Məhkəmə qərarları › İş №e-2-2(113)-4075/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4075/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4075/2024 07.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçınin Cavabdehnə qarşı “malların təchizatı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xarici şəxs, məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq edilən hüquq, alqısatqı müqaviləsi, dəbbə pulunun ağlabatanlığı, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçınin Cavabdehnə qarşı “malların təchizatı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların təchizatı üzrə müqaviləyə əsasən 86800 ABŞ dolları əsas borc, 4340 ABŞ dolları dəbbə pulunun və ödənilmiş 444,94 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 04 avqust 2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli mebel mallarının təchizatı üzrə müqavilə bağlanılıb. Müqavilənin 3.1-ci bəndinə əsasən təchiz olunan mebel avadanlığının dəyəri 463 002,55 ABŞ dolları (malın dəyəri) və 16997,45 ABŞ dolları, yəni cəmi 480 000 ABŞ dolları təşkil edir. İddiaçı müqavilə üzrə təchiz olunmalı olan mebel avadanlığını cavabdehə çatdırmışdır və beləliklə, öhdəliklərini layiqincə icra etmişdir. Lakin həmin avadanlığın çatdırılmasından sonra iddiaçı tərəfindən elektron qaimələrin cavabdehə göndərilməsinə baxmayaraq, cavabdeh müqaviləyə əsasən ödənilməli olan 86 800 ABŞ dolları məbləğində borcunu indiyədək ödəməmişdir. 2.2. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinin Azərbaycan Respublikası qanunvericiliyinə zidd olması bildirilərək pretenziya məktubu da göndərilmiş, lakin cavabdeh borcunu ödəməkdən boyun qaçırmışdır. Odur ki hazırda cavabdehdən 86800 ABŞ dolları məbləğində borcun alınaraq iddiaçıya ödənilməsi zərurəti vardır. Həmçinin 04 avqust 2022-ci il tarixli NVC KMBMİ-001 nömrəli malların təchizatı üzrə müqavilənin 4.3-cü bəndinin 2-ci abzasına əsasən, satıcının (i) ödəmənin hər gecikdirilmiş gününə görə alıcıya borc məbləğindən 0,1% dərəcə ilə penya tətbiq etmək, lakin borc məbləğinin 5%-dən çox olmamaq şərti ilə; və/yaxud (ii) alıcı müqavilənin qiymətinin müvafiq hissəsini müqavilə ilə müəyyən edilmiş vaxt ərzində ödəmədiyi halda, müqavilənin hər hansı əlavəsinə görə müqavilənin icrasını (o cümlədən malların ötürülməsini (boşaldılmasını) dayandırmaq), həmçinin tərəflər arasında hər hansı digər müqavilənin icrasını dayandırmaq hüququ vardır. Qeyd olunan bəndə əsasən, hazırda cavabdeh tərəfindən borcun ödənilməsi gecikdirildiyinə görə borc məbləğinin 5% məbləğində pulun da tutulması zərurəti vardır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 427, 445, 448, 567-ci və s. maddələri göstərilmişdir.

4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, İddiaçınin Cavabdeh MMC-yə qarşı “malların təchizatı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. tərəflər arasında 04 avqust 2022-ci il tarixli NVC KMBMİ001 nömrəli müqavilə imzalanmışdır. Bu, işin mübahisəsiz halıdır. Müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişinə uyğun olaraq malları hazırlayıb, cavabdehə təhvil verməli və cavabdeh də müqavilə şərtlərinə əsasən ödənişlər etməli idi. Müqavilə üzrə malların dəyəri 463 002,55 ABŞ dolları olsa da, əlavə olaraq malların montaj və quraşdırılması üçün (4 nəfər işçi üçün) 16997,45 ABŞ dolları ödəniş də nəzərdə tutulmuşdur. Müqavilə tələblərinə riayət olunduğu təqdirdə, cavabdehin işçilik tutarı (montaj və quraşdırma) ilə birlikdə ümumilikdə 480 000 ABŞ dolları ödəniş etməsi nəzərdə tutulmuşdur. 5.2. Məsələ burasındadır ki, iddiaçı müqavilə üzrə şərtlərinə əməl etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Belə ki, müqaviləyə əsasən, müqavilə dəyərinin 20 faizi avans şəkildə ödənilməli, qalan hissələr isə mallar hazır olduqca ödənilməli (4.1-ci bənd), ilkin avans ödənişi aldıqdan sonra iddiaçı 2 gün ərzində istehsala başlamalı və sifariş edilən, müqavilənin əlavəsində göstərilən malları 60 gün ərzində cavabdehə təhvil verməli idi (7.8-ci bənd). Cavabdeh ilkin avans ödənişi tam olaraq (artıq ödəmə də olmuşdur) və vaxtında etmişdir. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının hesabına ilkin avans ödənişi kim nəzərdə tutulmuş vəsaiti, yəni müqavilənin 20 faiz dəyərini (bir az da artıq) – 100 000 ABŞ dollarını (4000 ABŞ dolları artıq) köçürmüşdür. Daha sonra xx.xx.2022-ci il tarixdə əlavə olaraq 100 000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 150 000 ABŞ dolları ödəniş etmişdir. Daha sonrakı tarixlərdə malların hazır olmadığını görüb ödənişlərə ara vermiş və xx.xx.2022-ci il tarixdə 50 000 ABŞ dolları, son olaraq xx.xx.2023-cü il tarixində 20000 ABŞ dolları vəsait ödəniş etmişdir. Beləcə cavabdeh müqavilə üzrə ümumilikdə iddiaçıya rəsmi olaraq bank hesabına köçürmə vasitəsilə 420 000 ABŞ dolları vəsait köçürmə etmişdir. 5.3. Müqavilə üzrə öhdəlikləri müəyyən olunmuş iddiaçı malları vaxtında istehsal edib cavabdehə təhvil verməmişdir. Əvvəldə də qeyd edildiyi kimi, iddiaçı müqavilə üzrə ödəniş edildikdən, yəni xx.xx.2022-ci il tarixdən 2 gün sonra istehsala başlamalı və ümumilikdə 60 gün ərzində, yəni xx.xx.2022-ci il tarixdə (xx.xx.2022 – xx.xx.2022 – 60 gün) malları tam təhvil verməli idi. Lakin reallıqda malların tam yox, bir qismi, özü də bərbad vəziyyətdə olan malların partiyası xx.xx.2022-ci il tarixdə, yəni 14 gün gecikmə ilə təhvil alınmışdır. Mallar bərbad vəziyyətdə olmaqla bərabər, ümumi malların kiçik bir hissəsini təşkil etmişdir. Malların ümumilikdə 12 tır vasitəsilə göndərilməsi nəzərdə tutulmuş, xx.xx.2022-ci il tarixdə yalnız 3 tır mal göndərilmişdir. Həmin tırlar üzrə göndərilən malların invoys dəyəri 171 243,70 (42.653,60+573892,90+70.697,20) ABŞ dolları təşkil etmişdir. Bununla da iddiaçı müqavilə şərtlərini həm malın keyfiyyəti, eləcə də təhvil verilmə tarixi baxımından pozmuşdur. 5.4. Daha sonra malın digər bir hissəsi 2022-ci ilin noyabr ayının 11-də 1 tır ilə göndərilmiş, göndərilən malın dəyəri 37174,25 ABŞ dolları təşkil etmişdir. Bundan sonra malların növbəti partiyası 3 tırla xx.xx.2022-ci il tarixdə təhvil alınmışdır ki, həmin malların da dəyəri ümumilikdə 84801,37 (33.566,80+17.904,32+33.330,25) ABŞ dolları olmuşdur. xx.xx.2022-ci il tarixdə daha 1 tır mal təhvil alınmış, dəyəri 31614,52 ABŞ dolları təşkil etmişdir. Növbəti partiya mal xx.xx.2022-ci il tarixində 1 tır olaraq təhvil alınmış, dəyəri 25158,35 ABŞ dolları təhvil alınmışdır. xx.xx.2023-cü il tarixdə daha 2 tır mal daxil olmuş, dəyərləri ümumilikdə 74630,80 (37.520+37.110,8) ABŞ dolları olmuşdur. xx.xx.2023-cü il tarixində daha 1 tır gəlmiş, dəyəri 29859,88 ABŞ dolları olmuşdur. Son olaraq ümumi dəyəri 8520 ABŞ dolları olan 1 ədəd tır xx.xx.2023-cü il tarixdə göndərilmişdir 5.5. Göründüyü kimi, müqavilə üzrə iddiaçı tərəfindən hələ xx.xx.2022-ci il tarixində təhvil verilməli malın son partiyası xx.xx.2023-cü il tarixdə verilmişdir. Bu hal özü müqavilənin digər bir maddəsinin də tələbini kobud şəkildə pozmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli müqavilənin 4.4-cü bəndinə əsasən, satıcı malların ötürülməsi üzrə öhdəliklərini icra etmədikdə gecikdirdikdə, alıcı hər gecikdirilən günə görə çatdırılmayan malların qiymətinin 0,1% həcmində, lakin həmin malların qiymətinin 5%-dən çox olmamaqla, satıcıdan penyanın (cərimənin) ödənilməsini tələb etmək hüququna malikdir. Bu bəndə əsasən hesablama aşağıdakı cədvəl üzrə təqdim edilir və cavabdehin yox, məhz qarşı tərəfin cərimə formasında ödənilməli olan borcunun olduğu təsdiq edilir:

Gecikmə Cərimə Təhvil Gecikən Malın dəyəri məbləği (ABŞ Cəmi gecikmə məbləği hesablandığı verildiyi günlərin (ABŞ dolları) tarix dolları ilə (ABŞ dolları) tarix sayı günlük 0,1 %) 463.002,55 xx.xx.2022 xx.xx.2022 14 463 6482 291.758,30 (171.234,70$ 25.10.22-ci il təhvil nəzərə xx.xx.2022 xx.xx.2022 31 291,76 9044,56 alınmaqla) 254.584,05 12729,20 (37.174,25$ 11.11.22-ci il təhvil nəzərə xx.xx.2022 xx.xx.2022 69 254,59 (5%-dən çox alınmaqla) olmamaqla) 169.782,68 8489,15 (84.801,37$ 19.12.22-ci il təhvil nəzərə xx.xx.2022 xx.xx.2022 76 169,78 (5%-dən çox alınmaqla) olmamaqla) 138.168,16 6908,41 (31.614,52$ 26.12.22-ci il təhvil nəzərə xx.xx.2022 xx.xx.2022 78 138,17 (5%-dən çox alınmaqla) olmamaqla) 113.008,61 5650,43 (25.158,35$ 28.12.22-ci il təhvil nəzərə xx.xx.2022 xx.xx.2023 87 113 (5%-dən çox alınmaqla) olmamaqla)

38.377,81 1918,89 (74.630,81$ 06.01.23-cü il təhvil nəzərə xx.xx.2022 xx.xx.2023 94 38,38 (5%-dən çox alınmaqla) olmamaqla)

8520 (29859,88$ 809,4 13.01.23-cü il təhvil nəzərə xx.xx.2022 xx.xx.2023 142 8.52 (5%-dən çox alınmaqla) olmamaqla) Cəmi 51.032,04

5.6. Bundan əlavə, qeyd edilməlidir ki, malların 12 tırda göndərilməsi razılaşdırılmış olsa da, iddiaçının keyfiyyətsiz mallar göndərməsi nəticəsində əlavə olaraq 1 tır da mal gəlmişdir ki, həmin mallara görə də cavabdeh əlavə gömrük və digər rüsumları ödəmək məcburiyyətində qalmışdır. Bunun nəticəsində cavabdehə əlavə ziyan dəymişdir. Eyni zamanda o hal da qeyd edilməlidir ki, müqavilə üzrə quraşdırma və montaj işləri ilə əlaqədar ödəniş edilməsi nəzərdə tutulan 16997,45 ABŞ dolları 4 nəfər iddiaçıya məxsus işçilərin uçuş, mehmanxana, yemək, gündəlik və s. xərcləri kimi nəzərdə tutulmuş olsa da, iddiaçı yalnız 2 nəfər işçisini bu işlər üçün göndərmiş, habelə onların hotel və gündəlik xərcləri də cavabdeh tərəfindən ödənilmişdir. Ödənişin 4 nəfər üçün nəzərdə tutulduğunu, reallıqda isə 2 nəfər göndərildiyini nəzərə alaraq, ödəniş də məntiqlə mütənasib olaraq yarıya qədər azaldılmalıdır, yəni 8498,72 (16997,45/2) ABŞ dolları olmalıdır. Üstəgəl, həmin 2 nəfər işçinin hotel, yemək və gündəlik xərclərinin cavabdeh tərəfindən ödənilməsi də nəzərə alınmalıdır. Bundan əlavə, cavabdeh iddiaçının göstərişinə əsasən, onun ölkədə yaşayan və işləyən işçisi olduğunu qeyd edən Hakan adlı şəxsə nağd şəkildə 15000 ABŞ dolları vəsaiti də birbaşa vermişdir. Bütün bunlar bir daha sübut edir ki, məsələ heç də iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi deyildir. Ümumiyyətlə, iddiaçının iddia ərizəsində qeyd etdiyi və ödənilməyən vəsait kimi göstərdiyi 86800 ABŞ dollarının haradan meydana gəldiyi heç kimə məlum deyildir. O vəsaitin açıqlaması ərizədə göstərilməmiş, bununla bağlı hər hansı məlumat verilməmişdir.

6. İddiaya etirazda hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 14, 78, 81, 88-ci və s. maddələrinə istinad edilmişdir.

II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə daşıma xərclərini cavabdeh ödəməlidir.

8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, vatsap yazışmalarında cavabdeh tərəfindən işçilərin xərcləri üçün ödənildiyi bildirilən 4200 manatı qəbul edirlər, lakin 300 manat və Hakan adlı şəxsə ödənildiyi göstərilən 15000 ABŞ dolları məbləğində pulu qəbul etmirlər. Malların müqavilədə göstərilən 60 gün içində təhvil verilməməsinin səbəbi isə cavabdeh tərəfindən mebellərin ölçülərinin tam olaraq verilməməsi olmuş, tərəflərin razılaşması ilə mallar hissə-hissə göndərilmişdir.

9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında iştirak edərək, iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, cavabdeh tərəfindən iddiaçıya köçürmə yolu ilə 420 000 ABŞ dolları, əlbəəl 15000 ABŞ dolları ödəniş edilmişdir. Bundan başqa, işçilərin xərcləri üçün 300 manat və 4200 manat ödəniş edilmişdir. Daşıma xərclərini də müqaviləyə uyğun olaraq cavabdeh çəkmişdir. Həmçinin müqavilədə 12 tırla daşımanın həyata keçirilməsi razılaşdırılsa da, daşıma 13 tırla edilmiş, cavabdeh əlavə xərcə düşmüşdür.

10. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili göstərdi ki, müqavilədə iddiaçının 4 işçi göndərməsi şərtləşdirilmiş, lakin 2 işçi göndərilmiş, mebellərin quraşdırılması üçün cavabdeh tərəfindən əlavə işçilər cəlb edilmişdir. Həmçinin ilk 3 tırla göndərilən mallar qüsurlu olmuş, mallar 60 gündə göndərilməmişdir. Bu səbəbdən də cavabdeh müqavilənin qiymətini tam ödəməmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı

12. Məhkəmə, əvvəla, hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.

13. Mülki Prosessual Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.

14. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi.

15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı mübahisəyə baxmağa məhkəmənin beynəlxalq səlahiyyəti xüsusi norma olan Mülki Prosessual Məcəllənin 443.0.7-ci maddəsindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, Azərbaycan Respublikasının məhkəmələri iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə işlərə baxmağa haqlıdır. Hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli müqavilədə iddiaçının həmçinin mebelləri Azərbaycan Respublikasında quraşdırmaq öhdəliyi mövcuddur.

16. Digər tərəfdən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

17. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.7-ci bəndinə əsasən, tətbiq edilməli olan maddi hüququn seçilməsinə dair tərəflərin razılığı ayrıca müqavilə formasında və ya hər hansı müqavilənin şərtlərindən biri kimi ifadə edilə bilər.

18. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 7.4-cü bəndinə əsasən, hazırkı müqavilə Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Bu müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar yolu ilə həll edilir. Mübahisə danışıqlar yolu ilə həll edilmədikdə, Azərbaycan Respublikasının İqtisadi Məhkəmələri vasitəsi ilə həll edilir.

19. Odur ki məhkəmə hazırkı işə baxmağa səlahiyyətlidir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.

b) Müqavilə üzrə əsas borcun tutulması tələbi ilə bağlı

20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

22. İşin mübahisəsiz halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı üzrə müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin seçdiyi mebelləri hazırlayaraq sonuncunun mülkiyyətinə verməyi və mebelləri Azərbaycan Respublikasında quraşdırmağı, cavabdeh isə malları iddiaçıdan qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən, müqavilənin ümumi dəyəri ümumi dəyəri 463002,55 ABŞ dolları (malın dəyəri) və 16997,45 ABŞ dolları (xidmət haqqı - 4 x Türk mühəndis heyətinin bütün xərcləri: montaj /yol / uçuş +yemək və s.) olmaqla 480 000 ABŞ dolları təşkil edir; – Müqavilənin ödəniş şərtlərinə əsasən malın dəyəri 20% əvvəlcədən qarşı tərəfə ödənilməli, qalan məbləğ mallar hazır olduqca avans şəklində həyata keçirilməlidir. Müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya 420 000 ABŞ dolları (köçürmə yolu ilə) və 4200 manat məbləğində pul ödənilmişdir.

23. İddiaçı xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı müqaviləsi üzrə 86800 ABŞ dolları məbləğində pulun tutulmasını tələb edir.

24. Cavabdeh malların gecikmə ilə təhvil verildiyini və beləliklə, gecikmə faizi hüququnun yarandığını; xx.xx.2022-ci il tarixli mallarda qüsurlar olduğunu, malların 12 tırla daşınması nəzərdə tutulduğu halda, 13 tırla daşındığı və əlavə tırın da daşıma xərcini çəkdiyini; 15000 ABŞ dolları və 300 manat da ödəniş etdiyini; mebellərin quraşdırılması və s. ilə bağlı 4 işçinin gəlməsinin nəzərdə tutulduğu halda, 2 işçinin gəldiyi və əlavə işçiləri öz hesabına tapdığına istinad edərək, iddianın rədd edilməsini tələb edir.

25. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən əsaslıdır.

26. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı üzrə müqavilədə “satıcı”, “alıcı” ifadələrindən istifadə olunaraq tərəflərin satmaq və almaq üçün razılığa gəlməsindən bəhs edilsə də, müqavilə və əlavəsininin əşyanın ölçüləri, xüsusiyyətləri göstərilməklə sifariş verilməsi, əşyanın hazırlanaraq quraşdırılması, fərdi-müəyyən əşyaların müqavilənin obyektini təşkil etməsi elementlərinə əsasən müəyyən olunur ki, bağlanmış müqavilə podrat müqaviləsidir və hazırkı mübahisə podrat müqaviləsini tənzimləyən normalara istinad edilməklə həll edilməlidir.

27. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

28. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir.

29. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

30. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

31. Qanunvericiliyin tələbindən göründüyü kimi, podrat müqaviləsinin tərəfi kimi podratçı müqavilədə nəzərdə tutulan işi icra etməli, sifarişçi isə yerinə yetirilmiş işi qəbul etməli və podratçıya razılaşdırılmış muzdu ödəməlidir. Hazırkı iş üzrə cavabdeh işin görüldüyünü, təhvil alındığını mübahisələndirmir. Lakin muzdun ödənilməməsini etirazının əsası kimi istinad etdiyi hallarla əlaqələndirir.

32. Cavabdehin etirazının bir qrup dəlili malların gecikmə ilə təhvil verildiyi və beləliklə, 51032,04 manat dəbbə pulunu tələb etmək hüququnun olduğu və iddia tələbində həmin məbləğin nəzərə alınmalı olması ilə bağlıdır.

33. Məhkəmə qeyd edir ki, hazırda cavabdehin qarşılıqlı iddiası mövcud olmadığından dəbbə pulu üzrə tələbinin qiymətləndirilməsi və həmin məbləğin iddia tələbi ilə əvəzləşdirilməsi mümkün deyildir. Başqa sözlə, cavabdehin qeyd olunan etirazı iddiaçıya olan maddi-hüquqi tələbinin əsasını təşkil edə bilər və hazırkı halda belə bir maddi-hüquqi tələb – qarşılıqlı iddia olmadığından həmin məsələ - malların verilməsinin gecikdirilməsi, dəbbə pulunun yaranması və s. heç bir hüquqi əhəmiyyət kəsb etmir. Həmçinin cavabdehin təqdim etdiyi tərəflərin səlahiyyətli şəxsləri arasında aparılan yazışmalardan görünür ki, tərəflər malların hazırlanma müddətini (“üretim”) 60 gün razılaşdırsa da, tərəflər arasında işgüzar münasibət fərqli şəkildə formalaşmış, qarşılıqlı razılıq əsasında mallar hissə-hissə hazırlanaraq göndərilmişdir.

34. Bundan başqa, Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Qeyd olunan normadan göründüyü kimi, podrat müqaviləsi üzrə sifarişçi istənilən vaxt müqavilədən imtina edə bilər. Hazırkı iş üzrə cavabdeh etirazının əsası qismində işin gecikdirilməsi və s. hallara istinad etsə də, işin hallarından görünür ki, müqavilə münasibətlərini davam etdirmiş, görülmüş işləri qəbul etmiş, bu müddətdə ödənişin azaldılması, cərimənin tələb olunması tələbini irəli sürməmişdir.

35. Cavabdehin digər dəlilləri xx.xx.2022-ci il tarixli mallarda qüsurlar olduğu, malların 12 tırla daşınması nəzərdə tutulduğu halda, 13 tırla daşındığı və əlavə tırın da daşıma xərcini çəkdiyi ilə bağlıdır.

36. Mülki Məcəllənin 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

37. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

38. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

39. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

40. Məhkəmə qeyd edir ki, məmulatın qüsuru olduqda sifarişçinin qanunda təsbit olunan əlavə icra tələbi hüququ mövcuddur. Bu hüququn həyata keçirilməsi qaydası isə qanunda birbaşa təsbit olunmuşdur. Hazırkı iş üzrə araşdırma zamanı ilk partiyada göndərilən əşyaların daşınması zamanı müəyyən hissədə zədələndiyi, həmin zədələrin sonradan aradan qaldırıldığı müəyyən olunmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya müraciətləri əsasında hazırlanan əşyaların bir hissəsində bəzi qüsurlar aradan qaldırılmış, iddiaçının direktoru bununla bağlı Azərbaycan Respublikasına gəlmiş, iddiaçının işçiləri əşyaların quraşdırılması ilə bağlı fəaliyyətlərini davam etdirmişlər. Bu isə onu deməyə əsas verir ki, iddiaçı əlavə icra tələbindən imtina etməmiş, cavabdehin bildirdiyi qüsurları aradan qaldırmışdır. Cavabdeh isə təqdim olunan sübutlar əsasında məhkəmənin müəyyən etdiyi bu hallardan başqa qüsurların olması, bu qüsurlarla bağlı iddiaçıya müraciət etməsi, əlavə icra tələb etməsi, lakin iddiaçının qüsuru aradan qaldırmaqdan imtina etməsi və ya əlavə icradan imtina etməsə də, əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtardığından cavabdehin qüsuru özünün aradan qaldırmasına, xərc çəkməsinə dair hər hansı sübut təqdim etməmişdir.

41. Mülki Məcəllənin 773-cü madəsinə əsasən, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

42. Həmçinin əlavə daşıma xərcləri çəkdiyinə istinad edən cavabdeh bu daşımanın razılaşmadan kənar olduğuna, bu xərcin iddiaçı tərəfindən ödənilməli olduğuna və daşıma xərclərinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, tərəflər arasında olan yazışmadan belə bir etirazın edilməsi, daşımanın razılaşmadan kənar edilməsi, daşıma xərcinin bu hissədə iddiaçıya aid olmalı olması görünmür. Cavabdeh isə bu halları təsdiq edən başqa sübut təqdim etməmişdir.

43. Göründüyü kimi, cavabdeh qeyd olunan hallar ilə bağlı sübut təqdim etdiyi təqdirdə, qeyd edilən etiraz nəzərə alına bilərdi.

44. Mebellərin quraşdırılması və s. ilə bağlı 4 işçinin gəlməsinin nəzərdə tutulduğu halda, 2 işçinin gəldiyi və əlavə işçiləri öz hesabına tapdığına dair cavabdehin dəlillərinə münasibətdə məhkəmə göstərir ki, xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı üzrə müqavilədə 16997,45 ABŞ dolları məhz 4 mühəndisin xərcləri üçün, yəni mebellərin montajı, yol, uçuş və yemək xərcləri üçün nəzərdə tutulmuşdur. İş materiallarına əsasən iddiaçının mühəndisləri Ramazan Türk və Murat Gökdaş 18 dekabr 2022-ci il tarixdə Bakıya gəlmiş, Ramazan Türk 12 yanvar 2023-cü il tarixdə yenidən Bakıya gəlmişdir. Cavabdeh iddiaçının 2 işçi göndərməsi səbəbindən əlavə işçiləri cəlb etməsi barədə hər hansı sübut təqdim etməmiş, bütün mebellərin iddiaçının işçiləri tərəfindən quraşdırılmasını mübahisələndirməmiş, mebellərin quraşdırılması üzrə işlərin tam görülməməsini də bildirməmişdir. Belə olan halda, mebellərin quraşdırılması tam həyata keçirildiyindən 2 işçinin və ya 4 işçinin bu prosesdə iştirakının razılaşdırılmış haqqın ödənilməsinə təsiri yoxdur. Nəzərə alınmalıdır ki, cavabdehin də etirazda göstərdiyi kimi, həmin məbləğ müqavilə üzrə quraşdırma və montaj işləri ilə əlaqədar şərtləşdirilmiş, həmin işlər də görülmüşdür. Bu səbəbdən də məhkəmə cavabdehin həmin arqumentləri ilə razılaşmır.

45. Məhkəmə cavabdehin 15000 ABŞ dolları və 300 manat da ödəniş etməsi ilə bağlı arqumentlərinə münasibətdə isə aşağıdakıları qeyd edir.

46. İddiaçının direktoruna məxsusluğu təsdiq edilən “+**********84” nömrəsi ilə cavabdehin əməkdaşı arasında aparılan vatsap danışıqlarından görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçının direktoru 4200 manat aldıqlarını qəbul edir, cavabdeh 15000 ABŞ dollarının Hakan adlı şəxsə ödənildiyini bildirir, iddiaçının direktoru 15000 ABŞ dolları aldıqlarını təsdiq edir.

47. Göründüyü kimi, iddiaçı eyni danışıqlarla təsdiq edilən 4200 manatı məhkəmə iclasında qəbul etsə də, 15000 ABŞ dollarını qəbul etməmiş, pulun Hakan adlı şəxsə verildiyini bildirmişdir. Lakin iddiaçının qanuni təmsilçisi həmin məbləği də qəbul etdiyini göstərmişdir.

48. Adıçəkilən vatsap danışıqlarından həmçinin görünür ki, 04 mart 2023-cü il tarixdə iddiaçının qanuni təmsilçisi Ramazan adlı şəxsə 300 manat verə bilib-bilməyəcəyini cavabdehdən soruşur, cavabdeh isə verəcəyini bildirir. Lakin yuxarıda göstərilən məbləğlərdən fərqli olaraq, növbəti danışıqlarda iddiaçı həmin məbləğin verildiyini təsdiq etmir, cavabdeh də 300 manat məbləğində pulun verilidiyini sübut edən hər hansı sənəd təqdim edə bilmir.

49. Belə olan halda, məhkəmə hesab edir ki, 15000 ABŞ dolları məbləğində pul xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı müqaviləsi üzrə ödənilmiş hesab edilməli, 300 manat məbləğində pulun isə ödənildiyi sübut edilmədiyindən nəzərə alınmamalıdır.

50. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753-cü maddələri təşkil edir və iddiaçı həmin maddələrdən irəli gələn hüququnu realizə edir.

51. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

52. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

53. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

54. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

55. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

56. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixli NVC-KMBMİ- 001 nömrəli malların təchizatı müqaviləsi üzrə 42529,41 ABŞ dolları (müqavilənin dəyəri 480 000 ABŞ dolları – hər iki tərəfin qəbul etdiyi 420 000 ABŞ dolları və 4200 manat (4200/1.7 ABŞ dolları) – məhkəmənin ödənildiyini müəyyən etdiyi 15000 ABŞ dolları) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

57. İddiaçı həmçinin 4340 ABŞ dolları dəbbə pulunun da cavabdehdən tutulmasını tələb edir.

58. xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı üzrə müqaviləsinin 4.3-cü bəndinə əsasən, satıcı aşağıdakı hüquqları saxlayır, (i) ödəmənin hər gecikdirilmiş gününə görə Alıcıya borc məbləğdən 0,1% dərəcə ilə penya tətbiq etmək, lakin həmin borc məbləğin 5%-dən çox olmamaq şərti ilə

59. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

60. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

61. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

62. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

63. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 1300 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

64. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 1300 ABŞ dolları məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. c) İddia tələbinin xarici valyutada göstərilməsi ilə bağlı

65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

66. Qeyd edilən qərara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli NVC- KMBMİ-001 nömrəli malların təchizatı müqaviləsi üzrə əsas borc və dəbbə pulu məbləği qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır.

d) Məhkəmə xərcləri ilə bağlı

67. İddiaçı eyni zamanda ödənilmiş 444,94 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

68. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********43 nömrəli mədaxil qəbzi ilə 445 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

69. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, (0397830 nömrəli xx.xx.2024-cü il tarixli order) 500 manat məbləğində pul “Kəngərli və partnyorları” vəkil bürosunun hesabına köçürülmüşdür.

70. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

71. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

72. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

73. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 500 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

74. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

75. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 214 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir.

V. Nəticə:

76. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 04 avqust 2022-ci il tarixində bağlanmış malların təchizatı müqaviləsi üzrə 42 529,41 ABŞ dolları əsas borc, 1300 ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 43 829,41 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 214 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar