Məhkəmə qərarları › İş №e-2-2(113)-4079/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4079/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4079/2024 03.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasi Dövlət Siğorta Kommersiya Şirkətindən əmlaka dəymiş zərərə görə 8.230 (səkkiz min iki yüz otuz) manat məbləğində sığorta ödənişinin, 2000 (iki min) manat dəbbə pulunun, vəkilin göstərdiyi hüquqi yardıma görə 140 (bir yüz qırx) manat məbləğində vəsaitin və ödənilmiş 103 (bir yüz üç) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan “MERCEDES BENZ E200” minik markalı (qeydiyyat nişanı-10JJ860; buraxılış ili-2013, BAN:WDD2120051A926592, rəngi-qara) nəqliyyat vasitəsi “Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” haqqında xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən Azərbaycan Respublikasi Dövlət Siğorta Kommersiya Şirkətində sığortalanmışdır. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin nəqliyyat vasitəsinə 8.230 (səkkiz min iki yüz otuz) manat məbləğində zərər dəymişdir. Lakin sığorta şirkətinin müəyyən etdiyi qiymətləndirmə şirkəti tərəfindən nəqliyyat vasitəsinə sığorta hadisəsi nəticəsində dəymiş zərər düzgün qiymətləndirilməyərək, 500 (beş yüz) manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikasi Dövlət Siğorta Kommersiya Şirkəti tərəfindən müəyyən edilən qiymətləndirici tərəfindən zərərin hesablanmasına dair aktı əsassızdır. Bununla əlaqədar sığorta şirkətinə dəfələrlə müraciət olunmasına baxmayaraq, dəymiş zərərin müəyyən edilməsi ilə bağlı yenidən qiymətləndirilmə aparılmamış və nəticə olaraq İddiaçı MMC-nin hüquqları pozulmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (Ləğv prosesindədir) nümayəndəsi X6 iddiaya etiraz edərək, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 922.1-ci maddəsinə əsasan sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. - 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. - 926.1-ci maddəsinə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 935.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: - ... - 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Mercedes Benz E200 markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2013 olan avtonəqliyyat vasitəsi Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti tərəfindən siğorta məbləği 35.700 manat olmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək tam sığortalanmışdır. Qeyd edilmiş nəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2023-cü il tarixində sığorta hadisəsi baş vermişdir.

10. Hazırda tərəflər arasında mübahisə ancaq, sığorta ödənişinin məbləği ilə bağlıdır.

11. İddiaçı tərəf, xx.xx.2023-cü il tarixli qüsur aktına istinad etməklə, baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə 8.230 manat zərər dəydiyini bildirir.

12. Cavabdeh tərəf isə Qrand servis tərəfindən verilmiş akta istinad etməklə, yolnəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə 500 manat zərər dəydiyini bildirir.

13. Buna görə də, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4079/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E200” minik markalı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

14. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6520 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 2013-cü il buraxılışlı “Mercedes Benz E200 CDİ minik” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7730 manat, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Grand X1” tərtib etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktında 2013-cü il buraxılışlı “Mercedes Benz E200 CDİ minik” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 500 manat müəyyən edilmişdir.

15. Məhkəmə qeyd edir ki, servislərin təqdim etdiyi aktlar arasında qiymət fərqi ancaq motora hesablanmış pulla bağlıdır. Belə ki, iddiaçı tərəfinin təqdim etdiyi aktda motorun dəyəri və onunla bağlı xərclər hesablanmış, cavabdeh tərəfin təqdim etdiyi aktda isə hesablanmamışdır.

16. Cavabdeh tərəfin etirazının digər dəlili də, ondan ibarətdir ki, nəqliyyat vasitəsinin sürücüsü olan X2 rayonundan qayıdarkən qarşısına mal-qara çıxması səbəbindən yolun kənarına çıxarkən, nəqliyyat vasitəsinin alt hissəsi dəyərək zədə almış, nəticədə yağ karteri deşilmiş, nəqliyyat vasitəsi yağsız işləmiş və sürücü də, buna məhəl qoymadan hərəkəti davam etdirmiş və nəticədə nəqliyyat vasitəsinin motoru sıradan çıxmışdır yəni, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı.

17. İddiaçı tərəf də, nəqliyyat vasitəsinin sürücüsü olan X5 İsmayıllı rayonundan qayıdarkən qarşısına mal-qara çıxması səbəbindən yolun kənarına çıxarkən, nəqliyyat vasitəsinin alt hissəsi dəydiyini ancaq, yağ karterinin deşilməsindən xəbəri olmadığını və ona görə hərəkəti davam etdirdiyini bildirmişdir.

18. Məhkəmə iclasında iştirak edən İİİ şəxs yəni nəqliyyat vasitəsinin sürücüsü X2 rayonundan qayıdarkən qarşısına mal-qara çıxdığını, buna görə yolun kənarına çıxarkən nəqliyyat vasitəsinin alt hissəsinin dəydiyini eşitdiyini, həmin an alt hissəyə baxış keçirdiyini, ancaq yağ axmanın görmədiyini və 15-20 metr getdikdən sonra nəqliyyat vasitəsinin dayandığını bildirmişdir.

19. Məhkəmə iş materiallarına əlavə edilmiş X7 tərəfindən sığorta şirkətinin araşdırması ilə bağlı çəkilmiş videoya baxış keçirmişdir.

20. Qeyd edilmiş video yazıda X7 yuxarıda qeyd edilmiş halları təsdiq etmiş, ancaq nəqliyyat vasitəsinin altı dəydikdən sonra 700-800 metr sürdüyünü və sonra nəqliyyat vasitəsinin dayandığını, bundan sonra digər yoldan keçən şəxslərin motora baxış zamanı motorun sıradan çıxdığının bəlli olduğunu bildirmişdir.

21. Məhkəmə bu xüsusda qeyd edir ki, nəqliyyat vasitəsinin yağsız işləməsi motorun sıradan çıxmasına səbəb olur və bu hal, eyni zamanda da, yağ karterinin nəqliyyat vasitəsinin alt hissəsində yerləşməsi sürücülük vəsiqəsi olan hər bir şəxs (sürücülük məktəbi və müvafiq imtahandan keçmişdir) üçün məlumdur.

22. Buraxılış ili 2013 olan Mercedes Benz E200 CDİ markalı (W212) nəqliyyat vasitəsi üçün də, təxmini 5,5 litr yağ tələb olunur.

23. Bu xüsusda Məhkəmə qeyd edir ki, X5 bildirmiş olduğu 15-20 metr və yaxud 700- 800 metr sonra nəqliyyat vasitəsinin motorunun sıradan çıxması o nəticəyə gəlmək üçün əsas verir ki, 5,5 litr yağın tam axması intensiv olmuşdur və ilk zərbədən sonra onun görülməməsi mümkün deyildir.

24. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, sürücü X7 tərəfindən laqeydlik edilmiş və nəqliyyat vasitəsini işlək vəziyyətə salmamaq əvəzinə, hərəkəti davam etdirmişdir və nəticədə motor sıradan çıxmışdır. Yəni onun zərərin miqdarı kifayət qədər azaltmaq imkanı olsa da, bunu etməmiş və nəticədə, daha böyük zərər dəymişdir.

25. Ona görə də, Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş “Grand X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilmiş qiymətlər ağalabatandır.

26. Bundan başqa Məhkəmə qeyd edir ki, sığorta şəhadətnaməsindən göründüyü kimi, azadolma məbləği 200 manat təşkil edir.

27. Ona görə də, Məhkəmə hesab edir ki, 300 manat (500-200 (azadolma məbləği)) məbləğində sığorta ödənişi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçınə ödənilməlidir.

28. Məhkəmə 2.000 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı bildirir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli siğorta ödənişinin verilməsinə dair bildirişdə Dövlət Kommersiya Şirkəti xx.xx.2023-cü il tarixdə baş vermiş siğorta hadisəsi ilə bağlı X9 MMC-yə məxsus Mercedes Benz E200 CDİ markalı 10JJ860 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş 500 manat məbləğində zərər məbləğini ödəməyə hazır olduqlarını bildirmişdir. Lakin iddiaçı tərəfindən qeyd olunan məbləğ qəbul edilməmişdir.

29. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud vəziyyət siğorta ödənişinin cavabdeh tərəfindən verilməsinin gecikdirməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı tərəf özü sığorta ödənişini qəbul etməkdən imtina etmişdir.

30. Ona görə də, dəbbə pulu tələbi təmin edilə bilməz.

31. Eyni zamanda iddiaçı X9 MMC cavabdehin təklif etdiyi məbləğlə razılaşmayaraq məhkəməyə müraciət etmiş, nəticədə məhkəmə xərcləri yaranmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, belə halda iddiaçının çəkdiyi məhkəmə xərcləri yəni, hüquqi yardımın göstərilməsinə görə vəkil xərci və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu da, cavabdehdən tutula bilməz.

32. Bundan başqa iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, iddiaçı tərəfindən 103 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

33. İddia tələbini nəzərə aldıqda ödənilməli dövlət rüsumu 120,69 manat təşkil edir.

34. Məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməyən hissəsi 17,69 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

35. Məhkəmə həmçinin qeyd edir ki, işdən də göründüyü kimi, məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi xərci 50 manat təşkil edir.

36. Məhkəmə hesab edir ki, İddiaçındən 50 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.

37. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 300 (üç yüz) manat məbləğində siğorta ödənişi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 17 (on yeddi) manat 69 (altmış doqquz) qəpik məbləğində pul İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspetiza xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul İddiaçındən tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar