Məhkəmə qərarları › İş №e-2-2(113)-3973/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3973/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3973/2023 21.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Xidmət müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən xidmət müqaviləsinə əsasən 155787,24 manat əsas borc, 15579 manat dəbbə pulu, mediasiya üçün çəkilmiş xərc 405 manat və 42 manat olmaqla, ümumilikdə 171813 manat məbləğin iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən xidmət müqaviləsinə əsasən 155787,24 manat əsas borc, 15579 manat dəbbə pulu, mediasiya üçün çəkilmiş xərc 405 manat və 42 manat olmaqla, ümumilikdə 171813 manat məbləğin iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixində №05-22/6 saylı Texnika ilə Xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, sözügedən müqavilənin ayrılmaz tərkib hissəi olan əlavədə müəyyən edilmiş şərtlər daxilində, İddiaçı ASC özünə məxsus xüsusi texnika ilə Cavabdeh MMC-yə xidmət göstərməyi, "xxxx"MMC isə öz növbəsində göstərilən xidmətlərin dəyərini müqaviləyə əsasən İddiaçı ASC-yə ödəməli idi. Lakin Cavabdeh MMC müqavilədə göstərilən müddət ərzində öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır və bu günə kimi 03 mart 2022-ci il tarixli №05-22/6 saylı müqavilə üzrə Cavabdeh MMC İddiaçı ASC-yə 155787,24 (yüz əlli beş min yeddi yüz səksən yeddi manat iyirmi dörd qəpik) AZN pul borcludur. Dəfələrlə Cavabdeh ilə razılığa gəlmək istəsələr də hər dəfə Cavabdeh MMC müxtəlif bəhanələr gətirərək öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Hətta tərəflər arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış və həmin barışıq sazişinə əsasən Cavabdeh MMC yaranmış borcu hissələrlə İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürsə də, bu günə qədər sazişdə göstərilən müddət ərzində maliyyə vəsaiti İddiaçı ASC-yə köçürülməmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişindən mübahisəsiz belə aydın olur ki Cavabdeh MMC borcu səmimi etiraf etməklə müqavilə üzrə öhdəliklərini icra etməkdən məqsədyönlü şəkildə boyun qaçırır. O cümlədən tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndinə əsasən Cavabdeh müqavilə üzrə ödənişi gecikdirdiyi hallarda, hər gecikmə günü üçün ödənişi gecikdirilmiş məbləğin bir faizi həcmində İddiaçı ASC-yə cərimə ödəməlidir. Lakin bu cərimənin ümumi dəyəri ödənişi gecikdirilmiş məbləğin on faizindən artıq ola bilməz. Buna görə də İddiaçı ASC tərəfindən cərimə tətbiq edilməsi də tam hüquqi əsaslara söykənir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

10. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində №05-22/6 saylı Texnika ilə Xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, sözügedən müqavilənin ayrılmaz tərkib hissəi olan əlavədə müəyyən edilmiş şərtlər daxilində, İddiaçı ASC özünə məxsus xüsusi texnika ilə Cavabdeh MMC-yə xidmət göstərməyi, CavabdehMMC isə öz növbəsində göstərilən xidmətlərin dəyərini müqaviləyə əsasən İddiaçı ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.

12. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış Xidmət müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş, müqavilənin, xx.xx.2023-cü il tarixli qrşılıqlı üzləşmə aktının, xx.xx.2023-cü il tarixli barışıq sazışının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, “özünə məxsus xüsusi texnika ilə Cavabdeh MMC-yə xidmət göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya müqavilənin və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh xidmət müqaviləsi bağlamış, həmin müqavilə üzrə cavabdehin iddiaçıya, 160887,24 manat məbləğində borcu yaranmış, həmin borcdan müəyyən hissəsini ödənilmiş, 155787,24 manat hissəsini ödəməmişdir.

14. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ödənilməmiş borcun tələb edilməsi hissəsində əsaslıdır və iddia göstərilən hissədə təmin edilməlidir.

15. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

16. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən cavabdeh müqavilə üzrə ödənişi gecikdirdiyi hallarda, hər gecikmə günü üçün ödənişi gecikdirilmiş məbləğin bir faizi həcmində iddiaçıya cərimə ödəməlidir.

17. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

18. Məhkəmə hesab edir ki, tələb olunan 15579 manat dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 7700 manat həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır.

19. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 405 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 405 manat mediasiya xərci Bakı 14 saylı Mediasiya təşkilatına ödənilmişdir.

21. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xidmət müqaviləsinə əsasən 155787,24 manat əsas borc, 7700 manat dəbbə pulu, mediasiya xərcinə görə 405 manat və dövlət rüsumuna görə 20,78 manat, cəmi 163913,02 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən xidmət müqaviləsinə əsasən 155787,24 manat əsas borc, 7700 manat dəbbə pulu, mediasiya xərcinə görə 405 manat və dövlət rüsumuna görə 20,78 manat, cəmi 163913,02 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar