Məhkəmə qərarları › İş №e-2-2(113)-4079/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4079/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4079/2023 24.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X3 oglunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi) cavabdehdən müqavilə üzrə 4811.11 manat məbləğində pul vəsaiti, mediasiya xərci kimi 60 manat pul vəsaiti, hüquqi yardımın göstərilməsi üçün Bakı 18 saylı Vəkil bürosuna ödənilmiş 700 manat, dövlət rüsumunun əvəzi kimi 8.20 manat olmaqla ümumilikdə 5579.31 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən müqavilə üzrə 4811.11 manat məbləğində pul vəsaiti, mediasiya xərci kimi 60 manat pul vəsaiti, hüquqi yardımın göstərilməsi üçün Bakı 18 saylı Vəkil bürosuna ödənilmiş 700 manat, dövlət rüsumunun əvəzi kimi 8.20 manat olmaqla ümumilikdə 5579.31 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC arasında 18 dekabr 2020-ci il tarixdə, №045-20/AGN saylı Alqı-Satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1 bəndinə əsasən “Kənd təsərüffatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 saylı Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, “Satıcı” kənd təsərrüfat texnikalarını yerli istehsalat olduqda qiymətləndirilən, idxal texnika olduqda isə gömrük dəyərinə 40% həcmində güzəşt tətbiq etməklə “Alıcıya” satır. “Alıcı” isə həmin güzəşt tətbiq edildikdən sonra Texnikanın qalıq dəyərini əvvəlcədən ödəməklə onu qəbul edir. Satılan texnika TT-RMK 6 markalı 2 tərəfə boşaldan 6 ton düyü qoşqusu olmuşdur ki, onun satış qiyməti 12800 manat təşkil etmiş, satışdan güzəşt edilən dəyər 4811.11 manat olmuş, qalıq dəyər isə 7988.89 manat olmuşdur. Müqavilə bağlandıqdan və əmlak rəsmi şəkildə “Alıcı”-ya təhvil verildikdən sonra AKİA (Aqrar kredit və İnkişaf Agentliyi) tərəfindən 40% güzəşt məbləğinin ödənilməsindən imtina edilmişdir. İmtina belə əsaslandırılmışdır ki, “Alıcının” kənd-təsərrüfat təyinatlı əkin sahəsi yoxdur. Bununla bağlı iddiaçı tərəfindən Cavabdeh MMC-nin rəhbəriliyinə yazılı qaydada 31 avqust 2022-ci il tarixdə 01/034/22 saylı məktubla məlumat verilmiş lakin cavabdeh tərəfindən bunanla bağlı heç bir araşdırma aparılmamışdır. Qalıq pulun ödənilməsi ilə bağlı cavabdehə rəsmi pretenziya verilımiş cavabdeh pretenziyada nəzərdə tutulduğu müddətdə pulu qaytarmadığından, mübahisənin məhkəmədən kənar həlli üçün Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Cavabdeh Mediasiya Sesiyasında iştirak etmədiyi üçün, Mediasiya Təşkilatı tərəfindən MŞB\3\2023-00639 saylı xx.xx.2023 tarixli arayış təqdim edilmişdir. Əlavə olaraq hüquqi yardımın göstərilməsi məqsədi ilə Bakı 18 saylı Vəkil bürosu ilə xx.xx.2023 tarixli müqavilə imzalanmış xidmət haqqı kimi 700 manat köçürülmüşdür.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. Belə ki, Cavabdeh MMC qaydalara uyğun olaraq güzəştli şərtlərlə İddiaçı MMC ilə xx.xx.2020-ci il tarixdə № 045-20/AGN nömrəli alğı-satqı müqaviləsi bağlamış və dövlət güzəşti əsasında bir ədəd Türkiyə istehsalı olan 6 tonluq iki tərəfə boşaldan düyü qoşqusu texnikasını almışdır. Müqavilə üzrə texnikanın güzəşt tətbiq edildikdən sonrakı qalıq dəyəri 7988.89 (yeddi min doqquz yüz səksən səkkiz manat 89 qəpik) manat cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə tam ödənilmiş, bununla da, Cavabdeh MMC qeyd olunan müqavilə üzrə öhdəliyini tam icra etmişdir. İddiaçı hesab edir ki, texnikanın qalan dəyəri cavabdeh tərəfindən ödənilməlidir. İddia ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydaları”nın 4-cü bəndi ilə sahibkarlıq subyektlərinə güzəştli maliyyələşmə ilə əlaqədar vəsaitin ayrılması və ondan istifadə edilməsinin qaydaları təsbit edilmişdir. Qaydaların 4.1-ci bəndinə sahibkarlıq subyektləri güzəştlərin verilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkarlıq subyektinə müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatlarında bu müraciətə baxılır, həmin müraciət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilir, müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq kreditin, lizinq vəsaitlərinin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul olunur, yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu göndərilir. Adı çəkilən Qaydaların tələblərindən göründüyü kimi, güzəştli şərtlərlə texnikanı almaq üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilir, müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq güzəştin verilə bilibbilinməyəcəyi barədə qərar qəbul olunur və həmin qərara əsasən sonradan müqavilə münasibətlərinə daxil olunur. Qaldırılan iddia ilə bağlı bildirir ki, əvvəla hər hansı məhkəmə mübahisəsinin tərəfi olmaq üçün mübahisəli maddi hüquqi münasibətin subyekti olmaq lazımdır ki, cavabdeh vicdanlı alıcı olaraq özlərini bu hüquq mübahisəsinin subyekti hesab etmir. Eyni zamanda qeyd olunmalıdır ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə bağlanmış № 045-20/AGN nömrəli alğı-satqı müqaviləsinə əsasən Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən güzəşt tətbiq edilməyəcəyi təqdirdə həmin hissədə malların qalıq dəyərinin Alıcı (Cavabdeh MMC) tərəfindən qarşılanmalı olması və ya güzəşt tətbiq edilməyəcəyi təqdirdə müqavilə münasibətlərinə xitam verilməsi barədə müddəa nəzərdə tutulmamışdır.

5. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etirazın məzmununa uygun izahat verərərk iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 oglu iddia ərizəsinə etiraz etmiş və X1 izahatına uygun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

7. Müstəqil tələb irəli sürməyən Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

11. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 18 dekabr 2020-ci il tarixdə, №045-20/AGN saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 12800 manat olmaqla mal satışı həyata keçirmiş, satışdan güzəşt edilən dəyər 4811.11 manat olmuş, qalıq dəyər isə 7988.89 manat təşkil etmişdir. Müqavilə bağlandıqdan və əmlak rəsmi şəkildə “Alıcı”-ya təhvil verildikdən sonra Aqrar kredit və İnkişaf Agentliyi tərəfindən 40% güzəşt məbləğinin ödənilməsindən “Alıcının” kənd-təsərrüfat təyinatlı əkin sahəsi olmaması səbəbindən imtina edilmiş və nəticə etibarı ilə cavabdehin iddiaçı qarşısında cəmi 4811.11 manat məbləğində borcu yaranmışdır.

13. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin, texnikanın alıcıya təhvil verilməsi barədə aktın müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malı cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə bağlanmış № 045-20/AGN nömrəli alğı-satqı müqaviləsinə əsasən Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən güzəşt tətbiq edilməyəcəyi təqdirdə həmin hissədə malların qalıq dəyərinin Alıcı tərəfindən qarşılanmalı olması və ya güzəşt tətbiq edilməyəcəyi təqdirdə müqavilə münasibətlərinə xitam verilməsi barədə müddəa nəzərdə tutulmamışdır.

16. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və qeyd edir ki, cavabdehə müqavilə üzrə güzəştin tətbiq edilməməsi onun təqsiri səbəbindən yəni cavabdehin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olmaması əsası ilə imtina olunmuş və tərəflər arasında müqavilədə güzəşt tətbiq edilməyəcəyi təqdirdə cavabdehin iddiaçı qarşısında öhdəliyinin yerinə yetirilməyəcəyi barədə hər-hansı bir müddəa nəzərdə tutulmamışdır.

17. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ödənilməmiş borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

18. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Bakı 3 saylı Mediasiya təşkilatına 60 manat ödəmişdir.

19. İş materiallarında olan Kapital Bankın ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı 18 saylı Vəkil bürosuna 700 manat ödənilmişdir.

20. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən müqavilə üzrə 4811.11 manat, mediasiya xərci kimi 60 manat , hüquqi yardımın göstərilməsi üçün Bakı 18 saylı Vəkil bürosuna ödənilmiş 700 manat, dövlət rüsumunun əvəzi kimi 8.20 manat olmaqla ümumilikdə 5579.31 manat pul tutularaq iddiaçıya ödənilməlidir.

VI. Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehndən müqavilə üzrə 4811.11 manat, mediasiya xərci kimi 60 manat, hüquqi yardımın göstərilməsi üçün Bakı 18 saylı Vəkil bürosuna ödənilmiş 700 manat, dövlət rüsumunun əvəzi kimi 8.20 manat olmaqla ümumilikdə 5579.31 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar