Məhkəmə qərarları › İş №e-2-2(113)-4024/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4024/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4024/2025 07.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Holcim (Azərbaycan)” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən aldığı beton məhsullarına görə 21353,28 AZN,borcun gecikdirilməsinə görə 1900,4 AZN cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 160 AZN pulun tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə Holcim (Azərbaycan) ASC arasında bağlanmış O001789895 saylı, xx.xx.2024-cü il tarixli Beton təchizatına dair (bundan sonra “Müqavilə” adlanacaq) əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları təchiz etməyi, cavabdeh isə bu məhsul və xidmətləri həmin müqavilədə və onun əlavələrində göstərilən qiymət və şərtlərlə qəbuledərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə əsasən Sifarişçi malın dəyərini müddətində Təchizatçıya ödəməlidir. Cavabdeh borcunun 21353,28 (iyirmi bir min üç yüzəlli üç manat iyirmisəkkiz qəpik) AZN məbləğində olan hissəsini ödəməmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvilaldığıməhsulların dəyərini ödəməmişdir. Müqavilənin 9.1-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği AZN 1900,4 (bir min doqquz yüz manat qırx qəpik) təşkiledir. Cavabdehə pretenziya məktubu göndərib borc məbləğinin xx.xx.2025-ci il tarixinədək ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyini bildirmişik. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən aldığı beton məhsullarına görə 1367,13 AZN, borcun gecikdirilməsinə görə 1900,4 AZN cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 160 AZN pulun tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. “Holcim (Azərbaycan)” ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, O001789895 saylı Beton təchizatına dair müqaviləyə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən təchizatçı Sifarişçinin sifariş etdiyi məhsul və xidmətləri satmağı, Sifarişçi İsə bu məhsul və xidmətləri bu müqavilədə (bundan sonra - "Müqavilə") və onun əlavələrində (bundan sonra - "Əlavələr") göstərilən qiymət və şərtlərlə qəbul edərək dəyərini ödəməyi öz üzərinə götürür.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə əlavə razılaşmalarda və/və ya əlavə edilmiş qiymət siyahısında ("Qiymət siyahısı") göstərildiyi kimi bu Müqavilə və Müqavilə üzrə əlavələrdə məhsullar anlayışına beton, qoruyucu beton və ya əhəng məhlulu (bundan sonra "Məhsullar" adlandırılacaq) daxildir. Müqavilə üzrə əlavə razılaşmalarda və/və ya əlavə edilmiş qiymət siyahısında (siyahılannda) göstərildiyi kimi xidmətlərə məhsulların daşınması, beton nasosuyla betonun verilməsi və digər xidmətlər (bundan sonra "Xidmətlər" adlandırılacaq) daxildir.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən hər bir məhsul və xidmətin dəyəri Müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsini təşkil edən Müqavilə üzrə əlavə sənədlərdə göstərilir.

12. Müqavilənin 3.2-ci bəndinə əsasən qiymətə ƏDV daxil deyil. ƏDV kvotaya və elektron qaimə (e-qaimə) verildiyi vaxt qüvvədə olan qanunvericiliyə uyğun fakturalaşdirilir və ödənilir.

13. Müqavilənin 3.3-cü bəndinə əsasən təchizatçının nəzarət edə bilmədiyi bir sıra dəyişkən aspektlər hər bir məhsulun və/və ya xidmətin qiymətinə təsir göstərir Ona görə də Sifarişçi Təchizatçının istənilən vaxt məhsulun və/və ya xidmətin qiymətini dəyişmək (yeni qiymətlər) hüququna malik olduğunu təsdiqləyir. Qiymətlərlə bağlı bütün dəyişikliklər yeni qiymətlərin tətbiq olunduğu tarixdən 7 təqvim günü qabaq Sifarişçiya bildiriləcək.

14. Müqavilənin 3.4-cü bəndinə əsasən sifarişçi yeni qiymətlərlə razıl aşmadı qda, bildirişin verildiyi tarixdən etibarən 2 təqvim günü ərzində Təchizatçıya bu barədə məlumat verməlidir. Əks təqdirdə qiymətlər qəbul edilmiş hesab olunacaq. Sifarişçi yeni qiymətlərlə razılaşmadıqda bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər.

15. Müqavilənin 3.5-ci bəndinə əsasən qiymətlərdə kommersiya məqsədli azalmalar (Təchizatçının daxili siyasətinə uyğun olaraq "güzəştlər" adlandırılır) vəziyyətdən asılı olaraq yalnız ödəniş şərtlərinə. Müqavilə üzrə əlavə sənədlərdə göstərilmiş miqdara, Təchizatçı tərəfindən ödənişlərin yığılmasına, eləcə də Müqavilə üzrə digər şərtlərin yerinə yetirilməsinə uyğun tətbiq ediləcək, Yuxanda göstərilən Müqavilə şərtləri yerinə yetirildiyi təqdirdə, Təchizatçı vaxtaşırı olaraq və/və ya işlər başa çatdıqdan sonra güzəştli elektron qaimə (e-qaımə) təqdim edəcək. Təchizatçının tətbiq etdiyi endirimlər qiymətlərlə bağlı razılaşdırılmış güzəştlər daxil olmaqla tətbiq ediləcək.

16. Müqavilənin 4.1-ci bəndinə əsasən təchizatçı məhsulun dəyərinin ödənilməsi üçün Sifarişçiyə elektron -qaimə (e-qaimə) təqdim edir, Təchizatçı elektron qaiməni (eqaimə) elektron formatda vergi portalı vasitəsilə göndərəcəkdir. Sifarişçi elektron -qaimədə (e-qaimə) göstərilən məbləği bu müqavilənin əlavəsində razılaşdırılmış müddət ərzində Təchizatçıya ödəməyi öhdəsinə götürür.

17. Müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçi ödəniş müddətinə əməl etmədikdə. Təchizatçı Sifarişçi bütün vaxtı çatmış ödənişləri, eləcə də gecikmiş ödənişlər üzrə cərimə məbləğini tam həcmdə ödəyənə qədər Sifarişçiya çatdırılmanı dayandırmaq hüququna malikdir.

18. Müqavilənin 4.3-cü bəndinə əsasən sifarişçiyə göndərilmiş elektron qaimə (eqaimə) 5 gün ərzində düzəliş üçün qaytarıl maması və ya etiraz edilməməsi həmin elektron qaimədə göstərilmiş mal m, xidmətin və məbləğin Sifarişçi tərəfindən qəbul edilməsini təsdiq edir.

19. Müqavilənin 9.1-ci bəndinə əsasən əgər Sifarişçi elektron qaımənin (e-qaımə) dəyərim ödəniş tarixinin sonuna qədər ödəməzsə, Təchizatçı öz mülahizəsinə uyğun olaraq ödənilməli ümumi məbləğə tətbiq olunmaqla, son tarixdən ödəniş anına qədər hesablanmaqla hər gecikmiş təvqim gününə görə 0,1% dəbbə pulu tətbiq edə bilər. Dəbbə pulu məbləği məhdudlaşdırıla bilməz. Təchizatçı Sifarişçinin ödəniş öhdəliklərini yerinə yetirməməsi nəticəsində dəyən zərəri sübut etmək öhdəliyi daşımır. Ödənilməli və ödənilməmiş elektron qaimələr (e-qaimə) olduğu halda Sifarişçi ödənilməmiş elektron qaimələri (e-qaimə) ödəniş tarixindən asılı olaraq, ən köhnə tarixdən cari tarixə qədər sıra ilə ödəyəcəkdir. Sifarişçi tərəfindən həyata keçirilən ödənişlər, əvvəlcə, fakturada müəyyən edilən ödəniş öhdəliyini, sonra isə müvafiq məbləğlə bağlı dəbbə puluna tətbiq olunacaqdır. Sifarişçi bu Müqavilə və Müqavilə üzrə əlavə sənədlərdə razılaşdırılan ödəniş şərtlərinə əməl etməzsə və ya əlavə sənədlərdə göstərilən kredit limiti aşılarsa, Təchizatçı çatdırılmanı dayandırmaq hüququna malikdir.

20. xx.xx.2024-cü il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə Əlavəyə əsasən beton məhsullarının dəyəri müəyyən edilmişdir və Əlavənin 6-cı bəndinə əsasən elektron qaimənin təqdim edildiyi tarixdən 30 gün ərzində elektron qaimənin məbləği satıcıya ödəməlidir.

21. 29.12.2024-cü il tarixli, MT2412 seriyalı 12324735 saylı elektron qaiməyə əsasən "xxxx" (Azərbaycan) ASC tərəfindən Cavabdeh MMC-yə 20248,80 manat dəyərində beton, xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 12425274 saylı elektron qaiməyə əsasən 1104,48 manat dəyərində betonun verildiyi qeyd olunmuşdur.

22. 10 yanvar 2025-ci il tarixli Üzləşmə aktına əsasən Cavabdeh MMC-nin "xxxx" (Azərbaycan) ASC-yə 1 yanvar 2025-ci il tarixinə olan ümumi borc məbləğinin 21.353,28 manat məbləğində olduğunu hər iki tərəf öz imza və möhürləri ilə təsdiq edilmişdir.

23. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

24. Belə ki, iş materialları və tərəflərin izahatı ilə müəyyən olunur ki, tərəflər arasında mübahisə nisyə alqı-satqı münasibətlərindən irəli gəlmişdir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

27. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

28. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

29. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

30. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, O001789895 saylı Beton təchizatına dair Müqavilənin 1.1-ci bəndinə əsasən təchizatçı Sifarişçinin sifariş etdiyi məhsul və xidmətləri satmağı, Sifarişçi İsə bu məhsul və xidmətləri bu müqavilədə (bundan sonra - "Müqavilə") və onun əlavələrində (bundan sonra - "Əlavələr") göstərilən qiymət və şərtlərlə qəbul edərək dəyərini ödəməyi öz üzərinə götürür.

33. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla (müqavilə, e-qaimələr, üzləşmə aktı ilə) təsdiqini tapdığı üçün iddia tələbinin 1367,13 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

34. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 9.1-ci bəndinə əsasən hesablanmış 1900,40 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

35. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

36. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

37. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

38. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (1367,13 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan tutulacaq dəbbə pulu 68 manat məbləğində müəyyən edilməlidir.

39. Məhkəmə xərclərinə dair məhkəmə aşağıdakıları qeyd edir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. İş materiallardan göründüyü kimi iddiaçı tərəfindən 160 manat dövlət rüsumu ödənilmişdir.

42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi qismində 35 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, rüsumun qalan hissəsi iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1367,13 manat əsas borc məbləği, 68 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 35 manat tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar