Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3965/2023 07.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Fərzalı oğlunun katibliyi ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 96740,09 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ Ərizəçi maraqlı şəxsə qarşı fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 96740,09 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 96740,09 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 96740,09 manat) olmaqla, ümumilikdə 96740,09 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********815200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi ərizəylə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə işə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə ərizəni, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsininə əsasən əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 2.4-1-ci maddəsinə əsasən Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. 16.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 23.1-ci maddəsinə əsasən Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; 24.1-ci maddəsinə əsasən Vergi orqanları: 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə 55.1-ci maddəsinə əsasən Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törədilməsi; 55.1.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun vergi ödəyicisi - fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət (özünə hesabat verməyi) və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi; 55.1.3. vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi; 55.1.3-1. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərara əsaslanmaqla və ya onun icrası nəticəsində törədilməsi; 55.1.4. vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsaslar olmasının aşkar edilməsi; 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması; 55.1.6. vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması. 55.2-ci maddəsinə əsasən Bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır. 65.1-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2-ci maddəsinə əsasən Bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1 vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; 65.2.1.3. məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; 65.2.1.4. vergi ödəyicisinin yazılı razılığı olduqda. 65.2.2. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. 65.2.3. Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. 65.2.3-1. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. 65.2.3-2. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. 65.2.3-3. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə bu Məcəllənin 65.2.3-1-ci maddəsinə uyğun olaraq dondurulmuş ƏDV depozit hesabından ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcların alınması məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş qərara uyğun həyata keçirilir. 65.3-cü maddəsinə əsasən Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərancamın daxil olduğu gün icra edilir. 65.4-cü maddəsinə əsasən Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərancamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. 65.6-cı maddəsinə əsasən Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamları bank və digər kredit təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir. 65.7-ci maddəsinə əsasən Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, bank, digər kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını icra edir. 65.7-1-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən onun bank hesabında xarici valyutada olan pul vəsaiti hesaba vergi orqanının sərəncamı daxil olduğu gündən 10 bank günü ərzində konvertasiya edilmədikdə, növbəti iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnə ilə xarici valyutada olan dondurulmuş pul vəsaiti bank tərəfindən konvertasiya edilməklə sərəncam icra edilir. Bu maddə ilə müəyyən edilmiş 10 bank günü müddətində vergi orqanı tərəfindən yeni sərəncam göndərildiyi halda həmin sərəncamda göstərilən vergi borcunun məbləği vergi orqanının əvvəlki sərəncamına münasibətdə azalmışdırsa, 10 bank günü müddəti əvvəlki sərəncamın tarixindən hesablanır. Bu maddə ilə müəyyən edilmiş 10 bank günü müddətində vergi orqanı tərəfindən yeni sərəncam göndərildiyi halda həmin sərəncamda göstərilən vergi borcunun məbləği vergi orqanının əvvəlki sərəncamına münasibətdə artmışdırsa, 10 bank günü müddəti əvvəlki sərəncamda göstərilən vergi borcu üzrə həmin sərəncamın tarixindən, artan vergi borcu məbləğinə münasibətdə isə yeni sərəncamın daxil olduğu tarixdən hesablanır. Bankın xarici valyutanın konvertasiya edilməsinə kifayət edəcək məbləğdə milli valyutası olmadıqda konvertasiya əməliyyatı mövcud olan milli valyutaya uyğun həyata keçirilməklə sərəncam icra edilir və hər dəfə bankın hesabına milli valyuta daxil olduqca icra edilir. 65.8-ci maddəsinə əsasən Vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir. Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla, belə vəsaitlər üzrə sərəncamın icrasını dayandırır. 65.9-cu maddəsinə əsasən Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə artıq alınmış vəsaitin geri qaytarılması bu Məcəllənin 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edikdikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, vergi orqanı vergi ödəyicisinin 96740,09 manat məbləğində maliyyə sanksiyası üzrə vergi borcunun ödənilməməsinə görə vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməklə məhkəməyə təqdim edilmiş onun şəxsi hesab vərəqəsinin vergilər üzrə vərəqəsindən göründür ki, vergi ödəyicisi tərəfindən 96740,09 manat məbləğində borcdan 85527,88 manat məbləği ödənilmiş, 11212,21 manat borc qalmışdır. Eyni zamanda şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyici tərəfindən 2023-cü ilin yanvar ayından hazıradək borclar üzrə mütəmadi ödənişlər edilmişdir. Məhkəmə qeyd edir ki, "Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun və Vergi Məcəlləsinin tələblərinə əsasən, vergiləri ödəmək vergi ödəyicilərinin vəzifələrindən biri kimi müəyyənləşdirilmiş, onların ödənilməsi vəzifəsinin icra olunması vergi ödəyicisinin özünün üzürlü hallar kimi şamil etdiyi hadisə və ya hərəkətlə əlaqələndirilməmişdir. Vergi münasibətləri publik hüquq münasibətləri toplusunun tərkib hissələrindəndir və onun tənzimlənməsi Konstitusiyanın 94-cü maddəsinin təsir dairəsinə aid olunub. Bu baxımdan, vergi ödəyicisinin qanunla müəyyən edilmiş vergiləri, hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəməkdən azad edilməsi, möhlət verilməsi, onların azaldılması qanunla nizamlanmanı ehtiva edir (Vergi Məcəlləsinin 2.4-1-ci maddəsi). Hazırkı işdən isə belə əsasların mövcudluğu müəyyənləşdirilmir. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən, Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Vergi azadolmaları və güzəştləri isə müvafiq olaraq Vergi Məcəlləsinin 106, 199, 218-1-ci və s. maddələrində nəzərdə tutulmuşdur. Həmçinin, Vergi Məcəlləsinin 55-ci maddəsi ilə vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar nəzərdə tutulmuşdur. Bu hallara vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törədilməsi, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun vergi ödəyicisi - fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət (özünə hesabat verməyi) və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi və s. aid edilmiş, lakin cavabdehin istinad etdiyi, ona məhkəmə qərarı əsasında digər dövlət orqanı tərəfindən ödənilməli olması müəyyənləşdirilmiş vəsaitin ödənilməməsi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsirini istisna edən və yaxud hər hansı vergidən azadolmanın halları kimi müəyyən olunmamışdır. Lakin, məhkəmə vurğulamağı zəruri hesab edir ki, İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin vergi ödəyicisinin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, vergi ödəyicisinin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmamışdır. Əksinə iş materialları ilə vergi ödəyicisinin borclar üzrə mütəmadı ödənişlər etməsi, hazırki iş üzrə vergi orqanının tələbi üzrə 96740,09 manat borcdan 11212,21 manat borc qalması müəyyən olunur. Göründüyü kimi vergi orqanı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün tədbirlər görsəydi, hazırki məhdudiyyətin tətbiq olunması ilə bağlı ərizənin verilməsinə zərurət olmazdı. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. İşə baxan məhkəmələr hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsi araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71 -ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "X3 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə "təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər "müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün "demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. Mütənasiblik prinsipinin məhkəmə təcrübəsində tətbiqinin bir çox aspektləri vardır. Məhkəmə iş materiallarının təhlilinə əsaslanaraq hesab edir ki, hazırkı işin həlli baxımından yuxarıda göstərilənlərin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, eyni əsaslara görə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hətta Azərbaycan Respublikasının əleyhinə çıxarılmış qərar da mövcuddur ki, bu da istər ölkəmizin vergi orqanları, istərsə də məhkəmələri üçün eyni qəbildən olan işlərin qaldırılmasında və onlara baxılmasında formallıqdan çəkinmək və müəyyən mənada aktivlik göstərmək üçün ciddi siqnal olmalıdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7,385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir (Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı, № № 74288/14 və 64568/16, 2021-ci il 14 oktyabr tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. a) Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, b) məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, c) qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Məhkəmə hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3965/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3965/2023
07.08.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver