Məhkəmə qərarları › İş №e-2-2(113)-3956/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3956/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3956/2025 21.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli 415 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 7.530 (yeddi min beş yüz otuz) manat məbləğində əsas borc, 1.176,84 (bir min yüz yetmiş altı manat, səksən dörd qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə 8.706,84 (səkkiz min yeddi yüz altı manat, səksən dörd qəpik) manat məbləğində borc, həmçinin hüquqi yardıma görə ödənilmiş 700 (yeddi yüz) manat və ödənilmiş 116 (yüz on altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Məlumat üçün bildiririk ki, Cavabdeh MMC (bundan sonra “Alıcı” adlandırılacaq) ilə İddiaçı MMC (bundan sonra “Satıcı” adlandırılacaq) arasında xx.xx.2024-cü il tarixli 415 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci maddəsinə görə Satıcı bu Müqavilənin müddəaları əsasında hazırki Müqavilənin tərkib hissəsi sayılan və hər dəfə Alıcının satınalma sifarişi əsasında tərtib edilən Əlavədə əks olunacaq ərzaq, sənaye və gündəlik tələbat məhsulları (bundan sonra “mallar” adlandırılacaq) Alıcıya satmağı, Alıcı isə öz növbəsində malları qəbul edib onların dəyərini razılaşdırılmış qiymətlərə əsasən Satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən tələb olunan malların xüsusiyyətləri (ölçü, çeşidi, miqdarı və.s) Tərəflər arasında əvvəlcədən razılaşdırılır və bu müqavilənin tərkib hissəsi sayılacaq Əlavədə öz əksini tapır. Həmin Müqavilənin 2.2-ci maddəsinə əsasən satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı və elektron vergi qaiməfaktura əsasında təhvil verilir. Tərəflər razılığa gəlirlər ki, malların təhvil verilməsini təsdiq edən elektron vergi qaiməfaktura təhvil-təslim aktı ilə eyni bərabər qüvvəyə malikdir. Həmin Müqavilənin 2.3-cü maddəsinə əsasən tərəflər razılığa gəlirlər ki, əgər təhvil-təslim aktı hər hansı səbəbdən tərtib edilməsə, Satıcının malları təhvil verdikdən sonra Alıcıya təqdim etdiyi elektron vergi qaimə-faktura təhvil-təslim aktı əvəz edəcəkdir. Həmin Müqavilənin 2.4-cü maddəsinə əsasən Satıcı tərəfindən elektron vergi qaimə-faktura təqdim edildiyi gündən 2 (iki) iş günü ərzində Alıcı həmin qaimə-fakturanı geri qaytarmazsa və yaxud mallara dair hər hansı (yazılı şəkildə) etiraz bildirməzsə, həmin mallar Satıcı tərəfindən təhvil verilmiş, Alıcı tərəfindən isə təhvil alınmış hesab edilir. Həmin Müqavilənin 3.1-ci maddəsinin 3.2.1-ci bəndinə əsasən Satıcı müqavilənin tərkib hissəsi sayılacaq Əlavədə göstərilmiş malları Alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.2-ci maddəsinin 3.2.2-ci bəndinə əsasən Alıcıdan malların dəyərini müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək Satıcının hüququdur. Həmin Müqavilənin 3.3-cü maddəsinin 3.3.1-ci bəndinə əsasən Alıcı müqavilə üzrə təqdim edilmiş malları müəyyən olunmuş qaydada və müddətdə qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.3-cü maddəsinin 3.3.2-ci bəndinə əsasən Alıcı müqavilə üzrə müəyyən edilmiş müddətdə və qaydada malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.2-ci maddəsinə əsasən Satıcı tərəfindən vergi elektron qaimə-faktura təqdim edildiyi andan 30 (otuz) iş günü ərzində Alıcı qaimə-fakturada qeyd edilən ödənişi həyata keçirir. Həmin Müqavilənin 4.3-cü maddəsinə əsasən tərəflər razılığa gəlirlər ki, bu müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş şərt Alıcı tərəfindən pozularsa, Alıcı hər gecikdirilmiş günə görə elektron vergi qaimə-fakturada qeyd edilən məbləğin 0,5 % həcmində peniya ödəyəcəkdir. Əgər gecikdirilmiş müddət 30 (otuz) gündən artıq davam edərsə, Satıcının bu Müqaviləyə xitam verərək elektron qaiməfakturada göstərilən məbləğin 2 (iki) misli həcmində kompensasiya tələb etmək hüququ vardır. Həmin Müqavilənin 4.4-cü maddəsinə əsasən Alıcı bəyan edir ki, bu müqavilənin 4.3-cü bəndində qeyd edilən şərti pozarsa həmin bəndə göstərilən həcmdə Satıcıya kompensasiya ödəməyi öz öhdəsinə götürür. Göründüyü kimi, Müqavilənin 1.1-ci maddəsinə əsasən Satıcı - İddiaçı MMC elektron qaimə-fakturada göstərilən malları Alıcı - Cavabdeh MMC-yə təhvil verilsə də, sonuncu tərəfindən Müqavilə əsasında tərtib edilmiş elektron qaimə-fakturalar üzrə ümumilikdə hesablanmış ödənişlər tam məbləğdə ödənilməmiş, bununla da Müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər lazımınca icra edilməmişdir. Müqavilənin 2.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmış Müqavilə imzalandıqdan sonra razılaşdırılmış müddətdə mallar Alıcı – Cavabdeh MMC-yə göndərilmiş və həmin malların Alıcı – Cavabdeh MMC-yə göndərilməsini təsdiq edən xx.xx.2024-cü il BP00- 015963 nömrəli, xx.xx.2024-cü il BP00-016250 nömrəli, xx.xx.2024-cü il BP00-016454 nömrəli, xx.xx.2024-cü il BP00-016594 nömrəli, xx.xx.2024-cü il BP00-016837 nömrəli, xx.xx.2025-ci il BP00-000186 nömrəli, xx.xx.2025-ci il BP00-000498 nömrəli, xx.xx.2025-ci il BP00-000547 nömrəli, xx.xx.2025-ci il BP00-000782 nömrəli, xx.xx.2025-ci il BP00-000873 nömrəli, xx.xx.2025-ci il tarixli BP00-001238 nömrəli, xx.xx.2025-ci il BP00-001290 nömrəli, xx.xx.2025-ci il BP00-001377 nömrəli, xx.xx.2025-ci il BP00-0001673 nömrəli və xx.xx.2025-ci il BP00-001801 nömrəli qaiməfakturalardan görünür ki,satıcı İddiaçı MMC qeyd olunan qaimə-fakturalarda göstərilən malları alıcı Cavabdeh MMC-yə təhvil verir. Alıcı Cavabdeh MMC isə qaiməfakturalarda göstərilən malları satıcı İddiaçı MMC-dən təhvil alır. Hər iki tərəf malların təhvil-təslimi ilə bağlı yuxarıda qeyd olunan Qaimə-fakturaları öz imzaları ilə təsdiq edirlər. Qeyd olunan Qaimə fakturalar üzrə Alıcı - Cavabdeh MMC-nin İddiaçı MMC-yə ƏDV daxil 7.502,18 manat məbləğində borcu yaranmışdır. Yuxarıda qeyd olunan xx.xx.2025-ci il tarixli BP00-001238 nömrəli qaimə-faktura ilə bağlı bildiririk ki,alıcı Cavabdeh MMC-nin satıcı İddiaçı MMC-yə qeyd olunan qaimə-faktura üzrə borcu 498,28 manat deyildir, alıcının satıcıya qeyd olunan qaimə-faktura üzrə borcu 485,78 manatdır. Belə ki, Alıcı Cavabdeh MMC bir ədədi 12,50 manat dəyərində olan duck frozen whole (bütov) adlı maldan bir ədədini təhvil alır, bir ədədini isə satıcı İddiaçı MMC-yə geri qaytarır. Nəticədə qeyd olunan qaimə-faktura üzrə Alıcı Cavabdeh MMCnin satıcı İddiaçı MMC-yə ƏDV daxil 485,78 manat məbləğində borcu yaranır. Qeyd edirik ki, yuxarıda qeyd olunan qaimə fakturalar üzrə Mallar alıcı Cavabdeh MMC-yə təhvil verildikdən sonra tərəflər arasında bağlanmış Müqavilənin 2.4-cü bəndinə uyğun olaraq Cavabdeh MMC-yə xx.xx.2024-cü ildə 10897179 nömrəli, xx.xx.2024-cü ildə 11283074 nömrəli, xx.xx.2024-cü ildə 11605300 nömrəli, xx.xx.2024-cü ildə 11898918 nömrəli, xx.xx.2024-cü ildə 12315716 nömrəli, xx.xx.2025-ci ildə 10532963 nömrəli, xx.xx.2025-ci ildə 10623213 nömrəli, xx.xx.2025-ci ildə 11383676 nömrəli, xx.xx.2025-ci ildə 11383674 nömrəli, xx.xx.2025-ci ildə 11383673 nömrəli, xx.xx.2025-ci ildə 11383672 nömrəli, xx.xx.2025-cü ildə 11383671 nömrəli, xx.xx.2025-ci ildə 11383666 nömrəli, xx.xx.2025-ci ildə 11383664 nömrəli və xx.xx.2025-ci ildə 11383661 nömrəli Elektron qaimə-fakturalar göndərilmiş və həmin elektron qaimə-fakturaların tərtib olunmasının əsası kimi yuxarıda qeyd olunan BP00-015963 nömrəli, BP00-016250 nömrəli, BP00-016454 nömrəli, BP00-016594 nömrəli, BP00-016837 nömrəli, BP00- 001673 nömrəli, BP00-001238 nömrəli, BP00-000186 nömrəli, BP00-000498 nömrəli, BP00-000547 nömrəli, BP00-000782 nömrəli, BP00-000873 nömrəli, BP00-001290 nömrəli, BP00-001377 nömrəli və BP00-001801 nömrəli Qaimə-fakturalar göstərilmişdir. Həmin elektron qaimə-fakturalar üzrəƏDV daxil ödənilməli məbləğ ümumilikdə 7.502,18 manat müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixli BP00-001138 nömrəli qaimə-faktura ilə bağlı bildiririk ki, qeyd olunan qaimə faktura üzrə də Alıcı Cavabdeh MMC-nin satıcı İddiaçı MMC-yə borcu yaranmışdır. Belə ki, Alıcı Cavabdeh MMC bir ədədi 21 manat dəyərində olan albalı donmuş 2.5 kq adlı maldan 4 ədədini Satıcı İddiaçı MMC-dən təhvil alır. Qeyd olunanqaimə-faktura üzrə alıcı tərəfindən satıcıya ödənilməli olan məbləğ ƏDVdaxil 84 manat məbləğində müəyyən edilir. Bununla bağlı qeyd edirik ki, xx.xx.2025-ci il tarixli BP00-001138 nömrəli qaimə-fakturada tərəflərin imzasının olmaması həmin qaimə-fakturada göstərilən malların alıcı tərəfindən təhvil alınmadığı kimi qiymətləndirilə bilməz. Ona görə ki, satıcı malları müqavilənin şərtlərinə əsasən alıcıya elektron vergi qaimə-faktura əsasında da təhvil verə bilər. xx.xx.2025-ci il tarixli BP00-001138 nömrəli qaimə-fakturada göstərilən malların xx.xx.2025-ci il tarixli 11383669 nömrəli vergi elektron qaimə-faktura əsasında təhvil verilməsi öz təsdiqini tapır. Belə ki, müqavilənin şərtlərinə əsasən satıcı malları alıcıya təhvil verdikdən sonra malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə alıcıya vergi elektron qaimə-faktura göndərir, satıcı tərəfindən elektron vergi qaiməfaktura təqdim edildiyi gündən 2 (iki) iş günü ərzində Alıcı həmin qaimə-fakturanı geri qaytarmır və yaxud mallara dair hər hansı (yazılı şəkildə) etiraz bildirmir. Belə olan halda, həmin mallar satıcı tərəfindən təhvil verilmiş, Alıcı tərəfindən isə təhvil alınmış hesab edilir. Malların təhvil verilməsini təsdiq edən elektron vergi qaimə-faktura təhviltəslim aktı ilə eyni bərabər qüvvəyə malikdir. Beləliklə yuxarıda qeyd olunan qaiməfakturalar üzrə ödənilməli olan borc ƏDV daxil 7.586,18 məbləğində müəyyən edilsə də cavabdeh qeyd olunan borcundan 56,18 manat məbləğində iddiaçıya ödəniş etmişdir. Nəticədə cavabdehin iddiaçıya olan borcu 7.530 manat məbləğindədir. Nəticədə tərəflər arasında bağlanılmış Alqı - satqı müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, ödənişlərin ödənilməsini tam olaraq həyata keçirməmişdir. Əlavə olaraq onu da qeyd edirik ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən malların təhvil verilməsini təsdiq edən elektron vergi qaimə-faktura təhvil-təslim aktı ilə eyni bərabər qüvvəyə malikdir və iddiaçı tərəfindən elektron vergi qaimə-faktura təqdim edildiyi gündən 2 (iki) iş günü ərzində cavabdeh həmin qaimə-fakturanı geri qaytarmazsa və yaxud mallara dair hər hansı (yazılı şəkildə) etiraz bildirməzsə, həmin mallar iddiaçı tərəfindən təhvil verilmiş, cavabdeh tərəfindən isə təhvil alınmış hesab edilir. Beləliklə yuxarıda qeyd olunan elektron vergi qaimə-fakturalardan görünür ki, həmin elektron qaimə-fakturalar cavabdeh tərəfindən təhvil alınmış, 2 (iki) iş günü ərzində geri qaytarılmamış və cavabdeh təhvil verilən mallara dair iddiaçıya yazılı şəkildə etirazını bildirməmişdir. Nəticədə elektron vergi qaimə-fakturallarda qeyd olunan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən isə təhvil alınmışdır. Lakin cavabdeh tərəfindən yuxarıda qeyd olunan borc məbləği ödənilməmiş olaraq qalmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün cavabdehə pretenziya məktubuMPM-nin 150.2-ci maddəsinə uyğun olaraq hüquqi şəxsin elektron kabinetinə elektron qaydada göndərilsə də pretenziya qaydasında həll olunma heç bir fayda verməmişdir. Bununla da iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 5.1-ci maddəsinə əsasən hazırki müqavilədən irəli gələn öhdəliklərin pozulması və lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər AR qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 5.2-ci maddəsinə əsasən tərəflər arasında hazırki müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında həll edilməlidir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişlər.

4. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 415 nömrəli alqı-satqı müqaviləsinə əsasən:

7. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu Müqavilənin müddəaları əsasında hazırkı Müqavilənin tərkib hissəsi sayılan və hər dəfə Alıcının satınalma sifarişi əsasında tərtib edilən Əlavədə əks olunacaq ərzaq, sənavə və gündəlik tələbat məhsulları (bundan sonra "mallar” adlandırılacaq) Alıcıya satmağı, Alıcı isə öz növbəsində malları qəbul edib onların dəyərini razılaşdırılmış qiymətlərə əsasən Satıcıya ödəməyi öz öhdəsinə götürür.

8. Müqavilənin 2.1-ci bəndinə əsasən tələb olunan malların xüsusiyyətləri (ölçü, çeşidi, miqdarı və s.) Tərəflər arasında əvvəlcədən razılaşdırılır və bu müqavilənin tərkib hissəsi sayılacaq Əlavədə öz əksini tapır.

9. Müqavilənin 2.2-ci bəndinə əsasən satılan mallar Tərəflər arasında imzalanmış təhvil-təslim aktı və elektron vergi qaimə-faktura əsasında təhvil verilir. Tərəflər razılığa gəlirlər ki, malların təhvil verilməsini təsdiq edən elektron vergi qaimə-faktura təhviltəslim aktı ilə eyni bərabər qüvvəyə malikdir.

10. Müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, əgər təhviltəslim aktı hər hansı səbəbdən tərtib edilməsə, Satıcının malları təhvil verdikdən sonra Alıcıya təqdim etdiyi elektron vergi qaimə-faktura təhvil-təslim aktı əvəz edəcəkdir.

11. Müqavilənin 2.4-cü bəndinə əsasən satıcı tərəfindən elektron vergi qaiməfaktura təqdim edildiyi gündən 2 (iki) iş günü ərzində Alıcı həmin qaimə-fakturanı geri qaytarmazsa və yaxud mallara dair hər hansı (yazılı şəkildə) etiraz bildirməzsə, həmin mallar Satıcı tərəfindən təhvil verilmiş, Alıcı tərəfindən isə təhvil alınmış hesab edilir.

12. Müqavilənin 2.5-ci bəndinə əsasən satıcı tələb olunan malları Alıcı ilə əvvəlcədən razılaşdırılmış ünvana öz hesabına çatdırır.

13. Müqavilənin 2.6-cı bəndinə əsasən Satıcı malları təhvil verdiyi zamanı Alıcının nümayəndəsi mallara baxış keçirir, sayı və çeşidləri satınalma sifarişinə əsasən yoxlayır, mallarda çatışmamazdlıq və yaxud qüsurlar, say və çeşiddə uyğunsuzluqlar aşkar etmədikdə həmin malları qəbul edir və təhvil-təslim aktına imza atır.

14. Müqavilənin 2.7-ci bəndinə əsasən malların təhvil-təslimi zamanı say və çeşiddə uyğunsuzluqlar, yaxud mallarda çatışmamazdlıqlar və qüsurlar aşkar edildikdə Alıcının nümayəndəsi bu barədə Satıcıya dərhal məlumat verir, Satıcı isə həmin halları ən qısa müddətdə öz vəsaiti hesabına aradan qaldırır.

15. Müqavilənin 2.8-ci bəndinə əsasən mallar təhvil-təslim edildiyi zaman Alıcı mallarda uyğunsuzluqlar, çatışmamazdlıqlar və nöqsanlar aşkar etməyərək təhvil aldıqdan sonra, Alıcı mallarda hər hansı qüsur və çatışmamazdlıqların olması barədə Satıcıya qarşı tələb irəli sürə bilməz və bu hallarda Satıcı heç bir maddi məsuliyyət daşımır.

16. Müqavilənin 4.1-ci bəndinə əsasən hazırki Müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

17. Müqavilənin 4.2-ci bəndinə əsasən satıcı tərəfindən vergi elektron qaiməfaktura təqdim edildiyi andan 30 ( otuz ) iş günü ərzində Alıcı qaimə-fakturada qeyd edilən ödənişi həyata keçirir.

18. Müqavilənin 4.3-cü bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, bu Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş şərt Alıcı tərəfindən pozularsa, Alıcı hər gecikdirilmiş günə görə elektron vergi qaimə-fakturada qeyd edilən məbləğin 0,5% həcmində peniya ödəyəcəkdir. Əgər gecikdirilmiş müddət 30 (otuz) gündən artıq davam edərsə, Satıcının bu Müqaviləyə xitam verərək elektron qaimə-fakturada göstərilən məbləğin 2 (iki) misli həcmində kompensasiya tələb etmək hüququ vardır.

19. Müqavilənin 4.4-cü bəndinə əsasən alıcı bəyan edir ki, bu Müqavilənin 4.3-cü bəndində qeyd edilən şərti pozarsa həmin bəndə göstərilən həcmdə Satıcıya kompensasiya ödəməyi öz öhdəsinə götürür.

20. Müqavilənin 4.5-ci bəndinə əsasən təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə Tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər.

21. Müqavilənin 4.6-cı bəndinə əsasən Bütün ödənişlər ödəniş tarixinə Azərbaycan Respublikasının Mərkəzi Bankın rəsmi məzənnəsinə müvafiq olaraq Azərbaycan manatı ilə həyata keçirilməlidir.

22. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair xx.xx.2024-cü il tarixli MT**********01 saylı 148 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********54 saylı 544 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********67 saylı 333 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********79 saylı 296 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********46 saylı 513 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********74 saylı 274 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********00 saylı 280 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********18 saylı 186 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********16 saylı 230 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********49 saylı 344 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********63 saylı 647 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********13 saylı 498,28 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********61 saylı 1744,70 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********64 saylı 296 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********74 saylı 546,20 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********66 saylı 570,90 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********76 saylı 542 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********69 saylı 84 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********71 saylı 958 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********72 saylı 177,60 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********73 saylı 267 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********79 saylı 137,60 manat məbləğində e-qaimələr göndərilmişdir.

23. xx.xx.2024-cü il BP00- 015963 nömrəli, xx.xx.2024-cü il BP00-016250 nömrəli, xx.xx.2024-cü il BP00-016454 nömrəli, xx.xx.2024-cü il BP00-016594 nömrəli, xx.xx.2024-cü il BP00-016837 nömrəli, xx.xx.2025-ci il BP00-000186 nömrəli, xx.xx.2025-ci il BP00-000498 nömrəli, xx.xx.2025-ci il BP00-000547 nömrəli, xx.xx.2025-ci il BP00-000782 nömrəli, xx.xx.2025-ci il BP00-000873 nömrəli, xx.xx.2025-ci il tarixli BP00-001238 nömrəli, xx.xx.2025-ci il BP00-001290 nömrəli, xx.xx.2025-ci il BP00-001377 nömrəli, xx.xx.2025-ci il BP00-0001673 nömrəli və xx.xx.2025-ci il BP00-001801 nömrəli qaimə-fakturalardan görünür ki, satıcı İddiaçı MMC müvafiq olaraq e-qaimələrdə göstərilən məbləğlərdə malları alıcı Cavabdeh MMC-yə təhvil vermişdir. Qaimə-fakturalar təhvil verən və təhvil alanın imzaları ilə təsdiq edilmişdir.

24. 30.04.2025-ci il tarixli Ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən –Total Consulting MMC-nin hesabına 700 manat məbləğində ödəniş edilmişdir.

25. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

27. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

28. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

29. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

30. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

33. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 415 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı bu Müqavilənin müddəaları əsasında hazırkı Müqavilənin tərkib hissəsi sayılan və hər dəfə Alıcının satınalma sifarişi əsasında tərtib edilən Əlavədə əks olunacaq ərzaq, sənayə və gündəlik tələbat məhsulları Alıcıya satmağı, Alıcı isə öz növbəsində malları qəbul edib onların dəyərini razılaşdırılmış qiymətlərə əsasən Satıcıya ödəməyi öz öhdəsinə götürür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 7530 manat ödənilməmiş borcu qalmışdır.

34. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, qaimə-fakturalar ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 7530 manat əsas borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 7530 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehdən 7530 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

36. Bundan əlavə iddiaçı 1176,84 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.

37. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

38. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

39. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

40. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (7530 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, tutulacaq dəbbə pulu azaldılaraq 377 manat məbləğində müəyyən edilməlidir.

41. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 700 manat məbləğində vəkil xərci və 116 manat dövlət rüsumu ödənilmişdir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 100 manat və hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən alqı-satqı müqaviləsi üzrə 7530 manat əsas borc, 377 manat dəbbə pulu, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 100 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar