Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3987/2025 24.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Azenco" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 iyun 2023-cü il tarixli 06-23/23 nömrəli alqısatqı müqaviləsi üzrə qəbul edilməmiş malların qəbul edilməsi öhdəliyinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 iyun 2023-cü il tarixli 06-23/23 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehə təhvil verilmiş mallara görə 5 573,21 manat məbləğində borcun tutulması, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 iyun 2023-cü il tarixli 06-23/23 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehə qəbul edilməmiş mallara görə 84.135,77 manat məbləğində pulun tutulması, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 iyun 2023-cü il tarixli 06-23/23 nömrəli alqı-satqı müqaviləsindən kənar cavabdehə təhvil verilmiş mallara görə 2.130,38 manat məbləğində borcun tutulması, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 iyun 2023-cü il tarixli 06-23/23 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənişin gecikdirilməsinə görə hesablanmış 7.019,64 manat məbləğində cərimənin tutulması, cavabdehdən 387 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, cəmi Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 9.9246 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “İddiaçı”) ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Cavabdeh”) arasında 12 iyun 2023-cü il tarixli 06- 23/23 nömrəli alqı-satqı müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmışdır. 2. Həmin Müqaviləyə 12 iyun 2023-cü il tarixli 1 nömrəli Əlavəyə (X2) (bundan sonra “Əlavə”) əsasən İddiaçı Cavabdehə ƏDV daxil 179 417,96 (bir yüz yetmiş doqquz min dörd yüz on yeddi manat, 96 qəpik) manat məbləğində polikarbonat lövhələr və profillər (bundan sonra “Mal”) çatdırılmalı idi. 3. Habelə, İddiaçı və Cavabdeh arasında olan əməkdaşlıq münasibətlərini nəzərə alaraq, İddiaçı Cavabdehə Əlavəyə daxil edilməyən 2130,38 (iki min bir yüz otuz manat 38 qəpik) manat (ƏDV daxil) məbləğində Malın çatdırılmasına da razılıq vermişdir.
4. Əlavənin 2-ci bəndinin 1-ci abzasının şərtlərinə əsasən Cavabdeh Malın ümumi dəyərinin 50%-i, yəni 89708,98 (səksən doqquz min yeddi yüz səkkiz manat 98 qəpik) manat (ƏDV daxil) məbləğində vəsaiti avans olaraq İddiaçıya ödəməli idi. 5. 11 dekabr 2023-cü il tarixdə Cavabdeh 89708,91 (səksən doqquz min yeddi yüz səkkiz manat 91 qəpik) manat məbləğində vəsaiti avans olaraq İddiaçıya ödəmişdir. 6. Avans ödənildikdən sonra, Əlavənin 2-ci bəndinin 2-ci abzasının şərtləri Cavabdeh tərəfindən pozulsa da, İddiaçı Cavabdehin xahişlərini nəzərə alaraq Malın bir hissəsini ona təhvil vermişdir. 7. Təhvil verilmiş Malın dəyəri avansın hesabına qismən ödənilmiş, həmin Mala görə Cavabdehin İddiaçıya ƏDV daxil 5 573,21 (beş min beş yüz yetmiş üç manat, 21 qəpik) manat (ƏDV daxil) məbləğində borcu qalmışdır. 8. İddiaçının dəfələrlə etdiyi müraciətlərinə baxmayaraq, Cavabdeh Əlavənin 2-ci bəndinin 2-ci abzasının şərtlərini pozmaqda davam etmiş və Malın ümumi dəyərinin qalan 50%-i, yəni qalıq 89708,98 (səksən doqquz min yeddi yüz səkkiz manat 98 qəpik) manat (ƏDV daxil) məbləğində vəsaiti İddiaçıya ödəməmişdir. Bu səbəbdən, İddiaçı Malın qalan hissəsinin Cavabdehə təhvil verilməsini dayandırmışdır. 9. İddiaçı Malın təhvil verilməsini dayandırdıqdan sonra Cavabdehə dəfələrlə müraciət etmiş, o cümlədən Cavabdehə pretenziyalar göndərmişdir. Buna baxmayaraq, Cavabdeh borcunu ödəməmiş, Malın qalan hissəsini İddiaçıdan təhvil almamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azenco" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddiaya etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. - 596.3-cü maddəsinə əsasən alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. - 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (alıcı) arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavələrində göstərilən malı satır, alıcı isə həmin malı qəbul edir və müqaviləni şərtlərinə uyğun olaraq malın dəyərini satıcıya ödəyir.
10. Müqavilənin 3.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur.
11. Müqavilənin 3.5.1-ci bəndinə əsasən malı müqaviləyə uyğun olduğu halda qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəmək alıcının öhdəliyidir.
12. Müqaviləyə xx.xx.2023-cü il tarixli 1 nömrəli Əlavə ilə təsdiq edilmiş X2 ilə tərəflər arasında malın təsviri, ölçü vahidi, miqdarı, vahidin dəyəri, ümumilikdə 179.417,96 manat məbləğində toplam dəyəri barədə razılığa gəlmişlər.
13. X1 2-ci bəndinə əsasən alıcı malın hazırki Əlavədə müəyyən edilən qiymətlər əsasında hesablanmış ümumi dəyərinin 50%-ni satıcının hesab fakturası üzrə bank köçürməsi yolu ilə ödəyir.
14. Müqavilə və X2 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
16. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbini şərti olaraq 4 hissəyə bölmək olar: - xx.xx.2023-cü il tarixli müqavilə ilə təhvil verilmiş mallara görə 5.573,21 manat məbləğində borcun tutulması; - xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə qəbul edilməmiş malların qəbul edilməsi öhdəliyinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması və qəbul edilməmiş mallara görə 84135,77 manat məbləğində pulun tutulması; - Qeyd edilmiş müqavilədən kənar cavabdehə təhvil verilmiş mallara görə 2.130,38 manat məbləğində borcun tutulması; - müqavilə üzrə ödənişin gecikdirilməsinə görə hesablanmış 7019,64 manat məbləğində cərimənin tutulması.
17. Məhkəmə ilk növbədə iddianın xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə təhvil verilmiş mallara görə 5.573,21 manat məbləğində borcun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
18. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 002532 nömrəli təhvil-təslim aktına əsasən 3.496,50 m² miqdarında polikarbonat lövhə-6 mm, xx.xx.2024-cü il tarixli 002569 nömrəıi təhvil-təslim aktına əsasən 1515.15 m² miqdarında polikarbonat lövhə-6 mm, 2386.50 m² miqdarında polikarbonat H profil-6 mm, xx.xx.2024-cü il tarixli 002607 nömrəli təhvil-təslim aktına əsasən 10.441,20 m² miqdarında polikarbonat lövhə-6 mm, 1.130,00 m² miqdarında polikarbonat H profil-6 mm satıcı tərəfindən alıcıya tam yararlı olaraq təhvil verilmişdir.
19. Bundan başqa iddiaçı tərəfindən cavabdehə EBDY seriyalı 984082 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 12.787,58 manat, EBDX seriyalı, 874856 nömrəli xx.xx.2024cü il tarixli dəyəri 20.216,76 manat, EBEA seriyalı, 004058 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 62.277,78 manat məbləğində elektron qaimələr göndərilmişdir.
20. Qeyd olunan elektron qaimələrin sadə riyazi üsulla ümumi məbləği 95.282,12 manat edir.
21. Hazırda da iddiaçı cavabdehin təhvil verilmiş mallara görə 5.573,21 manat məbləğində borcunun qaldığını bildirir.
22. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 13.684,41 manat (ƏDV), Paşa Bank ASC tərəfindən verilmiş hesabdan çıxarışdan isə görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 76.024,50 manat məbləğində, ümumilikdə 89.708,91 manat məbləğində ödəniş edilmişdir.
23. Cavabdeh tərəf iddianın bu hissəsinə etiraz edərək, qalıq borcun olmadığını bildirsə də, borcun ödənilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etməmişdir.
24. Belə olan halda məhkəmə hesab edir ki, iddia 5.573,21 manat (95.282,12- 89.708,91) borcun tələb edilməsi hissəsində təmin edilməli, cavabdehdən alınaraq iddiaçıya verilməldir.
25. İddianın digər hissəsini müqavilə üzrə qəbul edilməmiş malların qəbul edilməsi öhdəliyinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması və qəbul edilməmiş mallara görə 84.135,77 (səksən dörd min bir yüz otuz beş manat 77 qəpik) manat məbləğində pulun tutulması təşkil edir.
26. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi, malı müqaviləyə uyğun olduğu halda qəbul edib əvəzində pul məbləğini ödəmək alıcının öhdəliyi kimi müəyyən olunmuşdur.
27. Müqaviləyə xx.xx.2023-cü il tarixli 1 nömrəli Əlavə ilə təsdiq edilmiş X1 1-ci bəndinə əsasən aşağıda göstərilən malın satıcı tərəfindən alıcıya satılması alıcı tərəfindən isə həmin malın qəbul edilərək, razılaşdırılmış dəyərinin ödənilməsi hazırki Əlavənin predmetini təşkil edir.
28. Bundan başqa edilmiş X1 6-cı bəndinə əsasən hazırki əlavə ilə 06-23/23 nömrəli 12 iyun 2023-cü il tarixli müqavilə arasında hər hansı ziddiyyət meydana gəldiyi halda hazırki Əlavəyə üstünlük verilir.
29. Yuxarıda da qeyd edildiyi kimi X2 tərəflər ümumilikdə 179.417,96 manat məbləğində malların satılması barədə razılığa gəlmişlər.
30. İddianın qeyd olunan hissəsinə etiraz edən cavabdeh müqavilədə malları qəbul etmək kimi imperativ normanın olmadığını, qarşı tərəfə heç bir ziyanın vurulmadığını bildirmişdir.
31. Məhkəmə iddia tələbinin həmin hissəsi ilə bağlı qeyd olunan halları nəzərə alaraq, müqavilə şərtləri və qanunvericilik normalarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçı X2 ilə qalıq malların dəyərinin tam ödənilməsi və təhvil alınmasını cavabdehdən tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin olunmalı və verilməmiş 84.135,77 (179.417,96-95.282,12) manat dəyərində malların qəbul edilməsi öhdəliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmaqla həmin məbləğdə pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir.
32. Məhkəmə iddianın digər yəni müqavilədən kənar verilmiş mallara dair pulun tələb edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəf qeyd edilmiş dəyərdə malların cavabdehə verilməsi ilə bağlı sübut təqdim etmədiyindən 2130,38 (iki min bir yüz otuz manat 38 qəpik) manat məbləğində borcun tutulması hissəsində iddia təmin olunmamalıdır.
33. Məhkəmə 7.019,64 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
34. Bu xüsusda qeyd edilməlidir ki, dəbbə pulu qanundan və müqavilədən irəli gəlir.
35. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəliyin icra edilməməsi ilə bağlı cərimənin tətbiq edilməsinin mümkünlüyü barədə müqavilədə hər hansı bir bənd olmadığından və Mülki Məcəllədə alqı-satqı müqaviləsi üzrə pulun ödənilməməsi ilə bağlı cərimə məbləğinin tətbiqi ilə bağlı norma olmadığından iddia, 7.019,64 manat cərimənin tələb edilməsi hissəsində təmin edilə bilməz.
36. Bundan başqa məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 359,12 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
37. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 12 iyun 2023-cü il tarixli 06-23/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 5 573 (beş min beş yüz yetmiş üç manat) manat, 21 (iyirmi bir) qəpik məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. 12 iyun 2023-cü il tarixli 06-23/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 84.135 (səksən dörd min bir yüz otuz beş) manat 77 (yetmiş yeddi) qəpik məbləğində malların qəbul edilməsi öhdəliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun və 84.135 (səksən dörd min bir yüz otuz beş) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qeyd edilən hissədə qətnamə eyni vaxtda yəni, mallar verildikdən sonra pulun tutulması həyata keçirilsin. Dövlət rüsumunun əvəzi olaraq 359 (üç yüz əlli doqquz) manat 12 (on iki) qəpik məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov