Məhkəmə qərarları › İş №e-2-2(113)-400/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-400/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-400/2023 09.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daxili lizinq müqaviləsi, ilkin ödəniş, əsas borc, zərər, inzibati xəta) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 647 manat əsas borc, lizinq predmetinə vurulmuş zərər üçün 2700 manat, yol hərəkəti qaydalarının cavabdeh tərəfindən pozulması nəticəsində tətbiq edilmiş inzibati cərimələr üzrə ödənilmiş 403,60 manat və ilkin mediasiya sessiyayası üçün ödənilmiş 60 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında Massi-53C/22 nömrəli, xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, iddiaçı lizinq predmeti olan “Toyota Prius” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tam saz və işlək vəziyyətdə lizinq alana təhvil verməyi, cavabdeh isə lizinq muzdunu vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı əsasında lizinq predmeti cavabdehə tam saz və işlək vəziyyətdə təhvil verilmişdir. Cavabdeh müqavilə üzrə lizinq predmetini təhvil alsa da, sonradan öz öhdəliyini lazımi şəkildə yerinə yetirməmiş, lizinq muzdunu ödəməkdən yayınmış, habelə müqavilə şərtlərinə zidd olaraq əmlaka zərər vurmuş və dəymiş zərərin miqdarını ödəməkdən boyun qaçırmışdır. Belə ki, müqavilə üzrə cavabdeh hər ay 440 manat aylıq ödəniş etməli olsa da, müqavilənin qüvvədə olduğu və nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu son müddətlərdə 647 manat lizinq predmetindən istifadəyə görə ödənişi icra etməmişdir. Həmçinin lizinq predmetinə xeyli miqdarda qəsdən zərər də vurmuşdur. Həmin zərər avtomobilin qüsurları barədə akta əsasən 2700 manat təşkil edir. Eləcə də yol hərəkəti qaydalarının cavabdeh tərəfindən pozulması nəticəsində tətbiq olunan protokollar üzrə 403,60 manat inzibati cərimələr hesablanmışdır. Beləliklə, cavabdeh ümumilikdə 3750,6 manat məbləğində maddi zərər vurmuşdur. Bundan sonra müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə cavabdehə elektron qaydada xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlanmış və məbləğin 3 gün ərzində ödənilməsi, əks halda qanunvericiliyə uyğun olaraq aidiyyəti məhkəməyə müraciət olunacağı bildirilmişdir. Aparılan danışıqlara və edilən bütün müraciətlərə baxmayaraq, cavabdeh hərəkətsizlik nümayiş etdirərək öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Daha sonra mediasiya prosesi başlanmış, lakin ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh həmin sessiyada iştirak etməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 747, 748-10-cu və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, cavabdeh müxtəlif - əsasən orta və yuxarı seqmentdən olan nəqliyyat vasitərini lizinqə verən kommersiya şirkətidir. Bu istiqamətdə iddiaçı ilə cavabdeh arasında daxili lizinq müqaviləsi bağlanmış və “Toyota Prius” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehə lizinqə verilmişdir. Lizinq ödənişlərinin 15 gündən bir 440 manat olması razılaşdırılmışdır. Lakin cavabdeh lizinq ödənişlərini vaxtı-vaxtında icra etmədiyindən, eləcə də lizinq obyekti olan nəqliyyat vasitəsini son 2 ayda çox pis vəziyyətdə istifadə edib, nasaz vəziyyətdə saxladığından həmin avtomobil xx.xx.2022-ci il tarixdə sonuncudan alınmış və xx.xx.2022-ci il tarixdə qüsur aktı tərtib olunaraq nəqliyyat vasitəsinə dəyən zərər müəyyən olunmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə cavabdehə bildiriş göndərilərək daxili lizinq müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir. Eləcə də nəqliyyat vasitəsi cavabdehin sahibliyində olan müddətdə törədilmiş inzibati xətalar üzrə tətbiq olunan cərimələr sonuncu tərəfindən ödənilmədiyindən, iddiaçı tərəfindən ödənilmişdir.

5. İddiaçının nümayəndəsi məhkəmənin nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı suallarına cavab olaraq qeyd etdi ki, xx.xx.2022-ci il tarixdə iddiaçının əməkdaşları tərəfindən akt tərtib edilərək nəqliyyat vasitəsi cavabdehdən alınmış, sonuncu həmin akta imza etməkdən imtina etmişdir. Qeyd edilən aktı tərtib edən əməkdaşların nəqliyyat vasitəsinə texniki baxış keçirmək səlahiyyətləri olmadığından həmin avtomobil eyni gün iddiaçının əməkdaşlıq etdiyi servisə aparılmış, texniki baxışın keçirilməsi müəyyən müddət tələb etdiyindən, sabahı günü – xx.xx.2022-ci il tarixdə qüsur aktı tərtib edilmiş və nəqliyyat vasitəsinə dəymiş zərər müəyyənləşdirilmişdir. Qiymətlərdə fərq olduğu üçün avtomobilin təmirinin bir hissəsini “911 Servis”, bir hissəsini də X2 həyata keçirimişdir.

6. Tələb olunan lizinq ödənişinin məbləği ilə bağlı məhkəmənin suallarına münasibət bildirərək iddiaçının nümayəndəsi göstərdi ki, vergi qanunvericiliyinə əsasən iddiaçının gəlirləri və xərclərinin uçotu hesablama metodu ilə aparıldığından və bu səbədən müqavilənin xitam edildiyi tarixə (xx.xx.2022-ci il) qədər iddiaçı vergi ödədiyindən həmin tarixə lizinq ödənişlərini də tələb edilir.

7. İnzibati cərimə protokolları ilə bağlı isə bildirildi ki, iddiaçı “portal.az.com” və “SMS Radar” sistemləri ilə işləyir. Nəqliyyat vasitəsi sahibinin müvafiq inzibati xəta pozuntuları ilə bağlı Daxili İşlər Nazirliyindən müvafiq sorğular gəlir, bu sorğulara cavab olaraq nəqliyyat vasitəsini idarə edən şəxslər barədə məlumat aidiyyəti üzrə göndərilir, daha sonra inzibati xəta protokolları tərtib edilir. İddiaçının əməkdaşları “SMS Radar” sistemi vasitəsilə tərtib edilmiş protokolları görərək tətbiq edilən inzibati cərimələr barədə lizinq alanları xəbərdar edir və həmin cərimələrin ödənilməsini tələb edir. Ödənişlər edilmədikdə nəqliyyat vasitələrinin cərimə meydançasına aparılmaması, üzərinə həbs qoyulmaması üçün inzibati cərimələr iddiaçı tərəfindən ödənilir. Bu qaydada iddiaçı 403,60 manat məbləğində cərimə ödəmişdir.

8. Cavabdehin ünvanına sifarişli-xəbərnaməli poçt göndərişləri ilə məhkəmə bildirişləri çatdırılmış, telefon nömrələrinə məhkəmə iclaslarının yeri və vaxtı barədə “sms”lər göndərilmiş, telefonoqramalar ötürülmüşdür. Lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 31 mart 2022-ci il tarixdə, Massi-53C/22 nömrəli lizinq müqaviləsi bağlanmış, iddiaçı cavabdehin seçdiyi “Toyota Prius” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, cavabdeh isə müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə lizinq məbləği 43240 manat müəyyən olunmuş, lizinq verənin müqavilə bağlanan anda lizinq alandan 1000 manat məbləğində ilkin ödənişi qəbul etməsi razılaşdırılmışdır. Lizinq alan başlanma tarixi xx.xx.2022-ci il tarix olmaqla lizinq müqaviləsi üzrə ödənişləri xx.xx.2026-cı il tarixədək 15 gündən bir ödəmə şərti ödəməyi öhdəsinə götürmüşdür (ödəniş qrafikinə əsasən). Lizinq obyekti olan avtomobil xx.xx.2022-ci il tarixli aktla lizinq alana təhvil verilmiş, cavabdeh ödənişləri gecikdirdiyindən və nəqliyyat vasitəsini işlək vəziyyətdə saxlamadığından lizinq obyekti xx.xx.2022-ci il tarixdə ondan alınmış, lizinq müqaviləsinə xx.xx.2022-ci il tarixdə birtərəfli qaydada iddiaçı tərəfindən xitam edilmişdir.

12. İddiaçı lizinq müqaviləsi üzrə ödənilməmiş 647 manat lizinq ödənişi üzrə borcu, lizinq predmetinə vurulmuş zərər üçün 2700 manat, yol hərəkəti qaydalarının cavabdeh tərəfindən pozulması nəticəsində tətbiq edilmiş inzibati xəta haqqında qərarlara əsasən inzibati cərimələr üzrə onun tərəfindən ödənilmiş 403,60 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

13. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir və məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən heç bir etiraz təqdim etmir.

14. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

16. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

17. Buna görə də, məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

18. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi iki hissədən ibarət olduğundan tələblər üzrə ayrı-ayrılıqda məhkəmənin qəti mövqeyi şərh olunmalıdır.

a) Lizinq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

19. İddiaçı lizinq müqaviləsinin ləğv edildiyi xx.xx.2022-ci il tarixə cavabdeh tərəfindən ödənilməli olan muzdu – 647 manatı tələb edir.

20. Məhkəmə hesab edir ki, iddia tələbi lizinq ödənişlərinin cavabdehdən tutulması hissəsində əsassızdır, təmin olunmamalıdır.

21. İddia ərizəsinə əlavə edilmiş iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində açılmış hesabı üzrə xx.xx.2022-xx.xx.2022-ci illəri əhatə edən çıxarışdan görünür ki, Massi-53C/22 nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə edilmiş 1000 manat ilkin ödəniş daxil olmaqla və sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilməklə, ümumilikdə 5399 manat məbləğində lizinq ödənişləri edilmişdir.

22. Məhkməyə təqdim olunan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, lizinq obyekti 14 sentyabr 2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdeh ödənişləri vaxtında edə bilmədiyi və avtomobili qəzalı vəziyyətdə idarə etdiyi üçün təhvil alınmışdır.

23. İddia ərizəsinə əlavə olunan 20 sentyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən xx.xx.2022-ci il tarixdək lizinq ödənişlərini və lizinq predmetinə vurulmuş zərərin əvəzinin ödənilməsi tələb edilmiş, əks təqdirdə müqaviləyə xitam veriləcəyi bildirilmişdir.

24. İş materiallarında olan 24 sentyabr 2022-ci il tarixli müqavilənin birtərəfli ləğvinə dair bildirişdən görünür ki, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 2.1.5-ci və 7.2-ci bəndlərinə əsasən həmin müqaviləyə xitam verilmişdir.

25. Əvvəlcə məhkəmə qeyd edir ki, lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilməli olan ödənişlərdir. Ona görə də, iddiaçının lizinq müqaviləsinin ləğv edildiyi xx.xx.2022-ci il tarixə lizinq ödənişi tələb etməsi ilə bağlı mövqeyi əsassızdır və lizinq ödənişi lizinq obyektindən lizinq alanın faktiki istifadə etdiyi müddət üçün tələb oluna bilər.

26. Məhkəmə müəyyən edir ki, lizinq müqaviləsi bağlanarkən cavabdeh tərəfindən 1000 manat məbləğində ilkin ödəniş edilmişdir. Eyni zamanda, lizinq obyektinin lizinq alandan alındığı xx.xx.2023-cü il tarixə lizinq müqaviləsi üzrə cavabdehin əsas borcu 411,62 manat ((440 manat x 10 ödəniş müddəti + (29.33 manat x 14 gün)) – (5399 manat ümumi ödəniş-1000 manat ilkin ödəniş)) təşkil edir.

27. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.2-ci maddəsinə əsasən, lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur.

28. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

29. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.

30. Eləcə də Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

31. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edildiyindən lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı nəqliyyat vasitəsinin əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir və iddiaçının əsassız varlanmasına gətirib çıxarır. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, lizinq obyekti olan nəqliyyat vasitəsinin iddiaçıya geri qaytarıldığı və iddiaçının nəqliyyat vasitəsini yenidən lizinqə veridiyi nəzərə alındığında avans məbləği ümumi borcdan çıxılmalıdır.

32. Lizinq obyektinin lizinq alanın istifadəsində olduğu xx.xx.2022-ci il tarixə lizinq ödənişi kimi ödənilməli olan 411,62 manat pul cavabdeh tərəfindən ödənilmiş 1000 manat avans ödənişi ilə əhatə olunduğundan məhkəmə hesab edir ki, iddiaçının lizinq müqaviləsi üzrə borcun tutulması tələbi əsassızdır və təmin edilməməlidir.

b) Lizinq müqaviləsi üzrə zərərin əvəzinin tutulması tələbi ilə bağlı

33. İddiaçı lizinq obyektinə vurulmuş zərərə görə 2700 manat və yol hərəkəti qaydalarının cavabdeh tərəfindən pozulması nəticəsində tərtib olunan protokollar (qərarlar) üzrə onun tərəfindən ödənilmiş 403,60 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

34. Məhkməyə təqdim olunan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Yasamal rayonu, 3 saylı ASAN xidmətin qarşısından “Toyota Prius” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil 14 sentyabr 2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdeh ödənişləri vaxtında edə bilmədiyi və qəzalı vəziyyətdə idarə etdiyi üçün təhvil alınmışdır. Cavabdeh aktı imza etməkdən imtina etmiş, iddiaçı tərəfindən problemli kreditlər üzrə mütəxəssislər və texniki işlər üzrə mütəxəssis tərəfindən akt imzalanmış və iddiaçının möhürü ilə təsdiqlənmişdir.

35. Məhkəməyə təqdim edilən 911 Servis tərəfindən tərtib olunmuş (fərdi sahibkar X4 tərəfindən təsdiq olunmuş (VÖEN **********)) xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Toyota Prius” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin texniki baxış keçirilmiş və 1470 manat dəyərindəki ehtiyat hissələrinin dəyişdirilməsi və 1230 manat məbləğində xidmət göstərilməsinə ehtiyacın olduğu müəyyən edilmişdir.

36. İş materiallarına əlavə edilmiş EBCİ 530734 seriya və nömrəli elektron qaimədən görünür ki, “Toyota Prius” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 1260 manat dəyərində xidmətin göstərilməsi (xidmət göstərən X4) rəsmiləşdirilmişdir.

37. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 1360 manat məbləğində pul X3 ödənilmişdir.

38. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan (xidmət göstərən kimi X2 tərəfindən imzalanmaqla) görünür ki, iddiaçının mülkiyyətində olan “Toyota Prius” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil 17-21 noyabr 2022-ci il tarixlərində ünvan 1 ünvanında yerləşən avtomobil təmir məntəqəsində təmir edilmiş və 1330 manat xidmət haqqı xərci çəkilmişdir.

39. İş materiallarında olan EBCK 273755 seriya və nömrəli elektron qaimədən görünür ki, avtomobillərə 5013 manat dəyərində texniki xidmətin göstərilməsi (xidmət göstərən X2) üçün müvafiq faktura rəsmiləşdirilmişdir.

40. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, ümumilikdə 5013 manat pul X1 ödənilmişdir.

41. Beləliklə, məhkəmə müəyyən edir ki, lizinq obyekti iddiaçı tərəfindən xx.xx.2022ci il tarixdə cavabdehdən alınmış, nəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin texniki baxış zamanı 2700 manat zərərin dəydiyi müəyyənləşdirilmiş, daha sonra nəqliyyat vasitəsinin təmiri üçün iddiaçı tərəfindən ayrı-ayrılıqda 1260 manat və 1330 manat olmaqla, cəmi 2590 manat məbləğində təmir xərci çəkilmişdir.

42. Bundan başqa, iş materiallarına əlavə edilən mədaxil qəbzləri və “SMS Radar” sistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli BNA2219093 nömrəli protokol, xx.xx.2022-ci il tarixli BNA2219094 nömrəli protokol, xx.xx.2022-ci il tarixli BNA2231552 nömrəli protokol, xx.xx.2022-ci il tarixli İXP4585875 nömrəli protokol, xx.xx.2022-ci il tarixli BNA2278742 nömrəli protokol, xx.xx.2022-ci il tarixli EQ10270429 nömrəli protokol, xx.xx.2022-ci il tarixli İXP4725695 nömrəli protokol, xx.xx.2022-ci il tarixli EQ10504609 nömrəli protokol, xx.xx.2022-ci il tarixli EQ10892239 nömrəli protokol, xx.xx.2022-ci il tarixli EQ11100628 nömrəli protokol, xx.xx.2022-ci il tarixli EQ11243450 nömrəli protokol, xx.xx.2022-ci il tarixli EQ11355223 nömrəli protokol, xx.xx.2022-ci il tarixli EQ11355225 nömrəli protokol, xx.xx.2022-ci il tarixli İXP4878978 nömrəli protokollar (qərarlar) üzrə lizinq obyektinin cavabdehdən alındığı xx.xx.2022-ci il tarixdən sonrakı tarixlərdə (xx.xx.2022, xx.xx.2022, xx.xx.2022) ümumilikdə 403,60 manat ödəniş edilmişdir.

43. Məhkəməyə təqdim edilən 31 mart 2022-ci il tarixli, 30 aprel 2022-ci il tarixli, 30 may 2022-ci il tarixli, 30 iyun 2022-ci il tarixli, 30 iyul 2022-ci il tarixli, 30 avqust 2022-ci il tarixli yol vərəqələrindən görünür ki, 31 mart tarixdən etibarən bir aylıq müddətlərlə (sonuncu yol vərəqəsininin 30 sentyabr 2022-ci il tarixədək etibarlı olmaqla) “Toyota Prius” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti cavabdehə verilmişdir.

44. Beləliklə, məhkəmə müəyyən edir ki, cavabdeh yol vərəqələri əsasında nəqliyyat vasitəsini idarə edərkən (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) müxtəlif vaxtlarda yol hərəkəti qaydalarının pozulması nəticəsində inzibati xətalar törətmiş, həmin xətalar üzrə inzibati protokollar tərtib edilmiş və lizinq obyektinin cavabehdən alındığı tarixdən sonrakı xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə inzibati xəta haqqında qərarlar üzrə ümumilikdə 403,60 manat məbləğində inzibati cərimə iddiaçı tərəfindən ödənilmişdir.

45. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsinin cavabdehin faktiki sahibliyində olduğu müddət ərzində (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) sonuncu tərəfindən avtomobilə dəyən zərərin, o cümlədən yol hərəkəti qaydalarının pozulması nəticəsində tərtib edilmiş protokollar üzrə ödənilmiş inzibati cərimələrin məsuliyyətini məhz cavabdeh daşıyır.

46. Belə ki, Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

47. Tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatına riayət etmək, lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq üzrə üzərinə öhdəlik götürmüş (2.2.12), lizinq obyektinin lizinq alana təhvil verilməsindən sonra lizinq obyektinin zədələnməsi ilə bağlı bütün məsuliyyətin lizinq alana keçməsi (5.1), lizinq obyektinin cari və əsaslı təmirinə çəkilən xərclərin lizinq alan tərəfindən ödənilməsi (4.7), təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinin təsadüfən məhv olması və zədələnməsi riskinin lizinq alana keçməsi (10.1) razılaşdırılmışdır.

48. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq obyekti lizinq alanın – cavabdehin faktiki sahibliyində olarkən risklərin bölüşdürülməsi qaydaları nəzərdə tutulmuş, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyekti ilə bağlı əksər risklərin məsuliyyətinin lizinq obyektinə faktiki sahiblik edənin üzərində olduğu göstərilmişdir. Eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsində də oxşar tənzimləmə həyata keçirilmişdir.

49. Lizinq obyektinə dəymiş zərər üzrə məsuliyyət lizinq obyekti təhvil verildiyi andan lizinq alana keçdiyi halda, hazırkı iş üzrə lizinq alan avtomobilə dəymiş zərəri aradan qaldırmamış, lizinq verən avtomobilə dəymiş zərəri aradan qaldırmaq üçün 2590 manat xərc çəkmişdir.

50. Bundan başqa, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 2.2.6-cı bəndinə əsasən lizinq obyektini istifadə etməsi nəticəsində ödənilməli olan hər hansı faiz və cərimələrə görə məsuliyyət daşımaq lizinq alanın vəzifəsinə aid edilmiş, 3.6-cı bəndinə əsasən, müqavilə üzrə ödənilməmiş ödənişlər, lizinq alanın təqsiri ucbatından lizinq verərnin mülkiyyətinə və digər qanuni mənafelərinə dəyən zərərin əvəzi və yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar ödənilməmiş inzibati cərimələr birtərəfli qaydada lizinq alanın öhdəliyinə verilməsi razılaşdırılmışdır.

51. Lizinq obyekti olan nəqliyyat vasitəsi cavabdehin faktiki sahibliyində olduğu müddət ərzində (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) sonuncu tərəfindən müxtəlif vaxtlarda yol hərəkəti qaydalarının pozulması nəticəsində protokollar tərtib edilmiş, inzibati cərimələrin məsuliyyəti məhz cavabdehin üzərində olduğu halda lizinq obyektinin cavabehdən alındığı xx.xx.2022-ci il tarixədək cərimələr ödənilmədiyindən iddiaçı xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə inzibati xəta haqqında qərarlar üzrə ümumilikdə 403,60 manat ödəniş etmişdir.

52. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

53. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

54. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının lizinq müqaviləsi üzrə dəymiş zərərin əvəzinin tutulması tələbi təmin edilməli, lizinq obyektinə dəymiş zərərin əvəzi olaraq 2590 manat, inzibati xəta haqqında qərarlara əsasən ödənilmiş pulun əvəzi olaraq 403,60 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

55. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşür.

56. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/11-01040 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir.

57. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

58. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

59. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

60. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

61. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Lizinq obyektinə dəymiş zərərin əvəzi olaraq 2590 (iki min beş yüz doxsan) manat, inzibati xəta haqqında qərarlara əsasən iddiaçı tərəfindən ödənilmiş pulun əvəzi olaraq 403 (dörd yüz üç) manat 60 (altmış) qəpik olmaqla, ümumilikdə 2993 (iki min doqquz yüz doxsan üç) manat 60 (altmış) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar