Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-404/2025 01.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması, müqaviləyə xitam verilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, müqavilənin ləğvi, lizinq obyektinin qaytarılması, avans ödənişinin lizinq ödənişlərinə daxil edilməsi, qənaət edilmiş xərclər) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması, müqaviləyə xitam verilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 26588,17 manat, xx.xx.2022-ci il tarixli KTA- KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 138 760 manat əsas borc, 92955,20 manat komissiya məbləği, 117 232 manat subsidiya məbləği üzrə borc olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 375 535,37 manat məbləğində pulun və ödənilmiş 665,60 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqavilələrinə xitam verilməsi və müvafiq olaraq 1 ədəd “Jeep/Wrangler Universal” markalı nəqliyyat vasitəsi və 22 ədəd “Baramgaebi BR-A 300S” markalı meyvələrin təmizlənməsi maşınının saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən 1 ədəd “Jeep/Wrangler Universal” markalı nəqliyyat vasitəsi, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi” müqaviləsinə əsasən 22 ədəd “Baramgaebi BR-A 300S” markalı meyvələrin təmizlənməsi maşını cavabdehə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. 2.2. xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 85 000 manat təşkil etmişdir. Müqavilənin 1-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 17 000 manat məbləğində ilkin ödəniş iddiaçıya ödənilmişdir. xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 319 990 manat təşkil etmişdir. Həmin məbləğin 117 232 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 63 998 manat məbləğində ilkin ödəniş iddiaçıya ödənilmişdir. 2.3. Lizinq müqavilələrinin predmetini təşkil edən avadanlıqlar cavabdehə təhvil verildikdən sonra onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2024-cü il tarixinə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 26 588,17 manat borc, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 138 760 manat əsas borc, 92955,20 manat komissiya məbləği üzrə borc, 117 232 manat subsidiya məbləği üzrə borc yaranmışdır. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. 2.4. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli PLM-24/0191 və PLM-24/0192 nömrəli pretenziya məktubları ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, cavabdeh iddiaçı qarşısında xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 26 588,17 manat gecikdirilmiş borc öhdəliyi, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 138 760 manat gecikdirilmiş əsas borc, 92955,20 manat komissiya məbləği üzrə borc, 117 232 manat subsidiya məbləği üzrə borc olmaqla, ümumilikdə 348 947,20 manat öhdəliyi var.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427, 445, 748-1.12.4, 748-2.3-cü və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri X3, X4, Nümayəndə iddianın məzmununa uyğun izahlar verdi və eyni zamanda göstərdilər ki, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı müqavilə üzrə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiyanın veilməsindən imtina edilmişdir. İddiaçının imtina barədə cavabdehə məlumat vermək öhdəliyi olmasa da, şifahi qaydada və pretenziya məktubu ilə subsidiya məbləği tələb edilərkən bu barədə cavabdeh məlumatlandırılmışdır.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndələri göstərdilər ki, subsidiya ilə bağlı müraciətə cavab alınana qədər texnikanın dəyəri iddiaçı tərəfindən ödənilir, ilkin ödəniş çıxılmaqla iddiaçı subsidiya həcmində kredit götürür. Bu səbəbdən də subsidiya ilə bağlı müraciətə cavab gələnədək komissiya haqqı hesablanır. Komissiya məbləğinin hüquqi əsası Mülki Məcəllənin 748-11.1.2-ci maddəsidir. İddiaçının bu müqavilə üzrə mükafat məbləğini, yəni 24660 manatı Aqrar Kredit və İnkişaf Agentliyi hissə-hissə ödəyir.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı müqavilə üzrə hesablanan komissiya məbləğinin hüquqi əsası mövcud deyildir. Bununla yanaşı, lizinq müqaviləsinin bağlanmasına səbəb dövlət tərəfindən güzəştlərin edilməsi olmuşdur. Lakin iddiaçı subsidiyanın ayrılmasından imtina edilməsi barədə cavabdehə hər hansı məlumat verməmişdir. Əgər cavabdeh subsidiyanın ayrılmasından imtina edildiyi barədə məlumatlı olsa idi, adıçəkilən müqaviləni bağlamazdı.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İddia tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha23 sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki: - iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 012-NV/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq cavabdehin sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən 1 ədəd “Jeep/Wrangler Universal” markalı, 2020-ci il buraxılışı, 1C4HJXDN1MW536635 ban nömrəli əmlakın öz mülkiyyətinə əldə edilməsini və muzdla cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, cavabdeh lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə lizinq obyektinin dəyərinin 85000 manat, ilkin ödənişin 17000 manat, lizinq məbləğinin 68000 manat, mükafat məbləğinin 18064,42 manat, lizinq müddətinin 36 ay olması razılaşdırılmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2025ci il tarixədək aylıq 2390,68 manat məbləğində lizinq ödənişinin edilməsi şərtləşdirilmişdir. Lizinq obyekti xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir; - İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasiəti yaranmış, iddiaçı cavabdeh tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını (buraxılış illəri 2022-ci il olan, “Baramgaebi BR – (A) 300 S” markalı, şassi nömrələri Sİ-A-2, Sİ-A-3, Sİ-A-4, Sİ-A-5, Sİ- A-6, Sİ-A-7, Sİ-A-8, Sİ-A-9, Sİ-A-10, Sİ-A-11, Sİ-A-12, Sİ-A-13, Sİ-A-14, Sİ-A-15, Sİ-A-16, Sİ-A-17, Sİ-A-22, Sİ-A-23, Sİ-A-24, Sİ-A-25, Sİ-A-26, Sİ-A-27 olan 22 ədəd meyvənin təmizlənməsi (qabıq soyma) maşını) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə lizinq obyektinin ümumi qiymətinin 319 990 manat, tətbiq olunan subsidiya məbləğinin 117 232 manat, avans məbləğinin 63998 manat, lizinq obyektinin qalıq dəyərinin 138 760 manat, mükafat məbləğinin 24660,69 manat (AKİA tərəfindən iddiaçıya ödənilməli), lizinq müddətinin 60 ay olması razılaşdırılmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək aylıq 2312,67 (sonuncu ay 2312,47) manat məbləğində lizinq ödənişinin edilməsi şərtləşdirilmişdir. Lizinq obyekti iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
12. İddiaçı xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixə 26588,17 manat məbləğində pulun tutulması, 1 ədəd “Jeep/Wrangler Universal” markalı nəqliyyat vasitəsinin saz və işlək vəziyyətdə geri qaytarılması, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixə qədər 138 760 manat əsas borc, 92955,20 manat komissiya məbləği, 117 232 manat subsidiya məbləğinin tutulması, 22 ədəd “Baramgaebi BR-A 300S” markalı meyvələrin təmizlənməsi maşınının saz və işlək vəziyyətdə geri qaytarılmasını tələb edir.
13. Cavabdeh komissiya məbləğinin hesablanmasının hüquqi əsası olmadığını, iddiaçının subsidiya məbləğinin verilməsindən imtina barədə cavabdehi məlumatlandırmadığını bildirərək iddiaya etiraz edir.
14. Məhkəmə hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqavilələrinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.
15. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
16. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, X9 obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
17. xx.xx.2022-ci il tarixli 012-NV/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 10.1-ci bəndinə əsasən, bu müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini, ödəmədən aşağıdakı hallarda ləğv edilə bilər: X9 Obyektindən bu Müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə; X9 Obyektini işlək halda saxlamadıqda və bu da oııuıı istehlak keyfiyyətlərini pisləşdirdikdə; X8 Verənin yazılı icazəsi olmadan Lizinq Obyektini sublizinqə və ya kirayəyə verdikdə; X9 ödənişlərini bu Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə.
18. xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 14.1-ci maddəsinə əsasən, Lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda, Lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: X9 obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilir; Lizinq verəıı tərəfimdən müəyyən edilmiş müddət ərzində Lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmayıb; Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə.
19. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur.
20. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
21. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
22. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Belə ki, iddiaçı məhkəməyə iddia ərizəsi verilərkən lizinq obyektlərinin qaytarılmadığını bildirmiş, bu səbəbdən də lizinq obyektlərinin qaytarılması tələbini və lizinq müqavilələrinə xitam verilməsi tələbini də irəli sürmüşdür. Belə olan halda iddia tərəfindən müvafiq iddia ərizəsinin X1 Sistemi vasitəsilə cavabdehə göndərildiyi andan iddiaçı tərəfindən müqavilənin ləğvi üzrə iradənin ifadə edildiyi görünür.
23. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 012-NV/22 nömrəli və xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli daxili maliyyə lizinqi müqavilələri xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. İddiaçının isə həmin tarixədək lizinq ödənişlərini tələb etmək hüququ vardır.
24. Məhkəmə lizinq obyektlərinin qaytarılması tələbinə münasibətdə isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra X9 obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
26. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
27. xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli daxili maliyyə lizinqi müqavilənin 15.1-ci bəndinə əsasən, maliyyə lizinqinin müddəti bitdikdən sonra 30 (otuz) təqvim günü ərzində müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə X9 obyektini öz mülkiyyətinə keçirməlidir.
28. xx.xx.2022-ci il tarixli 012-NV/22 nömrəli lizinq müqaviləsinin 3.5-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilmiş bütün lizinq ödənişlərini tam ödədikdə və bu müqavilənin müddəti bitdikdə, X7 Alanın mülkiyyətinə keçir.
29. Həm mülki qanunvericiliyin, həm də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin şərtlərinə əsasən lizinq obyekti üzərində mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti lizinq alan tərəfindən bütün lizinq ödənişlərinin aparılmasıdır. Başqa sözlə, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda lizinq müqaviləsi lizinq alan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə, lizinq verən müqavilənin ləğv edildiyi tarixədək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur.
30. Məhkəmə qeyd edir ki, X9 obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən və hər iki daxili maliyyə lizinqi müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildiyindən iddia tələbi bu hissədə əsaslıdır.
31. Bunun yanaşı, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
32. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli QXM 477 nömrəli və xx.xx.2025-ci il tarixli QXM 478 nömrəli qiymətləndirmə hesabatlarından görünür ki, buraxılış ili 2020-ci il olan, “Jeep” markalı “Wrangler Universal” model, ban nömrəsi 1C4HJXDN1MW536635 olan nəqliyyat vasitəsinin 51000 manat, “Baramgaebi BR – (A) 300 S” markalı, şassi nömrələri Sİ-A-2, Sİ-A-3, Sİ-A-4, Sİ- A-5, Sİ-A-6, Sİ-A-7, Sİ-A-8, Sİ-A-9, Sİ-A-10, Sİ-A-11, Sİ-A-12, Sİ-A-13, Sİ-A-14, Sİ-A-15, Sİ-A-16, Sİ-A-17, Sİ-A-22, Sİ-A-23, Sİ-A-24, Sİ-A-25, Sİ-A-26, Sİ-A-27 meyvənin təmizlənməsi (qabıq soyma) maşının 1 ədədinin qiyməti amortizasiya tətbiq edilməklə 8724 manat təşkil edir.
33. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə buraxılış ili 2020-ci il olan, “Jeep” markalı “Wrangler Universal” model, ban nömrəsi 1C4HJXDN1MW536635, dəyəri 51000 manat olan 1 ədəd nəqliyyat vasitəsi, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə buraxılış illəri 2022-ci il olan, “Baramgaebi BR – (A) 300 S” markalı, şassi nömrələri Sİ-A-2, Sİ-A-3, Sİ-A-4, Sİ-A-5, Sİ-A-6, Sİ-A-7, Sİ-A-8, Sİ- A-9, Sİ-A-10, Sİ-A-11, Sİ-A-12, Sİ-A-13, Sİ-A-14, Sİ-A-15, Sİ-A-16, Sİ-A-17, Sİ-A-22, Sİ- A-23, Sİ-A-24, Sİ-A-25, Sİ-A-26, Sİ-A-27, 1 ədədinin dəyəri 8724 manat olan 22 ədəd meyvənin təmizlənməsi (qabıq soyma) maşını Cavabdeh MMC-dən alınaraq saz və işlək vəziyyətdə İddiaçı ASC-yə verilməli, qətnamə icra olunan vaxt alınmalı əmlaklar mövcud olmasa, həmin əmlakların dəyəri Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
34. Məhkəmə xx.xx.2022-ci il tarixli 012-NV/22 nömrəli və xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə tutulmalı pul məbləğinə münasibətdə isə aşağıdakıları qeyd edir.
35. Əvvəla, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə komissiya məbləğinə münasibətdə göstərilməlidir ki, adıçəkilən müqavilənin 2.5.3-cü bəndinə göstərilən 2-ci qeydə əsasən, İddiaçı ASC-nin maliyyə resursları istifadə olunan andan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən vəsaitin ayrılmasına qədər aylıq 1,5% komissiya istifadə olunan maliyyə resurslarına görə hesablanacaqdır.
36. Qeyd edilməlidir ki, Mülki Məcəllədə lizinq ödənişlərinin ümumi məbləği ilə bağlı tənzimləmə həyata keçirilmişdir. Belə ki, Mülki Məcəllənin 748-11.1-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; X7 verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri.
37. Məhkəmə qeyd edir ki, lizinq ödənişlərinin tərkibinə daxil olan xərclərin təhlilindən qanunvericinin lizinq ödənişlərinin müəyyən edilməsinə real xərc mövqeyindən çıxış etdiyi görünür. Başqa sözlə, o ödənişlər lizinq ödənişləri hesab edilə bilər ki, həmin ödəniş bu və ya digər əsasa malik olsun. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 748-11.2ci maddəsinə əsasən, lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır.
38. Bu mənada məhkəmə tərəfindən komissiya məbləğinin əsası ilə bağlı iddiaçıya təkliflər edilmiş, iddiaçı tərəfində komissiya məbləğinin əsası kimi Mülki Məcəllənin 748- 11.1.2-ci maddəsinə istinad edilmiş, lakin həmin xərcin hər hansı əsaslandırılması, bununla bağlı sübutlar təqdim edilməmişdir.
39. Digər tərəfdən, müqavilənin qeyd edilən şərtini nəzərdən keçirdikdə komissiya məbləğinin hesablanmasının Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən vəsaitin ayrılmasına qədər olan dövrü əhatə etdiyi görünür. Başqa sözlə, qeyd edilən şərt Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiya məbləğinin ödənilməsi müsbət (pozitiv) qəbul edilərək razılaşdırılmışdır. Lakin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi subsidiya məbləğinin verilmədiyi işin mübahisəsiz halıdır. Bu isə müqavilə şərtinin “hipotezasının” həmin şərtin hazırkı işə tətbiqini istisna etdiyi qənaətinə səbəb olur.
40. Göstərilənlərə əsasən məhkəmə xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli daxili maliyyə lizinqi müqaviləsi 92955,2 manat məbləğində komissiya məbləği hissəsində iddianın rədd edilməsi qənaətinə gəlir.
41. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-404/2025 nömrəli qərardadı əsasında aparılmış xx.xx.2025-ci il tarixli 9/754 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 55490,12 manat, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 4097,55 manat ödəniş edilmişdir.
42. İddiaçı xx.xx.2025-ci il tarixli 9/754 nömrəli ekspert rəyinə cavabdeh tərəfindən təyinatı göstərilmiş ödənişlərin iddiaçının sistemi tərəfindən digər müqavilələr üzrə borca silindiyi, bu səbəbdən qrafik üzrə xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 0 manat, xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 40548,28 manat ödənişin edildiyi əsası ilə etiraz etsə də, Mülki Məcəllənin pul öhdəliklərinin ödənilməsi növbəliyindən bəhs edən 440.1-ci maddəsinə əsasən, əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir.
43. Bu isə iddiaçının etirazının əsassızlığını göstərir.
44. İddiaçının təqdim etdiyi hesabdan çıxarış, ödəniş sənədi, maliyyə arayışı və iddiaçının nümayəndəsinin izahatı əsasında işin müəyyən halı ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 17000 manat və xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli daxili maliyyə lizinqi müqaviləsi 63998 manat ilkin ödəniş məbləğləri cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir.
45. xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsinin 2 nömrəli əlavəsi olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdən iddiaçının tələb etdiyi xx.xx.2024-cü il tarixə 24 ay üçün ödənilməli lizinq ödənişi 57376,32 manat (aylıq lizinq ödənişi 2390,68 manat * 24 ay) təşkil etmişdir. Həmin tarixədək cavabdeh tərəfindən ödənilmiş lizinq ödənişinin məbləği isə ekspert rəyinə əsasən 55490,12 manatdır. Belə olan halda ödənilməyən lizinq ödənişinin 1886,2 (57376,32-55490,12) manat olduğu müəyyən olunur.
46. xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 2 nömrəli əlavəsi olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdən iddiaçının tələb etdiyi xx.xx.2024-cü il tarixə 23 ay üçün ödənilməli lizinq ödənişi 53191,41 manat (aylıq lizinq ödənişi 2312,67 manat * 23 ay) təşkil etmişdir. Həmin tarixədək cavabdeh tərəfindən ödənilmiş lizinq ödənişinin məbləği isə ekspert rəyinə əsasən 4097,55 manatdır. Belə olan halda ödənilməyən lizinq ödənişinin 49093,86 (53191,41 -4097,55) manat olduğu müəyyən olunur.
47. Məhkəmə qeyd edir ki, cavabdehin yekun qalıq borcu müəyyən edilərkən ödənilmiş avans məbləği, lizinq obyektinin qalıq dəyəri nəzərə alınmaqla yekun hesablaşma aparılmalıdır.
48. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
49. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
50. Eləcə də Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
51. Cavabdeh lizinq obyekti üzrə müvafiq olaraq 17000 manat və 63998 manat məbləğində avans ödənişi etmiş, lakin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri nəzərə alınmamışdır. Halbuki Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər.
52. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı avadanlığın əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir.
53. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir.
54. Digər tərəfdən, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli KTA-KTT- 22/8970 nömrəli daxili lizinq müqaviləsində də razılaşdırılmışdır ki, Lizinq verən Lizinq alana yazılı məlumat verməklə müqavilənin 14.1-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini mövcud bazar dəyərinə uyğun qiymətə sata və ya təkrar lizinqə verə bilər. Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilir. Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa və ya lizinq obyektinin mövcud bazar dəyəri Lizinq alanın borc məbləğindən azdırsa, Lizinq verən Lizinq alandan bu fərqin ödənilməsini tələb edə bilər (14.2). X9 verən tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq obyektini Lizinq verənə təhvil vermirsə və/və ya hər hansı bir səbəbdən lizinq obyektini bölünməz obyekt kimi müqavilənin ləğvi məbləğinin ödənilməsi üçün kifayət edən qiymətə ağlabatan müddət ərzində satmaq mümkün deyilsə, Lizinq verən Lizinq alandan müqavilənin ləğvi məbləğinin ödənilməsini tələb edə bilər (14.3).
55. Göründüyü kimi, müqavilə birtərəfli qaydada ləğv edildikdən və lizinq obyekti qaytarıldıqdan sonra lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləğinin müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilməsi müqavilə şərtlərində də birbaşa əks olunmuşdur.
56. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli QXM 477 nömrəli və xx.xx.2025-ci il tarixli QXM 478 nömrəli qiymətləndirmə hesabatlarından görünür ki, xx.xx.2022-ci il tarixli 012-NV/22 nömrəli lizinq müqaviləsinin obyekti olan “Jeep” markalı “Wrangler Universal” model nəqliyyat vasitəsinin amortizasiya tətbiq edilməklə qalıq dəyəri 51000 manat, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli lizinq müqaviləsinin obyekti olan “Baramgaebi BR – (A) 300 S” markalı meyvənin təmizlənməsi (qabıq soyma) maşının 1 ədədinin amortizasiya tətbiq edilməklə qalıq dəyəri 8724 manat olmaqla 22 ədədin qalıq dəyəri müvafiq olaraq 191928 manat təşkil edir.
57. xx.xx.2022-ci il tarixli 012-NV/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinin ilkin dəyərinin 85000 manat olduğunu, həmin məbləğin 17000 manat hissəsinin cavabdeh tərəfindən ilkin ödəniş olaraq ödənildiyini, əmlakın qalıq dəyərinin 51000 manat təşkil etdiyini və lizinqə verilmiş obyektin yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edildiyini nəzərə alan məhkəmə hesab edir ki, ödənilməyən 1886,2 manat lizinq ödənişindən avans məbləği olan 17000 manat çıxılmalıdır. Belə olan halda, müəyyən olunur ki, ödənilməyən lizinq ödənişi avans məbləği ilə tam əhatə olunur və qeyd olunan müqavilə üzrə cavabdehin borcu qalmamışdır.
58. xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli lizinq müqaviləsi üzrə tutulmalı məbləğlə bağlı məhkəmə aşağıdakıları qeyd edir.
59. Qeyd olunan lizinq müqaviləsi üzrə lizinq obyektinin müqavilə bağlanarkən qiyməti 319 990 manat olmuş, həmin məbləğin 63998 manat hissəsi cavabdeh tərəfindən ilkin ödəniş olaraq ödənilmişdir. Belə olan halda lizinq obyektinin əldə edilməsi üçün qalıq 255992 (319 990-63998) manatın iddiaçı tərəfindən maliyyələşdirildiyi, həmin məbləğin tərkibinə qrafik üzrə ödənilməli 138760 manat və subsidiya kimi ayrılmalı 117232 manat məbləğində pul vəsaitinin daxil olduğu görünür. Həmçinin ödəniş qrafiki üzrə ödənilməli məbləğ əsas və mükafat məbləği fərqləndirilmədən vahid aylıq ödəniş kimi qeyd olunmuşdur. Beləliklə, aydın olur ki, ödəniş qrafiki üzrə razılaşdırılan məbləğ ilkin ödəniş və subsidiya ilə əhatə olunmayan lizinq obyektinin qalıq dəyərini təşkil etmişdir.
60. Bununla yanaşı işin müəyyən olunan halına əsasən bu müqavilə üzrə iddiaçının tələb etdiyi 26 iyul 2024-cü il tarixə qrafik üzrə ödənilməli lizinq ödənişlərinin cəmi 53191,41 manat, həmin məbləğdən ödənilməyən hissə isə 49093,86 manat təşkil edir. Eyni zamanda hazırda xx.xx.2022-ci il tarixli lizinq müqaviləsinin obyekti olan əmlakın qalıq dəyərinin 191928 manat olduğu müəyyən edilmişdir.
61. Məhkəmə qeyd edir ki, iddiaçının tələbləri müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, avans məbləğinin nəzərə alınması ilə bağlı yanaşma yalnız lizinq alanın deyil, lizinq verənin də mənafelərinin nəzərə alınmasını tələb edir.
62. Odur ki məhkəmə belə qərara gəlir ki, iddiaçının lizinq obyektinin alınmasını maliyyələşdirdiyi hissə 255992 manat və lizinq obyektinin qalıq dəyəri 191928 manat olduğundan ödənilməyən lizinq ödənişi 49093,86 manat tam olaraq cavabdehdən tutulmalıdır.
63. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının “subsidiya məbləği” kimi istinad etdiyi vəsaitin bir hissəsi amortizasiya olunmuş formada lizinq obyektinin qalıq dəyərinə daxildir. Odur ki iddiaçının maliyyələşdirdiyi vəsait, qaytarılan əmlakın qalıq dəyəri, ödənilmiş lizinq ödənişi və xx.xx.2024-cü il tarixə qalıq lizinq ödənişi nəzərə alınmaqla “subsidiya məbləği” kimi 10872,59 manat (iddiaçının maliyyələşdirdiyi hissə 255992 manat – lizinq obyektinin qalıq dəyəri 191928 manat – xx.xx.2024-cü il tarixə qalıq lizinq ödənişi 49093,86 manat – ödənilmiş lizinq ödənişi 4097,55 manat) pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
64. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia lizinq müqaviləsi üzrə pulun tutulması hissəsində qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 49093,86 manat əsas borc, 10872,59 manat “subsidiya məbləği” olmaqla ümumilikdə 59966,45 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi həmin müqavilə üzrə qalan hissədə və xx.xx.2022-ci il tarixli 012-NV/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması hissəsində rədd edilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
65. İddiaçı eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 665,6 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
66. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 665,6 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
67. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli 9/754 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.
68. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
69. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir.
70. Həmin Məcəllənin 112.1.2-ci maddəsinə əsasən, əmlakın tələb edilməsi haqqındakı iddialarda tələb edilən əmlakın dəyəri ilə iddianın qiyməti müəyyən edilir.
71. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.
72. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
73. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.14-cü maddəsinə əsasən hazırkı iddianın qiymətinə (618 463,37 manat) uyğun ödənilməli dövlət rüsumu 908 manat təşkil edir.
74. Göstərilənlərə əsasən və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 202 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə, 242 manat məbləğində pul tutularaq dövlət büdcəsinə, ekspertiza xərci olaraq 50 manat İddiaçı ASC-dən, 50 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
75. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı və xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqavilələrinə xitam verilmiş hesab edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 49093,86 manat əsas borc, 10872,59 manat “subsidiya məbləği” olmaqla ümumilikdə 59966,45 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə buraxılış ili 2020-ci il olan, “Jeep” markalı “Wrangler Universal” model, ban nömrəsi 1C4HJXDN1MW536635, dəyəri 51000 manat olan 1 ədəd nəqliyyat vasitəsi, xx.xx.2022ci il tarixli KTA-KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə buraxılış illəri 2022-ci il olan, “Baramgaebi BR – (A) 300 S” markalı, şassi nömrələri Sİ-A-2, Sİ-A-3, Sİ- A-4, Sİ-A-5, Sİ-A-6, Sİ-A-7, Sİ-A-8, Sİ-A-9, Sİ-A-10, Sİ-A-11, Sİ-A-12, Sİ-A-13, Sİ-A-14, Sİ-A-15, Sİ-A-16, Sİ-A-17, Sİ-A-22, Sİ-A-23, Sİ-A-24, Sİ-A-25, Sİ-A-26, Sİ-A-27, 1 ədədinin dəyəri 8724 manat olan 22 ədəd meyvənin təmizlənməsi (qabıq soyma) maşını Cavabdehndən alınaraq saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamə icra olunan vaxt alınmalı əmlaklar mövcud olmasa, həmin əmlakların dəyəri Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 202 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə, 242 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza xərci olaraq 50 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 50 manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova