Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-406/2020 17.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: HakimƏliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 cavabdehin Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh yaranmış 2 477,00 (iki min dörd yüz yetmiş yeddi) manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə məhkəməyə müraciət edilənədək əsas borcun illik 5%-i miqdarında pul məbləğinin və məhkəməyə müraciət edilməsi üçün 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (alıcı) ilə iddiaçı “X6” MMC (satıcı) (indiki adı İddiaçı) arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, satıcı müəssisənin istehsal etdiyi malları satmağı, alıcı isə onları qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.Tərəflərindən üzərlərinə götürdükləri öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 2.477 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. “02” mart 2017-ci il tarixli, iki tərəfin imzaladıqları hesablaşmaların qarşılıqlı üzləşdirilməsi aktına əsasən Cavabdeh müəssisəyə 2.477 manat məbləğində borcunun mövcud olduğu müəyyən edilmiş və indiyə kimi cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi xəbərdarlıqlar edilsə də, Cavabdeh göstərilən xəbərdarlıqları cavabsız qoyaraq, yaranan borcu ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında üzləşmə aktı onun tərəfindən imzalanmadığını, eyni zamanda borcun olmadığını əsas göstərərək iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: - Kommersiya qurumunun dövlət reyestrindən çıxarışla müəyyən edilir ki, İddiaçı MMC-nin əvvəlki adı “X7” MMC olmuşdur. -“X7” MMC və Cavabdeh arasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli üzləşdirmə aktında qeyd olunur ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2017-ci il tarixə 2.477 manat borcu vardır. Akt hər iki tərəfin adından edilmiş imzalar mövcuddur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 32062 saylı ekspert rəyindən görünür ki, “X8” MMC ilə müştəri Cavabdeh adlarından olan x xxxx 2017-ci il tarixli üzləşdirmə aktında “Müştəri tərəfindən” hissəsində “İmza”: qrafasındakı imza və yazılar- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində bildirmişdir ki, 2015-ci ildən “X6” MMC–də (indiki adı İddiaçı MMC) çalışır. Vəzifəsi ödənişi vaxtında etməyən, yəni problemli müştərilərlə əlaqə yaratmaq, ödənişlərin ödənilməsinin təmin etməkdən ibarətdir. Borcun ödənilməsinin təmin etmək məqsədi ilə Cavabdeh ilə dəfələrlə əlaqə yaradıb, görüşüb, lakin borc məbləği Cavabdeh tərəfindən bu günədək ödənilməmişdir. Əsaslandırıcı hissə: İşin halları ondan ibarətdir ki, İddiaçı MMC Cavabdeh şifahi alqı-satqı müqaviləsinə əsasən iddiaçının hüquqi sələfi olan “X6” MMC-dən mal aldığını, lakin həmin malın dəyəri olan 2477 manat məbləğində pulu ödəmədiyini əsas göstərərək cavabdehdən alqı-satqı münasibətlərindən irəli gələn borcun və onun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faizlərin ödənilməsini tələb edir. Cavabdeh isə iddiaçı ilə aralarında alqı-satqı münasibətlərinin olmasını inkar edir və iddiaçıya borcunun olmamasını iddia edir. Məhkəmə qeyd edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Mülki Mcəllənin 567-ci maddəsi) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (Mülki Məcəllənin 385.1, 386.1-ci maddələri). Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək üçün iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli üzləşmə aktına və məhkəmə iclasında dindirilmiş şahid Ayaz Kamallının ifadələrinə istinad etmişdir. Məhkəmə araşdırılması zamanı Cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş üzləşmə aktında müştəri qrafasındakı imzanın onun tərəfindən icra edilməsini mübahisələndirmişdir. İş üzün əhəmiyyət kəsb edən göstərilən halın müəyyən edilməsi məqsədilə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə sözügedən üzləşmə aktında imzanın Cavabdeh tərəfindən icra edilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in: 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə ekspert rəyi ilə razılaşmaması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, üzləşmə aktı cavabdeh (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanmadığından həmin akt cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin mövcud olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Şahid A.Kamallının verdiyi ifadəyə münasibətdə isə məhkəmə qeyd edir ki, A.Kamallı İddiaçı MMC-nin problemli borcların alınmasına cavabdeh olan əməkdaşı olmaqla hazırkı işin nəticəsində birbaşa marağı olan şəxs olduğundan, onun verdiyi ifadələr Cavabdeh İddiaçı MMC-yə borcunun olması faktının təsdiq edilməsi üçün kifayət etmir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə iddiaçının iddia tələblərini əsaslandırmaq üçün təqdim etdiyi sübutların tərəflər aralarında hazırda öhdəlik hüquq münasibətlərinin mövcud olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan vermədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 (yüz iyirmi beş) manat pul məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-406/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-406/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver