Məhkəmə qərarları › İş №e-2-2(113)-3974/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3974/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3974/2025 22.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 18702,50 manat (on səkkiz min yeddi yüz iki manat əlli qəpik) məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 146,11 manat (yüz qırx altı manat on bir qəpik) pulun cavabdehdən alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “Məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2023-cü il tarixli, 246/2023 saylı müqavilənin 1-ci bəndinə əsasən İddiaçı MMC cavabdehə ümumi dəyəri 18702,50 manat (on səkkiz min yeddi yüz iki manat əlli qəpik) məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən malların dəyərini pul şəklində 47 (qırx yeddi) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 18702,50 manat (on səkkiz min yeddi yüz iki manat əlli qəpik) hissəsini bu günədək ödəməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389.1, 390.1, 442, 443.1, 445.2, 448.1, 567, 598.1, 598.2, 598.3-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2023cü il tarixli, 246/2023 nömrəli “Məhsulların nisyə alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı alıcıya nisyə (borc) olaraq ümumi dəyəri 18702,50 manat (on səkkiz min yeddi yüz iki manat əlli qəpik) məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satır; 3-cü bəndinə əsasən alıcı satıcıya 18702,50 manat məbləğində borcunu 47 (qırx yeddi) ay ərzində hər ay 400 (dörd yüz) manat, sonuncu ay 302,50 manat (üç yüz iki manat əlli qəpik) olmaqla pul şəklində ödəməyi öz öhdəsinə götürür; 5-ci bəndinə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürülmə formasında, yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz (təhsilat) almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı tərəf daşıyır; 7-ci bəndinə əsasən tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələr qarşılıqlı razılıq əsasında həll olunur. Qarşılıqlı razılıq olmadıqda mübahisələr məhkəmə vasitəsilə həll edilir; 9-cu bəndinə əsasən bu müqavilənin üçüncü maddəsi ilə müəyyən edilmiş öhdəlik alıcı tərəfindən vaxtında icra olunmadıqda satıcı borcu xəbərdarlıq etmədən dərhal tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

8. İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin 1.1-ci bəndinə əsasən kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun kreditora 18702,50 manat məbləğində borcu yarandığı müəyyən olunmuşdur. Borclu kreditora 18702,50 manat borcunun olduğunu tam etiraf edir və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, 246/2023 nömrəli “Məhsulların nisyə alqı-satqısı barədə” müqaviləyə əsasən 18702,50 manat dəyərində məhsulları satıcı alıcıya təhvil vermiş, alıcı isə təhvil almışdır. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borcun 1 (bir) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

13. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış məhsulların nisyə alqı-satqısı barədə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqavilələrinə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmişdir.

14. İddia tələbinin bir hissəsini cavabdehdən müqavilə üzrə ödənilməmiş 18702,50 manat məbləğində borcun tutulması təşkil edir.

15. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, satılmış malların dəyərinin əvəzi olaraq 18702,50 manat (on səkkiz min yeddi yüz iki manat əlli qəpik) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu işdə olan, yuxarıda qeyd olunan sübutlarla (müqavilə, təhvil-təslim aktı) öz təsdiqini tapır.

16. Eləcə də, iddiaçı ödənilmiş 146,11 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

17. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 146,11 manat (yüz qırx altı manat on bir qəpik) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18702,50 manat (on səkkiz min yeddi yüz iki manat əlli qəpik) borc, ödənilmiş dövlət rüsumuna görə 146,11 manat (yüz qırx altı manat on bir qəpik) olmaqla, ümumilikdə 18848,61 manat (on səkkiz min səkkiz yüz qırx səkkiz manat altmış bir qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar