Məhkəmə qərarları › İş №e-2-2(113)-3964/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3964/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3964/2025 23.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli İT-ASM-09/23 saylı müqavilə üzrə 79178 manat müqavilə üzrə yaranmış borcun; məhkəməyə ödənilmiş 328 manat dövlət rüsumunun cəmi 79506 manat pul məbləğinin tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə aramızda bağlanmış xx.xx.2023-cü il tarixli İT-ASM-09/23 saylı Alqı-Satqı Müqaviləsinin şərtlərinə əsasən tərəflərindən cavabdehə B25/M-350 markalı beton təqdim edilmiş və pompa xidməti göstərilmişdir. Tərəflərindən təqdim edilmiş beton və göstərilmiş pompa xidmətləri qarşılıqlı akta görə icra edilmişdir. Cavabdehlə qarşılıqlı üzləşmə aktına uyğun təsdiqlənmiş borc 79178 manat təşkil edir. Dəfələrlə cavabdehdən yaranmış borcun ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh pulu ödəməkdən müxtəlif yollarla yayınmaqdadır. Məcbur qalıb cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həm kağız daşıyıcıda, həm də elektron kabinet vasitəsilə pretenziya təqdim etmişlər. Lakin bu müddət ərzindədə cavabdeh tərəfindən hər hansı nəticə olmamışdır. Ona görə də məcbur qalıb yaranmış borcun ödənilməsi üçün məhkəməyə müraciət edirlər.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli İT- ASM-09/23 saylı Alqı-Satqı Müqaviləsi əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” bu müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırılması haqqında tərəflər arasında bağlanmış əlavədə göstərilən malları “Alıcı” ya satır və “Alıcı” öz növbəsində alınan malın dəyərini razılaşdırılmış qiymətlərə əsasən əvvəlcədn Satıçıya ödəyir.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən tələb olunan malların xüsusiyyətləri (ölçü,mİqdarı və s.) tərəflər arasında əvvəlcədən razılaşdırılır.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən satılan mallar tərəflər arasında imzalanmış qaimə fakturalar əsasında təhvil verilir.

11. Müqavilənin 2.3-cü bəndinə əsasən satılan malların keyfiyyəti standartlara uyğun olmalıdır.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı” satılmış mallara görə “Satıcı” tərəfindən təqdim edilmiş hesab-faktura və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini “Satıcı”nın hesabına ödəyir.

13. Müqavilənin 3.2-ci bəndinə əsasən satılmış mallara görə aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədi ilə tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər.

14. Müqavilənin 3.3-cü bəndinə əsasən hazırkı müqaviləyə əsasən ödənişlər bank vasitəsiylə köçürmə yolu ilə manatla həyata keçirilir.

15. Müqavilənin 4.1-ci bəndinə əsasən hazırkı Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımı qaydada yerinə yetirilməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar.

16. Müqavilənin 4.2-ci bəndinə əsasən tərəflər arasında hazırkı Müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilmıdiyi təqdirdə, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməlidir.

17. Tərəflər arasında olan Qiymətlərin razılaşdırılması haqqında razılıq Əlavə № 1ə əsasən B 7,5(M-100) adlı malın 1 m3 üçün 80 manat+ƏDV, B 10(M-150) Adli malın 1 m3 üçün 82 manat+ƏDV, B 15(M-200) adlı malın 1 m3 üçün 84 manat+ƏDV, B 20(M- 250) adlı malın 1 m3 üçün 87 manat+ƏDV, B 22,5(M-300) adlı malın 1 m3 üçün 90 manat+ƏDV, B 25(M-350) adlı malın 1 m3 üçün 95 manat+ƏDV, B 30(M-400) adlı malın 1 m3 üçün 105 manat+ƏDV, B 35(M-450) adlı malın 1 m3 üçün 115 manat+ƏDV, B 40(M-500) adlı malın 1 m3 üçün 125 manat+ƏDV, B 45(M-600) adlı malın 1 m3 üçün 135 manat+ƏDV, həmçinin pompa xidməti hər bir m3 üçün 5 manat təşkil etmişdir. Əlavə hər iki tərəfin öz imza və möhürləri ilə təsdiq edilmişdir.

18. xx.xx.2023-cü il tarixli aprel ayı ərzində beton satışı qəbul Aktına əsasən Beton B25/M-350/ 06 aprel 1101 m3 mal və 1101 m3 pompa xidmətinin ümumi qiyməti ƏDV daxil 129.918 manat qeyd edilmişdir.

19. Tərəflər arasında malların və xidmətlərin təhvil verilməsi barədə 10 aprel 2023cü il tarixli təhvil-təslim aktına əsasən Beton B25/M-350/ 06 aprel 1101 m3 mal və 1101 m3 pompa xidməti İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin öz imza və möhürləri ilə təsdiq edilmişdir.

20. xx.xx.2023-cü il tarixli EBDD 238184 nömrəli e-qaiməyə əsasən 129918 manat məbləğində malların satışına dair İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə e-qaimə göndərilmişdir.

21. 17 yanvar 2024-cü il tarixli 17/24 №-li Üzləşmə aktına əsasən Cavabdeh MMC İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixinə 79178 manat məbləğində borcu olduğunu qəbul etmişdir. Akt hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir.

22. Ödəniş qəbzinə əsəsən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2023-cü il tarixində 20000 manat məbləğində, xx.xx.2023-cü il tarixində 25000 manat məbləğində ödəniş edilmişdir.

23. Köçürmələrin aparılması barədə bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabına xx.xx.2023-cü il tarixində 3600 manat məbləğində və xx.xx.2023-cü il tarixində 4500 manat məbləğində ödəniş edilmişdir.

24. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

27. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

28. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

30. Göründüyü kimi tərəflər arasında xx.xx.2023-cü il tarixli İT-ASM-09/23 saylı Alqı-Satqı Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Satıcı” bu müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırılması haqqında tərəflər arasında bağlanmış əlavədə göstərilən malları “Alıcı” ya satır və “Alıcı” öz növbəsində alınan malın dəyərini razılaşdırılmış qiymətlərə əsasən əvvəlcədən Satıçıya ödəyir. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində 79178 manat borcun mövcüdluğunun qeyd etsə də, iş materiallarından görünür ki, cavabdehə təqdim edilən mallara görə göndərilən EBDD 238184 nömrəli xx.xx.2023-cü il tarixli 129918 manatlıq e-qaimə üzrə cavabdeh tərəfindən cəmi 53.100 manat ödənişlər edilmişdir. Beləliklə, satılan mallara görə cavabdeh tərəfindən ödənilməmiş borc məbləği 79178 manat deyil, 76.818 manat təşkil edir.

31. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı, qismi ödənişlər və s. ilə təsdiqini tapdığı üçün, iddia tələbinin qismən - 76818 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

32. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 76818 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 76818 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

33. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 328 manat dövlət rüsumu ödənilmişdir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, dövlət rüsumunun əvəzi qismində 320 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli İT-ASM-09/23 saylı müqavilə üzrə 76.818 manat əsas borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 320 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar