Məhkəmə qərarları › İş №e-2-2(113)-3982/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3982/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3982/2025 14.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 3637,496 manat əsas borc, 2657 manat cərimənin və ödənilmiş 170 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında mühərrik, sənaye, sürtkü yağları və akkumulyatorlarının alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə xx/xx/2021 saylı müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli xx/xx/2021 saylı alqısatqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli MT2411 10504842 seriya və nömrəli elektron qaimə ilə iddiaçı tərəfindən cavabdehə dəyəri 23726,496 manat olan mal nisyə satılmışdır. Buna dair cavabdehə xx.xx.2024-cü il tarixli MT2411 10504842 seriya və nömrəli elektron qaimə təqdim edilmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə təqdim edilən qaimə üzrə alınan malların dəyəri cavabdeh tərəfindən bu günə kimi ödənilməmişdir ki, cavabdehin qaimə üzrə borcu hazırda ƏDV daxil 23726,496 manat təşkil edir. Bundan əlavə olaraq cavabdehin xx.xx.2021-ci il tarixli xx/xx/2021 saylı müqavilənin 7.3-cü bəndinə əsasən (hər gecikdirilmiş gün üçün 0,1% olmaqla 23726,496 x 0,1 x 112 gün =) 2657 manat cərimə borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır. İddia ərizəsi məhkəmənin icraatında olarkən ƏDV daxil 20089 manat ödəniş edilmiş, cavabehin ƏDV daxil 3637,496 manat əsas borc, 2657 manat cərimə borcu qalmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 600.1, 600.4-cü maddələri göstərilmişdir.

4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı MMC-nin Cavabdeh MMCyə qarşı “alqı-satqı müqaviləsi üzrə tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, mübahisə şirkətlər arasında bağlanmış xx.xx.2021-ci il tarixli xx/xx/2021 saylı alqı-satqı müqaviləsi üzrə yaranmışdır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən mallar təhvil verilərkən tərəflər təhvil-təslim aktını və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. Mallar təhvil verilərkən, göründüyü kimi, müqavilə şərtində təhvil-təslim aktının tərtib edilməsi nəzərdə tutulmuşdur. Hazırda müqavilə şərtlərinə uyğun olaraq mal təhvil verilərkən təhvil-təslim aktının imzalanması müəyyən edilməmişdir. Belə ki, mübahisə olunan malların təhviltəslim aktları mövcud deyildir. Cavabdeh tərəfindən yalnız sübut olaraq alıcı tərəfindən imzalanmamış elektron qaimə-faktura təqdim edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli elektron qaimə-faktura özü-özlüyündə borcun mövcudluğunu və onun şərtlərini sübut etmir. Bu qaimənin cavabdeh tərəfindən təsdiqlənməsi, malların real şəkildə təhvil alınması və ya təhvil-təslim aktlarının mövcudluğu sübuta yetirilməmişdir. Təhvil-təslim aktı və müvafiq müşayiətedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində malların nisyə satıldığı bildirilmişdir. Lakin tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsində ödənişin təxirə salınması və ya nisyə satışı barədə heç bir qeyd yoxdur. Yazılı sübut təqdim olunmadan irəli sürülən “nisyə satış” iddiası əsassızdır və hüquqi qüvvəyə malik deyil. Eyni zamanda həmin borc mövcud olduğu təqdirdə, 2024-cü ilin mənfəət bəyannaməsində mütləq qaydada əks olunmalı, mənfəət bəyannaməsinin surəti məhkəməyə təqdim edilməlidir. Sözügedən malların iddiaçı tərəfindən alınması, əldə edilməsi barədə, o cümlədən alıcıya təhvil verilməsi barədə sənədlər nə qədər ki məhkəməyə təqdim edilməyib, həmin malların iddiaçı tərəfindən cavabdehə, həqiqətən, təhvil verilməsi iddiasının əsası yoxdur.

6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 600-cü maddəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarına istinad edilmişdir.

II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin edilməsini xahiş etdi.

8. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizələr ünvanlayaraq tərəflər arasında barışıqla bağlı danışıqlar getdiyini, ƏDV daxil 20089 manat ödənişin edildiyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının barışıqla bağlı mövqeyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli xx/xx/2021 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları və akkumulyatorları cavabdehə satmağı, cavabdeh isə malları iddiaçıdan qəbul etməyi və müqabilində iddiaçıya sifariş ilə nəzərdə tutulan qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin malların təhvil verilməsi və qiymətlə bağlı şərtlərinə əsasən mallar təhvil verilərkən tərəflər təhvil-təslim aktını və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar, ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab-faktura) və malların təhvil-təslim aktına əsasən 60 bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nağd qaydada satıcıya ödənilir. İddiaçı 3619,296 manat ƏDV daxil cəmi 23726,496 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2411 10504842 seriya və nömrəli elektron qaimə tərtib edərək cavabdehə göndərmiş, cavabdeh xx.xx.2024-cü il tarixli MT2411 10504842 seriya və nömrəli elektron qaiməyə istinad etməklə xx.xx.2025-ci il tarixdə 17024,58 manat əsas məbləğ, 3064,42 manat ƏDV məbləği üzrə köçürmə qaydasında ödəniş etmişdir.

13. İddiaçı xx.xx.2021-ci il tarixli xx/xx/2021 nömrəli alqı-satqı müqaviləsinin məcburi icrasını – malların qalıq dəyəri olan ƏDV daxil 3637,496 manat məbləğində pulun tutulmasını tələb edir.

14. Cavabdeh iddiaya etiraz edərək malların təhvil-təsliminə dair hər hansı sübut təqdim edilmədiyini, elektron qaimənin malların verilməsini təsdiq etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş edir.

15. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

16. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

19. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

20. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

21. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

23. Cavabdeh malların verilməsinə, xx.xx.2024-cü il tarixli MT2411 10504842 seriya və nömrəli elektron qaimənin mötəbərliyinə etiraz etsə də, iddia ərizəsi məhkəmənin icraatında olarkən – xx.xx.2025-ci il tarixdə həmin elektron qaiməyə istinadla ƏDV daxil 20089 manat ödəniş etmişdir. Bu isə cavabdehin etirazının formal olduğunu göstərir. Eyni zamanda cavabdeh etirazında alqı-satqı müqaviləsində nisyə satışla bağlı hər hansı qeyd olmadığını bildirmişdir Lakin xx.xx.2021-ci il tarixli xx/xx/2021 nömrəli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab-faktura) və malların təhvil-təslim aktına əsasən 60 bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nağd qaydada satıcıya ödənilir. Göründüyü kimi, müqavilənin ödəniş şərtlərindən həmin müqavilənin nisyə alqı-satqı müqaviləsi olduğu açıq-aşkar öz təsdiqini tapır.

24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

25. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

28. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

29. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, xx.xx.2021-ci il tarixli xx/xx/2021 nömrəli alqı-satqı müqaviləsi alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 3637,496 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

30. İddia ərizəsində iddiaçı 2657 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

31. Tərəflər arasındakı alqı-satqı müqaviləsinin müqavilənin 7.3-cü bəndində qeyd edilmişdir ki, “Alıcı” bu müqavilə üzrə edəcəyi ödənişi üzrsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödəniş məbləğinin 0,1 faizi miqdarında “Satıcı”ya cərimə ödəyir.

32. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

33. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

34. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

35. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin həll edilməsi mümkün olmamışdır. Eyni zamanda cavabdeh yalnız iddia ərizəsi məhkəməninn icraatında olarkən 20089 manat ödəniş etmiş, məhz bu səbəbdən iddia tələbi əsas borca münasibətdə azaldılmışdır.

36. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 900 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

37. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 900 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

38. İddiaçı ödənilmiş 170 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

39. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 170 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

40. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 300 manat məbləğində pul X1 hesabına köçürülmüşdür (xx.xx.2025-ci il tarixli ******* nömrəli vəkil orderi).

41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

44. Məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləği 170 manat olmuş, iddiaçı da ona uyğun rüsum ödəmişdir. Lakin məhkəmə icraatının gedişində cavabdeh 20089 manat ödəniş etmiş, iddiaçı isə iddia tələbinin azaldılması barədə ərizə vermişdir. Belə olan halda, məhkəmə mübahisənin birbaşa cavabdeh tərəfindən tələbin cavabsız qoyulması səbəbindən yarandığını və tələbin cavabdehin məhkəmə icraatı zamanı edilən ödənişinə əsasən azaldığını nəzərə alaraq hesab edir ki, dövlət rüsumu işin nəticəsindən asılı olmayaraq cavabdehdən tutulmalıdır.

45. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 3637,496 manat əsas borc, 900 manat cərimə məbləği olmaqla ümumilikdə 4537,496 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar