Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-406/2022 12.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X4 qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19.07.2018-ci il tarixli 925-L/18 nömrəli müqavilə üzrə 17.713 manat gecikdirilmiş əsas borc və 9.359,72 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi: 27.922,72 manat pul vəsaitinin pul vəsaitinin X2 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 19.07.2018-ci il tarixli 925-L/18 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 26.08.2021-ci il tarixə borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahat verərək, əsas borc məbləği ilə razı olduğunu və yaranmış borcu ödəyəcəyini bildirərək, cərimə borcunun azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia tələbi ancaq lizinq ödənişi və ona hesablanmış cərimə borcunun ödənilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" ASC ilə X5 arasında 19.07.2018-ci il tarixli 925-L/18 nömrəli lizinq müqaviləsi bağlanmış, müqavilə üzrə 1 ədəd Belarus 892 markalı, 1 ədəd Agrion KT-26 markalı yemqıran asılqan, 1 ədəd AG-14-4 markalı 4 gövdəli kotan, TS-24 markalı gübrəsəpənlə qoşulan taxılsəpən təhvil aktı ilə X4 təhvil verilmişdir. Müqaviləyə aid Ödəniş qrfakindən görünür ki, X5 adı çəkilən texnikalar üzrə ödənişləri 2023-cü ilin İİİ rübünüdək ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi cavabdehin 26.08.2021-ci il tarixə qədər yaranmış borc məbləği təşkil edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun əsas borcu və cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli təhlilindən görünür ki, cavabdehin 26.08.2021-ci il tarixə 19.07.2018-ci il tarixli 925-L/18 nömrəli müqavilə üzrə 17.713 manat gecikdirilmiş borcu mövcuddur və belə olan halda əsas borcun tələb edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş dispozitiv şərtlər mövcud olduğundan iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan 17.713 manat məbləğində əsas borcuna münasibətdə 1000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın 350 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Xırdalan Vəkil Bürosunun hesabına 350 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 350 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19.07.2018-ci il tarixli 925-L/18 nömrəli lizinq müqaviləsi üzrə 17.713 manat əsas borc, 1.000 manat cərimə borcu olmaqla, cəmi 18.713 (on səkkiz min yeddi yüz on üç) manat məbləğində pul X2 tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Hüquqi yardıma görə ödənilmiş pulun əvəzi olaraq 350 (üç yüz əlli) manat məbləğində pul X2 tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-406/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-406/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver