Məhkəmə qərarları › İş №e-2-2(113)-4002/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4002/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4002/2023 14.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 311073 manat məbləğində əsas borcun və 203412 manat məbləğində dəbbə pulunun, cəmi 514485 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 311073 manat məbləğində əsas borcun və 203412 manat məbləğində dəbbə pulunun, cəmi 514485 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində iddiaçı ilə cavabdeh arasında P09/18 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin 2-ci maddəsinin 2-ci bəndinə əsasən mal alıcıya tam həcmdə çatdırıldıqdan sonra 5 (beş) bank günü ərzində alıcı satılmış malların dəyərini satıcının bank hesabına köçürməlidir. Malların cavabdehə çatdırılmasına, həmçinin malların dəyəri ilə bağlı ödənişlərin həyata keçirilməsi üçün cavabdehə elektron qaimələrin göndərilməsinə baxmayaraq ödənişin bir qismi olan 453608 manat məbləğində pulun və müqavilənin 5.2-ci maddəsinə əsasən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş məbləğin 0.1 faizi həddində cərimənin - 203412 manat məbləğinin ödənilməsi üçün aidiyyəti üzrə Mediasiya Şurasına və Kommersiya Məhkəməsinə müraciət ediləcəyi barədə cavabdehə xx.xx.2023-cü il tarixində müvafiq pretenziya təklif göndərilmişdir. Təklifin göndərilməsindən sonra cavabdeh tərəfindən 142.535 manat məbləğində pul vəsaiti ödənilsə də digər məbləğlər yəni 514.485 manat məbləğində pul vəsaiti hələ də ödənilməmişdir. Bu səbəblə də qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək üçün ilkin mərhələdə mediasiya təklifi ilə cavabdehə müraciət edərək qalıq borcu olan 311073 manat məbləğində əsas borcun və 203412 manat məbləğində dəbbə pulunun ödənilməsi üçün işin mediasiya qaydasında həllinə görə aralarında razılığa gəlinməsini mediasiya təklifi ilə qarşı tərəfə bildirmişdir. Təklif cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. Bundan əlavə olaraq cavabdehə e-taxes sistemi üzərindən onlayn kargüzarlıq bölməsindən, həmçinin kağız daşıyıcıda xx.xx.2023-cü il tarixində pretenziya-təklif ünvanlanılmış və çatdırılmışdır. Lakin cavabdeh tərəfindən bugünədək borclu olduğu pul ödənilməmişdir. xx.xx.2023 tarixində 14 saylı Mediasiya Təşkilatında müvafiq iclas keçirilmiş və nəticədə müvafiq arayış verilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iş üzrə 27 iyulda 11.068 manat, 04 avqustda 10.000 manat, 04 oktyabrda 10.000 manat olmaqla ümumilikdə 31068,44 manat məbləğində ƏDV-siz, 5592,32 manat ƏDV-li cavabdeh tərəfindən iddiaçıya ödənişlər olunmuşdur. 311.073 manat borcu ƏDV-siz qəbul edir, həmin borcdan 31068 manat ödənilmiş və 280653,60 manat hazırda borcu qəbul edir, eyni zamanda ƏDV-li borcu olan 331071,25 manat ƏDV-li borcdan 5592,32 manat ödənilmişdir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. xx.xx.2018-ci il tarixli P09/18 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı malmaterialları satmağı, cavabdeh isə həmin malın tam dəyərini ödəməyi öhdələrinə götürmüşlər.

10. 16 ədəd Elektron-qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif adda və müxtəlif çeşiddə 840.791,37 manat dəyərində mal-material satılmışdır.

11. xx.xx.2022-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə qalıq borcu ƏDV-siz 930546,69 manat, ƏDV ilə 1.098.045,09 manat təşkil etmişdir.

12. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli P09/18 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı mal-materialları satmağı, cavabdeh isə həmin malın tam dəyərini ödəməyi öhdələrinə götürmüşlər.

13. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş üzləşmə aktının, elektron qaimələrin və ödəniş tapşırıqlarının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili ƏDV-siz 311.073 manat məbləğində borcu etiraf etmiş, həmçinin həmin borcdan 31068,44 manat ödənildiyini bildirmişdir. Eyni zamanda bu hal iddiaçının nümayəndəsi və vəkili tərəfindən də təsdiq edilmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

17. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni cavabdehin 311.073 manat məbləğində borcu olması cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı etiraf edildiyindən, həmçinin cavabdeh tərəfindən həmin borc məbləğindən 31068,44 manat ödənilməsi iddiaçının nümayəndəsi və vəkili tərəfindən təsdiq edildiyindən və eyni zamanda bu hallar iş materiallarında olan sənədlərlə sübuta yetirildiyindən iddiaçı və cavabdeh həmin faktları sübut etmək vəzifəsindən azaddırlar. Odur ki, göstərilən hallar işin mübahisəsiz xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməklə, alqısatqı müqaviləsi üzrə 280.004,56 manat (311.073 – 31.068,44) cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia qismən təımin edilməlidir.

18. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

19. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, həmin müqavilənin 5.2-ci bəndinə əsasən Bu Müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş məbləğ həmin bənddə nəzərdə tutulmuş vaxt çərçivəsində Alıcı tərəfindən ödənilmədikdə, Alıcı hər gecikdirilmiş günə geçikdirilmiş məbləğin 0,1 % məbləğində, amma vaxtında ödənilməmiş məbləğin 5 %-dən çox olmamaq şərtilə cərimə ödəməyi öhdəsinə götürmüşdür.

20. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

21. Məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, 15553 manat dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

24. İş üzrə dövlət rüsumu məbləğinin 805 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 57,45 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməli məbləğ 342,53 manat təşkil edir. 805 manat dövlət rüsumu məbləğindən iddiaçıya aid edilməli məbləğ çıxılmaqla, qalan 462,47 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 280.004,56 manat məbləğində əsas borc və 15553 manat dəbbə pulu, cəmi 295.557,56 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən 280.004,56 manat məbləğində əsas borc və 15553 manat dəbbə pulu, cəmi 295.557,56 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 805 manat məbləğində dövlət rüsumunun 462,47 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 342,53 manat məbləği İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar