Məhkəmə qərarları › İş №e-2-2(113)-395/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-395/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-395/2024 07.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, respondeat superior, sübutetmə vəzifəsi, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların alqı-satqı müqaviləsi üzrə 59820,54 manat əsas borc və 410 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2004/22 nömrəli malların alqı-satqı müqaviləsinə müvafiq olaraq iddiaçı cavabdehin sifarişləri əsasında sonuncunu mallar ilə təmin etməyi, cavabdeh isə malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh malların dəyərini malların təhvil verildiyi tarixdən 3 iş günü ərzində nağd şəkildə və ya hesablaşma hesabına ödəməyi öhdəsinə götürmüşdür. 2.2. Adıçəkilən müqavilə üzrə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində ümumilikdə 76207,54 manat məbləğində mal cavabdehə təqdim edilmiş və bununla bağlı tərəflərin imzası təsdiq edilən malların təhvilqəbul aktları tərtib edilmişdir. Cavabdeh tərəfindən malların qəbul edilməsinə baxmayaraq, onların dəyərindən xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 5207 manat, xx.xx.2023-cü il tarixdə 180 manat, xx.xx.2023-cü il tarixdə 10000 manat olmaqla ümumilikdə 16387 manat ödənilmiş, 59820,54 manat hissə isə ödənilməmişdir. 2.3. İddiaçı tərəfindən borc məbləğinin ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Daha sonra qeyd olunan tələblə bağlı mediasiya müraciəti göndərilmiş, cavabdeh mediasiya prosesində iştirak etmədiyinə görə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/10-00587 nömrəli arayış verilmişdir. Həmçinin borc məbləğinin ödənilməsi tələbi ilə bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 598-ci və s. maddələr göstərilmişdir.

4. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi X9 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər mötəbər sübut hesab oluna bilməz. Belə ki, məhkəmənin elektron sisteminə “pdf” formatda əlavə edilmiş təhviltəslim aktları həmin sənədlərin əsli yox, surətləridir. Sahibkarlıq sahəsində formalaşmış işgüzar adətlərə görə, mal təhvil verilərkən təhvil-təslim aktı bir sənəd üzərində tərtib olunur, digər sənədə onun surəti çıxarılır, sənədin əsli satıcıda qalır, surəti alıcıya verilir. İddia edilən malların təqdim edilib-edilməməsi isə alıcı tərəfindən yalnız təhvil-təslim aktlarının əsilləri əsasında sübut oluna bilər. 5.2. Məhkəməyə təqdim edilmiş təhvil-təslim aktları pozulmaz mürəkkəbli qələmlə yox, karandaşla doldurulmuşdur. Sahibkarlıq sahəsindəki işgüzar qaydalara görə, malların təhvili barədə aktlar mütləq şəkildə pozulmaz mürəkkəbli qələmlə doldurulmalıdır ki, sonradan hər hansı şəxs tərəfindən aktlarda dəyişikliklər edilməsin. Cavabdeh tərəfindən də bu qaydaya bütün təchizatçıları ilə olan işgüzar münasibətlərdə əməl olunmuş, heç vaxt təhvil-təslim aktları pozulub düzəliş edilmə imkanı verən sadə qrafit karandaşla doldurulmamışdır. Bu da öz növbəsində təsdiq edir ki, təhvil-təslim aktları əslində iddiaçının özü tərəfindən doğru olmayan məlumatlar əsasında hazır edilmişdir. 5.3. Təhvil-təslim aktlarında cavabdehin nümayəndəsi qismində aktı imzaladığı göstərilmiş Cavid adlı şəxsə heç vaxt təhvil-təslim aktlarının təsdiq edilməsi, təchizatçılardan malların təhvil götürülməsi vəzifəsi həvalə edilməyib, bu səlahiyyət ona verilməyib. Təhvil-təslim aktlarında cavabdehin nümayəndəsi qismində aktı imzaladığı göstərilmiş X3 da eyni formada malların qəbulu vəzifəsi cavabdeh tərəfindən həvalə olunmamış, əmək müqaviləsi bildirişindən göründüyü kimi, onun vəzifəsi “kassir” olmuşdur. 5.4. Məhkəməyə təqdim edilmiş bəzi təhvil-təslim aktlarında, ümumiyyətlə, "xxxx" MMC-nin adından əlavə digər şirkətlərin də adı (“Maqro”) qeyd edilmişdir. Bir sıra aktlarda imzalayan (təhvil alan) şəxsin adı qeyd edilməmişdir. Bu da həmin aktlarda əks olunmuş məlumatların həqiqiliyinə şübhə yaradan digər faktdır. Bir sıra aktlar isə sadə karandaşla yazılmasına baxmayaraq, mürəkkəbli qələmlə təhvil alan şəxsin adı əlavə edilmişdir. Təhvil-təslim aktlarındakı boş qalmış sətirlər açıq saxlanılmışdır. Belə ki, cavabdeh tərəfindən təchizatçılardan mal təhvili aparılarkən ticarət sahəsində formalaşmış işgüzar qaydaya əsasən təhvil-təslim aktlarındakı boş qalmış sətirlər, sonradan sənədi saxlayan şəxs tərəfindən əlavə məlumat daxil edilməsinin qarşısının alınması məqsədilə mürəkkəbli qələmlə cızılaraq, boş sətirlər korlanır. Halbuki elektron sistemdəki heç bir aktda bu formada qeydlər yoxdur. Bu da həmin təhvil-təslim aktlarının iddiaçının özü tərəfindən doldurulmasının sübutudur.

6. İddiaya etirazda hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 77 və 89-cu maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndə və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.

8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, xx.xx.2022-ci il tarixli 2004/22 nömrəli müqavilə üzrə ümumi mal dövriyyəsi 76207,54 manat olmuşdur. Həmin malların dəyərindən 16387 manat ödənilmişdir. Mallar təhvilqəbul aktları və elektron qaimə əsasında verilmiş, hər hansı digər sənədləşmə olmamışdır. Təhvil-qəbul aktlarının ikinci nüsxəsi iddiaçıda saxlanılmış, birinci nüsxəsi isə cavabdehə verilmişdir. Müqavilənin qiyməti ödənilmədiyindən malların verilməsi də dayandırılmışdır.

9. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını xahiş etdi.

10. Cavabdehin nümayəndəsi X6 iddiaya etiraz etdi və qeyd etdi ki, 2023-cü ilin avqust-sentyabr aylarından cavabdehin maliyyə məsələlərinə nəzarət etməyə başlamış, bu zaman müəyyən pozuntular aşkar etmiş və kənar audit dəvət etmişdir. Müəyyən olunmuşdur ki, cavabdehin bir qrup əməkdaşı kölgə şirkət yaratmış, ayrı-ayrı şirkətlərdən aldığı malları öz şirkətlərinin anbarlarına yönəltmiş, cavabdehin maliyyə vəsaitlərini mənimsəmişlər. Həmin şəxslər isə cavabdehdən uzaqlaşdırılmış, əməllərinə hüquqi qiymət verilməsi üçün materiallar toplanır və bu barədə polisə məlumat veriləcəkdir. İddiaçının iddia etdiyi malların cavabdehə təqdim etməsi isə sübut olunmur. Belə ki, işgüzar praktikaya görə, təhvil-təslim aktlarının əsli malları təqdim edən şəxsdə saxlanılır, surəti isə malları qəbul edən şəxsə verilir. Lakin iş materiallarında yalnız təhvil-qəbul aktlarının surəti vardır. Bu isə onu deməyə əsas verir ki, həmin sənədlər sonradan tərtib edilmişdir. Güman ki, əslində mallar təqdim edilməmişdir.

11. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi bildirdi ki, 19 sentyabr 2023-cü il tarixində edilən ödəniş onun tapşırığı ilə edilmişdir. Belə ki, iddiaçının nümayəndəsi cavabdehin ofisinə gəlmiş, hay-küy salmış, bu səbəbdən də müəyyən ödəniş edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 2004/22 nömrəli malların alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə sifariş edilən malları satmağı, cavabdeh isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş malların dəyərindən xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 4412,71 manat, xx.xx.2023-cü il tarixdə 8474,58 manat iddiaçının bank hesabına, xx.xx.2023-cü il tarixdə 794,29 manat, xx.xx.2023-cü il tarixdə 180 manat, xx.xx.2023-cü il tarixdə 1525,42 manat isə ƏDV subhesabına ödənilməklə ümumilikdə ƏDV daxil olmaqla 16387 manat ödəniş edilmişdir.

16. İddiaçı xx.xx.2022-ci il tarixli 2004/22 nömrəli malların alqı-satqı müqaviləsi üzrə təhvil-qəbul aktları və elektron qaimələr əsasında cavabdehə ümumilikdə ƏDV daxil olmaqla 76207,54 manat dəyərində mal verildiyini və malların qalıq dəyərini – 59820,54 (76207,54 – 16387) manat məbləğində pulun tutulmasını tələb edir.

17. Cavabdeh iddiaya etiraz edərək təhvil-qəbul aktlarının əslinin təqdim edilmədiyini, təqdim edilən surətlərin mötəbər olmadığını, təhvil-qəbul aktlarında adları qeyd edilən şəxslərin malları təhvil almaq səlahiyyətlərinin olmadığını, cavabdehin bir qrup əməkdaşı tərəfindən mənimsənilməyə yol verildiyi və malların başqa şirkətə yönəldildiyini bildirir və iddianın rədd olunmasını xahiş edir.

18. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə ƏDV daxil olmaqla 76207,54 manat dəyərində malın verilməsi 111 elektron qaimə tərtib edilərək rəsmiləşdirilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, qaimələrin “əsas qeyd” hissəsində tərəflər arasındakı müqavilənin tarix və nömrəsinə, “əlavə qeyd” hissəsində isə malların təhvil-qəbul aktlarının nömrəsinə istinad edilmişdir.

20. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.1.2-ci bəndinə əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür.

21. Göründüyü kimi, maliyyə qanunvericiliyində malların alışına dair elektron qaiməfakturanın elektron sistem vasitəsilə alıcının kabinetinə göndərilməsi malların təqdim edilməsinin sənədləşdirilməsi üçün kifayət hesab edilir.

22. Digər tərəfdən, ilkin uçot sənədi hesab edilən və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 iyul 2020-ci il tarixli Q-16 №-li qərarı ilə təsdiq edilən “malların təhvil-qəbul aktı”nın 2 nüsxədə tərtib edilməsi şərtləndirilsə də, nüsxələrdən hər hansı birinin digərinə görə üstün hüquqi qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, müqavilə tərəflərinin hər ikisi kommersiya hüquqi şəxsidir və hər iki hüquqi şəxsdə mühasibat uçotu subyektləri kimi müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun mühasibat uçotu aparılır. Belə olan halda, malların təhvil-qəbul aktlarından yalnız birini həqiqi hüquqi qüvvəyə malik hesab etmək və tələb etmək mühasibat uçotu qanunvericiliyinə də uyğun deyildir. Başqa sözlə, cavabdeh tərəfin bu yanaşması hüquqi əsasa malik deyildir.

23. Bununla yanaşı, malların təhvil-qəbul aktlarının mötəbərliyi ilə bağlı qeyd edilməlidir ki, cavabdehə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək elektron qaimə-fakturalar göndərilmiş, həmin elektron qaimə-fakturalarda malların təhvil-qəbul aktlarının nömrələrinə istinad edilmişdir. Elektron qaimələr sistem tərəfindən təsdiq edildikdən sonra onlara cavabdehin razılığı olmadan dəyişiklik edilməsinin mümkün olmadığını nəzərə alan məhkəmə qeyd edir ki, iddiaçıda saxlanılan təhvil-qəbul aktlarının sonradan dəyişdirilməsi mümkün deyildir. Belə ki, təhvil-qəbul aktları ilə elektron qaimələri müqayisəli təhlil etdikdə hər bir elektron qaimənin istinad etdiyi aktla eynilik təşkil etdiyi, akt və elektron qaimədə qeyd edilən məhsullarda fərqliliklərin olmadığı görünür.

24. Təhvil-qəbul aktlarının mötəbərliyini şübhə altına alan cavabdehin nümayəndəsinin ikinci arqumenti isə X2 istisna olmaqla digər şəxslərin malları qəbul etmək səlahiyyətinin olmamasıdır.

25. Halbuki məhz xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən edilmiş 8474,58 manat (ƏDV-siz) ödənişin təyinatı kimi EBBV 349788, EBBV 355399, EBBV 360476, EBBV 360870, EBBV 361008, EBBV 364664, EBBV 362316, EBBV 363657, EBBV 363918, EBBV 364192 seriya və nömrəli elektron qaimələrə istinad edilmişdir və xx.xx.2022-ci il tarixli EBBV 360870 seriya və nömrəli elektron qaimə-fakturanın əsası olan 00018 nömrəli akt Cavid adlı şəxs tərəfindən, EBBV 361008 seriya və nömrəli elektron qaimə-fakturanın əsası olan 00019 nömrəli akt Elmar adlı şəxs tərəfindən, EBBV 363657 seriya və nömrəli elektron qaimə-fakturanın əsası olan 00034 nömrəli akt Ramil adlı şəxs tərəfindən, EBBV 363918 seriya və nömrəli elektron qaimə-fakturanın əsası olan 00035 nömrəli akt Ramil adlı şəxs tərəfindən və s. imzalanmışdır.

26. Belə olan halda, yəni yalnız X1 malları qəbul etmə səlahiyyəti olduğu halda, digər şəxslərin qəbul etdiyi malların da dəyərinin ödənilməsinin səbəbləri barədə cavabdehin nümayəndəsi tutarlı dəlillər irəli sürə bilməmişdir. Başqa sözlə, cavabdeh öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məhkəmə icraatında mübahisələndirmişdir.

27. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).

28. Cavabdehin bir qrup əməkdaşının mənimsəməyə yol verməsi və malları qəbul edərək digər şirkətə yönəltməsi ilə bağlı isə aşağıdakılar göstərilməlidir.

29. Əvvəla, qeyd edilməlidir ki, həmin faktları təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, yalnız cavabdehin nümayəndəsi bu barədə izahat vermişdir.

30. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

31. Adıçəkilən faktlarla bağlı cavabdehin etirazının əsası kimi istinad etdiyi hallarla bağlı sübutu işdə iştirak edən şəxslərin izahatlarından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

32. Digər tərəfdən, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir.

33. Eyni zamanda nəzərə alınmalıdır ki, hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır. Onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se – başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir).

34. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin – rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

35. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır.

36. Bu mənada cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır. İstisnanı isə iddiaçının cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olması təşkil edir.

37. Cavabdeh tərəf isə iddiaçının belə bir məlumatlılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, güman və formal mülahizələrini çatdırmışdır. Halbuki mülki hüquq subyektlərinin vicdanlılığı prezumpsiya edilir və əksi sübut edilənədək bu qayda rəhbər tutulur. Cavabdeh isə iddiaçının cavabdehlə olan öhdəlik münasibətində vicdanlı olmadığını sübut edə bilməmişdir.

38. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaya etirazı əsassız olmuşdur.

39. Belə olan halda, məhkəmə alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

40. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

41. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

42. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

43. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

44. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

45. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

46. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

47. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

48. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

49. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

50. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

51. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

52. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2022-ci il tarixli 2004/22 nömrəli malların alqı-satqı müqaviləsi 59820,54 manat (111 elektron qaimə əsasında verilmiş malların dəyəri: ƏDV daxil olmaqla 76207,54 manat – ödənilmiş: ƏDV daxil olmaqla 16387 manat) məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

53. İddiaçı həmçinin 410 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş edir.

54. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/10-00587 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

55. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

56. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

57. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin sentyabr-oktyabr ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

58. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin olunsun. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 59820 (əlli doqquz min səkkiz yüz iyirmi) manat 54 (əlli dörd) qəpik məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar