Məhkəmə qərarları › İş №e-2-2(113)-3967/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3967/2023

10.08.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3967/2023 10.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 490164,01 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 253940,97 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 490164,01 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 253940,97 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəylə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinin (VÖEN: **********) dövlət büdcəsinə 490164,01 manat məbləğində (o cümlədən, vergilər üzrə 322399,25 manat, faizlər üzrə 167604,76 manat, maliyyə sanksiyası üzrə 160 manat), Dövlət Sosial Müdafiə Fonduna 253940,97 manat olmaqla, ümumilikdə 744104,98 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********558800, xx.xx.2023-cü il tarixli **********110800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 ərizəyə etiraz edərək, izahatında bildirdi ki, sübutları elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Belə ki, həmin idarə hüquqi şəxs sayılmır, həmin idarə dövlət büdcəsindən maliyyələşən dövlət idarəsidir. Hazırda həmin idarə rəisləri ilə bağlı cinayət işi başlanması rədd edilmişdir. Həmin idarə Bakı şəhər İcra Hakimiyyətinin nəzdində yaranmış bir idarədir, hüquqi şəxs deyildir. Müdafiə etdiyi şəxs idarə rəisi kimi çalışmışdır. Həmin idarənin borcları dövlət büdcəsindən ayrılan pullarla ödənir, çünki həmin idarə dövlət idarəsidir. Hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsin ölkədən çıxışına qadağa qoyulması barədə ərizə əsassızdır. Həmçinin həmin idarənin nizamnaməsini də məhkəməyə təqdim etmişdir. Nizamnamədən də görünür ki, həmin idarə hüquqi şəxs deyildir. Sonda maraqlı şəxsin nümayəndəsi və vəkili ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

4. Ərizəçi ərizəylə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

6. Məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Tətbiq edilən hüquq:

7. Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 355-5. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Ərizədən görünür olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinin dövlət büdcəsinə 490164,01 manat məbləğində (o cümlədən, vergilər üzrə 322399,25 manat, faizlər üzrə 167604,76 manat, maliyyə sanksiyası üzrə 160 manat), Dövlət Sosial Müdafiə Fonduna 253940,97 manat olmaqla, ümumilikdə 744104,98 manat borcu olduğuna görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edir.

10. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinin yuxarı təşkilatı “Lifttəmir" İstehsalat Birliyi, tabeçiliyi Bakı şəhəri İcra Hakimiyyətidir. Həmin idarənin rəhbəri isə Maraqlı şəxsdur.

11. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, idarənin əsas fəaliyyət növü binalarda liftlərin quraşdırılmasından ibarətdir.

12. Məhkəmə qeyd edir ki, dövlət orqanı üçün hüquq və vəzifələr onun səlahiyyətlərini təşkil edir və dövlət orqanları yalnız bu səlahiyyətlər çərçivəsində fəaliyyət göstərə bilər. Bu yanaşmanın konstitusion əsasını isə Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 71-ci maddəsinin X hissəsi təşkil edir.

13. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.

14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur.

15. Beləliklə, barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanının ərizə ilə müraciət edə biləcəyi şəxslərin dairəsi qanunvericilikdə fiziki şəxslər və hüquqi şəxsin icra orqanının rəhbəri olaraq müəyyən edilmişdir. Hazırkı iş üzrə isə ərizəçi hüquqi şəxsin idarəsinin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

17. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosialmədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır.

18. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir.

19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.1 -ci maddəsinə əsasən həmin Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.

20. Həmin Məcəllənin 13.2.2-ci maddəsinə əsasən hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır.

21. Həmin Məcəllənin 13.2.41 ci maddəsinə əsasən kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur.

22. Göründüyü kimi, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxsə münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsində digər məna nəzərdə tutulmamışdır.

23. Hüquqi şəxs haqqında məlumatdan həmçinin görünür ki, Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinə xx.xx.2004-cü il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir.

24. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edilməsini zəruri hesab edir.

25. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1 -ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır.

26. Həmin Məcəllənin 33.2-ci maddəsinin 3-cü bəndinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin həmin Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir.

27. Həmin Məcəllənin 13.2.39.3-cü maddəsinə əsasən .... həmin Məcəllənin 13.2.39.1 -ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri müəssisə anlayışı ilə əhatə olunur.

28. Məhkəmə xüsusilə vurğulayır ki, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə sərbəst balansa, cari və ya digər hesablara malik olan hüquqi şəxsin digər ayrıca bölməsinin (idarəsinin) uçota alınaraq ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməsi idarənin müstəqil hüquqi şəxs kimi çıxış etməsi anlamına gəlmir.

29. Həmçinin işə əlavə edilmiş Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinin xx.xx.1999-cu il tarixli nizamnaməsinin 1-ci bəndindən görünür ki, Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsi “Lifttəmir” İstahsalat Birliyinin nəzdində yaradılmışdır. İdarə “Lifttəmir” İstahsalat Birliyinin xx.xx.1994-cü il tarixli əmrinə əsasən yaradılmışdır. Qeyd edilmiş nizamnamə “Lifttəmir” İstahsalat Birliyi tərəfindən təsdiq edilmişdir.

30. Bundan başqa da, Bakı şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatlardan görünür ki, “Lifttəmir” İstahsalat Birliyi Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan təşkilatdır. Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsi isə “Lifttəmir” İstahsalat Birliyinin strukturuna aid olan qurumlardan biridir.

31. Göründüyü kimi, Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsi müstəqil hüquqi şəxs deyildir. Ona görə də, qeyd edilmiş İdarənin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsaslar yoxdur. Belə ki, qanunda İdarənin rəhbərinin deyil, məhz hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması imkanı nəzərdə tutulmuşdur.

32. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

33. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsində qeyd edilmişdir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsiszlik və ictimai arayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxsləriun hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı).

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə "təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər "müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün "demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

36. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar