtı-vaxtında edilmədiyi üçün borc yaranmış və nəticədə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir.

20. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.

21. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq obyektini qaytarmaq vəzifəsi, eyni zamanda borcunu ödəmək vəzifəsi yaranmışdır.

22. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli şəkildə təhlilindən aydın olur ki, Cavabdeh Ağahüseyn oğlunun xx.xx.2022-ci il tarixə 27 aprel 2021-ci il tarixli lizinq müqaviləsi üzrə 11.068,11 manat borc, 19 fevral 2020-ci il tarixli lizinq müqaviləsi üzrə 1.251,18 manat ödənilməmiş borcu qalmışdır.

23. Ona görə də, qeyd edilmiş məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə həmçinin qeyd edir ki, class dominator 130 markalı kombaynın hər hansı bir hissəsinin nasaz işləməsi, lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməməsi üçün əsas ola bilməz.

25. Göründüyü kimi, cavabdeh tərəfindən lizinq obyektindən istifadə üçün haqq müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir. Belə olan halda, cavabdeh müqavilələr üzrə verilmiş 1 ədəd class dominator 130 markalı kombayn və 1 ədəd X5 4.90 markalı kombaynın saz və işlək vəziyyətdə "xxxx" ASC-yə qaytarmalıdır.

26. Bundan başqa, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində pulun və 27 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmişdir.

27. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

28. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

29. Kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

30. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından və 8.10.2022ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərci Bakı 9 saylı mediasiya təşkilatına ödənmişdir.

31. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, 27 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi məqsədi ilə dövlət büdcəsinə ödənilmişdir.

32. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

33. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 27 aprel 2021-ci il tarixli, KTA-KTT-21/4448 nömrəli lizinq müqaviləsi üzrə 11.068 (on bir min altmış səkkiz) manat, 11 (on bir) qəpik, 19 fevral 2020-ci il tarixli KTA-KTT-20/0590 nömrəli lizinq müqaviləsi üzrə 1.251 (bir min iki yüz əli bir) manat, 18 (on səkkiz) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Lizinq obyekti olan 1 ədəd class dominator 130 markalı kombayn və 1 ədəd X5 4.90 markalı kombayn saz və işlək vəziyyətdə Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 (iyirmi yeddi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar