Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4003/2022 05.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ММC-dən İddiaçı MMC-nin xeyrinə ümumilikdə 10143.15 (on min yüz qırx üç, 15 qəpik) manat borc, mediasiya xidmətinin göstərilməsinə görə ödənilən 100.00 (yüz) manat haqqın və 20.43 (iyirmi, 43 qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata alınmış və cəmiyyətin adına müvafiq olaraq və müvafiq ƏDV bildirişi verilmişdir. İddiaçı MMC faktiki olaraq ofis dəftərxana, təsərrüfat mallarının topdansatışı fəalliyyət ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı MMC ilə Cavabdeh ММC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 202 saylı alqı-satqı müqaviləyə əsasən iddiaçı cavabdehi ofis dəftərxana və təsərrüfat malları ilə təmin edir, cavabdeh isə müqavilənin 5.1-ci maddəsində göstərilmiş müddət ərzində aldığı malların dəyərini ödəyir. Lakin cavabdeh aldığı malların dəyərini əvvəlcədən ödəməyi gecikdirərək sonradan isə ödəməkdən imtina etmişdir. Bununla müqavilə ilə müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehin iddiaçıya 9500.00 (doqquz min beş yüz, 00 qəpik) manat əsas borc və (müqavilənin 5.2-ci maddəsinə əsasən əsasən hər gecikdirilən gün üçün ümumi məbləğin 0.01%-i cərimə ödəməlidir.) faiz üzrə 346.75 (üç yüz qırx altı, 75 qəpik) manat olmaqla, ümumilikdə 9846.75 (doqquz min səkkiz yüz qırx altı, 75 qəpik) manat borcu mövcuddur. xx.xx.2019-cu il tarixli 202 saylı alğı-satqı müqaviləsinə əsasən müqavilənin son qüvvədə olma tarixi xx.xx.2021-ci ildir. Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,75 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz olduğunu nəzərə alaraq, cavabdehin müqavilə ilə müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda) əvəzi olaraq, uçot dərəcəsini 6.25 faiz dəhlizi ilə xx.xx.2022- xx.xx.2022 tarixi aralıq (9500.00*0.52%* 6 ay) 296.40 (iki yüz doxsan altı, 40 qəpik) manat olmuşdur. İddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq göstərilən borc məbləği cavabdeh tərəfindən hələ də ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə olunmuş: İddiaçı MMC “satıcı” Cavabdeh MMC “alıcı” olmaqla imzalanmış 17 dekabr 2019-cu il tarixli 202 nömrəli alğı-satqı müqaviləsinə əsasən “satıcı” “alıcı”ya ofis, dəftərxana və təsərrüfat mallarını satır, “alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “satıcı”ya ödəyir. xx.xx.2019-cu il tarixli 00..13139 nömrəli qaimə üzrə 1.157 manat, xx.xx.2019-cu il tarixli 00..13137 nömrəli qaimə üzrə 805 manat, xx.xx.2019-cu il tarixli 00..13415 nömrəli qaimə üzrə 3.053 manat, xx.xx.2020-ci il tarixli 00..0375 nömrəli qaimə üzrə 1.012 manat, xx.xx.2019-cu il tarixli 00.12973 nömrəli qaimə üzrə 3974 manat məbləğində müxtəlif məhsulların təhvil təslimi razılaşdırılmış, qeyd olunan qaimə sənədləri Valeh, Zülfiqar, Quliyev adlı şəxslər tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 20,43 manat məbləğində dövlət rüsumu İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsinin olması iş materialları ilə öz təsdiqini tapsa da qeyd olunan müqavilə üzrə malların cavabdeh tərəfindən təhvil alınması öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş qaimlərdə təhvil alan şəxslərin adları qeyd olunsa da həmin şəxslərin cavabdeh MMC-nin əməkdaşları olması, qaimələrin tərəflər arasında imzalanmış və hazırda mübahisələndirilən 17 dekabr 2019-cu il tarixli 202 nömrəli alğı-satqı müqaviləsi üzrə tərtib edilməsi sübuta yetirilməmişdir. Eyni zamanda qanunvericiliklə elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunduğundan iddiaçı MMC tərəfindən bu tələbə əməl olunması və cavabdehə elektron qaimə-faktura göndərilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, ofis dəftərxana və təsərrüfat mallarının iddiaçı tərəfindən cavabdeh MMC-yə təhvil verilməsinin sübuta yetirilməməsi, iddianın əsassız olması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, mediasiya xidmətinin göstərilməsinə görə ödənilən 100.00 (yüz) manat və 20.43 (iyirmi, 43 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddia qaldırılarkən ödənilmiş 100 manat məbləğində mediasiya xərci, 20,43 (iyirmi manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4003/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4003/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver