Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3950/2023 03.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə fiziki şəxs İddiaçı arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli 168 saylı müqavilənin dəyəri olan ödənilməmiş 51.315 manat, illik 5 faiz olmaqla 1924 manat dəbbə pulu və mediasiya xərci üçün ödənilmiş 400 manat, eləcə də həmin hüquqların müdafiəsi üçün 100 manat vəkil xidmət haqqı və order marka xərci olmaqla, ümumilikdə 53.739 manat və dövlət rüsumunun Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 168 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı) alıcıya (Cavabdeh MMC) avtomobil şinlərini satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilədə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəliyinə götürmüşdür. 30 noyabr 2022-ci il tarixli 168 nömrəli müqaviləyə edilmiş 01 saylı əlavəyə əsasən tərəflər arasında malların qiyməti barədə razılığa gəlinmişdir. Bundan başqa satıcı İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 000127 nömrəli və xx.xx.2022-ci il tarixli, 000106 nömrəli malların təhvil-qəbul aktlarına əsasən 51.315 manat dəyərində avtomobil şinləri alıcıya təhvil verilmiş və həmin aktlarda alıcı Cavabdeh MMC-nin direktoru Nümayəndə malları təhvil almasını təsdiq etmişdir. Sənədlərdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli EBCC seriyalı 398805 saylı malların təqdim edilməsi haqqında elektron qaiməyə əsasən 25.657,92 manat və xx.xx.2022-ci il tarixli EBCL seriyalı 873141 saylı elektron qaiməyə əsasən 25.657,92 manat dəyərində avtomobil şinləri Cavabdeh MMC-yə təqdim edilmişdir. 30 noyabr 2022-ci il tarixli 168 nömrəli müqavilənin 2.3-cü bəndinə əsasən alıcı bu müqavilə üzrə müəyyən olunmuş malın qiymətini tam şəkildə, malı təhvil aldığı tarixdən 10 gün ərzində nəgd və ya köçürmə yolu ilə satıcıya ödəməlidir. Dəfələrlə şifahi şəkildə müraciət etmələrinə və xx.xx.2022-ci il tarixində rəsmi qaydada pretenziya məktubu ünvanlamaqlarına baxmayaraq cavabdeh şini Cavabdeh MMC tərəfindən bu günə qədər hər hansı müsbət cavab tədbiri görülməmiş, ödəniş həyata keçirilməmişdir. Tərəflər arasında aparılmış mediasiya prosesinin nəticələrinə dair xx.xx.2023-cü il tarixli arayışdan göründüyü kimi tərəflər arasında razılıq əldə olunmamışdır. Daha sonra xx.xx.2023-cü il tarixində iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək iddia tələbinin həcmini 82.080 manat (160x513=82.080) artıraraq ümumilikdə 135819 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizə geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Vəkil1 həmçinin izahatında bildirmişdir ki, mübahisəli elektron qaimə sistem tərəfindən təsdiqlənsə belə, cavabdeh də qaiməyə etiraz etməyib. Tərəflərin müqavilə olmadan malları təhvil verməsi hər hansı bir norma ilə məhdudlaşdırılmır. Direktor müavini hazırda da şirkətdə çalışır. Səlahiyyətlərindən kənara çıxaraq aktı imzalasa idi, hər halda sonradan direktor təyin edilməzdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, birinci qaimə sistem tərəfindən təsdiqlənib, ikinci qaiməni isə onlar təsdiqləmişlər. Vəkil2 həmçinin izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul və etiraf edirlər. Avqust ayında tərəflər arasında müqavilə münasibətləri yaranmamışdır. Təhvil-təslim aktlarında möhür yoxdur. Eyni zamanda təhvil-təslim aktını imzalayan şəxsin səlahiyyətlərinin olmaması barədə sənədi təqdim edəcəkdir. Hesab edir ki, qaimə və akt pul tələbinin əsaslılığını təsdiq etmir. Onlar sadəcə 72 ədəd təkəri təhvil almışlar. Odur ki, ddia qismən təmin edilməlidir. Vəkil2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, təsisçi ilə direktor arasında bu məsələ ilə bağlı mübahisə yaranıb. Direktor bilmədən aktı imzalayıb. O bildirib ki, tərəflər arasında olan razılaşmaya əsasən mallar təhvil alınmalı idi. Lakin bu təhvil-təslim prosesi noyabr ayında baş tutub. İddiaçı ilə cavabdeh şirkətinin rəhbərliyi arasında işgüzar münasibətlər və qarşılıqlı etimad əvvəldə olub və bu səbəblə akt tərəflərindən imzalanıb. Hazırda direktor Ş.Mehdiyevdir. Hazırda direktorun vəzifədən azad edilməsi üçün tədbirlər görülür. Noyabr ayında müqavilə bağlanıb və qiymətlərin razılaşması protokolunda göstərilən sayda təkər götürülüb. Lakin qarşı tərəfin avqust ayı üçün təqdim etdiyi elektron qaiməyə istinad etməyi əsassızdır. Belə ki, həmin vaxt müqavilə belə yox idi. Şabəddin müəllim qeyd edilən dövrdə müdir müavini olub. Təqdim edilən təhvil-təslim aktını imzalayanda həmin şəxsin səlahiyyəti yox idi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı tərəfindən ümumilikdə (ƏDV daxil) 25.657,92 manat dəyərində malların (315- 80-22.5 adlı (72 ədəd) təkər) verilməsinə dair EBCC seriyalı 398805 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində cəmi 25.657,92 manat məbləğində mallar (315-80-22.5 adlı (72 ədəd) təkər) Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktları təhvil verənin və təhvil alanın (Mehdiyev Ş.) imzası ilə təsdiq edilmişdir. İddiaçı (satıcı) ilə Cavabdeh MMC arasında 30 noyabr 2022-ci il tarixli 168 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı miqdarı, çeşidi, keyfiyyət göstəriciləri bu Müqaviləyə edilən və onun ayrılmaz hissəsi olan Əlavədə göstərilən Nəqliyyat vasitələrinin avtomobil şinlərini, avtomobil disklərini və akumlyator batareyalarını alıcının mülkiyyətinə verir, alıcı isə qeyd olunan malı qəbul edib əvəzində bu Müqavilə ilə müəyyənləşdirilmiş qiyməti ödəyir. 2.1-ci maddəsinə əsasən bu Müqavilənin ümumi dəyəri razılaşma yolu ilə Əlavəyə əsasən (X1) müəyyən edilir. 2.2-ci bəndinə əsasən əməliyyatlar hər növbəti partiya üçün tərtib olunan Əlavə üzrə aparılır. 2.3-cü bəndinə əsasən alıcı bu Müqavilə üzrə müəyyən olunmuş malın qiymətini tam şəkildə, malı təhvil aldığı tarixdən 10 gün ərzində nəğd və ya köçürmə yolu ilə Satıcıya ödəməlidir. 4.1.3-cü bəndinə əsasən satıcının malın göndərilmə müddəti, onun çeşid və keyfiyyətinə dair vəzifələri malın Alıcı tərəfindən təhvil alınması tarixdən yerinə yetirilmiş hesab olunur. 4.2.1-ci bəndinə əsasən alıcı alınmış malın qiymətini ödəməlidir. 8.1-ci bəndinə əsasən bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və bir il müddətində qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 30 noyabr 2022-ci il tarixli 168 saylı alqı-satqı müqaviləsinə əlavə olan xx.xx.2022-ci il tarixli 01 nömrəli qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü (315/80 R 22.5), ölçüsü (ədəd), miqdarı (72 ədəd) və qiyməti (1 ədədin qiyməti 302 manat) ümumilikdə (3.913,92 manat ƏDV daxil) 25.657,92 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən ümumilikdə (ƏDV daxil) 25.657,92 manat dəyərində malların (315-80-22.5 adlı (72 ədəd) təkər) verilməsinə dair EBCL seriyalı 873141 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində cəmi 25.657,92 manat məbləğində mallar (315-80-22.5 adlı (72 ədəd) təkər) Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktları təhvil verənin və təhvil alanın (Mehdiyev Ş.) imzası ilə təsdiq edilmişdir. e-qaimələr haqqında məlumatlardan görünür ki, EBCC seriyalı 398805 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə “sistem tərəfindən təsdiqlənmiş” vəziyyətdədir və EBCL seriyalı 873141 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə “təsdqilənmiş” vəziyyətdədir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlayaraq borcun 10 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda alqı-satqı münasibətlərində satıcı olan İddiaçı xx.xx.2022-ci il tarixində və xx.xx.2022-ci il tarixində ümumilikdə 51.315 manat dəyərində avtomobil şinlərini alıcı – Cavabdeh MMC-yə verdiyini, alıcının isə təhvil aldığı malların dəyəri olan ümumilikdə 51.315 manat məbləğində pul vəsaitini ödəmədiyini iddia edir. Cavabdeh isə 2022-ci ilin avqust ayında tərtib edilmiş təhvil-təslim aktı və elektron qaimədə göstərilmiş malların (72 ədəd təkərin) tərəflərindən alınmadığını bildirmiş, digər tərəfdən iddiaçıdan noyabr ayında tərtib edilmiş təhvil-təslim aktı və elektron qaiməyə əsasən 72 ədəd təkər alması faktını təsdiq etməklə, iddiaçıya 72 ədəd təkərə görə 25.657,92 manat məbləğində borcun olduğunu dolayısı ilə etiraf etmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Odur ki, 2022-ci ilin noyabr ayında təqdim edilmiş 72 ədəd təkərə görə 25.657,92 manat məbləğində borcun tutulması hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir. 2022-ci ilin avqust ayında 25.657,92 manat dəyərində 72 ədəd təkərin iddiaçı tərəfindən cavabdehə təqdim edilib-edilməməsi isə hazırki işin mübahisəli halını təşkil edir. İddiaçı həmin hissədə tələbini sübut etmək üçün ümumilikdə (ƏDV daxil) 25.657,92 manat dəyərində malların (315-80-22.5 adlı (72 ədəd) təkər) verilməsinə dair tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmiş EBCC seriyalı 398805 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməni, eləcə də İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində cəmi 25.657,92 manat məbləğində malların (315-80-22.5 adlı (72 ədəd) təkər) Cavabdeh MMC-yə təhvil verilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli (təhvil alanın (Mehdiyev Ş.) imzası ilə təsdiq edilmiş) malların təhvil-qəbul aktını məhkəməyə təqdim etmişdir. Cavabdehin nümayəndəsi və vəkili isə məhkəmə iclasında yuxarıda göstərilən qaimənin özləri tərəfindən deyil, sistem tərəfindən təsdiqləndiyini, həmin dövrdə tərəflər arasında alqı-satqı müqaviləsinin mövcud olmadığını, həmin müqavilənin yalnız noyabr ayında bağlandığını, eyni zamanda təhvil-təslim aktını cavabdehin adından imzalamış Şabəddin Mehdiyevin qeyd edilən dövrdə diretor müavini olduğunu, belə olan halda həmin şəxsin sözügedən aktı imzalamağa səlahiyyətinin olmadığını əsas gətirərək iddiaçının iddia tələbinə bu hissədə etiraz etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh təhvil-təslim aktını imzalamış Şabəddin Mehdiyevin (hazırda cavabdehin qanuni təmsilçisidir) aktın imzalandığı dövrdə müəssisənin direktor müavini olmaqla təqdim edilən təhvil-təslim aktını imzalamağa səlahiyyətinin olmadığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdehin nümayəndəsi və vəkilinin 2022-ci ilin avqust ayında tərəflər arasında alqı-satqı müqaviləsinin mövcud olmaması, həmin müqavilənin yalnız noyabr ayında bağlanması barədə dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı alqı-satqı müqaviləsinin olmaması tərəflərin şifahi müqaviləyə əsaslanan alqı-satqı münasibətlərində olmalarını istisna etmir. Digər tərəfdən təhvil-təslim aktlarında cavabdehin möhürün olmaması barədə dəlillərə gəldikdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 331.2-ci maddəsinə görə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Hazırkı halda isə qanunvericilikdə təhvil-təslim aktlarında tərəflərin möhürünün vurulmalı olması barədə imperativ norma yer almamış, eləcə də belə bir şərt tərəflərın razılaşması ilə müəyyənləşdirilməmişdir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, mübahisəli malların cavabdehə təqdim edilməsi ilə bağlı İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli elektron qaimə göndərilmiş və Cavabdeh MMC həmin niqanunvericilikdə müəyyən edilmiş müddət ərzində düzəliş üçün qaytarmamış, eləcə də cavabdeh şirkət üçün vergi öhdəliyi yaradan elektron qaimə ilə bağlı iddiaçıya və vergi orqanına hər hansı bir formada etiraz ünvanlamamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh mübahisəli elektron qaimə ilə bağlı iddiaçıya və vergi orqanına hər hansı bir formada etiraz ünvanlamaması, eləcə də xx.xx.2022-ci il tarixində malların təhvil-qəbul aktını imzalaması həmin qaimə və təhvil-təslim aktında qeyd edilmiş malların cavabdehə təqdim edilməsini sübuta yetirir. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – cəmi ƏDV daxil 51.315 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh MMC-dən ƏDV daxil 51.315 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 51.315 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 1924 manat məbləğində dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. Bununla bağlı məhkəmə əvvəla qeyd edir ki, iddiaçı tələb etdiyi məbləği “dəbbə pulu” adlandırsa da, tələbinin əsası kimi 445.7-ci maddəsinə istinad etmişdir. Odur ki, məhkəmə sözügedən tələbə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 % olmaqla faiz tələbi kimi qiymətləndirir. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə Cavabdeh MMC-nin alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərinin ödənilməsini müxtəlif tarixlərdə göndərilmiş elektron qaimələr üzrə təxminən 9 aydan artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Cavabdeh MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 9 aylıq üçün 1924 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 249,72 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.a 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 100 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 51.315 manat məbləğində əsas borc, 1924 manat məbləğində faizlər, cəmi 53.239 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 400 manat və vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3950/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3950/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver