Məhkəmə qərarları › İş №e-2-2(113)-398/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-398/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-398/2021 10.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh müəssisə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə xx xxxxx 2019-cu il tarixli, seriya İA, № 489426 olan elektron vergi hesab-fakturası ilə 6538 m3 çirkab sudan (kanalizasiya suyundan) istifadəyə görə hesablanmış (ƏDV daxil olmaqla) 6538 manat məbləğində debitor borcun qanunsuz və əsassız hesab edilərək silinməsi və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) tərəfindən «xxxx» Açıq Səhmdar Cəmiyyətinə (VÖEN: **********) 2019-cu ilin aprel ayında ********* saylı faktura əsasında seriya EAAT, № 393798 olan elektron-qaimə təqdim olunmuş, həmin elektron-qaimə sistem tərəfindən avtomatik təsdiqləndikdən sonra müəssisənin adına sistem tərəfindən avtomatik elektron vergi hesab-fakturası tərtib edilərək göndərilmişdir. Belə ki, xx xxxxx 2019- cu il tarixli, seriya İA, № 489426 olan elektron vergi hesab-fakturası ilə «xxxx» ASC-yə 6538 m3 çirkab sudan (kanalizasiya suyundan) istifadəyə görə ƏDV daxil olmaqla cəmi 6538 manat məbləğində borc hesablanmışdır. Müəssisənin ümumiyyətlə kanalizasiya sistemi yoxdur və bugünə kimi də belə bir kanalizasiya sistemi olmayıb. Belə ki, müəssisənin ərazisində «şambo» sistemi var və həmin «şambo» sisteminə yığılan çirkab su (kanalizasiya suyu) mütəmadi olaraq müəssisə tərəfindən maşınla daşınaraq ərazidən çıxarılır. Həmin daşınma ilə bağlı olan xərclər də hər dəfə müəssisənin vəsaiti hesabına ödənilir. xx xxx 2019-cu il tarixində Cavabdeh ASC-nin tullantı su şəbəkələri istismarı şöbəsinin aparıcı mühəndisi X3, Nərimanov rayon Sukanal İdarəsinin qəza xidmətinin sahə ustası Məmmədov Bahadur və müəssisə tərəfindən idarə heyətinin sədri X4 ilə birlikdə Akt tərtib edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli həmin aktda açıq və aydın bir şəkildə göstərilmişdir ki, «xxxx» ASCnin ərazisində kanalizasiya sistemi yoxdur. Müəssisənin kanalizasiya sistemi olmaması səbəbindən də, «xxxx» ASC-nin «şambo» sisteminə yığılan çirkab sular müəssisə tərəfindən maşınla daşınır. Həmin akt hər üç şəxs tərəfindən onların imzaları ilə imzalanaraq müvafiq qaydada təsdiq edilmişdir. Lakin bütün bunlara baxmayaraq, müəssisənin adına 2019-cu ilin aprel ayında Cavabdeh ASC tərəfindən göndərilmiş xx.xx.2019-cu il tarixli, seriya İA, № 489426 olan elektron vergi hesab-fakturası ilə müəssisəyə 6538 m3 çirkab sudan (kanalizasiya suyundan) istifadəyə görə ƏDV daxil olmaqla cəmi 6538 manat məbləğində borc hesablanmışdır. Bundan sonra onlar dəfələrlə müəssisəyə heç bir qanuni əsas olmadan hesablanmış həmin borc məbləğinin silinməsi ilə bağlı Cavabdeh ASC-yə, eyni zamanda Nərimanov rayon Sukanal İdarəsinə müraciət etsələr də, bunun heç bir nəticəsi olmamış və problemləri (əsassız olaraq hesablanmış borcun silinməsinə dair müraciətləri) öz müsbət həllini tapmamışdır. Belə ki, xx.xx.2019-cu il tarixli, seriya İA, № 489426 olan elektron vergi hesab-fakturası bugünkü tarixədək cavabdeh tərəfindən ləğv edilməmiş və tam əsassız və qanunsuz olaraq «xxxx» ASC-yə hesablanmış 6538 manat məbləğində borc bügünə kimi silinməmişdir. Yuxarıda qeyd etdikləri problemlə bağlı 2019-cu ilin 21 oktyabr tarixində, 27 saylı məktubla Cavabdeh ASC-nin rəhbərliyinə və eyni tarixli məktubla Nərimanov rayon Sukanal İdarəsinə rəsmi qaydada müraciət etmişlər. Nərimanov rayon Sukanal İdarəsi tərəfindən məktublarına uzun müddətdən sonra, yəni xx.xx.2019-cu il tarixli, 01-01/320 saylı cavab məktubunda bildirilmişdir ki, borcun yaranmasına dair müraciətləri Cavabdeh ASC-yə göndərilmiş və bu barədə onlara baş idarə olan Cavabdeh ASC tərəfindən məlumat veriləcəkdir. Bugünə kimi onlara nə CavabdehSC-dən, nə də ki, Nərimanov rayon Sukanal İdarəsindən qeyd olunan problemlə bağlı müraciətlərinə baxılıb-baxılmaması, eyni zamanda müəssisədə kanalizasiya sistemi olmadığı halda 6538 m3 çirkab sudan (kanalizasiya suyundan) istifadəyə görə müəssisəyə əsassız və qanunsuz olaraq hesablanmış 6538 manat məbləğində borcun silinib-silinməməsinə dair hər hansı bir rəsmi məlumat verilməmişdir. Onlar müəssisələri «xxxx» ASC adından bu halla bağlı Cavabdeh ASC-yə və eyni zamanda Nərimanov rayon Sukanal İdarəsinə pretenziya qaydasında məktubla müraciətlər edərək xx xxxxx 2019-cu il tarixli seriya İA, № 489426 olan elektron vergi hesab-fakturası ilə «xxxx» ASC-nin adına heç bir qanuni əsas olmadan hesablanmış (ƏDV daxil olmaqla) 6538 manat məbləğində borcu həmin pretenziya məktubunu aldıqları tarixdən etibarən 20 (iyirmi) təqvim günü müddətində silməyi, həmin əsassız və qanunsuz borcun yaranmasına səbəb olmuş elektron vergi hesabfakturanı ləğv etməyi və bu barədə onlara rəsmi qaydada məlumat verməyi xahiş etmişdilər. Lakin cavabdeh orqan Cavabdeh ASC tərəfindən bugünə kimi onlara pretenziya qaydasında göndərdikləri məktublara baxılmamış, həmin pretenziya məktublarına hər hansı bir münasibət bildirilərək bugünə kimi onlara rəsmi cavab verilməmiş, eyni zamanda müəssisədə kanalizasiya sistemi olmadığı halda cavabdeh tərəfindən əsassız və qanunsuz hesablanmış borc məbləğinin yaranmasına səbəb olmuş elektron vergi hesabfakturasının ləğv edilməsi, həmin faktura əsasında əsassız olaraq yaranmış borcun silinməsi və bu barədə onlara rəsmi qaydada məlumat verilməsi ilə bağlı hər hansı bir tədbir görülməmişdir. Belə olan halda qeyd olunan problemlə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, nümayəndəsi, vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələblərini tam şəkildə müdafiə etdiklərini bildirərək, işə onların iştirakı olmadan baxaraq, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə xx xxxxx 2019-cu il tarixli, seriya İA, № 489426 olan elektron vergi hesab-fakturası ilə 6538 m3 çirkab sudan (kanalizasiya suyundan) istifadəyə görə hesablanmış (ƏDV daxil olmaqla) 6538 manat məbləğində debitor borcun qanunsuz və əsassız hesab edilərək silinməsi və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında şambo sisteminə yığılan çirkab suların maşınla daşınıb sonradan kanalizasiya sisteminə axıdıldığını nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2018-ci ildə tərtib edilmiş MXD-10359 nömrəli inventar aktından görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin su təchizatına və su sayğacına baxış keçirilərkən obyektin ərazisində qeydiyyatsız artezan sudan istifadə olunur. xx.xx.2018-ci ildə tərtib edilmiş MXD-10359 nömrəli inventar akta əsasən, xx.xx.2018-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, 6538 m3 miqdarında 6538 manat dəyərində (4,54 m3 x 4 saat x 30 gün (ayda) x 12 ay) tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən EAAT seriyalı, 393798 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, ƏDV daxil olmaqla cəmi 6538 manat məbləğində (çirkab su) xidmətlər göstərilmişdir. xx.xx.2019-cu il tarixli aktdan görünür ki, «xxxx» ASC-nin ərazisində kanalizasiya sistemi yoxdur, müəssisənin «şambo» sisteminə yığılan çirkab suları maşınla daşınır. xx.xx.2021-ci il tarixli abonentin yoxlanılması və inventarizasiya aktından görünür ki, su təchizatı və su sayğacı qovşağının vəziyyətini yoxlanılarkən əraziyə ümumi baxış keçirilmiş, smart sayğac içməli suya quraşdırılıb, bir ədəd d=25 mm olan quyu var, quyu suyu kardon preslənməsində və daş kəsimində istifadə olunur, ərazidə 15 ədəd şambo qazılıb ki, çirkab sular axıdılır, ərazidə kanalizasiya xəttinə rast gəlinmədi, bir ədəd istifadə olunmayan kanalizasiya quyusu var, kanalizasiya xidmətindən istifadə olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin aşağıdakı bəndlərinə əsasən: 3.2. cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. 3.3. Bu məqsədlə Cəmiyyət: 3.3.1. suyun götürülməsi, emalı, nəqli və satışı sahəsində tabeliyində olan təşkilatların fəaliyyətini təşkil edir və onların bu sahədə fəaliyyətini tənzimləyir, tabeliyindəki sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət edir; 3.3.2. tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin ahəngdar işi üzrə tabeliyində olan aidiyyəti təşkilatların fəaliyyətini təşkil edir və onlara nəzarəti həyata keçirir; 3.3.3. tabeliyində olan müəssisələr tərəfindən 3.3.1-ci və 3.3.2-ci maddələrdə sadalanan bütün iş və xidmətlərin, yaxud ayrılıqda onların hər birinin dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslərlə müvafiq müqavilə bağlamaqla, təşkilinə və həyata keçirilməsinə nəzarət edir; 3.3.4. su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş sanitar-mühafizə zonalarının yaradılması və ona nəzarət rejiminin həyata keçirilməsini təmin edir. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinin 1-ci hissəsinə əsasən kanalizasiya müəssisələrinin əsas vəzifələri aşağıdakılardır: a) tullantı sularının nəqli, təmizlənməsi, zərərsizləşdirilməsi və ətraf mühitə və ya su hövzələrinə axıdılması; b) ümumi istifadədə olan kanalizasiya qurğularının genişləndirilməsi və yenidən qurulmasının təmin olunması, onlara texniki xidmətlərin göstərilməsi; s) kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmaq və əvvəlcədən qarşısını almaq üçün tədbirlərin görülməsi. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanunun 47-ci maddəsinin 1-ci bəndinə görə su kəmərləri və ya kanalizasiya sisteminin tərkib hissəsi olan və su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən alınmış və ya tikilmiş mühəndistexniki qurğular, su kəmərləri, avadanlıq və digər əmlak ayrıca müqavilədə digər şərtlər nəzərdə tutulmayıbsa, onların əmlakı hesab olunur. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanunun 72-ci maddəsinə görə su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı «xxxx» ASC-nin ərazisində müvafiq aktlara əsasən kanalizasiya sistemi mövcud deyil, ərazidə təxminən 15 ədəd şambo qazılmış, çirkab suları da ora axıdılır, müəssisənin şambo sisteminə yığılan çirkab suları isə maşınla daşınır, bu da ona deməyə əsas verir ki, əgər abonentə kanalizasiya xidmətləri göstərilmirsə sonuncudan göstərilməyən xidmətlərə görə haqq alına bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, şambo sisteminə yığılan çirkab suların maşınla daşınıb sonradan məhz kanalizasiya sisteminə axıdılması (başqa yerə də axıdılması mümkündür) ilə bağlı cavabdeh məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, çirkab suların daşınması xüsusi təyinatlı avtonəqliyyat vasitələri (hüquqi və fiziki şəxslərin mülkiyyətində olan) ilə həyata keçirilir və sözügedən xidmət ödənişlidir. Göründüyü kimi iddiaçı mövcud olmayan kanalizasiya sisteminə görə çəkiləcək xərcləri şambo sistemində yığılan çirkab suları aparan xüsusi təyinatlı maşınlara (yığılan çirkab suların daşınması və boşaldılması öhdəliyi onların üzərindədir) ödəyir. Bununla yanaşı məhkəmə qeyd edir ki, 6538 m3 miqdarında tullantı sularının axıdılması nəticəsində 6538 manat məbləğində hesablanmış cərimə vaxtaşırı yaranmış borc deyil, həmin vəsait Cavabdeh ASC-nin əməkdaşları tərəfindən «xxxx» ASC-nin ərazisində aparılan yoxlama zamanı müəyyən etdikləri birdəfəlik cərimədir. Göründüyü Cavabdeh ASC çirkab suların axıdılması ilə bağlı iddiaçı «xxxx» ASC-nin ərazisində yoxlama aparsa da, həmin yoxlamanı vahid məlumat reyestrində qeydə almamışdır. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh ASC tərəfindən «xxxx» Açıq Səhmdar Cəmiyyətinə 6538 m3 çirkab sudan (kanalizasiya suyundan) istifadəyə görə hesablanmış (ƏDV daxil olmaqla) 6538 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən Cavabdeh ASC-dən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən «xxxx» Açıq Səhmdar Cəmiyyətinə 6538 m3 çirkab sudan (kanalizasiya suyundan) istifadəyə görə hesablanmış (ƏDV daxil olmaqla) 6538 manat məbləğində borc silinsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh ASC tərəfindən tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar