Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4002/2025 10.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə əsas borc 24640 manat, faiz borcu 10.000 manat olmaqla, cəmi 34640 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 saylı 07 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Satıcı”-yəni İddiaçı MMC “Sifarişçinin”-yəni Sizin sifarişiniz əsasında beton məhlulu hazırlayaraq tikinti sahəsinə verməyi, müqavilənin 1.2-ci maddəsinə əsasən, cavabdeh beton məhlulu qəbul edib, dəyərini vaxtında və tam şəkildə Satıcının bankdakı hesabına ödəməyi öhdənizə götürmüşdür. Cavabdeh 06.08.24-25.11.24-cü il tarixləri arası İddiaçı MMC-dən ƏDV xaric 23540,00 (iyirmi üç min beş yüz qırx) manat dəyərində beton məhlulu almışdır. Bu günə qədər göstərilən məbləğdən bir dəfə də olsun ödəniş edilməmişdir. Müqavilənin 5.2-ci maddəsinin tələblərinə əsasən, beton məhlulun dəyərinin ödənilməsi elektron qaimə təqdim edildikdən sonra 5 gün ərzində aparılmalı idi. Həmin müqavilnin 6.1-ci maddəsinin tələblərinə əsasən, hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləği 1 faizi qədər cərimə ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə görə son ödəniş tarixi xx.xx.2024-cü il olduğundan gecikdirmə 147 gün olmuşdur. 28 aprel 2025-cüi il tarixə hesablanmış cərimə borcunuz 34.603,80 (235,4 X 147 = 34603,80) manat təşkil edir.Bu günə Sizin müəssisənin bizim müəssisəyə ƏDV xaric əsas Borc 23.540 manat, cərimə borcu 34.603,80 manat, ümumilikdə isə borc 582143, 80 manat təşkil edir. Bundan əlavə, aramızda bağlanmış 10 yanvar 2024-cü il tarixli müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən, “İcraçı” -yəni Biz “Sifarişçinin”-yəni Sizin sifarişiniz əsasında özümüzə məxsus texnika ilə tikinti sahəsində daşımaçılıq və avtopompa ximdətləri göstərməyi, müqavilənin 2.2-ci maddəsinin tələblərinə əsasən, cavabdeh işi qəbul edib, elektron qaimə təqdim edildikdən sonra beş iş günü ərzində görülmüş işlərin dəyərini bankdakı hesabımıza ödəməyi öhdəsinə götürmüşdür. Görülmüş işlərin dəyəri ƏDV xaric 1100 ( min yüz ) manat təşkil edir. İki müqavilə üzrə cavabdehin iddiaçıya olan əsas borc 24640 manat, faiz borcu isə 34.603,80 manat təşkil etsə də, iddiaçı cavabdehdən əsas borc 24640 ( iyirmi dörd min altı yüz qırx ) manat olmaqla faiz borcu ilə birlikdə cəmi 34640 (otuz dörd min altı yüz qırx ) manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azalması barədə ərizə təqdim edərək cavabdehdən iddiaçının xeyrinə 14.700 manat əsas borc, 10.000 manat faiz borcu olmaqla 24.700 manat pul vasəitinin, vəkil xidmətləri üçün ödənilmiş 320 manat, dövlət rüsumu kimi ödənilmiş 205 manat olmaqla, cəmi 25.525 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, StarTruck Global” MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il 01 №-li alqı-satqı müqaviləsinə əsasən beton məhsulları xx.xx.2024- cü il tarixli «Makro 2000 X1 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti»-nin Azərbaycan Resublikasındakı Filialı ilə aramızda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və "xxxx" ASC-nin sifarişi əsasında sonuncu şirkətə satılmışdır. “Alıcı” məhsulun dəyərini “Satıcı” tərəfindən elektron qaimə-faktura təqdim edildiyi tarixdən 14 gün ərzində ödəməyərək müqavilə üzrə öhdəliyini icra etməmiş, borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu ünvanlanmışdır. Biz təchizat şirkəti olduğumuzdan qarşı tərəf ödənişi gecikdirdiyinə görə Bizdən asılı olmayan səbəblərlə bağlı tərəfimizdən ödəniş edilməsi mümkün olmamışdır. İddiaçı MMCnin 28 aprel 2025-ci il tarixli tələb etmə məktubuna cavab olaraq məktub ünvanlanmış, borcun ödənilməsi üçün vaxt verilməsi xahiş olunmuşdur. Lakin həmin müddət gözlənilmədən məhkəməyə müraciət olunmuşdur. Məlumat üçün bildiririk ki, xx.xx.2025-ci ildə 4840 manat, xx.xx.2025-ci ildə 1100 manat 4 qaimə üzrə borclar ödənilmişdir, hazırda 18700 manat əsas borc qalmışdır. Borcun ödənilməsi tərəfimizdən məhkəmə baxışı gedişində tam təmin olunacaqdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hesab edirik ki, tələb olunan cərimə həddindən artıq hesablanmışdır. Hazırda borcun ödənilməsi tərəfimizdən təmin olunur. Tələb olunan dəbbə pulunun azaldılmasını xahiş edir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə yazılı ərizə verib iddianın qalıq əsas borcun (13700 manat) tutulması hissəsində təmin edilməsinə etiraz etmədiyini göstərib, qalan hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 saylı alqı-satqı müqaviləsinə görə satıcı razılaşmaya əsasən beton məhlulunu hazırlayaraq alıcının tikinti sahəsinə verməyi öhdəsinə götürür.
11. Müqavilənin 5.2-ci bəndinə görə beton məhlulunun dəyərinin ödənilməsi verilmiş malın sənədləşməsindən sonra (elektron qaimə qəbul edildikdən sonra) 5 (beş) gün ərzində satıcının bank hesabına köçürülməlidir.
12. Müqavilənin 6.1-ci bəndinə görə alıcı qəbul etmiş olduğu beton məhlulunun dəyərini müqavilədə nəzərdə tutulan müddət ərzində ödəməzsə ödənişin hər gecikdirilən günü üçün ödənilməmiş məbləğin 1 (bir) %-i miqdarında cərimə ödəyir. Bundan əlavə ödənilməmiş məbləğə görə satıcı tərəfindən alıcıya qarşı Azərbaycan Respublikasının qüvvədə olan Mülki qanunvericiliyində nəzərdə tutulan cərimə növlərini tətbiq edə bilər.
13. Tərəflər arasında imzalanmış 07 yanvar 2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə bir reys daşınma xidmət 50 manat dəyərində razılaşdırılmışdır.
14. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında imzalanmış 10 yanvar 2024-cü il tarixli, 02 nömrəli xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin sifarişi əsasında özünə məxsus texnikalarla sifarişçinin tikinti obyektində daşımaçılıq və avtopompa xidmətini həyata keçirir. Avtopompa xidmətinin dəyəri görülmüş iş əsasında, xidmət göstərilən əraziləri nəzərə alaraq yazılan qaimə və aktlar əsasında müəyyənləşdirilir.
15. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2408 10269561 nömrəli 9864,8 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 10832083 nömrəli 6619,8 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 10847414 nömrəli 590 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 10845839 nömrəli 354 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 10832182 nömrəli 5711,2 manat məbləğində, xx.xx.2024cü il tarixli MT2411 12336675 nömrəli 5581,4 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 12336557 nömrəli 354 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
16. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 4840 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1100 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1000 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 3000 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1000 manat ödəniş edilmişdir.
17. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
18. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
26. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
28. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
30. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azalması barədə ərizə təqdim edərək cavabdehdən iddiaçının xeyrinə həmin tarixə olan 14.700 manat əsas borcun tutulmasını xahiş etmişdir.
31. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən onun tərəfindən iddiaçıya 1000 manat məbləğində ödəniş edilmişdir.
32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən müqavilə üzrə qalıq 13700 manat əsas borc (14700 manat – 1000 manat) tutularaq iddiaçıya ödənilməlidir.
33. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində 10000 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
36. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 600 manat müəyyən edilməlidir.
37. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 13700 manat əsas borc, 600 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
38. Bundan başqa iddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən göstərilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
39. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosuna 320 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
40. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 132,90 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 72,10 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 13700 manat əsas borc, 600 manat dəbbə pulu, 320 manat hüquqi yardıma görə xərc, 132,90 manat dövlət rüsumu, ümumilikdə 14752,90 (on dörd min yeddi yüz əlli iki manat doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 72,10 (yetmiş iki manat on qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova